Qərib durnaların köçü nə yaman olur...
Süsən xanım Nəvade Rəzinin dünyadan getməsinə
ağı.
...Göy
üzündə, qərib durnam,
Neçin
qaldın öz dəstəndən bunca geri?!
Xatirinə
dəyənmi var,
Yoxsa
səni üşüdübdü
payızın
boz küləkləri?!
Qanadların
yoruldumu, durnam mənim,
Bəlkə
sənə xoş gəlibdi
öz
isticə od-ocağın,
çöl-çəmənin...
Sənin
incə ürəyini bir oxuyan tapılmadı?!
Anan getdi, bacın getdi, durnam mənim,
Qəlbindəki bu nisgili
neçin duyan tapılmadı?..
Qərib-qərib ötən durnam,
Uç,
dəstənə qoşul
görüm!
At qəlbindən incikliyi,
kövrəkliyi -
Bir az könlü
xoş ol görüm!
Kol dibində bənövşəni
xatırlatdın
bir az mənə...
Boynu bükük... bir az qəmgin...
bir az əzgin...
bir az küskün...
taleyinə
Şükr eləyib yaşayandı
bənövşələr,
Qərib,
qəmgin könüllərə
aşiyandı bənövşələr...
Nədən mənə xatırlatdın
bənövşəni?!
Göy üzündə boynubükük
gördüm səni,
Bir az dalğın...
Bir az ürkək
gördüm səni...
Boylanırsan dörd bir yana,
Qatarından qalan dürnam.
Uç,
qanadın yorulmasın,
Öz dəstənə qoşul
görüm,
Bir az könlü
xoş ol görüm,
Xoş ol görüm!..
Böyük üzüntü və kədərlə yaddaşımda
bitkin hala gəlmiş bu yazıya girişi bir qədər uzun, kövrək notlu, duyğulu şeirlə başlamağımın
səbəbini yanlış
anlamayın, əziz oxucularımız. "Qərib
durna" adlı bu şeirim tələbəlik dövrümdə
- 1995-96-cı illərdə yazılıb. Şeir mənim
sevimli, unudulmaz müəllimim Sadiqə xanıma həsr olunub. Bu xanımı
çox sevirdim.
Həddən ziyadə mehriban,
həlim, xoşxasiyyət,
ziyalı bir xanım idi. Tələbələrinə əsl ana qayğısı və sevgi ilə yanaşardı. Sonradan hardansa
öyrəndik ki, bizim əziz Sadiqə müəllimimiz
ailə qurmayıb, bütün mənalı ömrünü əzizlərinə,
doğmalarına və
çox bağlandığı
biz tələbələrinə "xərcləyib". Bunu eşidən
günün gecəsi
yuxum ərşə çəkildi. Gecənin bir
aləmində isə
bu şeir yarandı beynimdə və mən səhəri "Qərib
durna" ilə açdım. Oyanan kimi
kağız parçasına
köçürdüyüm şeiri gündüz dərsdən sonra sevimli Sadiqə xanımıma verdim.
Həmin an müəllimimin necə kövrəldiyini, necə
səmimiyyətlə məni
qucaqladığını bir
görəydiniz! "Qızım,
sən mənim həyatımı necə
yaxından duyub, necə ürəkdən yazmısan bu şeiri... Doğrudan da, mən elə
qərib durnayam bu həyatda!.."
Hər ikimiz bir-birimizə sarılıb
elə ağlamışdıq
ki onda...
Həmin gün müəllimimin keçirdiyi sevincqarışıq
kövrək anları
heç vaxt unutmuram. Sonralardan həyatın
hər üzünü
gördükcə şahidi
oldum ki, mənim Sadiqə müəllimim - mənim
"qərib durnam"
heç də tək deyilmiş, dünyada əksər insanlar dünyaya elə qərib durna kimi gəlib,
həyatı qərib
durna kimi də tərk edirlərmiş. Əsasən
də, yaradıcı,
içi dolu, mənəviyyatı saf, zəngin insanlar elə qərib durna həyatı yaşayırmışlar bu
dünyada...
Bu gün eşitdiyim
gözlənilməz, üzücü,
acı xəbərdən
sarsıldığım andaca
ilk xatırladığım da nədənsə "Qərib durna" oldu. Daha bir qərib
durnanın həyatdan
köç etməsinə
üzüldüm, ağladım,
göynədim.
Süsən xanımı Təbrizdə,
elə rəhbəri olduğu "El Bilimi"
dərgisinin redaksiyasında
görüb tanış
olmuşduq. Redaksiya heyətinin və
digər ziyalıların
da toplandığı
bu səmimi görüşü Bakıdan
gedən kiçik ezamiyyət qrupumuzun üzvləri heç zaman unutmayacaqlar. Olduqca xoş, mehriban, ziyalı bir ortam yaranmışdı.
Otaylı-butaylı şeir-sənət
aşiqləri, alim və tədqiqatçılar,
söz-musiqi biliciləri,
aşıq və xanəndələrin, şair
və yazıçıların
çıxışları bir-birini elə ahəngdar tamamlayırdı
ki... "El Bilimi"
heyəti üzvlərinin
qurduğu folklor səhnəcikləri, Süsən
xanımın bir-birindən
maraqlı şeir və hekayələrinin bədii qiraətçinin
dilindən səslənməsi
hər bir məclis iştirakçısını
heyran qoyurdu. Beləcə
bizim xoş ünsiyyətimizin, səmimi
və işgüzar əlaqələrimizin əsası
qoyuldu.
Ertəsi gün Təbrizli dostumuz, qardaşımız
Seyid Məhəmməd
Çavuşi və Süsən xanımın
müşayiəti ilə
biz Təbrizin çox
məşhur, qədim
muzeylərindən birinə
getdik. Günümüzün əhəmiyyətli bir hissəsini bu muzeyin eksponatları
ilə tanışlığa
sərf etdik, eyni zamanda dostlarımızın
dadlı-duzlu söhbətləri,
verdiyi bilgilərdən
çox şey qazandıq, desək, səhv olmaz. Gəzinti zamanı Süsən Nəvade Rəzinin necə məlumatlı, millətini, tarixini içdən sevən, dil və ədəbiyyatı,
folklor və milli-mədəni dəyərləri
yüksək səviyyədə
bilən, təbliğ
edən bir xanım olduğunun bir daha şahidi
olduq. Bu səmimi ziyalı xanımda öyrənməli,
əxz etməli yüksək mənəvi
dəyərlərin olduğunu
görəndə inandıq
ki, Güneyimizin milli-mənəvi xəzinəsinin
açarı etibarlı
əllərdədir. Bu gün isə həmin etibarlı əllər sahibinin "etibarsızlığı"nı
eşidəndə çox
üzüldüm. Axı,
biz - çox dəyərli
akademikimiz, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu və Mətanət xanım Maşallahqızı
başda olmaqla, "Cənubi Azərbaycan folkloru" şöbəsinin
bütün üzvləri
son dövrlərdə elmi
müəssisəmizdə işıq
üzü görmüş
çoxcildlik "Güney
Azərbaycan folklor örnəkləri" kitablarında
gedən materiallara görə, məhz Süsən xanıma və onun məslək
yoldaşlarına borcluyuq.
Artıq 15-ci cildi nəşr olunmuş bu topluların çap olunmasında Süsən Nəvade Rəzinin şəxsən
özünün və
baş redaktoru olduğu "El Bilimi"nin müstəsna xidməti vardır.
Ruhun şad, məkanın cənnət olsun, işıqlı, nurlu xanım! Haqqını halal et! İçimizdə bir boşluq yaranıb. Sənin o nurlu siman,
işıqlı şəxsiyyətin,
zəngin mənəvi
dünyan, bu dünyadan boy verən gözəl şeir və hekayələrin üçün qəribsəyəcəyik,
bizim "Qərib durnamız!" Sən Haqq
dünyasındasan. Qoy
bu qəfil uçuşun cənnətin
əsrarəngiz gözəlliklərini
daha da mənalandırsın,
daha da nurlu
etsin!
Qiymət MƏHƏRRƏMLİ
AMEA Folklor İnstitutu "Cənubi Azərbaycan
folkloru" şöbəsinin
aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat
qəzeti.- 2023.- 1 aprel.- S.29.