Bir məfkurənin poetikası
resenziyavari qeydlər
Tanınmış
ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri
doktoru Elnarə Akimovanın müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi Azər Turan haqqında
kitabı 2021-ci ildə nəşr olunub, adı da Aşıq
Veysəlin məşhur misrasından götürülüb:
"Uzun, incə bir yolda" - Azər Turan ömrünün
metaforası kimi.
Filoloqlar
yaxşı bilirlər ki, istənilən bədii mətndə
müəllif obrazı müəllif mövqeyi vacib
kateqoriyalardan biridir, yəni qəhrəmanın real mövcudluğu,
müəllifin şüuraltı daim onun "səsini"
eşitməsi mətnin emosional fakturasına, müəllifin
bu və ya digər hadisələrə münasibətinə
təsiri qaçılmaz olur... Amma Elnarə
xanım bioqrafik personajı ilə "məsafəni
saxlaya" bilib.
Elnarə xanım yüksək filoloji mədəniyyəti,
dərin nəzəri hazırlığı ilə fərqlənən
alimlərimizdən biridir. Biz burada onun
yazıçılığının və alimliyinin vəhdətini
görürük, yəni bioqrafik janrın ustası kimi
çıxış edir. Dostum Azər Turanın
ömrünə və yaradıcılıq taleyinə
az-çox bələd olan bir şəxs kimi, deyə bilərəm
ki, Azər Turan ömrünün "Hər səhifəsi
canlı nəfəs, nəfəs alan
tarixdir. Şəxsiyyətlər tarixi. Ömründən keçən bütün
insanların obrazı əyaniləşib burada" (s.59).
Müəllif Azər Turanın portretini bir neçə
səviyyədə - ədəbiyyat (mədəniyyət)
tarixçisi, ədəbiyyatşünas-tənqidçi,
esseist, kulturoloq kimi, həm də vətəndaş və
şəxsiyyət kimi təqdim edir. Azər Turanın
ömür və məfkurə yolunu düşüncə təcrübəsi
kontekstində verir ki, bu da "şəxsiyyətin
poetikası" (N.Cəfərov) baxımdan doğru
yanaşmadır. Bu səviyyələrin hər
birini faktlar, müəllif mətnləri əsasında səciyyələndirir
və əsaslandırır.
Ömür hadisələrinin xronoloji
ardıcıllığı və tarixi faktların
zövqlü seçimi və bədii təqdimatı ilə,
qəhrəmanı ilə "şüuraltı dialoqlar"
qurmaqla Azər Turanın düşüncə obrazı (əslində
düşüncə mədəniyyəti) bərpa olunur. Bioqraf E.Akimova
üçün Azər Turanın yaradıcılıq taleyi
önəmlidir. Fiziki ömür onun
düşüncəsinin içindən görünür.
Kitabda elmi və bədii üslublar, janrlar - xatirə,
gündəlik, elmi-publisistik məqalələr üzvi surətdə
birləşir. Azər Turan yaradıcılığı
ilə dərin tanışlığı, analitik təfəkkürü
onun "tale süjetini" qurmağa imkan vermişdir.
Azər Turanın esseləri müasir ədəbi
prosesin dəyərli hadisələrindən biridir. Onun
esseistikasında bəyəndiyim cəhət poetik təxəyyüllə
ədəbi-tarixi yaddaşın və təfəkkürün
məntiqi qovuşmasıdır. Yadımdadır: Xalq
yazıçısı Anar 2003-cü ildə "İrfan
çobanı" kitabına yazdığı ön sözdə
Azəri "çox ciddi araşdırıcı alim, həm
də sərrast və təsirli usluba malik olan
yazıçı-publisist, esseist" kimi təqdim etmişdi.
Kitabın ana xətlərindən biri də
Yaddaşdır. Yaddaş tarixi, mədəni-estetik
kateqoriya kimi. Azər Turanın
yaddaşı fenomenal hadisələrdən biridir. Dəfələrlə
şahidi olmuşam: o, xatirələrini incə detalları ilə,
özünəməxsus yumorla, situasiyaya və kontesktə
uyğun elə şirin danışır ki, uzun müddət
xatirələrin sehrindən ayrılmaq olmur. Və həmişə
təəssüflənmişəm ki, Azər niyə bu
söyləyicilik - hekayəçilik məharətini bədii
nəsrə sərf etmir...
Azər Turan güclü epik söyləyicidir. O, şifahi sözü
yazıya adekvat şəkildə gətirə bilir. Elnarə xanım haqlı olaraq qeyd edir ki, onun
yazılarının məsamələrində qəribə
bir lirik hava dolaşır. Onun
yazılarında nəsr və poeziyanın hüdudları o qədər
şəffaf olur ki, nəsrin havası poeziyaya keçir,
poeziyanın nəfəsi də epik təhkiyəni
"dirildir". Əvvəla, Azər
poeziyanı (xüsusən Azərbaycan və türk
poeziyasını) dərindən bilir. İkincisi,
poeziya sevdası onun canında-qanında, xilqətindədir.
Amma onun yaddaş tipi və koloritli söyləmə
ehtirası gündəlikləri belə avtobioqrafik nəsrin
maraqlı bədii nümunəsinə çevirir. Bunu Elnarə
xanımın kitabda Azərin gündəliklərindən gətirdiyi
parçalar da təsdiq edir. E.Akimova təhkiyəsini də
həmin "avtobioqrafik janrlardan gələn emosiyalar"
üstündə kökləyir, yəni Azərin xatirələrinə
və gündəliklərinə istinad edərək, onun emosional
dünyasını bərpa edir.
Yaxşı ki, Turan xanım Cavidlə bağlı
unudulmaz, təkrarsız söhbətləri yaddaşından
yazıya göçürüb. Maqnitofon lentinə
yazılmış həmin söhbətlərin səs-nəfəs enerjisini
itkisiz şəkildə yazıya alıb. Hətta
bu söhbətlərdə elə dialoq fraqmentləri var ki,
iştirakçıların (Turan Cavidin və Azər
Turanın) səsini eşidirsən və görürsən.
Məsələn:
"Otağa daxil oldum. Turan. Divanda sakitcə, kirimişcə əyləşib.
- Nə
olub, Turan xanım?
- Gedirəm
- Hara?
- ...
- Möhkəm
tərləmişdi..."
Bir sözlə, Azərin yaddaşı sadəcə
maraqlı xatirələrin, tarixi-ədəbi biliklərin
canlı mənbəyi deyil, həm də mənəviyyatının
meyarı, şəxsiyyətinin və əxlaqının ifadəsidir.
Elnarə Akimova Azərin məktublarından, xatirələrindən
yerli-yerində, mətləbə və mövzuya uyğun, hətta
deyərdim ki, təhkiyənin üslubuna və ovqatına
"yaraşdıraraq" seçir. Müəllifin təhkiyə
üslubu və intonasiyasının bütövlüyü
bioqrafik mətnin bütövlüyünü müəyyənləşdirir.
Necə deyərlər, hər bir mənbə, hər
bir fakt obraza işləyir.
Səmimi
etiraf edim: "Uzun, incə bir yolda..." kitabını
oxuyarkən bəzən elə məqamlar olurdu ki, mənim
yaddaşımdakı xatirələrin və müşahidələrin
əhvalı ilə "sinxronlaşırdı". Axı, Azər Turanı mən də "əyyami-qədim"dən
tanıyıram. Yol yoldaşı olmuşuq,
bir kitablıq söhbətlərimiz, görüşlərimiz
olub. "Ədəbiyyat qəzeti"nin
baş redaktoru seçiləndə əməkdaşlığa
dəvət etdiyi ilk müəlliflərdən biri də mən
olmuşam və bunu bu gün də şükranlıqla
xatırlayıram...
Xalq şairi Zəlimxan Yaqub məni və Azər
Turanı "Borçalı turnesi"nə, yubiley tədbirlərinə
dəvət etmişdi. Biz Bolnisidə, Marneulidə, Dmanisidə, Tiflisdə
keçirilən görüşlərdə
çıxışlar edir, axşamlar isə Kəpənəkçidə,
şairin ata yurdunda unudulmaz təəssüratlarımızı
bölüşürdük. Bax, onda Azərin
gündəlik yazdığını gördüm. Daha
doğrusu, əhvalat belə olub: Bolnisidə qubernatorun
şairin şərəfinə verdiyi ziyafətdə təsadüfən
bir gürcü gözəli ilə Azər arasında
"Şeyx Sənan məqamı"nın
yaşandığının şahidi oldum. O, həmin gün
Hüseyn Cavid qəhrəmanının mistik sevdasını
öz üzərinə proeksiya edirdi. Bu sirri
axşam ona danışdım və müşahidələrimi
onun yaraşıqlı dəftərçəsinə
yazdım. Güman edirəm ki, həmin yazı hələ
durur...
E.Akimova Azər Turanın təfəkkür obrazı
oxuculara, əsərlərinin semiotik təhlili kontekstində təqdim
edir. Əgər
Azər Turanın araşdırmalarında Cavidlərin
(Hüseyn Cavid, Ərtoğrol, Mişkinaz və Turan Cavidlər)
taleyi metafizik-semiotik qarşıdurmalar (ölüm-həyat, həqiqət-yalan,
Allah-İblis, xeyir-şər və s.) səviyyəsində
açıb göstərirsə, E.Akimova da onun (Azər Turanın)
ömür və yaradıcılıq yolunu xeyir-şər, həqiqət-yalan,
adi-müqəddəs, dünən-bu gün və s. semiotik
qarşıdurmalar əsasında yazıb şərh edir.
E.Akimovanın kitabında Azərin
yaradıcılığında "İslam mistisizmi"nə
xüsusi yer verilir. Və bir detal diqqətimi çəkir: Turan xanım
Cavid, Azər Turanı "Çoban Şeyx" adı ilə
çağırarmış. Düzü, bilmirdim...
Qutsal
torpaqları (Məkkəni, Mədinəni) ziyarət
etmiş, mübarək ziyarətin təəssüratlarını
qələmə almış, bütün ömrünü
Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Məhəmməd
Hadi kimi şairlərin "İrfan
çobanlığına yazılar" həsr etmiş bir qələm
əhlini başqa cür şərəfləndirmək olmaz. Elnarə xanım Akimova ona görə, Azərin
"insanlarla ruhsal bağlılığını" da
irfan-təsəvvüf əxlaqı ilə əlaqələndirir.
Azər
Turanın Hüseyn Cavidə, Əli bəy Hüseynzadə həsr
etdiyi araşdırmaları sistemliliyi və tədqiqatçı
mövqeyinin prinsipiallığı ilə fərqlənir. Azər
Turan üçün (Hüseyn Cavid, Əli bəy
Hüseynzadə, Məhəmməd Hadi, Xəlil Rza
Ulutürk, Bəxtiyar Vahabzadə, Məhmət Akif
Ərsoy...) yalnız türk (Azərbaycan) mədəniyyətinin
sakral obrazları deyil, həm də xalqımızın "mədəniyyət
mifləri"dir. (Rus filosofu A.F.Losev deyirdi ki, "mif
genişləndirilmiş magik addır"). E.Akimova
da mədəniyyət tariximizin həmin magik-qutsal
adlarını "Azər Turan mətnin"in ayrılmaz tərkib
hissəsi kimi tamamlayır və mənalandırır.
Elnarə xanım bu kitabı yazarkən vizual elementlərdən
- fotolardan, filmlərdən, televerilişlərdən istifadə
etdiyini bildirir.
Fotoşəkil ruhlar aləmi ilə əlaqə
saxlamaq imkanıdır. Məsələn, Xalid Səid
Xocayevin edamqabağı şəkillərini nəzərdən
keçirir: "Edamqabağı çəkilmiş şəkli
ilə ondan qabaq, adi gündə çəkilmiş şəkillərini
müqayisə edirəm. Şəkil əzabla doludur" (s.
260). Elə buradaca haşiyə
çıxıb, bir məqamı da qeyd etmək istərdim.
Azər Turanın yaradıcılıq və
yaşamında fotoşəkillərin ayrıca böyük
yeri var, Azər Turanın təhtəlşüurunun
"mistik qatını" təşkil edir.
Müasir Azərbaycan ədəbiyyatşünaslığının
və tənqidinin görkəmli nümayəndəsi Elnarə
Akimovanın nəzəri ümumiləşdirmələri,
yığcam filoloji konstruksiyalar kitabda bədii-publisistik
üslubun məcrasına ustalıqla daxil edilir. Məsələn
"Axundzadə kimi, Cavid də Şərqlə Qərbi
üz-üzə qoyurdu, hətta bir qədər irəli gedərək,
Qərbin səadətinin kökündə Şərqin fəlakətinin
dayandığını qeyd edirdi" (s.74); yaxud: "Azər
Turan monoqrafiyasında heç bir məsələni sırf-nəzər
etmir, Məhəmməd Hadi və Əli bəy Hüseynzadə
münasibətlərinin vəhdət və nisbətini təsvir
edirdi" (s.159) və s. Misalların sayını artırmaq
da olar.
XX əsr Azərbaycan ədəbiyyatının gəlişməsini
mətbuatsız təsəvvür etmək olmur. Mətbuat Azərbaycan
xalqının mədəni yaddaşının mühüm
arxetiplərindən biridir. Kitabın bir bölməsi
"Ədəbiyyat qəzeti"nin Azər Turan mərhələsi"
adlanır. Etiraf edək ki, ədəbi camiədə yetərincə
mövqeyini itirmiş, ədəbi prosesin arxasınca
sürünən bir qəzetin dirçəlməsinə
ümidlər az idi. Azər
Turan nə qədər ağır və məsuliyyətli
işin altına girdiyinin fərqində idi və bunun
üçün ilk növbədə inandığı (və
inandıra biləcəyi!) ədəbi-estetik istiqaməti
seçməliydi. İkincisi,
qocalı-cavanlı ədəbi camiəni birləşdirə
biləcək bir şəxs olmalı idi. Azər ədəbiyyatın
"dəlisidir" və Elnarə xanımın bu fikrilə
razıyam: "Onu ədəbiyyatın uğuruna
hesablanmış istənilən mətn xoşbəxt edə
bilər. Müxtəlif müstəvilərdə
qərar tutan yazarlara qəzetdə yer verməsinin yeganə səbəbi
də budur. Ədəbiyyatı da vətəni
kimi parçalanmamış, bütöv görmək"
(s.284).
Yuxarıda qeyd etdiyim kimi, E.Akimovanın bu kitabı Azər
Turanın elmi, ideoloji, estetik məfkurəsi haqqındadır,
ədəbi-fəlsəfi düşüncəsinin
bioqrafiyasıdır. Əli bəy Hüseynzadə Azər
Turanın uzun məfkurə mücadiləsinin mayaklarından
biridir. Təsadüfi deyil ki, əsərdə bir fəslin
adı belədir: "Azər Turan məfkurəsinin adı:
Əli bəy Hüseynzadə". Elnarə xanım
yazır: "Əli bəy Hüseynzadə Azər Turanın
böyük sevgisinin, həyat amalının, məfkurə
istiqamətinin adıdır. Hüseynzadə
kimi həyatını məfkurəsi uğrunda fəda edən
bir şəxsiyyətin ən böyük mükafatı
budur, əslində".
E.Akimova doğru qeyd edir ki, Azər Turanın
türkçülüyü, turançılığı
milli-mənəvi yüksəkliklərimizi təqdim edir. O, türkü böyük
olmağa çağıran məfkurənin
daşıyıcısıdır. Yüksəlmək
və yüksəltmək, böyütmək onun ədəbi
əxlaqının və davranışının cövhərini
təşkil edir.
Bir
sözlə, dostum Azər Turan qibtə olunası və
qürur duyulası bir ömür yaşayır...
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.22.