Xanəndə Məşədi Qafar Cabbar

Qaryağdıoğlunun qardaşıdırmı?

 

Səs yazıları arxivlərlərində XX əsrin əvvəllərində yaşamış bir neçə xanəndənin gözəl və dəyərli səs yazılarının qorunduğu 30-dan çox qrammofon valı var. Amma çox qəribədir ki, belə bir sənətkarların kimliyi, həyatı və aqibəti haqqında heç bir məlumat yoxdur. Bu məqalədə onlardan biri - Məşədi Qafar haqqında danışmaq, şəxsiyyəti haqqında fikir və fərziyələrimizi bölüşmək istərdik.

 

Naməlum xanəndələrin axtarışında

 

Xeyli müddət idi ki, muğam xəzinəmizdə səs yazıları, adları olan bir neçə xanəndəmizin izinə düşmüşdük. 2022-ci ildən səsi vala yazılmış ilk qadın xanəndəmiz olan Mirzə Güllər haqqında nəzərdə tutulan tədbir və eləcə də Məşədi Məhəmməd Fərzəliyev Şuşalı haqqında "Salam, Məşədi" adlı kitab üçün materiallar toplayarkən çox qapı döydük. Axtarışlarımız nəticəsində XX əsrin birinci yarısında fəaliyyətdə olmuş xanəndələrimizin 600-dən çox vallarının məlumat bazasını yarada bildik. Azərbaycanın, eləcə də dünyanın müxtəlif səs yazıları arxivlərində - Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, o cümlədən Fransa Milli kitabxanasında və Britaniya kitabxanasının səs yazıları bölməsində, Rusiyanın "russian-records.ru" səs yazıları saytında bu səslərin siyahısını tapdıq. O səslərin çoxunun kimə aid olduğu məlumdur. Ancaq səsləri vaxtilə dünyanın "Gramophone", "PATE", "Ekstrafon" kimi ən məşhur səs yazıları firmalarında yazılmış Məşədi Hilal Zeynalov, Məşədi Qafar, Aslan Səfərov və başqaları kimi xanəndələrimizin kimliyi haqqında heç yerdə məlumata rast gəlmədik.

Belə xanəndələrimizdən biri Məşədi Qafardır. Keçən yay Şamaxıda olarkən tarzən, AMEA-nın Folklor İnstitutunda çalışan tədqiqatçı Mehman Mikayılov bizə bir xanəndə haqqında danışdı. Əvvəlcə o, bizdən Məşədi Qafarın səsini eşidib-eşitmədiyimizi soruşdu. Biz "Yox" dedikdə, onda bu xanəndənin səs yazılarının olduğunu bildirdi. Xeyli maraqlandıq. Mehman Mikayılov söz verdi ki, bir-iki farsca ifasını bizə göndərəcək. Mehman Mikayılov qeyd etdi ki, bunları ona Cənubi Azərbaycandan dostları göndəriblər. Onlar Məşədi Qafarın şuşalı olduğunu, bir müddət Cənubi Azərbaycanda yaşayıb mərsiyəxanlıq etdiyini deyiblər. Bundan savayı Məşədi Qafar haqqında heç bir məlumatımız yox idi. Bakıya qayıdan kimi öz məlumat bazamızda araşdırma apardıq. Məşədi Qafarın Fransa və Rusiya saytlarında səs yazılarını tapıb qulaq asdıq və onları Mehman Mikayılovla da bölüşdük. Daha sonra Mehman Mikayılov bizə xanəndənin 3 səs yazısını göndərdi.

Tədqiqatlarımızı yenə davam etdirdik. Birinci növbədə Firidun Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri" (Bakı, 1985) kitabında Məşədi Qafarın adını axtarmağa başladıq. Maraqlıdır ki, muğam tədqiqatçımız Firidun Şuşinski də bu xanəndəyə ayrıca məqalə həsr etməyib. Amma onun kitabında Cabbar Qaryağdıoğlu haqqında məqalədə Məşədi Qafar adına rast gəldik. Firidun Şuşinski yazır:

"Keçən əsrin ikinci yarısında... Şuşada dini adət-ənənələrə ciddi əməl olunurdu. Şəhərin 18 məscidi, 6 kilsəsi vardı. Burada dini mərasimlər çox təntənəli surətdə keçirilirdi.

Boyaqçı Məşədi İsmayıl (Cabbar Qaryağdıoğlunun atası - müəlliflər) da oğlanları ilə birlikdə dini mərasimlərdə iştirak edirdi. O, qatı dindar idi. Onun oğlanları - Məhəmməd və Qafar məhərrəmlik təziyəsində şəbihgərdanlıq edirdilər. Gözəl səsi olan Məhəmməd Aşura günlərində İran şairi Möhtəşəmin İmam Hüseynə həsr etdiyi şeirləri "Zəminxarə" üstündə çox təsirli oxuyarmış.

Məşədi Məhəmmədin yanıqlı səsi balaca Cabbara lap uşaqlıqdan ciddi təsir etmiş, onun fikrində dərin iz buraxmışdır.

Hələ məktəbə getməyən Cabbar öz böyük qardaşı kimi oxumaq arzusu ilə yaşayırdı. Bu həvəs onu musiqi aləminə çəkirdi. Odur ki, Cabbar da qardaşı Məhəmməd ilə Xarrat Qulu məktəbində təhsil alır. Məhərrəmlikdə şəbihgərdanlıq etməyə məcbur olur".1

Məşədi Məhəmməd xanəndəliklə bərabər, həm də gözəl şair idi. Hətta onun 6 şeiri Nəvvabın "Təzkireyi-Nəvvab"ına Məşədi Məhəmməd Bülbül, Kərbəlayi İsmayıl oğlu Qaryağdı kimi daxil edilmişdi (2018, s.612-617). Məhəmməd daha sonralar xanəndəlikdən incik düşərək bu sənətdən əl çəkmişdi. Filologiya elmləri doktoru Raqub Kərimov Məşədi Məhəmməd Bülbülün çoxsaylı şeirlərini farscadan tərcümə edib 2008-ci ildə kitab şəkilində çap etdirmişdi.

Vaqif Bəhmənli Cabbar Qaryağdıoğlu haqqında kitabında yazır: "Mənbələrdə ailə üzvləri qismində atanın və onun dörd oğlunun adı çəkilir. Böyük oğul - Məhəmməd, sonra Məhərrəm, sonra Qafar, ortancıl, yaxud sonbeşik olması bilinməyən Cabbar".2

Orxan Zakiroğlu "Qarabağın Seyidli oymağı"3 kitabında Məşədi Qafarın böyük qızı Fizzə xanımdan, eləcədə onun övladları Adil və Lamiyə Məmmədovlardan söz açır və qeyd edir ki, Qafar Cabbar Qaryağdıoğlunun qardaşıdır. Bizə verdiyi müsahibəsində Orxan Zakiroğlu Məşədi Qafarın nəvəsi tarix elmləri doktoru, professor, mərhum Adil Məmmədovun sözlərini yada saldı: "Mənim babamın da səsi var idi, amma Cabbar Qaryağdıoğlu səsi deyildi".

Bu mənbələrdən belə məlum olur ki, qardaşların hamısının gözəl səsi olub və onlar məclislərdə mərsiyəxanlıq ediblər. Bu məlumatları əldə edəndən sonra bizdə belə bir inam yaranmağa başladı ki, çox güman, Məşədi Qafar da elə Cabbarın qardaşlarından olub. Ancaq əlimizdə bunu təsdiq edəcək heç bir əlavə məlumat yox idi. Əksinə, bu sahədə araşdırmalar aparmış bir neçə adamdan Məşədi Qafar barədə soruşduqda onlar Cabbar Qaryağdıoğlunun Qafar adlı qardaşının olmadığını söyləyərək bizi bu işdən bir qədər soyutdular.

Məşədi Hilalın, Məşədi Qafarın qeyd etdiyimiz kimi səs yazıları arxivində qrammofon valları var. Bunların bir qismi Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və dünyanın digər səs yazıları arxivlərində qorunub saxlanır. Həmin səs yazıları ilə də tanış olduq və bu zaman çox qəribə təsadüflə rastlaşdıq. Məşədi Qafarın səsinin Cabbar Qaryağdıoğlunun səsi yazılmış firmalarda və üstəlik, eyni illərdə yazıldığını gördük. Hər ikisinin qrammofon valları 1907-ci ildə "PATE" firmasında, 1909-cu ildə "Ekstrafon"da, 1906 və 1909-cu illərdə "Grammophone"da yazılıb. 4 dəfə təsadüf olarmı? Bu, onu göstərir ki, səs yazdırmaq üçün səfərlərə hər iki xanəndə birgə gediblər. Biz bunun təsadüf deyil, bir qanunauyğunluq olması qənaətinə gəldik. Amma bununla da kifayətlənmədik. Məşədi Qafarın Cabbar Qaryağdıoğlunun qardaşı olması haqqında fikirlər hələlik bir ehtimal olaraq qalırdı. Lap bu yaxınlarda baş vermis bir hadisə isə bizim ehtimalların əslində həqiqiət olduğunu sübuta yetirdi.

Cabbar Qaryağdıoğlunun qardaşı nəvəsi olan, hazırda Amerikada yaşayan basketbolçu Akif Qaryağdını biz buna qədər də tanıyırdıq. Bununla belə, düzü, ondan məşhur xanəndənin hansı qardaşının nəvəsi olduğunu soruşmamışdıq. Təsadüf elə gətirdi ki, bu günlərdə Amerikadan bir neçə günlüyə Bakıya, öz vətəninə qayıtmış Akif Qaryağdı ilə görüşüb söhbət etdik və söhbət zamanı ondan bizi maraqlandıran sualı soruşduq. Onun verdiyi cavab bizi, sözün həqiqi mənasında, heyrətləndirdi. Akif müəllim dedi ki, o, Cabbar Qaryağdıoğlunun qardaşı Qafarın nəvəsidir. Bizim təəccübləndiyimizi görən həmsöhbətimiz nə baş verdiyini soruşdu. Cavab verdik ki, uzun müddətdir qrammofon vallarında səs yazıları qorunub saxlanan, ancaq haqqında heç bir məlumat olmayan Azərbaycan xanəndələri ilə bağlı araşdırma aparırıq. Onlardan biri də xanəndə Məşədi Qafardır. Siz deyəndə ki, Cabbar Qaryağdıoğlunun Qafar adlı qardaşının nəvəsisiniz, biz tədqiqatçı kimi buna çox sevindik və başa düşdük ki, çox gözəl səsi, valları olan, səs yazıları bu gün də qorunub saxlanılan Məşədi Qafar elə Cabbar Qaryağdıoğlunun kiçik qardaşıdır. Biz bundan sonra ona Məşədi Qafarın bir səs yazısını da dinlətdik. Akif müəllim səsin, zəngulələrin ecazından bir xeyli xəyala daldı. Sonra biz soruşduq ki, əlinizdə Məşədi Qafarın nəvəsi olduğunuzu sübut edən hər hansı sənədlər, mənbələr varmı? Akif Qaryağdı dedi:

- Bəli, var. Mənim atam sovet dövründə tərcümeyi-halında yazıb göstərib ki, atası Qafar İsmayıl oğlu Qaryağdıdır. O, 1880-ci ildə Şuşada doğulub və 1934-cü ildə rəhmətə gedib.

Beləliklə, dairə qapandı. Sonra Akif müəllim bizə tərcümeyi-halı göndərdi. Onun köməyi ilə Məşədi Qafarın xanımı, ailə şəcərəsi, övladları haqqında lazımi məlumatları toplamağa şərait yaratdı. Bunları sizinlə aşağıda bölüşəcəyik.

Bəli, vaxtilə məşhur xanəndə olmuş Məşədi Qafar Cabbar Qaryağdıoğlunun qardaşıdır. Araşdırmalar onu da göstərdi ki, Məşədi Qafar öz dövrünün məşhur xanəndələri Cabbar Qaryağdıoğlu, Məşədi Məhəmməd Fərzəliyev Şuşalı, Keçəçi oğlu Məhəmməd və b. ilə birlikdə 25-29 yaşlarında xaricə gedib orada öz səsini vallara yazdırıb. Amma bir sual yenə bizi rahat buraxmırdı: necə olub ki, sonradan heç kim, ən əsası da Cabbar Qaryağdıoğlu qardaşı Məşədi Qafar haqqında heç bir şey yazmayıb, deməyib?

Onu da qeyd edək ki, bizim görüşümüzdə Cəlil Qaryağdı da iştirak edirdi. Cəlil Cabbar Qaryağdıoğlunun qardaşı Məhərrəmin nəvəsi, məhşur heykəltəraş Calal Qaryağdının oğludur.

 

Məşədi Qafar haqqında müfəssəl mənbə - "Tərcümeyi-hal"

 

Söhbətimizdə söz verdiyi kimi Akif Qarayağdı atasının 1952-ci ildə yazdığı tərcümeyi-halı bizə təqdim etdi. Bu Məşədi Qafar haqqında bu günə qədər tapılmış ən dürüst məmumatları özündə əks etdirir. Biz Akif müəllimlə bəzi tarixləri əlavə edib aşağıda bu barədə yazacağıq.

 

Bir çox məqamlara aydınlıq gətirən bir məzar daşı

 

Bu günlərdə bu məqalənin müəllifləri Cabbar Qaryağdıoğlunun qardaşlarının nəvələri Cəlil Cəlal oğlu Qaryağdı (Məhərrəmin nəvəsi) və Akif Nəriman oğlu Qaryağdı (Məşədi Qafarın nəvəsi) ilə Yasamal qəbirstanlığında böyük xanəndə Cabbarın məzarını ziyarət etdik. Onun məzarı üstündə ucaldılmış heykəlini gördük, məzarı üstünə tər qərənfillər düzdük. Sonra həmin qəbirdən 30-40 metrlik bir məsafədə olan digər Qaryağdıların uyuduğu hissəyə ziyarətə gəldik. Akifin atası, Nəriman Qafar oğlu Qaryağdının məzarı buradadır. Onun yanında Tofiq Qəhrəman oğlu Qaryağdının məzarını görüb Akif müəllimdən Tofiq və Qəhrəmanın kimliyini soruşduq. Akif müəllim Qəhrəmanın Məşədi Qafarın böyük oğlu olduğunu söylədi. Təəccübümüzü gizlədə bilməyib təkrarən soruşduq: - Bəs siz göndərən tərcümeyi-halda niyə Qəhrəmanın adı yoxdur? Orada Qafarın ancaq iki oğlu göstərilib: Nəriman və Fərman. Akif dərindən bir ah çəkib cavab verdi: -Qəhrəman əmim 1937-ci ildə repressiya olunaraq Uzaq Şərqə Port Naxodkaya göndərilib və orada rəhmətə gedib. Burada atamla bir sırada əmim Qəhrəmanın oğlu Tofiq (1926-1949), qızı Sevil (1932-2018) və həyat yoldaşı Şamı Mahmud qızı (1905-1991) Qaryağdılar dəfn ediliblər.

Bununla aydın olur ki, böyük oğlu Qəhrəmanın repressiyaya məruz qalması Məşədi Qafarın adının ortadan götürülməsinə bir vəsilə olub. Hətta doğma qardaşı belə onun adını tərcümeyi-halına yazmayıb. Cabbar Qaryağdıoğlu da Qafar qardaşının adını uşaqlarının yanında belə çəkə bilməyib. Bu da Cabbarın qardaşlarından məlumat toplayan bizim bəzi tədqiqatçıları yalnış fikir söyləməyə sövq edib.

 

Məşədi Qafar yaradıcılığı

 

Kimliyindən asılı olmayaraq Məşədi Qafar XX əsrin əvvəllərində yaşamış, ən azından 3 xarici "Gramophone", "PATE", "Ekstrafon" kimi firmada 13 val yazdırmiş bir xanəndədir. Ən azından deyirik, çünki inanmaq mümkün deyil ki, ancaq 6 dəqiqəlik səs yazısı yazdırmaq üçün bu sənətkarlar Avropa ölkəsinə, lap elə başqa şəhərə, tutaq ki, Tiflisə getmiş olsunlar. Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivində Məşədi Qafarın 9 qrammofon valı var. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 2 valı qorunur. Fransa Milli kitabxanasında da 2 valı saytdan dinləmək üçün qoyulub. Ola bilsin ki, bu kitabxanada "PATE" firmasının daha çox qrammofon valları var. Lakin internet üzərindən ancaq 2 valı dinləməyə imkan yaradılıb.

Məşədi Qafar haqqında məlumat əldə edə bildiyimiz səs yazıları 1905-1909 -cü illəri əhatə edir. O, "Səmayi-şəms", "Humayun", "Əraq", "Hicaz", "Əşiran" ("Gramophone" 1906, 1909) "Bayatı Şıraz","Kürd Şahnaz", "Məsnəvi", "Şüştər", "Rast Əraq", "Zəminxarə" ("PATE", 1907, "Ekstrafon", 1909) muğamları ilə yanaşı, həm də "Xalq mahnıları" və "İran marşı" ("Gramophone" 1906), eləcə də gürcü dilində "Luxlarla" ("Gramophone" 1906) oxuyub səsini qrammofon vallarına yazdırıb. Bu sadaladıqlarımızda Məşədi Qafar, əsasən, farsca oxuyub. Lakin Səs Yazıları Arxivindən bizə təqdim edilən yeganə səs yazısında Məşədi Qafar "Xalq manhıları" adı altında "Küçələrə su səpmişəm" xalq mahnısını Azərbaycan dilində ifa edib.

Bu səs yazısını, eləcə də Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivində qorunub saxlanan səs yazları haqqında məmulatları bizə təqdim edən Arxivin rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.

 

Məşədi Qafarın bioqrafiyası

 

 Beləliklə, Məşədi Qafar Qaryağdı haqqında qırıq-qırıq topladığımız məlumatları birləşdirərək aşağıdakıları demək olar:

Qafar Qaryağdı 1880-cı ildə Şuşada Boyaqçı Məşədi İsmayılın ailəsində anadan olub. Qafarın özündən böyük qardaşı xanəndə və şair, şeirlərini, əsasən, farca yazmış Məşədi Məhəmməd Bülbül, Məhərrəm və məşhur xanəndə Cabbar Qaryağdıoğlu kimi 3 qardaşı olub. Uşaq yaşlarından atası Məşədi İsmayıl başqa qardaşları kimi Qafarı da mərsiyəxan kimi yetişdirməyə səy göstərib. 1905-1909-cu illərdə Məşədi Qafar qardaşı Cabbar Qaryağdıoğlu və Azərbaycanın digər məşhur xanəndələri ilə xarici "Gramophone", "PATE", "Ekstrafon" firmalarında ifalarını qrammofon vallarına yazdırıb.

Məşədi Qafarın da müəyyən vaxtlarda böyük qardaşı Məşədi Məhəmməd Bülbül kimi xanəndəlikdən əl çəkməsi, İrana gedib mərsiyəxanlıqla məşğul olması barədə ehtimallar var. Sovet dövründə isə o, papaqçılıqla məşğul olmuşdur. Məşədi Qafar, Sayad Tağı qızı (1890-1947) ilə evlənmiş və bu evlilikdən onların Qəhrəman (1913-cü ildə doğulub, 1937-ci ildə repressiyaya məruz qalıb), Nəriman (1917-1953), Fərman (1920-1985) adlı üç oğlu, Fizzə (1915 (1908?)-1961) Miniş (1922-2005) adlı iki qızı dünyaya gəlmişdir.

Məşədi Qafar 1934-cü ildə vəfat etmişdir.

Bu bizim XX ərin əvvəllərində gözəl səsi və şaqraq zəngulələri ilə tarixə düşmiş şuşalı xanəndəmiz Məşədi Qafar İsmayıl oğlu Qaryağdı haqqında tapa bildiklərimizdir. Hesab edirik ki, bu yazı ilə onun mənəvi irsini dirildib bir şuşalımızı da ruhən Şuşamıza qaytarmış olduq.

1 - F.Şuşinski "Azərbaycan xalq musiqiçiləri". Bakı: Yazıçı, 1985. s. 132

2 - V.Bəhmənli  "Cabbar Qaryağdıoğlu". Bakı: Şərq-Qərb, 2017.  s.7.

3 - Orxan Zakiroğlu (Baharlı) "Qarabağın Seyidli oymağı". Bakı:Ecoprint, 2017, s. 99

 

Gülhüseyn Kazımlı

Filologiya üzrə fəlsəfə doktoru

 

Turan İbrahimov

Texnika elmləri üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.26-27.