Bir kitablıq şeir
Bir rəzəsiz qapı keçdi ömür dediyim yerdən,
Yağış döyən libasımı
geydim torpaq rəngində.
Gözlərində od
aradım yandırmağa
özümü,
Demək bir ovuc kül
idim küləklərin
cəngində.
Bu dünyada heç nə dəyməz bir udumluq nəfəsə,
Son budaqda son ümidtək
çatlayıb bağrı
qan nar.
Qəfil
məndən çıxıb
getdi qaranlığın
zil vaxtı,
Ürəyimdə daşıdığım doğma,
qərib adamlar.
Yox, özümlə götürmədim
nə bir ünvan, nə bir ad,
Daha niyə
köks ötürüm
sonda ölüm-itimsə.
Bir atılmış daxma düşün, bir tavan, - yağış daman,
İndi məndə nə ürək var, nə üşüyən
bir kimsə.
Adamları mümkün deyil
qorumaq son ümiddən,
Saatların vərdişidir sabahlara qurulmaq.
Hər adama qismət deyil ölümlərin kralı,
Sevgi kimi gözəl olur ürəyindən vurulmaq.
Dan yerinin sazağında qapadıram kitabı,
Kimsə
mənə dərs keçməsin
nə insafdan, nə dindən.
Məqamıdır, indi gətir üfürməyə külümü,
Bir rəzəsiz
qapı keçdi dünyanın gözlərindən.
Şahmat taxtasında
dama oyunu
Bir az da maraqlı gəlir adama,
Şahmat daşlarıyla dama oynamaq.
Kim deyə bilər ki, kimdi nabələd,
Ustalıq işidir xama oynamaq.
Piyada gedişi gedir at, demək,
Cığal olmayana olmur, qat, demək...
Qəribə olanı şaha
mat demək,
Qəfildən can atıb kama oynamaq.
Vəzir
toplarını aramaz işə,
Filləri göndərər qara maz işə.
Yarıda
saxlamaq yaramaz işə
Udub-uduzmağı tama oynamaq...
Yerdi satılmağa göy, nədədilər,
Alanı-satanı söy, nədədilər.
Bütün İudalar öynədədirlər,
İsaya
tək qalan, - şama oynamaq.
Payız adamın şeiri
Mən payız adamam ilk baharda da,
Yazda çiçək
yağar, xəzanda yarpaq.
Tökülər ömrümdən günlər
aramsız,
Yazda yaşıl olar, zimistanda ağ.
Gələni-gedəni çoxdu qəlbimin,
Kəsməz ürəyimin döyüntü
səsi.
Gözdən düşəni var,
başa çıxanı,
Çırpıram üstümdən
hər gün bir kəsi...
Gedirəm gecələr üzü
qırova
Sübh şehi qoxuyur eşqin camları.
Olur ki, köksümə sıxıram qərib,
Çiçək adamları, gül
adamları...
Yönü qürubadır telli
günəşin,
Bütün baharların bir payızı var.
Çoxunu görmüşdüm çiçək vaxtında,
Yağır ətrafıma yarpaq
adamlar...
O qərib ağacı tanıdınızmı,
Əqrəb bürcündəndir, ilan
ilində.
İlahi
bu külək niyə sərt əsir,
Yağır pıçıltılar ağac dilində...
Daha oyanmalıq yuxu qalmayıb
Qara gözlərimin içi sapsarı...
Dünyanın qızılı bir
payız günü,
Gəlirəm, işıqdır yol
sənə sarı...
Daha ağı çıxar gileylənməyin,
Sozalır şamdanı sarı rəngli şam.
Gedirəm...
Hər tərəf sarı, sapsarı...
Mən payız
adamam, payız adamam.
57-nin şeiri
Baxıram, bu rəqəm
yaşdı, İlahi,
Nə zaman süzülüb axdı ömrümə.
Dünyaya gəlmişdim bir
payız günü,
O gündən bu yana yağdı
ömrümə.
Su kimi ömrümdən axıb gedir vaxt,
Keçmiş zamanlara al qat səsimi.
Özüm də bilmirəm
başıma düşən,
Damcı səsidimi, saat səsimi?
Döyünür, çırpınır sinəmdə elə,
Ölçür ürəyimi solumda saat.
Başımı qaldırıb baxıram
göyə
Səs həminkidir...
Yağış çisələyir, qolumda
saat.
Altına
tutmuşam ovcumu vaxtın,
Sinəm
su səsində daşdı, İlahi!
Çöldə çiskə yağır,
damcılayır vaxt,
Düz
57...
İl deyil, bu rəqəm
yaşdı, İlahi!
Yarımçıq şeir
Yarıya
bilmədik bir ömrü bütöv,
Qurtardı hər şeyin bolu yarıda.
Qar deyil, daş deyil, yağış heç deyil,
Yağdı başımıza dolu yarıda.
Saat hesablamaz vaxtdan gileyi,
Qalmadı adamın dizində heyi.
Mənzilə çatmamış atıb
hər şeyi,
Yiyəsiz buraxdıq yolu yarıda...
Ağ günə çıxmağın
var badı, Tanrı,
Ya nəfsi al bizdən, ya adı, Tanrı...
Qisməti son günə saxladı
Tanrı,
Olmadı dünyanın "ol"u
yarıda.
Ölən vaxtın şeiri
Mənim
işim-gücüm vaxt
öldürməkdi,
Kim deyə bilər
ki, qəsddə təkdi bu.
Nə həvəs qalıbdı,
nə istək, nə hiss,
Yaşamaq adına can çəkməkdi bu.
Qətl
etdi marağım şəhəri, kəndi,
Ruhumu oxşamaz
o oba, bu el.
Zəncirotu kimi mafraqdı ümid,
Bircə üfürümə uçacaq
tel-tel.
Bəlkə də ilk idi sonuncu eşqim,
Rəqs edib qurtaran o qular öldü.
Heç
nəyə baxmaram gözləri dolu,
Boş əlim
yetməyən arzular öldü.
Qıl yazır dözümüm
asi olmağa,
Haqsızlıq adamı elə hayxıdır.
Nə əlim qanlıdır, nə qan qırmızı,
Damarımdan axan qara qayğıdır.
Təsəlli tapmağa bir səbəb də yox,
Çətin, zaman gələ, nəsə düzələ.
Ağ gün gözləməkdə
tükətdik ömrü,
Bəlkə qara yellər əsə düzələ.
Qəm üstə qəm verir bütün "sarı"lar,
Qırıldı könlümün şah
simi, ey dost.
Yox, gəlib çıxmadı
mən deyən zaman,
Saatdan çıxıram hirsimi,
ey dost.
Özümü seçmişəm batmağa
özüm,
Gözüm olmadı ki, dünya varında.
Qərq
olan gəmiyəm durğun sularda,
Məni axtarmayın vaxt axarında.
Varmı
qismətinə əsir
düşən kəs,
Kəndiri kəsilən baxmaz kürməyə.
Oyuncaq silahlı bir əsgərəm ki,
Təkcə gücüm çatır
vaxt öldürməyə.
Süleyman Abdulla
Ədəbiyyat qəzeti.- 2023.-
8 aprel.- S.1.