Füzulinin şərhi və dərki

 

(Samət Əlizadə. Şah beytlər (Füzuli divanına şərhlər). Bakı, Azərnəşr, 2022)

 

Yaxşı yadımdadır. Vaxtilə orta məktəbin səkkizinci sinfində oxuyurdum. "Ədəbiyyat" fənnindən mövzumuz M.Füzulinin həyatı və yaradıcılığı idi. Füzulinin tərifini çox eşitmişdim. Ona görə də şairin həm orta məktəbdə tədris olunan, həm də tədris olunmayan əsərlərini bir həvəskar kimi oxuyub az-çox anlamağa çalışırdım. Kənd kitabxanasından sənətkarın Azərbaycan türkcəsində olan divanını və bir də "Leyli və Məcnun" poemasını aldım. Aparıb evdə həvəslə oxumağa təşəbbüs göstərdim. Doğrudur, əsərlərdəki linqvopoetik gözəllik məni cəzb edirdi.  Ancaq açığını deyim ki, oxuduğum əsərləri o qədər də anlaya bilmirdim. Xüsusilə "Leyli və Məcnun" poemasını daha çox anlamağa çalışırdım. Ancaq buna istədiyim səviyyədə müyəssər ola bilmirdim. Füzuli ilə mənim dərketmə imkanlarım arasında ciddi bir maneə, sərhəd, pərdə var idi. Bunlar əsərlərin dilindən tutmuş mürəkkəb məcazlar sisteminə, dərin fəlsəfi fikrə qədər çoxçeşidli məziyyətləri əhatə edirdi. Onda məndə belə bir istək yarandı: Kaş bu əsərlərin şərh olunduğu bir mənbə tapıb oxuya və Füzulini az-çox dərk edə biləydim. "Leyli və Məcnun" poemasındakı linqvopoetik gözəllik, zahiri lətafət məni heyran edirdi. Təəssüf ki, əsəri, oradakı mətləbləri doğru-dürüst anlaya bilmirdim. Fikirləşirdim ki, kaş, bu poemanın aydın dillə müasir Azərbaycan dilinə çevrilmiş nəsr variantı olaydı. Heç olmasa, əsəri oradan oxuyub müəyyən qədər başa düşəydim.

Nəhayət, orta məktəbi bitirib 1976-cı ildə GDPU-nun (o zamankı Kirovabad Dövlət Pedaqoji İnstitutunun) Filologiya fakültəsinə qəbul olundum. İkinci kursda "XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" fənnini keçərkən yenə M.Füzulinin tədrisi zamanı yuxarıda xatırlatdığım mənzərə ilə üzləşdim. O zaman Füzuli yaradıcılığının məhsuldar tədqiqatçısı və gözəl bilicisi, fakültəmizin müəllimi Sabir Əliyevə müraciət etdim. Dedim ki, Sabir müəllim, görəsən, Füzulinin "Leyli və Məcnun" poemasını müasir Azərbaycan dilinə nəsrlə çevirib nəşr etdirmək, bir də onun qəzəllərinə şərhlər yazıb çap etdirmək mümkündürmü? Sabir müəllim güldü və dedi:

- Mən hal-hazırda Füzulinin lirik şeirlərinə şərhlər yazmaqla məşğulam. Başa çatanda mümkün olsa, çap etdirəcəyəm. "Leyli və Məcnun" poemasına gəldikdə isə mən 1972-1973-cü illərdə bu əsəri müasir dilimizlə nəsrə çevirib "Yazıçı" nəşriyyatına təqdim etmişdim. Nəşriyyat da əsəri çap etməyə razılaşmışdı. Hətta mənimlə bu barədə müqavilə də bağlamışdı. Təəssüf ki, sonradan bizim nüfuzlu ədəbiyyatşünaslarımızdan biri bunu eşidib nəşriyyata zəng etmişdi ki, həmin əsəri çap etmək olmaz. Çünki "Leyli və Məcnun"un nəsr variantı meydana çıxsa, əsərin orijinalını oxuyan olmayacaq. Ona görə də onun nəsr variantını çap etmək olmaz.

Belə bir təzyiqdən sonra nəşriyyat əsəri nəşr planından çıxarmışdı.

Burada kim haqlı, kim haqsızdır? Əgər müasir oxucu Füzulini oxuyub başa düşmürsə, orijinalı oxumağın nə faydası? Əsər o zaman gərəkli, faydalı olur ki, dərk edilir. Deməli, Füzulinin dərki üçün onun şərhi və çağdaş dilimizlə oxucuya izahı lazımdır.

Xoşbəxtlikdən uzun illər sonra, daha dəqiqi 1991-ci ildə S.Əliyev Füzulinin "Leyli və Məcnun"unun həmin nəsr variantını "Maarif" nəşriyyatında nəşr etdirə bildi. 1993-cü ildə isə alimin təşəbbüsü ilə "Bəngü Badə" poemasının müasir Azərbaycan türkcəsinə çevrilmiş variantı "Azərnəşr" tərəfindən işıq üzü gördü. Ədalət naminə deməliyik ki, hər iki poemanı Füzulişünas alim son dərəcə dürüst, sərrast və dəqiq şəkildə müasir dilimizə çevirmişdir. Bu nəşrlər həmin əsərləri daha yaxşı dərk etməkdə müasir oxucuya kifayət qədər yardım göstərir. S.Əliyev sonralar M.Füzulinin Azərbaycan türkcəsində yazılmış divanına şərhlərini də çap etdirə bildi. Ancaq təəssüf ki, bu nəşr məhdud tirajla nəşr olunduğundan o qədər də geniş yayılmadı.

Əlbəttə, belə nəşrlər oxucunu Füzulidən (orijinaldan) heç də uzaqlaşdırmır. Əksinə, şairi dərk etməkdə ona köməklik göstərir, yardımçı mənbə, bələdçi rolunu oynayır. Başqa sözlə, oxucunu sənətkara daha da yaxınlaşdırır. Şairin böyüklüyünü, əzəmətini dərk etməyə, anlamağa imkan yaradır.

Füzuli elə qüdrətli qələm sahibidir ki, onun tərifə ehtiyacı yoxdur. Biz şairi saatlarla, günlərlə tərifləsək də, bu tərifi sənətkarın özündən yaxşı deyə bilmərik. Məsələn, "Leyli və Məcnun"da şair öz sənəti barədə deyir:

 

Mən şairi-Museyi-kəlaməm,

Sahirlərə möcüzeyi-tamaməm.

 

Mən Musakəlam şairəm. Sehirbazlara (sözdən sehr yaradanlara) tamam möcüzəyəm.

Füzulini bundan gözəl, bundan uca vəsf etmək mümkünsüzdür. Və əlavə tərifə ehtiyac da yoxdur. Deməli, sənətkarın tərifə yox, şərhə ehtiyacı vardır. Açıq şəkildə etiraf edək ki, Füzulini anlamaq, başa düşmək və dərk etmək üçün xüsusi hazırlıq, bilik, səviyyə və dil bilgisi lazımdır. Az hazırlıqlı oxucu onu anlamaqda çətinlik çəkir. Məxsusi şərhlərə, izahatlara, dil-üslub bilgisinə ehtiyac duyur. Bu qüdrətli qələm sahibi ilə oxucu arasında səd-sərhəd, maneə, pərdə yaradan bir sıra səbəblər vardır. Həmin sərhəd və maneələrin ən ümdə olanları aşağıdakılardır: 1.Dil faktoru. Müasir ədəbi dilimizdə işlənməyən, müasir oxucu tərəfindən o qədər də anlaşılmayan kəlmə, ibarə, ifadə və izafətlər, ərəbizm-farsizmlər; 2.Zəngin, mərtəbəli, mürəkkəb məcazlar sistemi, təşbehatlar. Orta əsrlər Şərq poetikasının ən kamil məcazlar sistemindən, bəlağət vasitələrindən mükəmməl şəkildə faydalanmaq bacarığı; 3.Şeirlərdəki dərin və çeşidli fəlsəfi, dini, irfani mətləblər; 4. Əsərlərdəki dərin elmilik, məntiqilik və mükəmməllik və s.

Səmimi şəkildə etiraf edək ki, bu baryerləri keçmək hazırlıqsız və ya az hazırlıqlı oxucu üçün  o qədər də asan deyil. Ona görə də Füzuli əsərlərinin şərhinə xüsusi ehtiyac vardır. Təkcə Azərbaycan və Şərq ədəbiyyatında deyil, ümumiyyətlə, dünya poeziyasında Füzuli əsərləri şərhə ehtiyac duyulan, izahata möhtac olan sənətkarlar sırasında ilk sıralarda dayanır. Elə buna görə də həm Tükiyədə, həm də Azərbaycanda haqqında söhbət açdığımız şairin əsərləri ilə bağlı müəyyən şərhlər meydana çıxmışdır. Doğrudur, bu şərhlərin sayı çox deyil. Lakin ustad sənətkarın sənət möcüzəsini anlamaqda həmin şərhlərin xüsusi dəyəri vardır.

Onu da nəzərə alaq ki,  şairin eyni şeiri, beyti, misrası ilə bağlı şərhlər, fikirlər, yozumlar fərqli, müxtəlif, hətta mübahisəli ola bilər. Elə bu özü də Füzulinin əzəmətindən, onun yaradıcılığına olan baxışın rəngarəngliyindən xəbər verir.

İndi isə gələk Samət  Əlizadənin "Şah beytlər" kitabı ilə bağlı mətləbə. Əslində buraya qədər dediklərimiz də bu kitabın dəyərini qabartmağa xidmət edir. Samət müəllim bizim klassik ədəbiyyatımızın gözəl bilicisi olmuş, erudisiyalı bir filoloq, gözəl nitqə və zövqə, aydın təfəkkürə, səlis məntiqə malik bir alim kimi tanınmış, həm də uzun illər BDU-nun (o zamankı S.M.Kirov adına ADU-nun) müəllimi olmuş, ali məktəbin auditoriyalarında klassik ədəbiyyatımızdan, klassik sənətkarlarımızın dil və üslub xüsusiyyətlərindən mühazirələr oxumuş, tələbələrin klassik ədəbiyyatımıza marağının artırılmasında, bu sahədəki biliklərinin zənginləşməsində xüsusi əmək sərf etmişdir. O, uzun illər BDU-da "Füzulinin dili" adlı xüsusi kursdan mühazirələr oxumuş, Füzuli irsinin aşiqi, heyranı və bilicisi kimi tanınmışdır. Onu da xatırladaq ki, sovet dövründə ali məktəblərdə yaxşı bir ənənə vardı. Filologiya fakültələrində müəyyən ədəbi şəxsiyyətlər və ya ədəbiyyatın müəyyən vacib problemləri ilə bağlı xüsusi kurslar keçilərdi. Məsələn: "Nizami kursu", "Füzuli kursu", "M.F.Axundov kursu", "Molla Nəsrəddin ədəbi məktəbi", "Azərbaycan ədəbiyyatında satira" və s. Bu cür kurslar konkret ədəbi şəxsiyyətləri və problemləri daha dərindən tədris etməyə, öyrətməyə imkan verərdi. S.Əlizadənin tədris etdiyi "Füzulinin dili" kursu da istər Füzulinin, istərsə də klassiklərimizin dilini daha yaxşı öyrənməkdə əhəmiyyətli rol oynayırdı.

Samət müəllimin "Şah beytlər" kitabı XX əsrin 70-ci illərinin əvvəllərində ərsəyə gəlmişdir. Bu dəyərli kitabın meydana gəlməsi iki mühüm faktorla bağlı olmuşdur: 1.Samət müəllimin Füzuli irsinə məftunluğu, sevgisi və bələdliyi; 2.Auditoriyanın, tələbələrin bu cür şərhlərə olan ehtiyacı.

Müəllif bu kitabı hazırlayarkan uzun illərin təcrübəsindən, auditoriyanın və oxucuların, Füzulisevərlərin ehtiyaclarından çıxış etmişdir. Əlbəttə, Füzulinin əsərlərinə şərhlər yazmaq o qədər də asan məsələ deyil. Bu ərəb-fars dillərinə, şərq poetikasının məcazlar sisteminə, müxtəlif dini-fəlsəfi və irfani baxışlara xüsusi bələdlik tələb edir. Samət müəllim öz biliyi, bacarığı sayəsində, təbii ki, bunların öhdəsindən ləyaqətlə gəlmişdir. Kitaba Füzulinin lirik şeirlərindən seçmələr və bu seçmələrin şərhləri daxil edilmişdir. Şərhlər yetərincə dolğun, inandırıcı, məntiqi və elmi mühakimələrlə isbata yetirilmiş bir dondadır. Buna görə də oxucunu cəlb və qane edir, inandırır, həm də onun zövqünü oxşayır.

"Şah beytlər" kitabı bütöv halda 1995-ci ildə kiril əlifbası ilə nəşr olunmuşdur. Həmin vaxtdan 28 il vaxt keçmişdir. Əslində bu cür kitablara həmişə və hər yerdə ehtiyac hiss olunur. Çünki Füzuliyə sevgi həmişə və hər yerdə mövcuddur. Nə qədər ki Füzuli yaşayır, onun əsərlərinə yazılan şərhlər də yaşayacaq (əgər bu şərhlər Füzuliyə layiqdirsə).

Dəyərli alimimiz Samət Əlizadənin bu kitabını bu yaxınlarda onun qızı, dos.Mehriban Əlizadə qədirşünaslıq göstərərək (həm Füzuliyə, həm də atasına hörmət əlaməti olaraq) latın qrafikalı Azərbaycan əlifbası ilə yenidən nəşr etdirmişdir. İnanırıq ki, Füzuli irsi daim təzə və təravətli olduğu kimi Füzulinin böyüklüyünü, sənət sehrini, möcüzəsini oxucuya başa salmaqda kifayət qədər faydalı olan bu kitab da daim təzə və təravətli olacaq, böyük şairimizi dərk etməkdə oxuculara yardımçı, bələdçi rolunu oynayacaqdır. Biz əminik ki, oxucular kitabın yeni nəşrini də maraqla qarşılayacaqlar.

 

Yaqub Babayev

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.23.