Şərin qəddini qırmaq vaxtıydı...

 

Nilufər Şıxlının Qarabağ şeirləri üzərinə

 

Hələ 2010-cu ildə gənc və istedadlı yazarımız Nilufər Şıxlının ilk qələm nümunələrindən biri olan "Köhnə albom" hekayəsini oxumuşdum. Epistolyar üslubda yazılmış bu maraqlı hekayədə Nilufər xanım gənc bir qızın düşüncələrindən, məktəb illərinin əvəzsiz xatirələrindən, uşaqlıq çağlarından yaranan saf, təmiz duyğulardan, həyatdan dərs almağın önəmindən söz açırdı. Hekayədə həyatın sərt və qaçılmaz gerçəkliklərini də dilə gətirən müəllif, həm də dostluq münasibətlərinin mahiyyətini açmaqda israrlıydı. Axı, ayrı-seçkiliyin, təkəbbürün, eqoizmin təmiz, ülvi hissləri, bərabərliyi  üstələdiyi yerdə, dostluq əriyib yox olur. Necə deyərlər: "Dost dosta tən gərək, tən olmasa, gen gərək!"

Müəllifin bir xəyali məktub hesab etdiyi "Köhnə albom" hekayəsi bu fikirlərlə bitirdi: "Anladım - kimdir dost! Dost - səni arxada qoyan, nə də arxanda gizlənən deyil! Dost - hər zaman səninlə yanaşı addımlayandır!"

Doğrusu, Nilufər Şıxlının haqqında bəhs etdiyim hekayəsini, onun bədii düşüncələrini, hadisəyə müəllif  müdaxiləsini çox bəyənmişdim. Sonralar ədəbi dərgilərdə, qəzetlərdə yer alan şeir və tərcümələrini də həvəslə oxumağa başladım.

Nilufər Şıxlı 1991-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Həkim-şair və riyaziyyatçı ailəsində böyüyüb. 1995-ci ildə doğma şəhərindəki 12 saylı orta məktəbin birinci sinfində oxumağa başlayıb. 1999-cu ildən, ailəsinin  Rusiyaya köçməsi ilə bağlı olaraq, təhsilini Moskvada davam etdirib. 2006-cı ildə Moskvada riyaziyyat və iqtisadiyyat təmayüllü gimnaziyanı bitirərək, yüksək balla, Moris Torez adına Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Tətbiqi linqvistika fakültəsinə daxil olub. 2011-ci ildə bu universiteti, daha sonra isə M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU Jurnalistika fakültəsini qırmızı diplomla bitirib. Həmin ildən "Rusiya hamı üçün" informasiya agentliyində çalışmağa başlayıb. 2020-ci ildə Moskva Psixoanaliz İnstitutuna daxil olaraq, gender psixologiyası ixtisası üzrə təhsilini davam etdirib. Mükəmməl olaraq beş dil bilir.

Şeirləri, hekayə və povestləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız və eləcə də bir sıra türk xalqlarının  dillərinə tərcümə olunub. 2007-ci ildən ədəbi mətbuatda dərc olunur. Qələm nümunələri Azərbaycan, Rusiya, Türkiyə, Çexiya, Latviya və digər ölkələrin mətbuatında yayımlanmaqdadır. Türk, rus, ingilis və Azərbaycan dillərində şeir və hekayələrin, eləcə də,  ana dilimizdən və türkiyə türkcəsindən rus dilinə bədii tərcümələrin müəllifidir. Əsərləri və tərcümələri müxtəlif ölkələrdə müxtəlif dillərdə nəşr olunan ədəbi almanax və dərgilərdə yer alıb.

Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının, Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Rusiya təmsilçisi, Azərbaycanda nəşr olunan "Ulduz" jurnalının redaksiya heyətinin üzvü və Rusiya təmsilçisi, "Nicat" Azərbaycan İrsinin Dirçəlişi Cəmiyyətinin həmsədridir.

Gənc şairə, Azərbaycan-Rusiya Mədəniyyəti və Həmrəyliyi mərkəzinin təşəkkürnaməsi, Ümumrusiya Azərbaycan Konqresinin  fəxri diplomu, "Rusiya hamı üçün" internet-portalının I Moskva Multimedia layihəsinin "Demək istəyirəm ki..." nominasiyası üzrə müsabiqənin  qalibi diplomu (2014), AYB-nin, həmçinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin diplomu (2015) və Mikayıl Müşfiq adına mükafatının (2015) sahibidir.

Yeri gəlmişkən deyim ki, Nilufər xanım tanınmış şair, publisist, tərcüməçi, doğma yurdumuzda sevilən istedadlı el qızımız, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Afaq Şıxlının övladıdır.

Ötən ilin oktyabr ayında Afaq xanımla Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında görüşərkən o, mənə öz yeni kitabını və rus dilində bir antologiya bağışladı. Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatında çapdan çıxmış "Pogtı azerbaydjanüı-moskviçi" adlı həmin antologiyada Rusiya paytaxtında məskunlaşmış azərbaycanlıların poetik buketi təqdim edilmişdi. Burada kimlər yox idi?! Müxtəlif illərdə yaşayıb-yaratmış İbrahim Kəbirli, Faiq Məmməd, Sabir Abdulla, habelə çağdaş poeziyanın tanınmış simaları Alla Axundova, Tofiq Məlikli, İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Sultan Mərzili, Afaq Şıxlı...  Bu dəyərli söz adamları ilə yanaşı, gənc şair Nilufər Şıxlının da nəzm nümunələri kitabda yer almışdı. Əsasən də, Nilufərin azərbaycancadan rus dilinə çevirdiyi tərcümələri diqqətimi çəkmişdi.

Uşaqlıq çağlarından böyük meqapolisdə - bu şimal şəhərində yaşasa da, doğma yurdunu unutmur Nilufər xanım. Azərbaycana hər səfərini ömrünün ən mənalı anları hesab edir. Küləklər şəhəri Bakını dəlicəsinə sevir. Deyir ki, indi Bakı əvvəlki kimi küləkli deyil. Səbəbini isə doğma şəhərində gündən-günə çoxalan göydələnlərin əsən küləklərin qarşısını kəsməsində görür. Milli kimliyini heç vaxt unutmayan gənc şairə görə, zamanın hökmü, taleyin gərdişi ilə haraya səpələnməyimizdən asılı olmayaraq, təmsil etdiyimiz yurdun, xalqın, millətin adını ucalarda tutmağı, Vətənə gərək olmağı bacarmalıyıq.

Dünyaya göz açdığı məmləkətin xoş gününə sevinən, narahatlığına əndişələnən Nilufər Şıxlı yaradıcılığında, təbii ki, Qarabağ mövzusu mühüm yer tutur. Bəlkə də qürbətdə ömür sürmək insanı Vətəninə daha möhkəm tellərlə bağlanmağa sövq edir. Nilufər hansı ölkədə yaşayırsa yaşasın, xalqının görən gözü, danışan dili olmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, bəyan etmək istəyir. Hələ 2016-cı ildə Bakıda keçirilmiş "Qəlbimizdə və qələmimizdə Qarabağ" adlı silsilə toplantılarda türk dünyasının gənc aydınları ilə bir sırada çıxış edərkən, öz vətəndaş mövqeyini diqqətə çatdırmışdı. Təsadüfi deyil ki, Azərbaycanın əzəli, əbədi torpağı olan Qarabağımızla bağlı yaratdığı bədii nümunələrə görə gənc şair-tərcüməçi Nilufər Şıxlı da VI Şairlər Günü münasibətilə düzənlənmiş poeziya gecəsində mükafata layiq görülmüşdü.

Şairin bədii mətnləri, poeziya nümunələri canlı və həyatidir. "Torpaq qayıdanda" şeirində olduğu kimi:

 

O həsrət torpaqlar qayıdan günü

Ürəyim qayıdıb özümə gələr.

Şükran dualarım - dodaqlarıma,

Bəxtəvər gülüşüm üzümə gələr.

 

Titrəyər düşmənin əli-ayağı,

Büzüşüb bir qartal ovuna dönər!

Torpaq qayıdanda, duyub xəbəri,

Ruhlar da qayıdıb evinə dönər...

 

Müəllifə görə, otuz il işğal altında qalmış yurd yerlərimizin qayıdışı həsrət çəkmiş insanların ömrünə yamyaşıl, güllü-çiçəkli baharı gətirəcəkdi, doğmaların nisgilini yaşayan çaylar daha gur çağlayacaqdı, düşmən tanklarının tırtılları altında çat-çat olmuş torpaqlarımızın yaraları sağalacaqdı. Birinci Qarabağ savaşında Vətən naminə canından keçmiş şəhidlərimizin sərgərdan ruhları qayıdıb evinə dönəcəkdi:

 

Dilimdə dualarım,

Gözümdə yaşlarım var.

Bu gün mənim səngərdə

Əsgər qardaşlarım var.

 

Bu gün döyüşür onlar

Verib çiyin-çiyinə.

Bu gün qırmaq vaxtıdır

Şərin qəddini yenə.

 

Müəllif torpaqlarımızda uzun illər at oynatmış, meydan sulamış Şərin qəddini əyib, tar-mar etmək üçün döyüşən hünərpərvər oğullarımıza uca Tanrıdan güc-qüvvət, qətiyyət istəyir. Bunlar qələbəmizi intizarla gözləyən Nilufərin köksünə darlıq edən arzuları, çarpan qəlbinin döyüntüləridir:

 

Rəhmətini bol eylə,

Torpaq isinsin, Allah!

Əsgərimi hifz elə!

Düşməni yensin, Allah!

 

Haqq-ədalət savaşımızın - 44 günlük Vətən müharibəmizin başlanğıcından Nilufər Şıxlı qələmə daha möhkəm sarılmışdı. Yaradıcılığının səmti, axarı düşmənlə ölüm-dirim mübarizəsinin gündən-günə şiddətləndiyi Qarabağa yönəlmişdi. Fikri-zikri odlu cəbhələrdə qalan gənc şairin o günlərdə qələmə aldığı "Əsgər məktubu" şeirində oxuyuruq:

 

Bir gənc əsgər

anasına məktub yazır.

Salam deyib

xəbər alır əhvalını.

Bir az doğru, bir az yalan -

yaxşı yazır öz halını.

Soyuqsa da, "çox gözəldir yerim", deyir.

"Ərköyünəm,

qoy bir mən də çətinliyi görüm", deyir.

Ürəyində:

"Vətənimə öz borcumu verim" deyir.

 

Şair, anasına məktub yazan gənc əsgərin keçirdiyi həyəcan, qürur və qəlbindəki böyük Vətən sevdasını belə ifadə edir:

 

Kaş görəsən,

Nə cənnətdir bu tərəflər!..

Otuz ildir at oynadır torpağımda naxələflər...

Elə bil ki, şəhidlərin ruhu gəzir bu yerlərdə.

Gözümüzə görünürlər səngərlərdə.

Bəzən, sanki önümüzə qalxan olub

qoruyurlar güllələrdən.

 

Müəllifin rəşadətli əsgərlərimizə və müqəddəs şəhidlərimizə ithaf etdiyi "Həyat həndəsəsi" adlı şeirini də həyəcansız oxumaq olmur. Bu düşündürən şeir daha bir gənclik xatirəsi kimi başlayır. Müəllif həyatın əbədi qanunlarından vaz keçə bilmir. Unutqanlıq ona yaddır, gerçək xatirələri yaddaşından silə bilmir. Eyni şəhərdə, eyni məhəllədə doğulduğu, dəcəlliyi ucbatından hər gün dalaşdığı, məktəbdə partada yanaşı oturduğu əski dostunun unudulmaz obrazını bədii təsvir vasitələri ilə yaradır:

 

Bir şəhərdə,

Bir məhlədə doğulduğum,

Dəcəlliyi ucbatından

Hər gün saçını yolduğum...

Bəlkə özüm də bilmədən

Acı, şirin

xatirələr yaşatdığım əski dostum...

 

Əlçatmaz uşaqlıq illərinin nişanəsi olan əski dostun əlində indi məktəb çantası yox, silah vardı. O yeniyetmə oğlan görən nə vaxt böyüyüb əsgər olmuşdu? Müəllif Vətənin keşiyində duran qəhrəman gəncin - keçmiş  sinif yoldaşının cəsarəti, hünəriylə öyünür:

İllər sonra

Cəbhəboyu xəbərlərdə gördüm səni -

Qürur duydum, bilirsənmi?..

Qoruyurdun bu Vətəni!

Qarabağdan duyulurdu indi səsin.

Savaşın haqq savaşıydı,

Fənnin - həyat həndəsəsi.

 

Dostunun şəhidlik məqamına ucalmasını qələmə aldığı kövrək misralar gözlərimizi yaşardır:

 

Sonra səni ekranlardan...

xiyabanda gördüm, dostum.

Gülə-gülə bir mərmərə həkk olmuşdun.

Çiçəklərlə bəzənmişdi dörd bir yanın...

Bu soyuqluq şaxta kimi

vurdu məktəb illərini.

 

Şairin poetik fəlsəfəsində Qarabağ və onun baş tacı Şuşanın adı qızıl hərflərlə keçir:

 

Şuşa - bir əsgərin itirdiyi qol,

Şuşa - bir şəhidin tökdüyü qandır!

Şuşa - namusunla keçəcəyin yol,

Şuşa - bu yol üçün keçdiyin candır!

 

N.Şıxlı döyüşən əsgər və zabitlərimizə - igid qartallara duaçı olmağa, hamımızı birləşərək savaş sınağından "əla" qiymətlə çıxmağa səsləyirdi. Qələbə müjdəmizin ildırımtək çaxacağı, yeri-göyü aydınlaşdıracağı vaxta-vədəyə sanılı günlər qaldığını həssas şair ürəyi hiss etmiş, bu qarşısıalınmaz arzunun həmən gerçəkləşəcəyini duymuşdu.

"Şuşa qalası" şeirində müəllifin mənfur erməni quldurlarını məhv etmək, işğalçıları torpaqlarımızdan qovub çıxarmaqla bağlı çağırışları, səslənişləri çox realdır:

 

Tanrım, bir açar ver açaq

Qıfıllı qalmış Qalanı!

Kəm baxacaq yüzlərinə

Bir məzar olmuş Qalanı!

Bir danüzü xəbər çata:

Ordumuz almış Qalanı!

Qaçanı qaçmış yağının,

Yerlə bir olmuş qalanı!

 

Şair möhtəşəm Qələbəmizə məhz payızda qovuşduğumuz üçün əslində əvvəllər elə də xoşlamadığı bu fəsli indi sevib əzizləyir, "Zəfər mövsümü" adlandırır. Zəfər günlərində - 2020-ci ilin noyabrında yazılmış "Şuşada yağış var" şeirinə diqqət yetirək: alqışdan, duadan doğulan, uzun illərin həsrətini kürüyüb atan yağış nur üzlü şəhidlərimizə göz yaşı tökür, həm də vəhdətimizi, Qələbəmizi vəsf edir:

 

Şuşada yağış var, Şuşada yağış...

Nur üzlü şəhidə göz yaşı tökür.

Yuyulur şəhərdən illərin kiri...

Torpaqlar tərtəmiz qayıdır bizə.

Bu yerlər - ərlərin baş qoyan yeri!

Biz artıq dönmüşük öz elimizə!

 

Nilufər xanımın Ağdamın azadlığa qovuşmasına həsr olunmuş "Salam olsun!" adlı möhtəşəm şeiri "Qarabağ dastanı! 30 ilin həsrəti - 44 günün Zəfəri" toplusunda yer alıb. Qeyd edim ki, kitabın ideya müəllifi AYB-nin sədri, Xalq yazıçısı Anar, redaktoru və ön sözün müəllifi isə tanınmış şair-publisist Rəşad Məciddir. Şeirdə oxuyuruq:

 

Salam olsun,

mənim Şəhid,

mənim Qazi torpağım!

Ər qeyrətli, qız ismətli

mütəvazi torpağım!

Salam olsun,

Bu zəfərə canlı şahid torpağım!

 

Haqqında bəhs etdiyimiz bu döyüşkən şeirlər yurdcanlı el qızımızın, doğma məmləkətinin uğurları üçün uşaqtək sevinən, ruhlanan, çağlar təbi ilə yazıb-yaradan, sükançısı, yolgöstərəni Ali Baş Komandanımız olan Zəfər savaşımızı tərənnüm edən Nilufər Şıxlının Vətən sevdasından barınan bədii nümunələridir. Nilufər xanımı qalibiyyət ruhlu poetik nümunələr yaratmağa sövq edən isə  onun Vətən sevdasıdır!

 

Zemfira Məhərrəmli

 

Ədəbiyyat qəzeti.- 2023.- 1 aprel.- S.28-29.