Qustav MAYRİNK
Gerçək
adı-soyadı Qustav Mayer olan Qustav Mayrink avstriyalı
ekspressionist nasir, dramaturq, tərçüməçi və
bankir olub.
1914-cü ildə
işıq üzü görən "Qolem" romanı
öz müəllifinə ümumdünya şöhrəti gətirməklə
bərabər, XX yüzildə meydana çıxan ilk
bestsellerlərdən də biri sayılır.
Onun yaradıcılıq
üslubunda ezoterik və mistik məqamlar ekspressiv bir vəhdət
halındadır. Q.Mayrinkin -
Frans Kafka və Leo Peruts ilə birgə - Praqa ədəbi məktəbinin
məşhurlaşmasındakı rolu isə
danılmazdır.
G.M.
- O it
oğlu it Makintoş yenə buralardadır!
Bu xəbər alov kimi, bircə anın içində
bütün şəhəri bürüdü.
Corc kimi də
tanınan, alman mənşəli amerikalı sayılan Georq
Makintoş hələ beş il bundan əvvəl
yerli camaatla vidalaşmaqla, şəhəri tərk eləmişdi.
Bununla yanaşı,onun buralarda
durğuzduğu hoqqaları - eynilə o sərt cizgili,
qarabuğdayı sir-sifəti qədər - unutmaq
müşkül məsələ idi. Və bu
gün o hərif təkrar Qrabendə (qədim Praqanın mərkəzi
küçələrindən biridir - A.Y.) zühur eləmişdi.
Görəsən, indi o tülkü bu yerlərdə niyə
sülənirdi axı?
Keçən səfər yerli camaat aşkar nifrət bəsləməklə,
yavaş-yavaş burunlamaqla onu buralardan və öz
başından rədd eləmişdi. Həm də hər kəs bu işə
bacardıqca öz töhfəsini vermiş
sayılırdı: kimisi özünü ona dost kimi
sırımış, kimisi onun barəsində saxta, amma nifrəti
körükləyəcək şayiələr uydurub
yaymışdı, ancaq yenə də hər kəs
bütün hallarda ehtiyatlı davranmış, onunla
qurduğu münasibətləri də tamam korlamaqdan çəkinmişdi.
Bütün bu xırda-xuruş əclaflıqlar
üst-üstə qalananda adama necə böyük
görünürdüsə, hər hansı dəqiq hədəfə
qarşı yönəldikləri təqdirdə onlar istənilən
insanı əlli-ayaqlı yıxıb-sürüməyə
yetərdi, bircə bu amerikalıdan başqa. Elə buna görə də o hərif buraları birdəfəlik
tərk etmək qərarına gəlmişdi.
Makintoşun sifət quruluşu bir bıçaq qədər
iti, ayaqları isə hədsiz dərəcədə caydaq
idi. İrqçilik təliminə məhəl qoymasalar
belə, bir çoxları onun bu zahiri cəhətlərinə
yetərincə dözümsüz yanaşırdılar.
Çoxlarının
onu görən gözü yox idi, o isə bu nifrəti hər
nə cürsə yatırtmaqdan ötrü yerli əhalinin
hakim rəyilə hesablaşmaq əvəzinə, adətən
camaatdan uzaq durur, qısa fasilə sonrası yeni bir hoqqa ilə
insanları təkrar cırnatmağı bacarırdı: bu səbəblər
isə gah hipnoz, gah spiritizm (o biri dünyadakı ruhu bu
dünyaya çağırma seansları - A.Y.), gah da
hiromantiya (əl və ya ovuc falı - A.Y.) ilə bağlı
olurdu. Hətta bir dəfə o, "Hamlet" əsərini
simvolizm ruhunda yozmağa, araşdırmağa da
girişmişdi. Aydın məsələdir ki,
bütün bu sadalananlar bizim nəcib vətəndaşları,
xüsusilə də
"Gündəlik qəzet"də işləyən və
tam da o ərəfədə "Şekspir barədə nələr
düşünürəm" adlı öz kitabını
çapa hazırlayan cənab Tevinger kimi sütül dahiləri
qıcıqlandırmaya bilməzdi.
Və
budur, hamının
gözünə batan bu tilişkə indi təkrar
üfüqdə peyda olmuş və öz hindu əsilli
nökəri ilə "Qızıl günəş"
mehmanxanasında məskunlaşmışdı.
Köhnə
tanışlarından biri sırf ağzını aramaq məqsədilə
maraqlanmışdı:
- Yəqin,
bura bəlli bir müddətə gələrsiniz?
O isə belə
demişdi:
-Əlbəttə ki, bəlli bir müddətə,
çünki öz evimə ancaq avqustun on beşində
köçə biləcəyəm. Yeri gəlmişkən, axı mən
Ferdinandştrassedə özümə bir ev
almışam.
Bunu öyrənən şəhər əhlinin
mısmırığı yamanca sallandı. Sən demə, bu hərif
harada-harada, ta Ferdinandştrassedə özünə ev alıbmış! Bu
fırıldaqçıda o qədər pul nə gəzərdi
axı?! Nə
isə, baxaq görək, bu dəfə nə qədər
davam gətirəcək o?..
Gözlənildiyi
kimi, bu səfər də Makintoş öz növbəti
hoqqasıyla buralara qayıtmışdı: onun özüylə
gətirdiyi elektrikli cihaz torpağın alt qatındakı
qızıl yatağını təyin eləməyə
yarayırdı və bir mənada yeraltı su məcrasını
nişan verən üzüm tənəyinin
elmi cəhətdən işlənmiş bir versiyası
sayılırdı.
Aydın məsələdir ki, böyük əksəriyyət
bunun mümkünlüyünə dərin şübhə ilə
yanaşırdı. Əgər indiyədək belə bir icad
mümkün olsaydı, başqaları ço-o-x-dan bunu
sınaqdan çıxarardı, əlbəttə.
Ancaq bir
faktı da danmaq olmazdı: ötən beş
il ərzində bu amerikalı özünü əməlli-başlı
tutmuşdu. Bunun məhz belə olduğunu, ən
azından, "Şpik və kürəkəni"
firmasının məlumat bürosu tam əminliklə təsdiqləyirdi.
Həqiqətən də, elə həftə olmurdu ki, bu hərif
bizim şəhərdə özünə yeni bir ev almasın.
Həm də
bunları plansız-zadsız və harada gəldi
alırdı: bir evi Tərəvəz bazarı tərəfdə,
digəri Gerrenqassda yerləşsə də, bütün evlər
şəhərin məhz köhnə hissəsində idi.
İlahi, bəlkə bu gedişlə o, şəhərin
bələdiyyə rəisi-filan olmaq niyyətinə
düşmüşdü?
Heçcə
kim onun əsl niyyətini anlamırdı.
- Siz
heç onun vizit kartlarını görübsünüz?
Alın, baxın: adamın sırtıqlığı
artıq heç bir hədd-hüdud tanımır! Sadəcə
monoqramması (insanın ad və soyadının baş hərflərindən
ibarət şrift kompozisiyası - A.Y.) var burada,
adı-soyadı isə ümumiyyətlə göstərilməyib!
Hətta deyirmiş: "Mənim malım-pulum o dərəcədə
artıb ki, daha mən ada-soyada da bir gərək duymuram!"
Bir müddət sonra Makintoş Vyanaya yollandı. Şəhərimizdə
dolaşan şayiələrə əsasən, orada o, bir dəstə
deputatla vaxtaşırı görüşürmüş və
onlar da bu hərifin başına lap pərvanələr kimi
dolanırmışlar.
Onun bu deputatlarla hansı işləri
düzüb-qoşduğunu öyrənmək, əlbəttə
ki, heç kimə nəsib olmadı, ancaq heç
şübhəsiz, bu hərif yeraltı filizlərin kəşfiyyatı
üzrə hüquqi sənədlərdə dəyişikliklər
edilməsi barədə yeni qanun layihəsinin
hazırlanması işinə girişmişdi.
Hər gün qəzetlərdə bununla bağlı təptəzə
xəbərlər verilirdi, müzakirə və səsvermələrin
ardı-arası kəsilmirdi, həm də belə
görünürdü ki, xüsusi istisna hallarında şəhərlərin
ərazisində mədən-axtarış işlərinin sərbəst
şəkildə aparılmasına ən yaxın zamanda qanunla
rəsmən icazə veriləcək. Kənardan
bütün bu vurnuxma insanda qəribə təəssürat
doğururdu və ümumi rəy belə idi ki, bu kampaniya
hansısa nəhəng kömür emalı şirkətinin mənafelərinə
xidmət edir.
Yəqin
ki, bu işdə sırf Makintoş, həm də bu dərəcədə
maraqlı ola bilməzdi -
görünür, o, hansısa bir qrupun sadəcə təmsilçisi
qismində çıxış edirdi...
Tezliklə o, bizim şəhərə qayıtdı. Kefinin kök
olması bütün davranışlarından
açıq-aşkar sezilirdi. Onun bu dərəcədə
istiqanlı davranışları hələ heç kəsin
xatirinə gəlmirdi.
Şəhərin
Kadastr xidmətində yüksək vəzifə tutan bir cənab
kazino masası arxasında ikən öz oyun yoldaşlarına
bu səmimi etirafı eləmişdi:
- Onun
bütün işləri yağ kimi gedir.
Dünən adam şəhərdə
növbəti, sayca on üçüncü daşınmaz əmlakı
öz adına qeyd elətdirdi. O binanı yaxşı
tanıyırsınız - "Üç dəmir
parçası" heykəli ilə üzbəüzdəki
küncdə, həm də o çəpinə duran "Bakirə
ana" adlı binanı deyirəm. Hazırda
orada Su Daşqınlarına Nəzarət üzrə Əyalət
Təftiş Komissiyası fəaliyyət göstərir.
İnşaat
işləri üzrə dövlət müşaviri işləyən
cənab dilləndi:
- Vallah,
bu tip gec-tez öz fırıldaqlarının güdazına
gedəcək. Cənablar, heç bilirsiniz, indi də o, nəyə
nail olmağa can atır? Satın aldığı üç
evi sökmək niyyətinə düşüb: bunlar
Perlqassedəki, Barıt qülləsinin sağ cinahındakı
dördüncü ev və bir də
47184/11 nömrəsi altında qeydə alınmış
evdir. Həm də yeni inşaat işləri üzrə plan
da artıq rəsmən təsdiqlənibdir!
Bunu eşidən hər kəs dilini dişlədi.
Küçələrdə
payız küləyi əsirdi: axı təbiət də
yuxuya getməzdən öncə dərindən əsnəyir.
Səma necə soyuq və göyümtül, buludlar isə
necə toppuş və şairanə idisə, sanardın
tanrı özü onları bu cür yaratmağı məhz
maestro Vilhelm Şultsa (1865-1952-ci illərdə
yaşamış alman rəssamı və qrafikidir - A.Y.) həvalə
edibdir.
Qəlbi məhz yıxıb-dağıtmaq eşqiylə
çırpınan bu amerikalı yerləbir etdirdiyi kərpic
divarların tozunu göy üzünə bülənd eləməsəydi,
bir Tanrı bilir ki, bu şəhərin havası nə dərəcədə
təmiz və gözəl olardı. Ancaq o, bu işləri görməkdən
ötrü də rəsmi dairələrdən gərəkli
icazələri almışdı!
Yaxşı,
deyək ki, o, bu üç evi sökdü, axı
özünün qalan on üç evini də sökməsi
faktı indiyədək görünməmiş bir qalmaqala yol
açasıydı!
İndidən
bütün əhali öskürəkdən əziyyət
çəkir, o lənətəgəlmiş toz adamın
gözlərinə dolanda isə həyat lap dözülməz
olur...
-
Görünür, bütün bunların yerində o, sarsaq nə
isə bir obyekt tikdirəcək. Mərc gələrəm ki,
bu da bizim üçün olacaq növbəti
"Seçession"! Deyəsən, hərif lap
ağlını itirib! Yeni inşaat
planını o, niyə təsdiqlənməyə veribmiş
axı?!
(Seçession - modern üslubu təmsil edən rəssamlar
qrupunun Vyanada inşa etdirdiyi və öz qruplarının
adını verdiyi məşhur sərgi salonunun adıdır
- A.Y.)
-
Ərazidəki köhnə binaları sökməyə izn
almaqdan ötrü!
- ??????
Baş
memarın köməkçisi Viskoçil nəfəsi
tamamilə daralmış bir halda o məkana girib, bildirdi:
- Cənablar,
xəbəriniz var xəbərdən? Şəhərimizin ərazisində
qızıl yatağı varmış! Hə, hə,
qızıl yatağı! Bəlkə də o,
indi, elə buradaca, düz ayaqlarımızın
altındadır.
Hamının
nəzərləri o an cənab
Viskoçilin laklı çəkmələr
taxdığı yastıhal, yuxanı xatırladan
ayaqlarına zilləndi.
Tezliklə bütün Qraben sakinləri oraya
axışdı.
Ticarət
işləri üzrə dövlət müşaviri
Levenşteyn bağıraraq soruşdu:
- O
qızıl söhbətini axı kim
ortaya atıb?
Şəhərin
inşaat işləri şöbəsinin rəhbəri də
deyilənləri təsdiqlədi:
- Mister Makintoş etiraf eləyib ki, Perlqassedə
sökdürdüyü o evin altındakı ərazidə, həm
də yerin təkində qızıl yatağı tapıb. Vyanadan
komissiya gəlməsi üçün artıq teleqraf da
vurdurub.
Bir neçə gündən sonra Corc Makintoşun
adı şəhər əhlinin dilindən heç
düşmədi. Bütün dükanlarda onun fotoları
asılmışdı: nazik dodaqlarının kənarındakı
qırış onun bıçaq qədər kəskin
profilinə istehzalı bir ifadə verməkdəydi.
Qəzetlər
onun keçdiyi həyat yolunu
işıqlandırırdılar, idman şərhçiləri
isə təcili qaydada onun çəkisini, döş qəfəsinin
və bisepslərinin həcmini, hətta ağ
ciyərlərinin hava tutumunu da dəqiqləşdirmişdilər.
Çünki ondan müsahibə almaq sən deyən də
çətin bir iş sayılmırdı.
Hərif hələ də "Qırmızı günəş"
otelindəki nömrəsində yaşayırdı, yanına
rahatca gedib-gələn hər kəsi bahalı siqarlara qonaq
edir, haqqında şayiələr dolaşan evləri sökmək
və onların yerindəki inşaat ərazilərində
qızıl yatağı axtarışları fikrinə necə
düşdüyü barədə niyyətlərindən
hamıya ürəkaçıqlığı ilə
danışırdı.
O
qızılaxtaran cihaz ideyası da bu hərifin məhz
özünə aid imiş: elektrik cərəyanının
gah artıb, gah azalması hesabına bu cihaz yerin təkində
qızıl yatağı olub-olmadığını
siqnalların köməyilə xəbər verirmiş. Makintoş gecə vaxtı təkcə özünə
məxsus evlərin deyil, gizli yolla daxil olmaqla, qonşu evlərin
zirzəmilərində də axtarış işləri
aparırdı. O, belə deyirdi:
-
Baxın, Dağ-mədən Nazirliyinin rəsmi hesabatı,
Vyanada yaşayan və bu sahədə nüfuzlu ekspert kimi ad
çıxaran köhnə dostum, professor Perpendikulyariusun rəyi
də artıq əlimin altındadır.
Həqiqətən
də, göstərdiyi sənədlərdə bu dedikləri
nəinki açıq-aşkar vurğulanmış, hələ
rəsmi möhürlə təsdiqlənmişdi də:
"Amerika vətəndaşı Corc Makintoşun
alqı-satqı yoluyla yiyələndiyi on üç evin yerindəki
inşaat sahələrində ənənəvi şəkildə,
yəni qumla qarışıq olmaqla, qızıl
yatağı tapılıb. Əldə olunan
örnək miqdar həmin ərazidəki nisbətən dərin
süxurlarda qızıl ehtiyatının daha bol
olacağının danılmaz sübutu sayıla bilər.
İndiyədək bənzər hallara yalnız
Asiyada və Amerikada rast gəlinsə də, uzun
götür-qoy etmədən mister Makintoşun belə bir
fikriylə razılaşmaq olar ki, tarixöncəsi dövrdə
bu ərazi hansısa çayın qədim məcrası
imiş. Əlbəttə, əldə ediləcək
gəliri tam dəqiqliyi ilə hesablamaq hələlik mümkün
olmasa da, buradan çıxarılacaq qızılın ən
yüksək keyfiyyətlərə malik olduğuna hər
hansı şübhə bəslənə bilməz və
çox yəqin ki, indiyəcən belə yatağa
ümumiyyətlə rastlanmayıbdır".
Qızıl
yatağı boyunca bu amerikalının qazdıracağı
şaxtaların təxmini düzülüş planı da
hamıda dərin maraq doğururdu və bu plan nüfuzlu
ekspert komissiyası tərəfindən artıq yekdilliklə
bəyənilmişdi.
Plana
baxanda aşkar görürdün ki, qədim çayın məcrası
amerikalının satın aldığı evlərdən
birinin altından başlanır, sonra qəliz bir şəkildə
burulur, irəlidə ona aid digər evlərin altından
keçməklə, yenə də Makintoşa məxsus olan və
Çeltnerqrasse küçəsinin küncündəki evin
altına qədər uzanır.
Bununla bağlı bütün dəlil və sübutlar
o dərəcədə aşkar və bəsit idi ki,
şübhəyə hər hansı yer qalmırdı, hətta
elektrik metalaxtaran cihaza sən deyən inanmayan şəhər
sakinləri də bunun başqa cür yox, məhz belə
olduğuna asanlıqla inanırdılar.
...Xoşbəxtlikdən
o ərəfədə yerin təkində kəşfiyyat
işləri barədə qanun da yürürlük
qazandı.
Bu
amerikalının bütün işləri necə ehtiyatla və
səssizcə düzüb-qoşması şəhərdə
hamını heyrətə salmışdı!
Ona
satdıqları ərazilərdə bir dünya sərvətin
yatdığını öyrənən şəhər
sakinləri kafelərdə oturarkən daha öncə əsassız
yerə qaraladıqları amerikalını bu cür
qoparağına görə tərifləyir, hətta bunu
özləri üçün bir fəxarət də
sanır:
-
Tanrı özü o böhtançıların cəzasını
versin! - deyirdilər.
Cənablar hər axşam bu olub-bitəni müzakirə
edir, yaratdıqları komitənin vəkilinə hadisələrin
bundan sonra necə cərəyan edəcəyinə dair suallar
ünvanlayırdılar.
Vəkil
onlara deyirdi:
-
Çox sadə! Hər barədə siz eynilə
mister Makintoş kimi davranmalısınız. Qanunvericiliyə
uyğun olaraq, inşaat işləriylə bağlı sənədlərinizi
təsdiqə göndərməli, sonra isə yeraltı
qızıl yatağına bir an əvvəl
çatmaqdan ötrü hər şeyi
söküb-dağıtmalı, qazıb-tökməlisiniz.
Başqa cür iş gedə bilməz, çünki həm
mövcud zirzəmilərdə qazıntı işi aparmaq mənasızdır,
həm də bu cür fəaliyyət müvafiq qanunun XXIII
maddəsinin V bəndinin 47a paraqrafı ilə
yasaqlanıbdır.
Onlar da bu deyilənləri etdilər.
Özünü hədsiz çoxbilmiş göstərən
xarici bir mühəndis həmin cənablara deyəndə ki, bəlkə
elə bu Makintoş komissiya üzvlərini sırf
yanıltmaqdan ötrü torpağa gizlicə qızıl
qırıntıları qarışdırıb, hamı o
zavallını əsl hoydu-hoyduya götürdü.
Çəkic
səsləri və daşların tappıltısı
artıq bütün küçəni başına
götürmüşdü, yerə düşən tirlərin
qopartdığı gurultu, fəhlələrin hay-həşiri,
inşaat zibili daşıyan arabaların
cırıltısı, bütün bunlardan əlavə,
qatı toz buludlarını havaya qaldıran o lənətəgəlmiş
külək!
Bunlar
adamı lap dəli-divanə edirdi!
Bütün şəhər camaatının gözləri
iltihab bağlamışdı, göz xəstəxanasının
qəbul otağı belə xəstələrlə
dolub-daşırdı, krakovlu professor Yeji Nedelnikin
"Müasir şəraitdə inşaat işlərinin insan
gözünün buynuzlu qişasına vurduğu zərərlər
barədə" başlıqlı broşyurası isə
sayılı günlər ərzində satılıb
qurtarmışdı.
Vəziyyət durmadan ağırlaşırdı.
Nəqliyyatın hərəkəti tamam
dayanmışdı. Şəhər əhalisi böyük dəstələr
şəklində "Qırmızı günəş"
otelinə hücum çəkirdi - hər kəs o
amerikalı ilə danışmağa can atırdı: yəni
doğrudanmı o, hesab edir ki, planda göstərilənlərin
xaricində, yəni qonşu evlərin altında qızıl
yatağı heç yoxdur?
Küçələrdə
hərbi patrullar dolaşırdı, hər küncə-bucağa
elanlar yapışdırılmışdı ki, bəs
nazirliyin növbəti sərəncamı qüvvəyə
minənə qədər bu şəhərdə ev sökmək qadağan edilibdir.
Polislər orda-burda siyirməqılınc dolaşsalar
da, bunun bir faydası nəzərə çarpmırdı.
Əhali arasında dəhşətli dəlilik vaqeələrinə
də rast gəlinirdi. Şəhər kənarında hansısa
dul qadın gecə vaxtı, tək alt paltarındaca öz
evinin başına çıxaraq, dam örtüyünü təşkil
edən kirəmitləri qorxunc bir cırıltı ilə
qoparıb, birbəbir üzüaşağı
tullamışdı.
Gənc analar, eynilə sərxoşlar kimi, orda-burda
dolaşırdılar, onların südəmər
çağaları isə evlərdə yiyəsiz
qalmışdılar.
Şəhərin üzərinə tüstünü
xatırladan bir çən qatı
çökmüşdü - sanki sarı iblis öz idbar
qanadlarını bu bölgənin üzərinə gərmişdi.
Və budur, ən nəhayət, o böyük gün gəlib
yetişdi. Vaxtilə göz-könül oxşayan bütün
o evlər yerlə-yeksan oldu - sanki onları kökündən
çıxarıb bir kənara atdılar, bunun ardınca isə
daş ustalarının yerini mədənçilər ordusu
tutdu.
Bellər və külünglər işə
düşdü, nə düşdü.
Qızıldan
isə əsər-əlamət yox idi! Belə
çıxırdı ki, o, təxmin olunandan daha dərin
qatlarda yatırmış.
Və qəflətən!
Qəzetlərdə
qəribə və heyrətamiz dərəcədə iri
elanlar peyda oldu:
Georq
Makintoş özünün bütün əziz
tanışlarına və dərin rəğbət bəslədiyi
şəhər əhalisinə bu
müraciəti edib:
"Yaranmış şərait məni hamınızla
birdən vidalaşmağa məcbur edir. Bu gün
Yozefplatsda ilk dəfə görəcəyiniz hava
şarını mən bu şəhərə öz xatirə
hədiyyəm kimi qoyub gedirəm, siz isə istənilən
vaxt ondan yararlana bilərsiniz. Çünki
o, sizə həmişə məni xatırladacaq. Hər
bir cənaba ayrı-ayrılıqda baş çəkib,
vidalaşmağı özüm üçün əziyyətli
bir iş saydığım üçün mən bu şəhərə
özümdən sonra cəmi bir dənə, amma nəhəng
vizit kartı qoyub, gedirəm".
- İndi
belə çıxır ki, o hərif zır dəli imiş
də!
- Bəyəm
şəhər əhlinə də vizit kartı təqdim edərlər?!
Əcəb sayıqlamadır bu!
-
Bütün bunlar nə deməkdir axı? Siz
bundan nə isə anladınız?
Hər tərəfdən bu məzmunda etiraz səsləri
yüksəlirdi.
Ən qəribə
və naxoş məqam isə o idi ki, bir həftə
əvvəl buralardan çıxıb-gedən o amerikalı
özünün bütün ərazilərini əlüstü
başqalarına satmışdı!
Məsələnin əsl məğzini fotoqraf Angel Malox
ortaya çıxartdı. O, elanda sözügedən hava
şarı ilə ilk uçuşu gerçəkləşdirdi
və quş uçuşu səviyyəsindən şəhərdə
aparılan dağıntıların fotosunu çəkdi.
Fotonu çap edib, öz dükanının vitrinindən
asdığı andan etibarən həmin şəklin
tamaşasına yığışanların ardı-arası
kəsilmədi. Bəs o fotoda nə əks olunmuşdu,
görəsən?
Evlərin
sıx şəkildə sıralandığı fonda əsl xarabazarlığı xatırladan
bəyaz rəngli evlərin yerində əyri-üyrü bir
cüt hərf aşkar şəkildə seçilirdi:
GM
Hə-ə,
bunlar amerikalının ad və soyadının baş hərfləri
idi də!
Bunu
öyrənən ev sahiblərinin əksəriyyəti
dərindən sarsılsa da, ticarət üzrə
müşavir Klyuçikingerin heç tükü də tərpənmədi.
Çünki onun evi istənilən halda
söküləsiydi.
İltihablı
gözlərini ovuşduran həmin cənab burnunun altda
donquldanaraq belə dedi:
- Mən
axı həmişə sizi inandırırdım ki, o
Makintoş heç vaxt ciddi bir işə girişə bilməz.
Qustav MAYRİNK
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 8
aprel.- S.31-32.