Akademik Heydər
Hüseynov niyə
özünü asdı?
Nəsiman Yaqublunun
araşdırması
Aprelin 3-də böyük alim akademik Heydər
Hüseynovun doğum günü və anadan olmasının
115-ci ildönümüdür. O, 1908-ci ildə Azərbaycanın qədim
şəhəri olan İrəvanda anadan olub. Sovet
rejimi dövründə isə 42 yaşında
özünü asaraq intihar edib.
...1950-ci il avqust ayının 15-də Şüvəlanda
özünü asan görkəmli alim Heydər Hüseynov
haqqında mətbuatda rəsmi olaraq məlumat verilmədi. Hadisə yerinə tezliklə çoxlu milis,
prokurorluq işçisi gəldi. Adamları
sorğu-sual etdilər, H.Hüseynovun özünü
asdığı otağın qapısını möhürlədilər.
Sonra da zalımcasına üç
uşağı, bir də ananı uzun-uzadı sorğu-suala
tutdular. Atanın faciəsindən hələ
özlərinə gəlməmiş uşaqlar da, ana da
bilmirdilər nə etsinlər, necə yaxa qurtarsınlar bu
sorğu-suallardan.
Sorğu-sual etməyin də bir qaydası, forması var.
Bəzi hüquq işçilərinin uzun illər boyu qanunu
pozduqları, davranış qaydalarını
tapdaladıqları, etik normalara əməl etmədikləri
indi bizə yaxşı məlumdur. Həmin o dəhşətli anlarda
isə "qanun keşikçiləri" mərhum
ortalıqdan götürülməmiş, qəbrə
qoyulmamış, psixoloji sarsıntıdan hələ
ayılmayan on-on iki yaşlı uşaqları da, ananı da
sorğuya tutur və söhbəti elə aparırdılar ki,
sanki bu ölümün günahkarı onlardır.
Körpələr də, ana da bir-birinə
qısılıb ağlaşırdılar. "İstintaq aparanlar"
sualları dolu kimi üstlərinə
yağdırırdılar: hadisə necə oldu? Ola bilməz ki, siz bilmirdiniz. Bəs
niyə vaxtında gəlib xəbər verməmisiniz? Bəlkə də özünüz şərait
yaratmısınız?
Körpələr ağlaşırdı.
Ana da hönkür-hönkür ağlayırdı.
"İstintaq aparanlar" sorğu-sualdan əl çəkmirdilər,
kiməsə "sədaqətlərini" sübut etməyə
çalışırdılar.
Və nəhayət ki, "istintaqı" aparanlar bir kənara
çəkildilər. Uşaqları da, ananı da sakit
buraxdılar. Azərbaycanın görkəmli
marksist filosofu, akademik H.Hüseynovun özünü
asdığını müəyyənləşdirdilər.
Onu Fəxri Xiyabanda yox, şəhər qəbiristanlığında
dəfn etdilər. Dəfnə tanınmış adamlardan, partiya, dövlət
xadimlərindən heç kim gəlməmişdi.
Qəzetlərdə mərhumun ölümü
haqqında da heç nə yazılmadı.
1950-ci il avqustun 15-i idi...
...Onun
istedadı qırxıncı illərdə parladı. Bu illərdə ictimai elmlər sahəsində elə
bir hadisə olmazdı ki, H.Hüseynov ona biganə qalsın.
Şair və
yazıçılarımızın o illərdə
keçirilən bütün yubiley yığıncaqlarında
iştirak etmiş, ədəbi-tənqidi məqalələr
yazıb çap etdirmişdi.
Onda
yüksək iş qabiliyyəti vardı. Tükənməz
bir enerji ilə elmin qaranlıqlarını
işıqlandırmağa çalışırdı.
1939-40-cı
illərdə onun rəhbərliyi ilə "Rusca-azərbaycanca
lüğət", "Rusca-azərbaycanca məktəb
lüğəti", "Azərbaycanca-rusca izahlı
lüğət" kitabları hazırlanmışdır.
1939-cu ildə 31 yaşında "M.F.Axundovun fəlsəfi
görüşləri" əsərini Tbilisi Universitetində
müdafiə edərək, fəlsəfə elmləri namizədi
alimlik dərəcəsi almışdır.
H.Hüseynovun fəlsəfə elminin inkişafında
böyük rolu olub. Bir müddət Azərbaycanın müxtəlif ali məktəblərində fəlsəfə
elmini tədris edib, sonradan fəlsəfə sahəsində
elmi axtarışlarını genişləndirib. 1944-cü ildə fəlsəfə elmləri doktoru
alimlik dərəcəsini alıb, o vaxt H.Hüseynovun 36
yaşı vardı.
1945-ci ilin mart ayında Azərbaycan SSR Elmlər
Akademiyası təşkil edilərkən Akademiyanın
prezident müavini seçilir və ilk akademiklərdən biri
olur. Bu yüksək vəzifəyə seçiləndə
H.Hüseynovun 37-38 yaşı vardı. O, qeyri-adi istedad sahibi
idi. Və istedadı getdikcə parlayır, onu
şöhrətləndirirdi. Ədəbiyyata,
fəlsəfəyə bütün varlığı ilə
vurulmuşdu. Azərbaycan sənətkarlarının
müvəffəqiyyətinə ürəkdən sevinirdi.
C.Cabbarlı, S.Vurğun və başqaları
haqqında dəyərli məqalələr çap etdirirdi.
...1947-ci il idi. Azərbaycan KP Bakı Komitəsinin
büro üzvü olan H.Hüseynov II
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı seçilir. Bu vaxtlar onun 39
yaşı vardı.
Onun
ölümünə bais olan kitab belə adlanırdı:
"XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi
fikir tarixindən". Əsər 1949-cu ildə
yazılıb. Həcmi də
böyükdür - 736 səhifə.
Kitab çapdan çıxan kimi ictimaiyyətin
böyük marağına səbəb oldu. Bu, Azərbaycan
ictimai fikir tarixində əsl inqilab idi. Ona qədər hələ
heç kim Azərbaycanın şair və
yazıçılarının fəlsəfi
görüşlərini sistemli şəkildə öyrənməmişdi.
Bunu ilk dəfə qaydaya salan, elmi cəhətdən
izah edib sahmana gətirən məhz görkəmli alim Heydər
Hüseynov oldu. Kitabı ortaya çıxarınca necə
əziyyətlər çəkmişdi! Neçə
arxivlərin tozunu udmuşdu, illərlə insan nəfəsi dəyməyən,
saralmış, hərfləri görünməz olmuş
kağızları, sənədləri vərəqləmişdi.
...Kitab
haqqında ilk xoş söz deyənlərdən biri
istedadlı alim Məmməd Arif oldu. "Maraqlı və
faydalı kitab" adlı məqaləsində
yazırdı: "Bu kitabın gözəl cəhətlərindən
biri də yüksək siyasi səviyyədə və
partiyalı olmasındadır. H.Hüseynov Azərbaycanda
ictimai və fəlsəfi fikrin "vahid axın" yolu ilə
deyil, kəskin sinfi, siyasi mübarizə şəraitində
inkişaf etdiyini göstərir. O, hətta
ayrı-ayrı tərəqqipərvər şəxslərin
dünyagörüşündəki bəzi məhdudluqları
da açıb meydana çıxarmışdır.
Heydər
Hüseynov böyük əhəmiyyətə malik ciddi elmi
iş görmüşdür...".
Akademik
A.O.Makovelski də kitabı yüksək qiymətləndirirdi..
"Kommunist"
qəzeti, 8 mart 1950-ci il. Sevindirici məlumatlar
var qəzetdə:
"SSR İTTİFAQI
NAZİRLƏR
SOVETİNDƏ"
1949-cu ildə ədəbiyyat və incəsənət
sahəsində görkəmli əsərlər
üçün Stalin mükafatları verilməsi
haqqında.
SSR
İttifaqı Nazirlər Soveti 1949-cu ildə görkəmli əsərlər
üçün aşağıdakılara Stalin
mükafatları verməyi qərara aldı:
...q). Ədəbi tənqid və sənətşünaslıq
sahəsində.
25 min
manatlıq üçüncü dərəcəli mükafat
1.
Hüseynov Heydər Nəcəf oğluna - "XIX əsrdə
Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən"
kitabı üçün.
2. Mozalkov
Yevgeni Semyonoviçə - "Yanka Kupala" kitabı
üçün".
Mükafat alanlar çoxdur. 200 min, 100 min, 50 min
manatlıq mükafat alanlar vardır. Üç dərəcədə
verilir Stalin mükafatları: birinci, ikinci,
üçüncü.
Kitaba Stalin mükafatı verilməsi M.C.Bağırova
xoş gəlmədi. Bir neçə gündən sonra Heydər Hüseynovu
yanına çağırıb dedi: "Milçəyi əzəndə
tozu qalır. Amma səni elə əzəcəyəm
ki, tozun da qalmasın".
Heydər Hüseynov hadisədən bixəbər halda, təəccüb
içində evə qayıtmışdı.
...M.C.Bağırovun
tanınmış rus yazıçısı A.A.Fadeyevlə
arası yox idi. Ondan qəti xoşu gəlmirdi.
Hansısa məqalədə A.A.Fadeyev onu pərt
etmiş, toxunan sözlər demişdi. Bu, şübhəsiz
ki, "kişi"ni (onu çoxları
öz aralarında belə çağırırmış)
acıqlandırmışdı. Ancaq A.A.Fadeyevə
batmaq asan deyildi. Stalinlə yaxşı
münasibətini də M.C.Bağırov bilirdi. Ona görə də susmuşdu. Susub
fürsəti gözləmişdi.
H.Hüseynovun
həyatına son qoyan yığıncaqda - "ziyalılarla
görüş"də öz hirsini-hikkəsini saxlaya bilməyib,
A.A.Fadeyevə nifrətini belə bildirmişdi: "...Yeri gəlmişkən,
demək lazımdır ki, bu kitabın Yazıçılar
İttifaqının (yəni A.A.Fadeyevin - kursiv mənimdir -
N.Y.) işinə bilavasitə dəxli yoxdur".
Heydər
Hüseynova ona görə bu sözləri demişdi ki,
"kişi"nin başının
üstündən iş görüb. Özü
də işi kiminlə görüb? - Fadeyevlə. Onun xoşlamadığı bir adamla. Belə alimlərə yaxşı "dərs"
vermək lazım idi.
...Onların
münasibətindən Heydər Hüseynovun xəbəri yox
idi. Kitabı da mükafata təqdim edilmək
üçün göndərməmişdi Fadeyevə".
...Partiya Tarixi İnstitutunun direktoru işləyirdi Heydər
Hüseynov.
Adi iş günlərindən biri idi. Həmişəki
kimi səhər erkən işə gəlmişdi. Qapını açıb içəri girəndə
təəccübdən yerində donub qalmışdı.
Ona məxsus direktor stulunda başqa adam əyləşmişdi
(həmin adam indi də yaşayır, sağdır). Vəziyyətin nə
yerdə olduğunu başa düşmüşdü. Elə həmin gün hirsindən damarlarını kəsmişdi.
Bu, Heydər Hüseynovun cəmiyyətə, həyata,
yaşayışa etirazını bildirən ilk intiharı
idi. Xəstəxanaya aparıb, müalicə
etdilər, sağaltdılar.
M.C.Bağırovun ilk ağır zərbəsi belə
oldu.
M.C.Bağırov rəqibini məhvə aparan
planlarını yavaş-yavaş hazırlayırdı. İlk
növbədə, ona çox mane olan kitabı aradan
götürməliydi. Kitab Stalin
mükafatına layiq görülmüşdü. Bu, güclü maneə idi. Tezliklə
M.C.Bağırova bu işdə kömək edən "dəstə"
(burada partiya işçiləri, alimlər də vardı) fəaliyyətə
başladı. Kitabı ələk-vələk etdilər,
hər sözünü, kəlməsini süzgəcdən
keçirdilər, mikroskop altına saldılar. Böyük
ustalıq və dahiyanəliklə yazılmış kitabda nəhayət
ki, axtardıqlarına nail oldular. Kitabda
Dağıstanın qəhrəman oğlu, uzun müddət dağlıların
milli azadlıq hərəkatına başçılıq
etmiş Şeyx Şamilin adı çəkilmişdi. 736 səhifəlik əsərin cəmi ikicə vərəqində
ondan yazılmışdı. Burada da hərəkat
haqqında dövlətə, xalqa ziyan gətirən söz
işlənməmişdi. Sadəcə
olaraq Mirzə Kazımbəyin Şeyx Şamil hərəkatı
haqqında fikirlərinə münasibət bildirilirdi. H.Hüseynov Şamili haqlı olaraq xalq arasından
çıxan el qəhrəmanı hesab edirdi.
M.C.Bağırov Azərbaycanda stalinizmin dəhşətli
yayıcısı olduğu kimi, Stalinin zəif və
güclü cəhətlərini də yaxşı bilirdi. Bilirdi ki,
Stalinin dağıstanlılara, xüsusən də
çeçenlərə münasibəti pisdir. Deməli, Stalinin Şamil haqqında da fikri
yaxşı deyildi. Elə bundan da istifadə
etmək lazım idi. Heydər Hüseynova
zərbəni elə "Şamil söhbəti"ndən
vurmaq olardı.
"Canfəşanlıq"
edən elm adamları az deyildi. Şamillə bağlı məlumatlar toplamağa
başladılar. Leninqrad arxivlərinə
də üz tutdular. Şamilin adı olan hər
şeyi tapıb gətirdilər. Arayıb,
səliqə-sahmanla düzdülər. Faktlar
çox olmalı idi. Dayaz məlumatlarla
işə girişmək, görkəmli bir adamı yıxmaq
olmazdı. Əks-təqdirdə özlərini
gülünc vəziyyətdə qoyardılar. Hər şey dəqiq
ölçülüb-biçilməliydi.
Nəhayət,
böyük bir "cəhənnəm maşını"nın işlədiyi məruzə
(M.C.Bağırovun Heydər Hüseynovu "ittiham" etmək
istədiyi çıxış) hazır oldu. Həmin
məruzəni "o", iyulun 14-də Bakı
ziyalılarının yığıncağında oxumalı
idi. Bununla da Heydər Hüseynova sonuncu zərbə
vurulacaqdı.
..."Kommunist" qəzetində M.C.Bağırovun
"Azərbaycan ziyalılarının növbəti vəzifələri"
haqqında məruzəsi verilmişdi.
...M.C.Bağırov
tənqid edirdi: "H.Hüseynovun "XIX əsrdə Azərbaycanda
ictimai və fəlsəfi fikir tarixindən" kitabı respublikamızda
tarixi fəlsəfə sahəsində vəziyyətin əsla
yaxşı olmadığını göstərir".
M.C.Bağırov
tənqid atəşinə tuturdu: "H.Hüseynovun kitabı
marksizm nöqteyi-nəzərindən
yazılmamışdır, burada Azərbaycanda ictimai fikir
tarixinin işıqlandırılmasında kobud siyasi və nəzəri
səhvlər vardır".
M.C.Bağırov
ittiham edirdi: "Hüseynov öz kitabında müridizmə
düzgün siyasi qiymət vermir. O, müridizmi tərəqqipərvər
hərəkat, milli azadlıq hərəkatı kimi təsvir
etməklə müridizm haqqında burjua obyektivistlərinin,
panislamistlərin, pantürkistlərin və sovet xalqına
düşmən olan başqa adamların fikirlərini təkrar
edir və yeridir".
M.C.Bağırovun
ittihamı: "...Müridizmə və Şamil hərəkatına
düzgün qiymət vermək üçün bilmək
lazımdır ki, müridizm dini cərəyandır,
İslamın ən mürtəce və qaba təzahürüdür...".
Daha yaşamağa qüvvəsi qalmamışdı.
Avqust
ayının 14-dən 15-nə keçən gecə görkəmli
alim Şüvəlandakı bağında özünü
asdı...
Həyat yoldaşı Talə
xanımın dedikləri: "Mən Heydərə təsəlli
vermək istədim. Dedim ki, o, sənə
heç nə etməz. Yəqin elə
acıqlı vaxtına düşüb. Bir
də o, bilmirmi xidmətlərini? Fikir etmə,
heç nə olmaz.
O, astadan
başını tərpədib etirazını bildirdi. Üstünə düşdüyü adamın
axırına çıxmayınca əl çəkmir.
Ruhulla Axundov kimi adamı məhv eləyən cəllad,
məni də sakit buraxmayacaq. Elə o
gündən Heydərin yeyib-içdiyi dönüb oldu zəhər.
Hər gün bir şeylə yazığın
qanını qaraldırdılar. Düz
altı ay nə yeyib-içdiyini bilmədi Heydər. Bax, o şam kimi saralmışdı. Vəzifədən də
çıxarmışdılar. Özü
də necə çıxarmışdılar? Heç bir xəbərdarlıq-filan etməmişdilər.
Səhər-səhər işə gedir, görür ki,
başqa adam oturub onun yerində. Həmin adam Heydərə deyir ki, bəs onun heç
bir günahı yoxdur. M.C.Bağırov belə
göstəriş verib. Sonra da hirsindən
damarlarını kəsmişdi.
Yığıncaqdan sonra halı lap pisləşdi. Düz bir ay
ölümlə çarpışdı. Uzanırdı
sakitcə çarpayıda. Fikirli-fikirli
baxırdı tavana. Səsləyirdim: Heydər, Heydər.
Dinmirdi. Nə qədər
çalışırdımsa, könlünü ala bilmirdim.
Danışanda da elə bircə bu sözləri
deyirdi. Deyirdi, mən heç, amma o namərd
uşaqları səni sakit buraxmayacaqlar. Son
günləri lap ağır keçirdi. Deyirdi,
mən olmasam, sizi incitməzlər. Sizə
mənə görə əziyyət verirlər. Mən o vaxt başa düşmürdüm bu
sözlərin mənasını. Həmin
sözləri tez-tez təkrar etməyinin səbəbini
sonradan, o dəhşətli hadisədən sonra başa
düşdüm. Sən demə, o, ən
çox bizi - uşaqlarını xilas etmək
üçün dəhşətli ölümü qəbul
etdi.
Son günlər yanından ayrılmırdım. Şüvəlandakı
bağımızda yaşayırdıq. Yayın
yaxşı vaxtları idi. Heydəri
gözdən qoymurdum. Bir də hiss edirdim ki, bizim
özümüzü də izləyirlər. Hər
addımımıza göz yetirirlər. Bu,
hamımıza pis təsir eləyirdi. Xüsusilə
də Heydərə. Əsəbiləşirdi.
Bir gün evdə oturmuşduq. Avqustun 14-ü idi. Dedi ki, qayçını
götür, saçlarımı düzəlt. Sonra da bir az su qızdır, yuyunacağam. Saçlarını qayçı ilə düzəltdim.
Xoşuna gəldi. Hələ
mənimlə zarafat etdi. Dedi ki, səndən
yaxşı dəllək çıxar. Güldüm.
Özü də güldü. Sonra yuyundu. Sən demə... (Talə xanım
bu sözləri
deyəndə özünü saxlaya bilmədi,
ağladı). Sən demə, hazırlıq
aparırmış. Saçını
düzəltməyi də, yuyunmağı da əvvəlcədən
edirmiş ki, sonradan kimsəyə əziyyət verməsin.
Həmin gün əhvalı da başqa idi. O qədər fikirli
görünmürdü. Uşaqlarla
mehribancasına deyib-danışırdı. Ümumiyyətlə, heç birimizdə
şübhə yeri qoymurdu. İndi fikirləşirəm
ki, diqqətimizi yayındırmaq üçün edirmiş.
Bir də uşaqları qorxutmamaq
üçün.
Gecəni ayıq yatıram. Bir də hiss etdim ki, Heydər
qalxdı ayağa. Asta addımlarla keçdi o
biri otağa. Hələ qalxmadım.
Çağırmadım da. Bir neçə dəqiqə keçdi. Saat olardı 5-6 arası. Birdən
otaqdan tappıltı səsi eşitdim. Eşidən
kimi qalxdım ayağa. Tez
işığı yandırıb keçdim o biri otağa.
Və gördüm ki... (Talə xanım burda da
ağladı). Elə
qışqırdım ki, səsim bütün Şüvəlana
yayıldı. Səsimə bütün
Şüvəlan camaatı tökülüb gəldi. Başımıza çox oyunlar gəlib, çox.
Deməknən, danışmaqnan qurtaran deyil...".
Nəsiman Yaqublu
Ədəbiyyat qəzeti.-
2023.- 8 aprel.- S.20-21.