Qərib atdan yıxılan yer...
Hekayə
Əlli
ilin çobanı atam say bilmirdi. Gündə iki dəfə,
gözünün birini qıyıb, sürüyə diqqətlə
baxırdı: tezdən örüşə aparanda, şər
vaxtı örüşdən gətirəndə. Bəs niyə sürüdən bir qoyun kəm olan
kimi bilirdi? Bunu hər adam
bacarmazdı. Qoyunları sürünün
içərisində ailə-ailə (deyək ki, ev-ev)
tanıyırdı.
Məsələn, bilirdi ki, sarıkürə qoyun və
onun "dostları" bu saat sürünün hansı tərəfində
olar. Atam deyirdi ki, elə qoyun var, həmişə
sürünün sağ və sol, arxa və qabaq, ya da orta
hissəsində otlayır, nadir hallarda bir qoyun yerini dəyişə
bilər, bu zaman həmin qoyun təzmiş, yəni
azmış hesab olunur.
Atam qoyunları axşam arxaca gətirəndə belə
sayırdı; sarıkürə qoyunu gördüm,
tayını görmək gərək, yaxud ağkürə
qoyunu gördüm, tayını tapmaq görək. Beləliklə,
qoyunları cütləməklə, hətta
üç-üç, dörd-dörd qruplaşdırmaqla
azanını-təzənini tapıb üzə
çıxarırdı.
Yadıma bir hadisə düşdü. Deməsəm
olmaz. Qonşu kənddən Məhəmmədəlini
bizim kəndə kolkoz sədri qoyurlar. Sən
demə qoyun yarıya qədər kəm imiş. Məhəmmədəli
kişi qoyunları saydıqca hər
yüz qoyuna cibinə bir qoyun qığı
atırmış. Köhnə ferma müdiri, erkəklərin
kökünə daş atan, dost-doğmaca babamın
dayısı oğlu Zakir kişi də Məhmmədəlinin
arxasında dayanıbmış. Məhəmmədəli
cibinə bir qığ atanda birini də Zakir əlavə
edirmiş. Sonda görürlər ki,
sürüdə hələ yüz qoyun artıqdır.
Bir il kecməmiş Məhəmmədəlini
tutub basırlar dama, on dörd il iş verirlər. Son sözdə
Məhəmmədəli nə desə yaxşıdır: -
"Mən bir də Əliqulular kəndinə kolxoz sədri
olmaram".
Gələk atamın yanına.
Mən 6-da oxuyanda qardaşım Qərib 3-cü sinfə
gedirdi. Sirrimiz, sözümüz bir idi. Atam
Çalbayır yaylağında sürünü
otarmağı bizə etibar edirdi. Bu da o
zaman olurdu ki, çoban yoldaşları ilə Cermuxa
(Quşçuplək qəsəbəsi) bazarlıq eləməyə
gedərdi. Onda atam xrom çəkməsini geyər, dimdikli,
dördkünc kepkasını qoyar, atımızın belinə
bəzəkli yəhəri atıb tapqırını çəkərdi...
Mən çox sonralar bildim ki, atam niyə xrom
çəkmə, qəlifey şalvar, dördkünc kepka
qoyurmuş? Sən dəmə çobanlar
və bir də aşıqlar özlərini Stalinə
oxşadırlarmış. Bu ənənə şəklində
gəlib atamgilə qədər çatıbmış...
Atam Cermuxdan bizə pomidor alıb gətirirdi. Ət-zad yeməzdik,
hamımızın əlində pomidor laləyə bənzəyərdi.
Sürümüzün içində iri bir qoç
vardı. Qoyunları otardığımız vaxt Qəriblə
qoçu tərkləşib minirdik. O qədər
minirdik ki, qoç bikefləyirdi. Axşam arxaca
gələn kimi atam heyvana baxıb deyirdi bu qoç niyə
burtaxlayıb (xəstələnib)?! Biz də
heç nə demirdik. Guya heç nədən
xəbərimiz yoxdu. Qoç bizi görən
kimi ilim-ilim itirdi, elə bilirdi yenə minəcəyik.
Qəribi bir-iki dəfə döymüşdüm,
xırda səhlənkarlığına və xəbərçiliyinə
görə.
Biri buna görə olmuşdu ki, Qərib mənim ilk sevgi məktubumu
itirmişdi...
Qonşumuzdakı bir qıza guya vurulmuşdum, sinif
yoldaşım idi. Şanlı bir məktub yazdım verdim Qəribə,
dedim, apar ver o qıza. Qızın da bizə bir az qohumluğu çatırdı. Üç-dörd gün keçdi, gördüm
qızın hərəkətlərində pisə-yaxşıya
doğru heç bir dəyişiklik yoxdur. Bir gün məktubu
çəpərimizin yol tərəfindən tapdım... Sən
demə Qərib məktubu itiribmiş... Gəldim Qəribin
yanına, nə yemisən turşulu toyuq əti!
İkinci döyməyim
də o vaxt oldu ki, fermamıza şəhərli oğlan gəlmişdi,
uzaq qohum idi, indi bərkgedən rayonların birinin prokurorudur.
O, mənə bir vazelin qutusu verdi,
qoçumuzu iyirmi dəqiqəliyə mindi, bu da oldu
Qaranlıq dərənin başından, Söyün
bulağına kimi... Mən
"başı" yox, vazelindən Qəribin üzünə
bir barmaq olsa da vurmadım, Qərib də gələn kimi məsələni
atama dedi, atam məni döydü, mən də Qəribi.
Atam Qəribi
məndən çox istəyirdi... Bu da ən
çox anamdan gəlirdi. Anam ona həm Aşıq
Qərib deyirdi, həm də "Qara moç". "Qara" o demək idi ki, Qərib qarayanız
idi, "moç" da onu öpməyə işarəydi.
Atamla anamın Qərib haqqında bir hekayəsi
vardı. Sevgi hekayəsi də demək olar ona. Hər gün həmin hadisəni bir - birilərinə
danışırdılar.
Qərib
balaca imiş, yəni qundaqda olan vaxt... Köç
dağa üz tutubmuş. Anam at belində, Qərib də
qucağında, atam bir az ondan irəli
Mıxtökən yollarını ağır-ağır
qalxırlarmış. Necə olursa, atın
qabaq ayağı büdrəyir, Qərib anamın
qucağından düşür iri bir daşın
üstünə.
Atam sonralar atın büdrəməyinin səbəbini
dırnaqlarının uzanması ilə izah edirdi. Atın
dırnaqları uzananda kiçik balta ilə kəsirlər.
Nə isə...
Qərib daşın üstə yıxılır, zalım
oğlu heç yuxudan ayılmır da! Atam tez
yüyürür uşağı götürür və tez
anama deyir:
- Əmiqızı, qorxma, Qəribə heç nə
olmayıb.
(Atam və anam qohum olmasalar da bir-birinə "əmioğli",
"əmiqızı" deyirdilər).
Anam da
deyir:
- Əmioğlu, bəlkə, məni aldadırsan, Qəribə
nəsə olub?
O da and
içir ki, Qəşəmin canı üçün
heç nə olmayıb...
Atam o saat iri bir qoç qurban deyir, hətta elə o saat
anamın gözünün qabağında ağacla qoçun
belinə vurub manşırlayır.
O gündən
Qəribi daha çox istəyiblər. Hətta o vaxtdan o yerin
adı qalır: "Qərib atdan yıxılan yer". Məsələn, kənddə soruşulanda ki,
köç hardadır, deyirdlər "Qərib atdan
yıxılan yer"də. Beləliklə,
evimizdə Qəribin reytinqi o vaxtan qalxır.
Sonralar
atamla anam Qəribin sağ qalmağının səbəbini
müxtəlif amillərlə bağlayırdılar. Guya atam
çox fərasətli tərpənib, uşağı elə
göydə tutub! Əslində bu, atamın
şöhrətinin qalxması üçün anamın
uydurması idi. Atam da təvazökarlıq edib anamın
könlü xoş olsun deyə belə deyirdi:
- Vallah, əmiqızı,
məndə heç bir fərasət-zad olmadı. Sən uşağı əlindən çox asta
buraxdın.
Guya bu da anamın fərasəti imiş.
- Əmioğlu, azca mürgüləmişdim.
- Əmiqızı, səndə günah yox idi, mən də
olsam, elə olardı.
Atam bütün gücü ilə anamın
günahsızlığını sübut etmək istəyirdi. Anam da var
gücü ilə atamın sıçrayıb
uşağı göydə tutmağından
danışırdı.
Sonralar atam anamın uydurmasına inanıb həmin hadisəni
həqiqət kimi danışırdı. Guya
uşağı göydə tutub. Çünki
həmişə köç gedəndə "Qərib atdan
yıxılan yer"ə çatanda bu məsələ
beş-on dəqiqəlik müzakirə olunurdu. Müzakirələrdə mən də iştirak
edirdim. İkisi də - atam da, anam da bir-birlərini
inandırmaq üçün mənim canıma and içirdilər!
Ona görə də mən öz işimi əvvəldən
bilib o saat gedib dayanırdım, hər ikisinin arasanda, gah
atamın, gah da anamın üzünə baxırdım,
canıma and içilməsinin böyük səbirsizliklə
gözləyirdim. Mən də bir işin qulpundan
yapışmış adam kimi kişilənirdim.
Hətta bu müzakirələrin son iki ilində artıq Qərib
Əfqanıstanda hərbi xidmətdə idi...
Yenə köç dayandı, atamla anam həmin
daşın üstünə gəldi. Mən də
canıma and içilməsi üçün özümü
lap qabağa verdim.
Anam dedi:
- Qəşəmin
canı üçün beyqəfil uşaq qucağımdan
sıçradı daşın üstünə. Allah uzaq eləsin,
ölsəydi, indi bizdən ayrı düşməyi on doqquz il olardı.
- Əmiqızı, Qəşəmin
canı üçün uşaq o boyda hündürlükdən
yıxılsaydı ölərdi. Görünür, Qərib
əlindən sürüşəndə sən çox
aşağı əyilmisən və sonra əlindən
buraxmısan.
- Düz
deyirsən, əmioğlu, mən əyilmişdim, amma sən
özünü çatdırdıb uşağı göydəcə
tutdun.
- Hə,
mən tez şığıdım, uşağı yerə
düşməyə qoymadım.
- Əmiöğlu, uşaq yıxılanda mən əyilməsəydim,
sən uşağı tuta bilməyəcəkdin.
Əslində, bu məsələdə nə anamın,
nə də atamın qəhrəmanlığı olmuşdu. At büdrəmişdi,
uşaq daşın üstə düşmüşdü, bələk
qalın olduğundan, uşağa heç nə
olmamışdı.
Atam-anam bu məsələdə öz qəhrəmanlıqlarını
çox şişirdirdilər. Son vaxtlar elə
danışırdılar ki, heç elə bil uşaq
yıxılmayıbmış, anam uşağı
atıbmış, atam da göydə tutubmuş...
Hər dəfə köç həmin yerdə
dayanırdı.
- Hə, əmiqızı,
burda, bax burda, bu daşın üstə...
- Hə, əmioğlu,
mən bu tərəfdən gəlirdim, sən o tərəfdən.
- Əmiqızı, sən çox cəld tərpəndin,
yaxşı ki, özün yıxılmadın.
-
Əmioğlu, sən çox fərasətli adamsan ki, bir
anın içində...
- Burda bu
daşın üstə...
- Yox, bir az o tərəfə idi...
-
Əmiqızı, gör sənin yadında necə dəqiq
qalıb?!
- Qəşəmin
canı üçün, elə bil bu gün olub.
Qərib evimizin ən əziz övladı idi. Çünki
o, atamla anama bir sevgi, bir diqqət, bir qəhrəmanlıq
ömrü yaşatmışdı.
Qərib sürətlə böyüdü. Əsgərliyini
Əfqanistanda keçirdi. 1980 - 82-ci illərdə.
İki il yarım Əfqanıstanda
ölümlə üz-üzə qaldı. Gələndə
atam onu gətirən maşının təkərlərindən
öpdü. Anam Qəribdən ötrü
o qədər ağlamışdı ki, gözləri
tutulmuşdu.
O, Qəribə
tərəf yox, əks istiqamətə qaçırdı. Atam Qəribin ayağının altında on iki qoyun
qurbanı kəsdi, bir baş da ala cöngə.
Atam onun əsgərlik
günlərini saya-saya say öyrəndi,
indi qoyunları özü sayır.
Bu günlərdə kənddə idim, Qəribin əlli
yaşı tamam olurdu. Məktubu itirməyindən, qoç minməyimizdən
danışdıq. Qəribin
uşaqları gülüşdülər. Dedim, ay
qırışmallar, bəlkə siz də...
Çox
qəribsədim... Elə Qərib də....
Atam, anam
həyatda yox... Canıma and içən də yox... "Qərib
atdan yıxılan yer" də lap uzaqda...
Deyəsən,
çöldə bərk külək əsir...
Qəşəm Nəcəfzadə
Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.24.