İlin "Qələbə" fəsli
Etibar Muradxanlının yeni
romanı barədə düşüncələr
Etibar
Muradxanlının Birinci Qarabağ Savaşından bəhs edən
roman və povestlərini ("Siz mühasirədəsiniz,
leytenant", "Tələbə taqımı", "Fəridə
nənəgilin pəncərələri", "Qaç, nə
qədər gec deyil", "Üç süngü, bir
güllə"), hekayələrini müxtəlif adda
çıxan kitablarından oxumuşam. Yazıçı
müharibə iştirakçısıdır və əsərlərində
real həyat səhnələri, canlı epizodlar, detallar kifayət
qədərdir və bütün bunlar təsdiq edir ki,
veteran-nasirin qəhrəmanları Azərbaycan
övladlarıdır: əsgər və zabitlərimiz, gizir və
çavuşlarımız, həkim və
sanitarlarımız, bir sözlə, bu torpağın,
yerin-yurdun yetirmələri.
Etibarın
yeni "İlin beşinci fəsli" romanına qısa, məzmunlu
ön söz yazan tənqidçi-ədəbiyyatşünas
Əsəd Cahangirin qənaətə gəldiyi bir önəmli
fikriylə razılaşmamaq mümkün deyil: "Bu sənədli-bədii
irihəcmli əsər üzərində işləyərkən
müəllif ənənəvi yox, qeyri-satndart yol seçib:
yəni, romanın baş surəti, mərkəzi qəhrəmanı
yoxdur. Daha doğrusu, "İlin beşinci fəsli"nin əsas qəhrəmanı yenilməz Azərbaycan
Ordusudur, bütövlükdə Azərbaycan xalqıdır və
Azərbaycanın Ali Baş Komandanıdır. Məhz erməni
işğalçılarını və vandallarını
torpaqlarımızdan "iti qovantək qovarkən"
bütövlüyümüz, yumruq kimi birliyimiz, dövlətimizin
başçısının ətrafında sıx
ittifaqımız mühüm rol oynadı, həlledici
sözünü dedi, bizi Qalib etdi".
Ancaq
romanın səhifələrini varaqlayarkən, məğzinə
vararkən, "Bizi Vətən çağırır",
"Düşmənlə göz-gözə",
"Şişqaya döyüşü və Hadruta
açılan qapı", "Mən Azərbaycan zabitiyəm",
"Adsız yüksəkliyə qəfil hücum",
"İstiqamət Şuşayadır",
"Şuşanın qapıları önündə",
"Biz mühasirədəyik", "Son ümid",
"Axırıncı aşırım",
"Laçın dəhlizində", "Pusquya
qarşı pusqu", "Kapitan yaralandı", "Əlbəyaxa
döyüş", "Bələdçinin şəhadəti",
"Hərbi müşavirə", "Xankəndi-Laçın
dəhlizi bağlandı", "Gizli qərargah",
"Şuşa, sən azadsan!" başlıqlar altında
gedən real bədii lövhələrə və təsvirlərə
nəzər yetirərkən, həqiqətən
özünü müharibədə sanırsan. Sanki hər başlıq, yarımsərlövhə
bir mühüm döyüş əməliyatına
açardır. Hadisələr o qədər
sürətli və davamlıdır ki, onların
inkişafına heyrətlənməmək mümkün deyil.
İstər-istəməz sonda
yazıçının üslubuna, yazı manerasına,
çevik dəst-xəttinə haqq qazandırırsan.
Axı bu müharibə vur-tut 44 gün çəkmişdir,
cəmi altı həftə ərzində düşmənin
bütün keçilməz istehkamları
dağıdılmış, sədləri tarmar edilmiş,
ordusundan qırılanı qırılmış, qalanı
"asta qaçan namərddi" - deyib, dabanın
tüpürmüş, necə deyərlər, pərən-pərən
İrəvanacan qaçmağa məcbur olmuşdur.
Çağdaş
həyatımızın əks-sədası roman bir az da avtobioqrafikdir. Etibar
Muradxanlı söylədiyimiz kimi ermənilərin
ölüm-dirim oyunu başlanan çağlardan bu
qovğaların içində olub, könüllü surətdə
cəbhə bölgəsinə yollanıb, ciddi
döyüş yolu keçib, bişib. Sözsüz,
öz obrazını yaratmaya bilməzdi, amma Vətən
qarşısında müqəddəs borcunu ödəyən
qeyrətli yurddaşımız indiki həlledici savaşa səfərbərlik
yaşına çatmış oğlu Cahid Yaqubovu da göndərir.
Nə həyəcan, nə qorxu-hürkü
Etibarı çəkindirmir, övladını yayındırmaq
xəyalından belə keçmir. Kitab elə
ailənin Cahidin yolasalma mərasimindəki xeyir-duasıyla
açılır. Ər kişinin nər
oğlu təcrübəli atanın
tapşırıqlarını qulaqlarında saxlayır, əsərin
ayrı-ayrı epizodlarında göstərildiyi kimi
bacarığı, qabiliyyəti, mərdi-mərdanərliyi ilə
tezliklə komandirlərinin, sıravi dostlarının rəğbətini
qazanır. Dəfələrlə
ölüm təhlükəsiylə üz-üzə
qalır, aclıq, əzab-əziyyət, əsir düşmək
ehtimalı Cahidin polad iradəsini sarsıtmır, hər
cür kritik vəziyyətdən çıxmağı
bacarır, "dəyirmanın ağzından ölü
salırlar, o üzdən diri çıxmaqla" mənfur
düşmənini belə təəccübləndirir.
Yenilməz qəhrəman, baş leytenant Əliqismət
Yaqublu isə yazıçının doğma qardaşı
oğludur.
Cahidin əmisi oğlu, ailənin daha bir igid üzvü,
peşəkar hərbçi kimi Füzuli, Cəbrayıl
istiqamətindən, adsız yüksəkliklərdən
Şuşayacan gedib çıxan, yağıya qan udduran
Əliqismət xüsusi tapşırıqların öhdəsindən
məharətlə gəlir, qısa müddətdə
hamının sevimlisinə çevrilir. Məharətlə
mövqe dəyişir, səngərdən səngərə
keçir, avtomatıyla qəddar düşməni biçməkdən,
süngüsüylə üz-üzə durduğu
yağını dərhal gəbərtməkdən yorulmur.
O, döyüş yoldaşı, baş leytenant Səid Nofəl
oğlu Rəşidzadə ilə birgə dəfələrlə
döyüşlərin təşkilində, icrasında
bilavasitə iştirak etmiş, gənc həmkarlarına
şəxsi nümunə göstərmişdir.
Təəssüf ki, "su çanağı suda
sındı". Səid qeyri-bərabər
döyüşlərin birində həyatını itirdi.
Və dostunun həlak olmasını görən
Əliqismət Yaqublu nə qədər sarsılsa da, intiqam
almaq coşqusuyla gecəni gündüzə qatsa da, nə biləydi
ki, eyni amansız tale onu da gözləyirmiş. "Adsız yüksəkliyə qəfil
hücum"da baş leytenant Əliqismət Yaqublunun
obrazı necə vardısa, eləcə yaradılıb.
Hərbi hissə komandiri polkovnik Ələkbər Cahangirov
yuxarıdan tapşırıq alır: üzü maskalı
yüksək rütbəli bir nəfər zabiti etibarlı "bələdçi"
vasitəsilə düşmənin nəzarətindəki
adsız yüksəkliklərdən keçirib,
"konkret" surətdə Xocavənd rayonunun Ağbulaq kəndinə
sağ-salamat ötürmək. Ərazidə
peşəkar "bələdçi" rolunu Əliqismət
oynayır və Cahangirov tərəddüd etmədən
xüsusi təyinatlı yüksək çinli zabiti məhz
baş leytenanta qoşur. Beləliklə,
o, canla-başla, arada radioqəbuledici ilə məlumat verə-verə
adını eşitdiyi, üzdən tanımadığı
Zaur Məmmədovu lazımi ünvana çatdırır və
parolla polkovnik Cahangirova raport ötürür.
Romanın
ən təsirli yerlərindən biri "bələdçin"nin şəhadətə yetməsi səhnəsidir.
Çiynində daşıdığı
yaralı döyüşçü yoldaşını həkimə
təhvil verən baş leytenant atışa-atışa geri
dönür. Ayağını çəkə-çəkə
yenidən yaralılardan birini çiyninə
götürüb, arxaya dönmək istəyərkən,
qarşısında partlayan qrad mərmisi Əliqisməti
havaya qaldırıb, bir neçə metr kənara atır.
Avtomatını və zirehli gödəkcəsini
alıb havaya uçurdur. Qarın nahiyyəsindən
və sağ ayağının dabanından aldığı
dərin yaralar hüşünü itirməyinə gətirib
çıxarır. Bu zaman döyüş dostlarının
həyəcan dolu fəryadı eşidilir:
- Yaqublunu
vurdular! - Həkim, Əliqisməti vurdular, həkiiiim!
Yazıçı
ustalıqla "bələdçi"nin
ölümcül yaralanması səhnəsini
canlandırır: "Zaman da uzaqlaşdı, səma da, xatirələr
də. Və dondu şəhidin sifətindəki
təbəssüm kimi. Səma
üzünü yalayıb ötən soyuq, amma doğma
dumanla, üzüb keçən əlçim-əlçim,
amma əlçatmaz buludlarla. Zəif duman içində
güclə sezilən yüksəklikdə qanad çalan
dağ qartalı ilə, ətrafda eşidilən güllə
səsləri, artilleriya atəşiilə və bütün
bu səslərin içindən: "Əliqismət, həkiiim,
komandir, komandiiir" - deyə döyüş
yoldaşlarının həyəcan dolu
çırpıntıları ilə dondu".
İtkinin ağırlığı hamını
sarsıdır və ani coşdurur. Lakin ağır yaralının
ağzından qopan son sözləri baş leytenantın vəsiyyəti
kimi qulaqlarında əks-səda tapır, yenidən
döyüşçüləri səfərbər edir:
-
Haqqınızı... halal edin!
Etibar Muradxanlı köhnə hərbçi zabit kimi
işğal altındakı kəndlərə, qəsəbələrə,
şəhərlərə yaxşı bələddir. O, ərazilərin dağ,
yamac, təpə, çay, göl, qaya, bulaq, yaylaq, zirvə,
oymaq, çökək, orman adlarını geninə-boluna,
eninə-uzununa romanında təsadüfən işlətmir. Hər bir aşırım, adsız yüksəklik
hərbçilərin nişanladığı xüsusi əhəmiyyət
daşıyan strateji məntəqədir. Bu
ünvanları sıravi əsgərin də borcudur yadında
saxlasın, zabitin də, gizir və çavuşun da. Axı, ilk növbədə bu ərazilər Vətən
torpağıdır və onların hər daşı, kəsəyi
uğrunda ölüm-dirim savaşı gedir. Toponim şəklindəsə vətəndaş
ayıqlığı-sayıqlığı ilə onları
yaddaşımızda bitirməli, hifz etməli,
qorumalıyıq. Yoxsa tarix bizi bağışlamaz!
44 günlük müharibənin bütün
çevikliyi və ildırımsüərtli taktiki planı
"İlin beşinci fəsli" romanının
yaranmasına sirayət edib. Hadisələr
saatbasaat, sanki göz açıb-yumunca baş verir. Lakin bu söylədiklərimizin fonunda deməliyik
ki, yazıçının qələmi bitkindir, cümlələri
tələsik, alaçiy deyil, təzə-tər,
orijinaldır. Məsələn, tabor
komandiri mayor Hacı Rəhimov baş leytenant Səid Rəşidzadənin
şəhadətə qovuşması xəbərini
atasına çatdırır. Müəllif bu son dərəcə
ağır və üzücü məlumatdan sonra mayorun
keçirtdiyi cismani əzabı poetik surətdə bir
özünəməxsus cümlə ilə belə
yekunlaşdırır: "Donmuş sükunət ifadə edən,
buz kimi soyuq gözlərindən bir damla göz yaşı gilələnib
sanki sözlərinə nöqtə qoydu". Olduqca
ciddi tapıntıdır və vəziyyəti canlandıran
real bədii təsvir vasitəsidir.
Və yaxud daha bir dəhşətli ciddi səhnənin əks-sədasını
oxucusuna çatdırmaq üçün görün daha bir
hansı vasitədən necə istifadə edir. İki gecə-gündüzünü
vahiməli dağda- daşda keçirən,
mühasirəyə düşən, bu həlqəni
yarmağa tez-tez cəhdlərə, priyomlara əl atan, fəqət
döyüşçülərin su axtarışını
müəllif belə yaddaqalan epizodda verir: "...susuzluq
yuxularına haram qatdı. Heç kimdə bir
qurtum da su qalmamış, hətta ağırlıq etməsin
deyə, su qablarını da atmışdılar. Dəbilqələrini ara-sıra yağan yağmurla
(yağışla) doldurmaq ümidi ilə tank, səngərinin
kənarına düzdülər. "Allahu-Əkbər"
- deyə-deyə Merdinli kəndi ətrafında istehkam quran
baş leytenant Samiq Fərzəliyevin (tağım komandiri),
İlham Dadaşovun (leytenant), əsgər Əfsər Yarməmmədovun,
Elsevər Səfərovun, Əmrah Əkbərovun, Babək Cəfərovun,
Sabit Azadlının ümidsiz vəziyyətlərini yenə
köməyə çatan, zəncirvari mühasirəni
yarmağa müvəffəq Azərbaycan Ordusunun bölüklərindən
biri qurtarır. Çıxılmazlığı
böyük Allah yoluna qoyur. Bizim
silahlılarımızın sayıqlığı sayəsində".
Fərəhlidir
ki, gedib bir neçə addımlığına çatan Azərbaycan
zabitinə qədim qalanın təsvirini qabaqcadan qələbə
müjdəsi kimi çatdırılır... Gecə
boyu hava bir neçə dəfə dəiyşdi. Əvvəlcə duman gəldi, ardınca
yağış səpdi. Narın-narın
yağan yağış çox keçmədi ki,
qaranlığı bozardan dumanı ağırlayıb onun
üstünə çökdü. Kapitan Təhməzov
öz qrupu ilə səhəri Şuşanın yaşaran, kədərdən
öləzimiş, ağlamaqdan qarası getmiş, uzaqdan zəif
közərən pərişan gözlərinə baxa-baxa
açdı... Zülmət süzülüb,
soldu. Qaranlıq zəif işıqdan
bulandı. Həyəcandan ürək kimi
çırpınan Şuşa şəhərinin
uzaqdan rəngi bozardı...
Duman dağlar şəhərinin üstündə
rübənd kimidir. Şuşa sifətini gah gizlədir, gah
da gül üzünü açıb göstərir. Ancaq bu dəfə duman rəmzi məna
daşıyır, ruzigarın əbədi yelləri onu son mənzilinəcən
qovur. Əlində tutduğu Azərbaycan
bayrağını qalanın ən hündür yerinə
sancan məğrur qalib Ordumuzun əsgəri ölkə
başçısının, Silahlı Qüvvələrinin
Ali Baş Komandanının məşhur sözlərini ucadan
səsləndirir:
- Əziz
Şuşa, sən azadsan!
Müharibə
dəhşətlərini əks etdirən "Hərb və
Sülh" (L.N.Tolstoy), "Əlvida, silah" (E.Heminquey) və
s. kimi dünya səviyyəli tarixi əsərlər həmişə
yazılmır. Belə nümunələrin gələcəkdə
ərsəyə gəlməsi üçün mütləq
surətdə irili-xırdalı çoxlu sayda əsərlər
yaranmalı, cəhdlər edilməlidir. Məncə,
Etibar Muradxanlının II Qarabağ Savaşı haqda
yazdığı "İlin beşinci fəsli"
romanı bu istiqamətdə ilkin sürpriz kimi
maraqlıdır.
Ağacəfər Həsənli
Ədəbiyyat qəzeti.- 2023.- 1
aprel.- S.30.