Gedək üzü
küləyə?
Ay mənim dünənim, bugünki günüm,
Sevəndən küsməzlər, başına
dönüm.
Puldan da kəsərlər, çörəkdən də
adamı,
Ümiddən kəsməzlər, başına
dönüm...
Təəssüf bürüyüb dörd
bir yanımı,
Ağlımdan keçənə şübhə
asırsan,
Sözlərim sinəmdən daşır
çay kimi,
Divar dilə gəlir, sənsə susursan...
Hay-haray içində fikirlər keçir,
İncik baxışların dönmür
səs-küyə.
Heç
bilmirəm nə deyim
xoşuna gəlsin
deyə,
Daha bəsdir, əzizim,
Dur əlini ver mənə,
Bunca uşaqlıq
niyə?
Yadındadı o mahnı?
"Gedək üzü küləyə..."
Gedək
üzü küləyə?..
Keçib gedər
Ağına-bozuna baxma,
Ümidindən yapış, sözündən
çıxma,
Çoxu
deyir həyat özü yuxudu da, keçib gedər...
Neynirsən e var-dövləti?
O qədər sərvət,
o qədər dərdi?
Bu dünyanın bizlər üçün
bir əlacı, bir mədəti
yoxudu da, keçib gedər...
Bu vaxtacan öyrəşmədik
yaşamağa,
Adam kimi bir adama
oxşamağa,
Bəlkə hələ arzuların
boyu çatmır Allaha?
Nə yaşı var ömrümüzün,
Belə
baxanda,
Dünya
üçün çağadı
da,
Ölənəcən keçib gedər...
Niyə ağlayırsan
Qaranlıq evlərdən işıq
dilənib,
Qara çadırında
şəhər gizlənib.
Yenə
öz dərdinə səssiz bələnib,
Niyə ağlayırsan, söylə,
ay gecə?
Küçələr yorulub, beli bükülür,
Yarpağın, budağın təri tökülür.
Bəlkə də qaranlıq
özü sökülür,
Niyə ağlayırsan, söylə,
ay gecə?
Hər küncdən-bucaqdan gizli keçmisən,
Əyninə zamanı belə
biçmisən,
Əzəldən donunu qara seçmisən,
Niyə ağlayırsan, söylə,
ay gecə?
Uduzan qadın
Götür bu sevdanı başına fırla,
Yaralı qəlbinin sadağasıtək.
Ört könül qapını,
bərk-bərk, qıfılla
Bu bitən eşqinin
qadağasıtək.
Qır vüsal belini, sürü saçından,
Həsrətdən qaralmış üzünə
tüpür.
As bütün ağrını
dar ağacından,
Gözünün içindən kədəri
süpür.
Yığ, topla yükünü
kipriklərindən,
Qurut ürəyində
göz yaşlarını.
Ağlama,
sevgiyə uduzan qadın,
O kordu, itirib baxışlarını...
Ayrılıq qapısında
Heç
bilmirəm harda bitdi,
sona yetdi sevgimiz.
Nə vaxt, necə hörüldü,
ayrılıq çələngimiz.
Bəlkə də lap əzəldən
görüşməli deyildik...
Doğrudanmı bir eşqə,
ya həvəsə
əyildik?..
Bəlkə də uşaq idik
məhəbbətin əlində,
O əl ayırdı bizi...
Bəlkə də... bəlkə
də yanılıram,
Biz özümüz böyütdük,
Elə bir-birimizi...
Bəs ayrılıq nə idi,
Ayrılıq nə imiş bəs?
Ayrılıq bir acı çay,
Ayrılıq zəhər imiş.
Hər gün yuxusuz gecə
yuxusunu tapanda,
Ayrılıq səhər imiş.
Oxuduğun kitabda
tapdığın bir incə söz,
bir ovuc qəhər imiş.
Ayrılıq zəhlətökən,
Ölümdən betər imiş...
Heç
bilmirəm harda idi
ayrılığın qapısı.
Guya bilsəm
nə olsun?
İndən belə nə mən dönən deyiləm,
Nə də ki sən
o qapını açası...
Xatirələr otağı
Bilmirəm neçədi saat,
necə keçib vaxt,
oturmuşam beləcə,
sakitcə, kirimişcə,
quzu balası kimi
səhərdən oturmuşam
fikirlərin içində
yandırıram özümü.
Əlimdəki siqaret
tüstüsündən karıxır.
Əlimin
altındakı
kül qabı da elə bil,
qaçmağa yer axtarır...
Tütün-tütün fikirlər
boylanır başım
üstdən
Yanan odu, yoxsa mən?
Ürpənirəm qəfildən,
dodağımda can verən
siqaret kötüyündən,
bu kibrit bədənimdən.
Yanan kimdi, İlahi?
kimdi, kimdi, görəsən?
közərir varaq-varaq,
tökülür sətir-sətir,
gözümdəki güzgüdən.
Çılpaqlaşır bu güzgü,
soyunur yavaş-yavaş,
Pərdələr arxasında
Xatirələr otağı
oyanır yavaş-yavaş...
Açılır pəncərələr,
açılır bircə-bircə
hardasa xəyalların
gizlən-qaç oynadığı
o qocaman dalanda,
yaddaşımdan asılmış,
yel vurduqca yellənən,
Ağlımın kəsmədiyi
toz-dumanlı səhnələr...
O səhnələr içindən,
Uçur
kəpənək kimi
bir eşq uçur hey uçur,
uçub qonur çiynimə,
Çiynimdən ürəyimə
atır özünü
oda...
Hələ o cavan eşqin
qolları arasından
asta-asta sürüşüb
görüşlər düşür
yada
Sərçə öpüşlərilə
cilvələnir duyğular,
o gizlin, nəşə dolu,
o saf, körpə qayğılar...
İsti
təbəssümlərə,
bürünür vüsalımız
Bir yastığın ucunda
toxunur sabahlara
arzumuz, amalımız...
Bir bulud ömür keçir
yağış kimi sellənir,
üst-başıma çilənir.
Birgün
gəlir, ayrılıq
gözlərimdən su içir...
Bir ömür bulud keçir...
Görüşürük nə vaxtsa,
salam da vermirəm heç,
qürurum üstələyir.
Ürəyimdə nə varsa,
yanıb-yanıb, eləcə
əlimdə tüstüləyir...
Nigar Arif
Ədəbiyyat qəzeti.- 2023.-
8 aprel.- S.9.