Nazim Hikmətə bizdən salam

söylə, Orxan Qaravəli...

 

Türk yazıçısı Orxan Qaravəli haqqa qovuşdu... -

 

Orxan Qaravəli dünyasını dəyişdi... Nazim Hikməti görmüş, onunla ünsiyyətdə olmuş, haqqında "Tanıdığım Nazim Hikmət" kitabını yazmış qocaman yazar...

Yeddi-səkkiz il bundan öncə həmin kitab Bakıda "Xan" nəşriyyatında yayımlanmışdı. Qısa müddət sonra Bakıda keçirilən kitab festivalına gəldi. Ona qədər kitabını oxumuşdum. Nazim Hikmət türk poeziyasında ən çox sevdiyim şairlər sırasında birincilərdəndir həmişə belə olacaq. Bu səbəbdən onun haqqında yazılmış kitabların böyük əksəriyyəti kitabxanamda var. Anarın, Aqşin Babayevin, Əkbər Babayevin, Azər Abdullanın adlarını sadalamaqla bitməyən ünlü türk yazarlarının... Bu siyahıya qocaman türk yazarı qəzetçisi Orxan Qaravəlinin kitabı əlavə olundu.

O, 1960-cı ilin mayında gənc qəzetçi olaraq Moskvada keçirilən "Millətlərarası Şərq elmləri konqresi"ndə iştirak etmək üçün Sovetlər Birliyinə gəlir burada Nazim Hikmətlə yaxından tanış olmaq şansını qazanır. Təsəvvür edin, həmin dönəmdə Nazimə Türkiyədə "Vətən xaini" damğası vurulmuşdu. Adının dilə gətirilməsi belə yasaq idi. Gənc bir türk yazarı Moskvaya gəlir heç nədən çəkinmədən Nazim Hikmətə yaxınlaşır, özünü təqdim edir. Türk nümayəndə heyətinin üzvləri kənardan onları heyrət qorxu içində izləyirlər. Orxan Qaravəli bütün bunları görür əhəmiyyət vermir. Türkiyəyə dönüncə başı bəlalar çəkə bilərdi, onu Nazim Hikmətlə əlaqədə günahlandırıb cəzalandıra bilərdilər. Amma Orxan Qaravəli bütün bu təhlükələri bilərək böyük cəsarət nümunəsi göstərdi. On beş gün boyunca birlikdə oldular bu on beş gün ərzində Nazim vətəninin qoxusunu Orxandan aldı. Qəlbinin pünhan aşkar ağrılarını onunla bölüşdü.

Bir gün içindəki  ani nigarançılığı da dilinə gətirir:

"Bax, canım, Türkiyəyə dönüşündə məndən danışdıqlarımdan heç söhbət açmasan da olar, amma bir yanlış  yazma, demə. Vallah, o biri tərəfdə əllərim yaxanda olar!"

Orxan Qaravəli illər sonra bütün bu söhbətləri, Nazimin diləgəlməz Vətən nisgilini, ağrı-acılarını "Tanıdığım Nazim Hikmət" kitabında qələmə alıb. Bu kitabda Nazimlə bağlı bir çox dolaşıq mətləblərə aydınlıq gətirilir. Bu, tamamilə başqa bir yazının mövzusudur. Tale elə gətirdi ki, həmin kitabın Bakıda çapından az sonra (2017-ci ilin sentyabrında) Orxan Qaravəli Azərbaycana gəldi. Bakı Beynəlxalq Kitab sərgisində iştirak etdi kitabını oxucular üçün imzaladı. İmza törənindən sonra yığcam ortamda çay süfrəsi arxasında söhbət etdik. Eşitmişdim ki, Mustafa Kamal Atatürkü yaxından görüb bu haqda xatirəsi var. Bu barədə ona sual verdim, gülümsündü: - Bəli, - dedi, - o zaman cocuqdum, tale məni onunla rastlaşdırdı, saçlarıma sığal çəkdi. Çox zəki bir cocuq, dedi. Baxın, bu yaşda saçlarımın gurluğu da bəlkə ondandır. "Atatürk, atam mən" kitabımda bu haqda yazmışam.

Biz görüşdüyümüz zaman onun 87 yaşı vardı çox gümrah görünürdü. Əlini tez-tez dümağ, dalğalı saçlarına çəkirdi. Onun yaddaşı Türkiyənin son səksən illik tarixini özündə hifz edirdi. Atatürk, Tofiq Fikrət, Ziya Göyalp, Nazim Hikmət haqqında kitablar yazmışdı. "Ziya Göyalpı doğru tanımaq" kitabı türkçülüyün təməl kitabını yazmış bu böyük məfkurə adamını bizə daha yaxından dərindən tanıtmaq baxımından bənzərsizdir.

Bakıdakı görüşümüzdə ondan "Atatürkü yaxından görmüsünüz, haqqında iki kitab yazmısınız. O, hansı şairləri, yazarları sevirdi?" deyə soruşdum. Dedi:  "Atatürk insan olan hər kəsi sevərdi. Ən çox sevdikləri isə Namiq Kamal, Tofiq Fikrət Ziya Göyalp idi. Mən bu dahi şəxsiyyətlərin üçündən kitab yazdım".

Dünyasını dəyişməsi xəbərini alınca o qısa görüşümüzü xatırladım. Belə görüşlər heç zaman unudulmur, ömrə-günə yazılır. Uzun illər bundan öncə Nazim Hikmətlə zindanda birlikdə yatmış ondan rəsm dərsi almış İbrahim Balabanla Bakıdakı görüşümüz xəyalıma gəldi. Füzulinin 500 illiyilə bağlı törənə qatılmaq üçün həyat yoldaşı ilə gəlmişdi. onun Nazimlə bağlı xatirələrini öz dilindən eşitmək bir ayrı zövq idi. O vaxt "Azərbaycan" otelinin 4-cü qatındakı odasında iki saatdan artıq söhbət etmişdik mən həmin söhbəti diktofonun yaddaşına köçürmüşdüm. O söhbətdə İbrahim Balaban Orxan Qaravəlidən danışmışdı. Qismətə baxın. Bizim o söhbətimizdən iyirmi ildən çox bir zaman keçəndən sonra tale bizi Bakıda Orxan Qaravəli ilə qarşılaşdırdı. Onda hələ İbrahim Balaban həyatda idi. Orxan bəy onun haqqında sevgiylə danışdı. Balabanın "Nazim baba damdakılar" kitabından danışdıq. Həmin kitabı avtoqrafla mənə bağışlayıb. Bütün bu görüşlərimiz haqda 1996-cı ildə "İki sahil" qəzetində, sonralar isə "Ədəbiyyat qəzeti"ndə yazılar yazdım.

İbrahim Balaban da uzun bir ömür yaşadı. 2019-cu ilin yayında 98 yaşında vəfat etdi. Orxan Qaravəli 93 il yaşadı. Onlar Türkiyədə Nazimdən qalan sonuncu yadigarlar idi. Nazimi canlı görmüş, onunla ünsiyyətdə olmuş hər insan bir əfsanədir.

Nazim haqqında yazılmış kitablar içərisində dönə-dönə, zövq ala-ala oxuduğum bir kitab da var: "Kərəm kimi" romanı. Xalq yazıçısı Anarın böyük sevgiylə qələmə aldığı bu möhtəşəm əsər ən yaxşılar sırasındadır. Bu kitab Nazim ömrünün bütün tərəflərinə işıq salır: onu həm şair kimi, həm vətəndaş kimi, həm ictimai xadim kimi, həm ziddiyyətli xarakterə malik bir insan kimi görə bilirik. Anar müəllimin anılarında bir həzinlik var, burda həm biz Bakıdakı Nazimi görürük. Onun Azərbaycan ədəbiyyatına sonsuz sevgisinin şahidi oluruq. Nazim bütün xatirələrdən dağ başında bitən tənha ağac kimi boylanır.

yaxşı ki, Nazim Hikmət öz doğma Vətənində bəraət aldı Anar da, Orxan Qaravəli , İbrahim Balaban da, unudulmaz yazıçımız Aqşin Babayev , Nazim ömürlüyündən kitab yazmış digər aydınlarımız da bu xoşbəxt günü gördülər. Anar müəllim "Zəfərin mübarək, Nazim!" adlı kövrək bir yazı yazdı.

Orxan Qaravəli bu fani dünyadan köç etdi... O dünyada Nazimin əli yaxasında olmayacaq. Nazim xatirələrindən heç vaxt şikayətçi olmamışdı axı...

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.29.