Cinayət Qranadada törədildi

 

Federiko Qarsiya Lorkanın ölümünə.

 

I

 

Cinayət

 

Uzun bir küçəylə gedib

            silahlı adamların əhatəsində,

dan sökülürdü yavaş-yavaş,

soyuq idi çöllərdə,

ulduzlar buz bağlamışdı.

Azacıq ağarmışdı göyüzü

və Federikonu öldürdülər.

Cəlladlar qorxaq

və etinasız idi.

"Tanrı köməyin olmasın!" -

dedilər və nəzərlərini yayındırdılar.

Cansız bədəni yerə sərildi Federikonun...

Qan alnından şoruldadı, bədəni soyudu.

 

Cinayət Qranadada törədildi...

            onun Qranadasında!

Xəbərin var bundan, Qranada?

 

II

 

Şair və ölüm

 

Uzun bir küçəylə gedib ölümlə yan-yana.

Soyuq idi, amma qorxmurdu soyuqdan.

Deyib: "Gün çıxır gün işığıyla

            oynayır qüllələr,

dəmirçixanada isə çəkic səsləri".

Ölüm ona qulaq asıb sevgili kimi.

O isə deyib ölümə: "Sənin əllərin

ritm tuturdu mənim romanseroma,

sənin orağın cingildəyirdi faciələrimdə.

Əbədi şöhrətləndirəcəyəm

kor gözlərinin baxışını,

cansız bədəninin yüngüllüyünü,

isti dodaqlarıma toxunan soyuq dodaqlarını...

Ey ölüm! Ey nəğmələrimin qaraçısı!

Külək dalğalandırır saçlarını.

Səninləyəm Qranadamın səması altında.

Bizim Qranadamızın. Mənim Qranadamın!"

 

III

 

Uzun bir küçəylə gedib...

Ey dirilər, yuxulardan daşdan

heykəl qoyun ona

Alqambranın fəvvarələri arasında.

sular bu sözləri yazsın

qurumayan göz yaşlarıyla:

"Cinayət Qranadada törədildi...

            onun Qranadasında!"

 

Antonio Maçado

 

Tərcümə etdi:

Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2023.- 1 aprel.- S.32.