Ədəbiyyatın və "Ədəbiyyat qəzeti"nin içində

 

Ayaz Vəfalının 86 yaşına

 

...Onun həyatının böyük bir hissəsi ədəbiyyatın və "Ədəbiyyat qəzeti"nin içində keçdi. Bir yaradıcı adam üçün, əslində, bundan gözəl nə ola bilər ki... Amma bir şey də var ki, həm ədəbiyyatın, həm də "Ədəbiyyat qəzeti"nin məsuliyyəti, yükü çoxdur. Bu yükü ancaq sözə şərəflə xidmət göstərənlər çəkə bilər, Ayaz Vəfalı kimi...

 

Mərdi qova-qova namərd ediblər -

Vəfalıyam, etmə vəfasız məni...

 

Bu beyt Ayaz Vəfalının yaddaşıma hopub qalan şeirindəndir. Tez-tez bu misraları təkrar edirəm və xalq deyiminə söykənilərək yazılan bu şeirdə səmimiyyətdən və həqiqətdən kənar heç nə görmürəm. Ayaz Vəfalı, sözün həqiqi mənasında, vəfalı adamdır və gənclik illərində götürdüyü bu təxəllüsdə heç də səhv etməyib. İndi ömrünün 87-ci baharını qarşılayan şair-ədəbiyyatşünas, Füzuli yaradıcılığının araşdırıcılarından olan Ayaz müəllimin doğum günü ərəfəsində yazdığım bu yazıda sitat gətirəcəyim bütün şeir nümunələri yaddaşımın dərinliyində qalan və anında dilimdə ifadə olunan şeir parçalarıdır. Bu, şairin, əlbəttə ki, xoşbəxtliyidir.

Mən Ayaz Vəfalını lap körpəliyimdən tanıyıram və doğulduğum kənddə bu adama qarşı böyük sevginin olmasını da elə məktəbli yaşlarımdan hiss etmişəm, duymuşam, sonralar isə görüb şahidi olmuşam; Kənd bütünlüklə onunla fəxr edirdi. Bu indi də belədir.

İlk əzbərlədiyim şeir də onun şeiri olub. Hələ onda heç məktəbə də getmirdim. Onun "İllər və nəsillər" adlı kitabı təzə dərc olunmuşdu. Atam o əl boyda olan kitabın şeirlərini ailə üzvlərimiz üçün bərkdən, intonasiya ilə oxuyardı.

Şeirin misraları az qala 50 ildən çox olan bu məsafədə, ola bilsin ki, təhrif olunsun, sürüşüb yaddaşımdan silinsin, amma şeirin məğzi və misraları bütünlüklə yadımdadır:

 

Gəldi əcəl... Öldü biri -

baxa-baxa, diri-diri,

Pul topladı yoldaşları -

gül alsınlar, yaşıl, sarı...

Biri dedi: kağız gül al

Xeyli qalsın.

Biri dedi: əsl gül al

ətir saçsın.

Bir nəfər də gözündə yaş,

Nə fərqi var, dedi, qardaş,

ya kağız gül, ya da çiçək

ölən bunu bilməyəcək...

Düz desə də o, bu sözü,

xoşlamadım, sözün düzü...

 

Şeir bu misralarla bitmir, davamı var. Amma oxucuya verdiyim sözə xəyanət etmirəm, axtarıb o şeiri tapmaq çox asandır, amma yaddaşıma güvənəcəyimi demişdim axı. Düzü, yazımı dəniz növbəmdə gecənin bu gecə vaxtı açıq dənizdə yazıram.

Hə, əzbərlədiyim ilk böyükhəcmli əsər də elə Ayaz Vəfalıya məxsus olub. Onun, "4 yaşında fikir çəkdim" poemasını elə bu gün də həyəcansız oxumaq olmur, deyirəm, amma mən o poemanı da eşidərək əzbərləmişdim. Bircə hərf də tanımadığım, məktəbə getmədiyim zamanlar idi, poemanı atamın mütaliəsindən dinləmişdim.

Poema şairin uşaq yaddaşından süzülüb yazıldığı kimi, mənim də uşaq yaddaşıma eləcə köçürdü, əzbərimdə qalırdı. Bəlkə də ona görə ki, o poemada təsvir olunan yer, insanlar, ayaqlara batan tikan, könül oxşayan çiçəklər, kəndin sol kənarı ilə axan Qarayar çayı, əkin, örüş yerləri, qayğılı-qayğısız kənd uşaqları və sair poemanı dinlədiyim dövrdə mənim də müşahidələrimin süzgəcindən keçirmiş demək... yaddaşıma hopurmuş və bütün bunlar yaşımın bu çağında, indinin indisində kənddən, kəndimizdən söhbət düşərkən gözlərimin önünə gəlir.

Ayaz Vəfalı doğulduğu kəndə bağlı insandır, kəndə o qədər davamlı getməsə də... Çoxlu sayda söhbətlərimiz olurdu, gənclik və yeniyetməlik dostlarından, sinif yoldaşlarından, kənddən ev-ev, küçə-küçə bəhs edərdi. O danışdıqca uzun illər şəhərdə yaşaması, kəndə çox az-az gəlməsinə baxmayaraq, onun daim bu kənd ilə nəfəs aldığı əminliyi yaranırdı məndə. O, kökünə, şəcərəsinə, elinə bağlı insandır. Özü necə deyib?

 

Kökdən ayrı düşüb, budaqdan qopan

Yerin də qoynunda yaşaya bilməz.

 

Ayaz Vəfalı heç vaxt kökdən ayrı düşmədi, budaqdan qopmadı, elə ona görə də doğma insanların qəlbində yaşayır, yazır, yaradır.

Uzun müddət "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri, məsul katib, baş redaktorun müavini və baş redaktor işləyib. Arada doğma qəzetdən bir qədər uzaq düşüb, 7 ay "Ulduz" jurnalında çalışıb. Onunla eyni vaxtda bir redaksiyada işləyənlər heç vaxt onun haqqında mənfi fikirdə olmadılar. Bu gün də "Ədəbiyyat qəzeti"ində çalışanlar onunla bağlı söz düşəndə, əlbəttə, xoş sözlər danışırlar. Azər Turan, Adil Cəmil, Südabə Məmmədova, Aydın Xan, dünyalarını dəyişmiş Atababa İsmayıloğlu, Xeyransa xanım və digər əməkdaşlarla onun şəxsiyyəti haqda çox danışmışıq. Bu anda Cabir Novruzun sözləri yada düşür: Sağlığında qiymət verək insanlara. Körpə yaşlarından atasız qalan, işi-gücü ancaq dərslərini oxumaq, anası Ətlaz ananın gözüyaşlı bayatılarını dinləmək, Zərri nənənin hələm-hələm kişilərin təpərini, qürurunu heç eləyən zəhmqarışıq sevgisi ilə böyüyən, müharibənin acısından, ağrısından yaxasını qurtara bilməyən bir cocuğun içində daşıdıqları bu iztirab, çəkingənlik onu nə gənclik, tələbəlik illərində, nə də işlədiyi zamanlarda da tərk etmədi. Atasız böyüdü, amma yetimçilik görmədi, dayısı Dünyamalı kişi, nənəsi Zərri nənə onu və qardaş və bacısını gözləri və ruhu tox böyütdü. Bununla bərabər, gizlində atasızlığının ağrısını özü çəkirmiş demək. Şeirlərinin birində yazır:

"Atam burda itkin düşüb, mən necə dincəlim, Krim", - deyir və müharibənin acılarını çəkə-çəkə yaşadığını bəyan edir bununla.

Əlbəttə, ədəbi mühitdə o, tək idi. Onun arxasında heç bir dəstə yox idi. Amma xeyirxah insanlar da az deyildi. Başına əl gəzdirib sığal çəkməsələr də, Yazıçılar İttifaqının imtiyazlarını geninə-boluna ayaqları altına atmasalar da, işgüzarlığına, istedadına, əxlaqına qiymət verirdilər. Mirzə İbrahimov, Qasım Qasımzadə, Rəsul Rza, Məmməd Əkbər və söhbətlərində adlarını ötəri də olsa çəkdiyi digər Allah haqqına danışanlar da olub. Bu kimsəsiz şairə pis münasibət bəslənməsə də, dost deyərək yaxınlıq edənlər də çox olmayıb. Tanıdıqlarım Qəzənfər Paşayev, Sabir Rüstəmxanlı, Əbdüllətif Bəndəroğlu, Nizami Cəfərov ... və əlbəttə ki, tanımadığım bir çoxları istisna...

Xalq şairi Nəriman Həsənzadə AYB üzvü olmam üçün zəmanət verirdi. Ayaz müəllim ona zəng vurub xahiş etmişdi. Uzun müddət "Ədəbiyyat və İncəsənət" qəzetinin baş redaktoru olmuş Nəriman müəllim, o zaman Mətbuat və İnformasiya nazirliyində komitənin müavini vəzifəsində işləyirdi. Nəriman müəllim mənimlə bir qədər söhbətdən sonra, apardığım ilk şeirlər kitabımı vərəqlədi, bir neçə şeir oxudu, sonra dedi: Əslində, sənin şeirlərini oxumadan da zəmanət verə bilərdim. Ayaz heç vaxt layiq olmayana zəmanət verməz və ondan ötrü xahiş etməz, - dedi. Ayaz çox məsuliyyətli adamdır, əsl qəzetçi, ədəbiyyat adamıdır...

Ayaz Vəfalı dost kimi özlərini tanıdanlara, iş yoldaşlarına, tanıdığı, ünsiyyətdə olduğu hər kəsə vəfalı bir insan olaraq qaldı. İndi təqaüddədir. Ömrünün 87-ci baharına qədəm qoyur. Aprelin 1-də, zarafat günündə dünyaya göz açıb. Şeirlərinin birində yazır ki, mən dünyaya gələndə hava bir qədər soyuq olub, ayazlı yaz səhəri imiş. Elə ona görə də anam adımı Ayaz qoyub.

Onun bütün şeirlərini oxumuşam və çoxunu da əzbər bilirəm. Yadıma salıram və şeirlərinin verdiyi informasiyaya görə, o, baharı çox sevir. Ona görə də şeirlərində yazın nəfəsi daha çox hiss olunur. A.Vəfalının çox sevdiyim "Novruzgülü" şeiri var. Bu şeir təbiətin cana gəlib oyanmasının poetik dillə təsviridir. Yanılmıram ki, görəsən? Baxın, yaddaşımı tərpədirəm, oxuyaq bir də, siz deyin, fikrimdə yanlışlıq yoxdur ki?

 

Qar içində, aləm bilir,

Yaşıl örtdü novruzgülü;

Mənə dedi bahar gəlir -

Dedi, ötdü novruzgülü.

 

Qışın yaza keçişini qısa ömrü ilə sezdirə bilən novruzgülünün "fədakarlığı" şair müşahidəsindən kənarda qalmır və şeirin son iki bəndi oxucuda bir əminlik yaradır; bütün bunlar Ayaz Vəfalının uşaqlıq illərinin müşahidəsi və özünün özünə verdiyi sual və əminlikdir:

 

Niyə belə tez gəlmişdi -

Tez də getdi novruzgülü.

 

Yaxud:

 

Az yaşadı... amma qışı -

Bahar etdi novruzgülü...

 

Ayaz müəllim baharda dünyaya gəlib. Baharın ilk günlərinin ayazlı havasını, çiçək ətirli havasını körpə vaxtlarından ciyərinə çəkib, ürəyinə köçürüb. Bahar fəslinə vurğunluğu şeirlərində daim hiss olunur, dedim axı yuxarıda.

İndi ömrünün ahıl vaxtında, övladlarının, nəvə-nəticələrinin uğurları, gülüşləri ilə əhatələnən zamanında onun haqqında yazmaq istədim. İstədim ki, bilsin, o, sözün həqiqi mənasında, sevilən şairdir, ziyalıdır, alimdir.

Orta Asiya respublikalarının birində "Ayazqala" adlı bir qala var. Ayaz Vəfalı adaşı olan qalaya yazdığı şeirin son bəndində deyir:

 

Qalaların adaşıyam,

Gərək bu adı daşıyam,

Siz yaşadıqca yaşayam,

Siztək qalam, Ayazqala,

Salam, salam, Ayaz qala.

 

Ayaz Vəfalı qala kimi dayanıqlı, yersiz zərbələrin aşındıra bilmədiyi qala ömrü yaşayıb - o qalanın adı söz qalası, ədəbiyyat qalasıdır. O qalaya sığınanlardan biri kimi də həmişə bu qalanın önündə fəxarət, arxasında güvənc bilir.

 

Faiq Balabəyli

 

Ədədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.25.