Ömrün uzaq illəri, yaxud

"Yaddaşa qayıdış"

 

Yazıçı, ictimai xadim, filologiya üzrə fəlsəfə doktoru Yaşar Rzayevin çətin, eyni zamanda şərəfli və mübarizələrlə dolu həyat yolu 2022-ci ildə çapdan çıxmış "Yaddaşa qayıdış" kitabında öz əksini tapıb.

Kitabın özünəməxsus cəhəti ondadır ki, Yaşar Rzayev burada 1950-2020-ci illərin yaşantılarını ədəbi-bədii düşüncəyə çevirməklə yeni nəslə məlum olmayan çoxlu maraqlı fakt və hadisələri ortaya qoyur, unutduğumuz tarixi yenidən yada salır.

Kitabı oxuduqca, ilk sətirlərdən onun qəribə cazibəsinə düşürsən. Hiss edirsən ki, qəhrəmanları adi insanlar deyil, hər biri cəmiyyət içindən çıxmış layiqli insanlardır, fərdi baxışları isə bambaşqadır. Yaşar Rzayev obrazların taleyini peşəkar yazıçı qələmi ilə, real cizgilərlə verməyə çalışır. Axı o, həyatda hər xislətdə olanları çox görmüşdür. Yeni kitabında da riyakarları, mənsəb düşkünlərini çox ustalıqla göstərmiş, onları düzgün yola səsləmişdir.

Yazıçı kitabın başlanğıcında öz-özünə sual verir:

- Xoşbəxtliyi nədə axtarmısan?

Cavabını özü belə izah edir:

- Haqq uğrunda mübarizədə.

- Yaşadığın ömrün mənasını nədə görmüsən? - sualına cavabı isə belədir:

- Düzlükdə.

- Bəs bilmirdin ki, ömür boyu haqq uğrunda mübarizə aparmaq və düz yaşamaq nə qədər çətindir? - sualını isə cavabsız qoymaqla oxucunu uzun müddət intizarda qoyur. Yazıçı birinci şəxsin dilində öz həyat yolunu bacarıqlı detallarla işıqlandırmaqla nəsillər üçün mənəvi bir abidə yaradıb. Kitabın özünəməxsus cəhəti ondadır ki, peşəkar yazıçı publisistikanın gözəl imkanlarından istifadə etmiş, gördüyünü, şahidi olduqlarını, eşitdiklərini ədəbi düşüncəyə çevirməklə böyük zəhmət çəkmişdir.

Müəllif yeni kitabında publisistik düşüncələrini 15 qismə ayırıb. Mübarizələrlə dolu həyatı irihəcmli bədii oçerk təsiri bağışlayır.

Yaşar Rzayev hələ 60-cı illər Azərbaycan ədəbi mühitində nasir, istedadlı publisist kimi tanınıb. Həyatın sərt dolanbaclarında çoxlu maneələrlə rastlaşsa da, qələmini yerə qoymayıb, həmişə də yaradıcılıq axtarışlarında olub.

Yaşar Rzayev elə yaradıcı  şəxsiyyətlərdəndir ki, o, öz xoşbəxtliyini xalqın taleyində tapmışdır. O, Lənkəranın hərtərəfli inkişafına xidmət etmiş, vaxtilə şəhər partiya komitəsinin birinci katibi, deputat, sonralar isə şəhər icra hakimiyyətinin başçısı və digər məsul vəzifələrdə işlədiyi vaxtlarda da rayonun iqtisadi, sosial və mədəni həyatının inkişafına təşəbbüslər göstərən bir məsul şəxs olmuşdur.

 

***

 

Yaşar müəllim harada, hansı vəzifədə işləməsinə baxmayaraq, bədii yaradıcılığı özünə yüksək vəzifə hesab edib. Yarım əsrdən çox yaradıcılıq yolu keçən Y.Rzayev mətbuata, ədəbiyyata gələn gənc ədəbi qüvvələr üçün bir örnək olub.

Özünün dediyi kimi, uşaq vaxtlarında geoloq olub, dağları-daşları gəzmək, təbiətə qovuşmaq, sonralar isə prokuror olub haqq-ədalət uğrunda mübarizə aparmaq arzusu ilə yaşayıb.

Tale isə öz hökmünü verib. Yaşar Rzayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, daha sonra Bakı Ali Partiya Məktəbini fərqlənmə ilə bitirib. Həyat öz axarı ilə gedib. Biliyi, savadı, intellektual səviyyəsi ilə özü özünə yol açıb. Əvvəl rayon qəzetində işləyib, çox keçməmiş qəzetin məsul katibi olub.

O zamanlar biz məktəblilər o dövrdə "Leninçi" (indiki "Lənkəran") qəzetinin məsul katibi olmuş Yaşar müəllimin yaradıcılığını böyük maraqla izləyir, qəzetdə çıxan hekayə, oçerk, etüd, mənsur şeir və yumorlarını sevə-sevə oxuyar, müzakirə edərdik. Özümüzə sual verib fikirləşərdik ki, görəsən nə vaxtsa biz də Yaşar müəllim kimi yaza bilərikmi?

 

Orta məktəbdə oxuduğumuz o unudulmaz illərdə əmim nəvəsi Kamal Rəhmanovla kənddən gəlib redaksiyanın önündə dayanıb pillələrlə qalxıb-enən jurnalistləri həsəd və həyəcan içində müşahidə edərdik.

Bir dəfə ürək edib yavaş addımlarla pillələri qalxıb "məsul katib" sözü yazılmış qapının önündə dayandıq. Ehtiyat edib səsimizi çıxarmırdıq. Haçandan-haçana qapı açıldı, içəridən əlində bir dəstə kağız tutmuş nərmənazik, qarabuğdayı bir gənc çıxdı. İllər keçəndən sonra məsul katib işlədiyim dövrdə başa düşdüm ki, əlindəkilər elə-belə, adi kağızlar deyil, növbəti nömrənin maketi imiş.

 

***

 

Yaşar Rzayev 60-cı illər ədəbi mühitin yetirməsidir. Müəllif "Mavi dənizdən ağlı-qaralı dünyaya" bölümündə yazır ki, həmin dövrdə altmışıncılar ədəbi həyatı təşəkkül tapmağa başlamışdı. Yazıçı burada Anar, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Tofiq Abidinov, Fərman Kərimzadə, İsi Məlikzadə, Əli Kərim və başqalarının adını çəkir. Müəllif yazır ki, altmışıncılar milli şüurun güclənib inkişaf etməsində mühüm rol oynadılar.

Yaşar Rzayev də onlarla bir sırada müxtəlif ədəbi dərnəklərdə iştirak etmişdi. O, qeyd edir ki, həmin dövrdə kitabxanalardakı ədəbiyyat dərnəkləri "altmışıncılar"ın yaradıcılıq laboratoriyasına çevrilmişdi. Qeyd etmək lazımdır ki, gənc müəllifin dərnəkdə oxuduğu "Buludlar keçir" hekayəsi 1962-ci ildə "Azərbaycan" jurnalında çap olunmuşdur. O, sonralar da müxtəlif mətbuat orqanlarında maraqlı yazıları ilə çıxış etdi.

60-cı illərin ortalarında "Leninçi" (indiki "Lənkəran") qəzetində yaradılmış ədəbi birlik də qələm sahiblərinin görüş yerinə çevrildi. Yaşar Rzayev ali məktəbi bitirən ili redaksiyada fəaliyyətə başladı. Məsul katib olduğu dövrdə isə dərnəyin rəhbəri oldu.

Yaşar müəllim bütün dövrlərdə ziyalı qürurunu saxlayıb, şəxsiyyət və ləyaqətini qoruyub. Onun Lənkəranın ictimai-mədəni mühitində xidmətləri çoxdur. Kitabın "Unudulmayanlar və bu gün sıramızdakılar" bölməsində Lənkəranda ədəbi mühitin, ədəbi prosesin öyrənilməsi, tədqiqi istiqamətində görülən işlər təhlil və şərh edilir. Müəllif bildirir ki, altmışıncı illərdə Lənkəran ədəbi mühiti axtarışları ilə seçilirdi və həmin dövrdə subtropiklər diyarı Azərbaycanda formalaşan yeni ədəbi mühitin güclü qolu hesab olunurdu. Kitabda həmin dövr Lənkəran ədəbi mühitinin nümayəndələrindən Firudin Ağayev, Məmmədhüseyn Əliyev, Əlisa Nicat, Vaqif Hüseynov, Şəkər Aslan, Camal Yusifzadə, Xeyrulla Mehdi, Həzi Əliyev, Həbib Səfərov, İltifat Saleh, Hüseynağa Qəniyev, Mirhafiz Bahadır, Hüseynbala Mirələmov və digərlərinin adı çəkilir. Hiss olunur ki, onların hər birinin özünəməxsus dəst-xətti, nəfəsi, ədəbi-estetik çalarları var.

Mirhaşım Talışlı yaşından asılı olmayaraq Lənkəran ədəbi mühitinin həmişə ağsaqqalı olmuşdur. Yaşar Rzayev rayonda birinci katib işlədiyi dövrdə "Lənkəran: ensiklopedik məlumat" kitabını hazırlamağı ikimizə tapşırmışdı. Yaşar Rzayev kitabın "Ensiklopediya yaratmaq təşəbbüsü" başlığı ilə verdiyi bölümdə yazır: "Lənkəran" ensiklopediyasının çapı Lənkəranın tarixini, adət-ənənələrini, təbiətini, iqtisadi və mədəni inkişafını, tarixi şəxsiyyətlərini və tanınmış müasir adlarını əhatə edən belə ensiklopediya hazırlanmasını Prezident Aparatında razılaşdıra bildim... Lakin ensiklopediyanın mən icra başçılığından gedəndən on il sonra başa gəlməsi çox uzun müddət oldu. Görünür, müəlliflər sonralar xeyli çətinliklərlə üzləşibmiş...

Redaksiyada işlədiyim dövrdə rayonda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak edərdim. Nərimanabad qəsəbə orta məktəbinin yubiley tədbirində birinci katib Yaşar Rzayev məsləhət gördü ki, mən bu qədim yaşayış məntəqəsinin tarixində bir kitab hazırlayım. İllər keçəndən sonra bu mövzuda məktəbin direktoru, Əməkdar müəllim İman Mikayılovla birgə "Günəş səhərlər çıxır" adlı bir kitab çap etdirdik. Kitabla tanışlıqdan sonra o, bir yazıçı kimi razılığını bildirdi. Yaşar müəllimin təşəbbüsü və köməyi ilə "Lənkəran şəhidləri" kitabını da nəşr etdirə bildim.

 

***

 

Yaşar Rzayevin ilk kitabı "Gecə eşelonu" olub. Bu kitabı Bakı Ali Partiya Məktəbində oxuduğu illərdə çap edilib və orada müzakirəsi keçirilib. Sonralar "Əks-səda", "Beş dəqiqəlik yol" povest və hekayələr, "Dünya mənim" romanı, "Lənkəran: doxsan üçüncü ilin yayı", "Ömürdən səslər" publisistik kitabları, "Bədii söz və milli azadlıq şüuru", "Azərbaycan romanı: siyasət və milli düşüncə" monoqrafiyaları, "XIX əsr Azərbaycan ədəbiyyatı" dərs vəsaiti və s. ədəbi orqanlarda çoxsaylı bədii yazıları işıq üzü görüb.

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli "Yaddaşa qayıdış" kitabında müəllifin çoxşaxəli yaradıcılığını təhlil edərkən yazır: "Yaşar Rzayev gözəl hekayəçidir. Hətta deyərdim ki, o, bundan sonra daha heç nə yazmasa belə, çağdaş nəsrimizdə 5-6 hekayəsi ilə bir yazıçı kimi anılmağa layiqdir. Elə hekayələr ki, onları bir kimsə yox, yalnız Yaşar Rzayev yaza bilərdi və yazdı.

...Yaşar Rzayev professional yazıçıdır: cümləsi, sözü, ifadəsi və bütün mətn səlisdir, anlaşıqlıdır".

 

***

 

Yaşar Rzayevin bütün iş fəaliyyəti Lənkəranla bağlıdır. 1941-ci ildə burada anadan olub. Lənkəranlı olması ilə fəxr edib. Həmişə də öz qələmi, öz sözü ilə doğma diyarı, onun gözəlliklərini vəsf edib. Təsadüfi deyildir ki, yazıçı "Mavi dənizdən ağlı-qaralı dünyaya" bölümündə yazır: "Bu şəhəri yağışsız xatırlaya bilmir... Dənizdən qalxan buludlar Talış dağlarına çatıb dayanır. Yaz aylarında bir-birini qovan buludlar toqquşaraq haray salır, göylərdə amansız bir cəng gedir. İldırımlar bir anlıq parıltı salır, şaqqıltı, gurultu...Küçə-bazar tələm-tələsik boşalır, uşaqlar qaçıb evə girir, cəsarətli olanları eyvanda durub şırhaşırı gözləyir.

...Bəzən gurultu kəsiləndən sonra saatlarla gözləsək də, yağmır. Amma heç kim cınqırını çıxarmır. Yağmalıdı axı! Beləcə yuxuya gedirik və gecənin bir yarısı bizdən xəbərsiz yağan yağışın şırıltısını səhər alakal yuxuda eşidirik".

Yaşar ömrü boyu bu şəhərdə yaşayıb. Lakin harada olsa da, işiylə bağlı haraya getsə də, ürəyi Lənkəranda qalıb, yaxından və uzaqdan tanıdığı insanları, hadisələri "o yağışların şırıltısında" xatırlayıb.

 

***

 

Onun birinci katiblik illəri Azərbaycanda ictimai-siyasi vəziyyətin çox gərgin olduğu dövrə təsadüf edib. Yaşar Rzayev yazır: "İki ilə qədər bu vəzifədə işlədim. Lakin nəhəng totalitar rejimin ahənginə uyuşa bilmədim. Nə o rejim məni özümünkü hesab etdi, nə də mən özümü onunku".

Rayona rəhbərlik etdiyi ikiillik dövr haqq yolunda gələcək mübarizələr üçün yaxşı dərs oldu. "Silkələnən, çalxalanan zaman" bölümündə müəllif yazır: "Vəzifədə yalnız öz ömrünü yaşamırsan, rəhbərlik etdiyin ərazidə, sahədə insanların ömrünü də bu və ya digər dərəcədə yaşayırsan. Öz qayğıların bir yana, hər bir vətəndaşın da qayğısını çəkməlisən. Problemlərin həlli üçün bütün biliyini, bacarığını, enerjini əsirgəməməlisən".

Kitabın sonrakı bölümlərində Yaşarın həyat və fəaliyyəti, ədəbi-bədii yaradıcılığı müxtəlif şəkildə təhlil edilir. Kitabın sonunda müəllifin istək və arzuları, 90-cı illərə qədərki hadisələr, üzləşdiyi çətinliklər, dövlətçiliyin qorunması yolunda apardığı mübarizə əksini tapmışdır.

Kitabla tanışlıq göstərir ki, Yaşar Rzayevin həyata, ətrafdakılara özünəməxsus baxışları, gözəl ziyalı mövqeyi var. Vətəninə, doğma el-obasına sonsuz sevgisi, məhəbbəti onu xalqa daha yaxın etmişdir. 50 ilə yaxın bir zaman kəsiyində o, Heydər Əliyev ideyalarına sadiq qalaraq, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edib.

Günəş qüruba tələsir. İnsan ömrü də belədir. Çalışırsan, yaxşı həyat uğrunda mübarizə aparırsan, amma vaxt-məqam gələndə ömrün qürub çağı gəlib çatır. Amma insanı yaşadan işıqlı, yaxşı əməllər olur.

Yaşar Rzayev ötənləri xatırlayaraq deyir ki, hər qaranlıq gecənin işıqlı səhəri olur, demək, yolun sonu aydınlıqdır. Yaşar müəllim yolun bu səmti ilə üzü yuxarı qalxaraq yeni yaradıcılıq uğurları ilə işıqlı sabahlara, aydın səhərə üz tutur...

 

Hacı Etibar ƏHƏDOV

Lənkəranda çıxan "Aşkarlıq"

qəzetinin baş redaktoru

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.19.