Doktor N. - zamanın və yaddaşın
faciəsi
Nərimanovçuluq və antinərimanovçuluq
diskursu üzərinə tezislər
Nəriman
Nərimanovun heykəlinin götürülməsi onun Azərbaycan
tarixindəki yerini artıq neçənci dəfədir
ictimai müzakirəyə çıxarır. Bizdə həmişə
belədi; əvvəl işi görürlər, sonra onu
müzakirə edirlər. Dartışmaların
olması təbiidi; zaman və ictimai sistemlər dəyişdikcə
bu cür müzakirələr həmişə gedir və gedəcək.
Müstəqillikdən sonra cəmiyyətdə gizli şəkildə
gedən bu diskurs ilk dəfədir ki, açıq müstəviyə
çıxarılır, mübahisə ətrafında cəbhələr
formalaşır, tezis qarşısına antitezis
çıxarılır, tərəflər bir-birini ittiham etmək
dərəcəsinə çatır, çox zaman da nəticəsiz
bitir...
Nərimanov son yüzillikdə bir neçə dəfə
bu cür siyasi-ictimai silkələnmədən (turbilans)
keçib, ancaq hələ yerindədi, tarixdəki yerini və
mövqeyini necə var, eləcə də qoruyur, hətta onun
bu gün heykəlini götürsələr belə. Çünki
bunu bir yazıçı, fikir adamı, siyasətçi kimi
onun tarixdə qalmasını şərtləndirən obyektiv
amillər yaradır. Hər hansı bir
fikir adamına, siyasətçiyə, şair və
yazıçıya bir fikrinə və ya bir əməlinə
görə deyil, bütöv yaradıcılığı və
fəaliyyəti kontekstində qiymət vermək lazım gəlir.
Nərimanov diskursunda ən böyük səhv metodoloji
yanaşmadadır; yanlışlıq orasındadır ki,
1918-20-ci illər dövrü onun bütün
ömürlüyündən ayrılaraq təhlil edilir və
kəskin tənqid olunur, cümhuriyyətçilərlə
qarşılaşdırılır, ondan mümkün
olmayanlar istənilir və s.
Nərimanov çox gənc ikən Millətin dərdləri
ilə maraqlanır, ona dərman olmağa
çalışır. Seminariya təhsilindən sonra onda cəmiyyət,
azadlıq, bərabərlik kimi fikirlər formalaşır və
bu fikirlərini istər ilk əsərlərində, istərsə
də həftəlik köşə yazılarında daim irəli
sürür. Cəmiyyətdə
islahatçı mövqeyini və sosioloji fikirlərini
"Bahadır və Sona" əsərində yayır.
Vətən, Xalq, Millətlə bağlı fikirlərində
nə qədər Vətənçi, Milliyyətçi və
Xalqçı olduğunu görməmək mümkün
deyil.
Azərbaycanda ilk qiraətxana yaradan, proqram və dərsliklər
tərtib edən, ilk Azərbaycan dilinin qrammatikası
kitabı yazan, tərcümələr edən Nərimanov idi. Təkcə
maarifçilik istiqamətindəki xidmətlərinə
görə Nərimanov xalqın qəlbində həmişəlik
özünə taxt qurub. Maarifçilik bəlkə
də bu gün kimlərəsə zəif bir arqument
görünsün, lakin Cümhuriyyətə gələn
Xalqın aydınlanması hava və su kimi lazım idi. Həftənin bir gününü imkansız xəstələri
pulsuz müalicə etməsi cəmiyyətdə sosial ədalət
prinsipinə əməl etməsi ilə yanaşı,
böyük bir fədakarlıq nümunəsi idi. Nərimanov bir ziyalı kimi xalqın ədəbi, mədəni,
ictimai-siyasi formalaşmasında böyük xidmətlər
göstərdi.
Nərimanovun bütün fikri, zikri, düşüncəsi
Xalqın aydınlanması, təhsili ilə bağlı idi;
sonrakı proseslərdə isə bu istiqamət Xalqın
istiqlalı və azadlığına, 20-ci ildən
başlayaraq idarəedilməsinə yönəldi.
Xalq milli istiqlal düşüncəsinə birdən-birə
gəlmədi; bu düşüncə müxtəlif mərhələlərdən
keçərək şəkilləndi. Hələ
ictimai-siyasi fikrin formalaşması üçün mətbuatın
belə olmadığı bir zamanda Xalq Nərimanovun bədii
düşüncəsi ilə formalaşdı. Hər zaman cəmiyyəti içindən
didib-parçalayan nadanlıq problemi ilə mənəvi-əxlaqi
deqradasiyanın mahiyyətini açdı. Nərimanovun nadanlıq ("Nadanlıq") fəlsəfəsi
bir qədər sonra M.Cəlildə ölüləşmə
("Ölülər") konsepsiyası ilə davam etdi.
Hər ikisi qaranlıq cəmiyyəti mədəniyyətə,
inkişafa, işığa səsləyirdi.
"Nadir şah" əsərində dövlətçilik
və hakimiyyət, siyasi idarəetmə məsələlərini
qoyur, tarixi hadisələrdən çıxış edərək
Dövlət, Xalq, Hakimiyyət haqqında ciddi mesajlar verir,
Despotizm, Xudbinlik, Şöhrət hissinin hakimiyyətə
böyük zərərini göstərirdi. Nadirin "...Vətən səlamət
qalsın fikrində olarkən canımı vətənin və
millətin yolunda sərf etmişəm... Oğlumun
gözlərini vətənə qurban etmişəm. Pərvərdigara,
özün kömək ol bu başsız millətə",
- sözləri həm də öz taleyinin ifadəsi idi.
Nərimanov ilk mərhələdə böyük
maarifçilik işi görür, aktyor dəstələrinə
rəhbərlik edir, tamaşalar göstərməkdə onlara
köməklik edirdi. Azərbaycan cəmiyyəti ilə
yaxın təmasları onun kütlə ilə intensiv əlaqə
yaratmasına imkan verir və öz
çıxışlarında onları ədəbi, mədəni,
ictimai-siyasi proseslərə yönəldir. Xalqla bu ünsiyyət onun sonrakı fəaliyyətində
köməyinə çatır.
Nərimanov siyasi düşüncə etibarilə
sosial-demokrat idi. Xalqların və İnsanların birlik-bərabərliyini
əsas tuturdu və siyasi fəaliyyətini bu istiqamət
üzərində qurmuşdu. Odessada təhsil
alarkən ictimai proseslərə qoşulması onu
formalaşdırır və Bakıya sosial-demokrat kimi
qayıdır. Güney Azərbaycan fəhlələrinin
həyatı ilə yaxından maraqlanması onun
sosial-demokratların rəhbəri kimi 7 ay Tiflisdə Metex
qalasında yatmasına, daha sonra isə Həştərxana iki
illik sürgünə göndərilməsinə səbəb
olur. Həştərxanda da bir həkim və
siyasətçi kimi məşhurlaşır və şəhər
dumasına üzv seçilir. Lakin o, sonadək
sosial-demokrat donunda qalmır, ömrünün sonlarında
millətçi-sosial demokrat köynəyini geyinir.
Bir müddət zorən sosialist ideyalarına rəğmən,
mahiyyət baxımından heç zaman bolşeviklərlə
bir yerdə olmayıb, bolşeviklərlə işbirliyi onun
üçün bir vasitə rolunu oynayıb, bolşevizmi bir
ideologiya olaraq keçici hesab edib. Bolşeviklər də
heç zaman onu özlərininki hesab etməyib və ona
güvənməyib. Oğluna məktubunda
"Bəlkə sən bu məktubu oxuduqda bolşevizm
heç olmayacaq", - deyə bolşevizmin ömrünün
bu qədər yaxın olacağına inanıb. Bolşeviklərin Nərimanova münasibəti
çar məmurlarının A.Bakıxanova və M.F.Axundzadəyə
münasibətindən irəli getməyib.
Nərimanova ictimai münasibət Cümhuriyyət,
postcümhuriyyət və postsovet dövründə fərqli
mərhələlərdən keçib və birmənalı
olmayıb; 20-ci illərdə yaranan nərimanovçuluq onun
milli mövqeyini ifadə edirdi. Bunun
sultanqaliyevçiliyə, xanbudaqovçuluğa, cəmiyyətin
milli qoluna təsiri ona və tərəfdarlarına
qarşı repressiyalara səbəb olub. Ona
qarşı cəbhə erməni-rus birliyindən
formalaşmışdı. Zamanındakı
antinərimanovçuluq onu millətçi, bugünkü
antinərimanovçuluq isə bolşevik və anticümhuriyyətçi
kimi təqdim edir. Sovetlər zamanı qırx il adı repressiyaya məruz qalmış,
yalnız 60-cı illərdə bəraət
almışdı. Həmin dövrdə
M.Ə.Rəsulzadəyə də sovet Azərbaycanında eyni
münasibət sərgilənirdi. Mövcud
rejimin bu yanaşması həm də onları birləşdirən
ümumi cəhətə çevrilir. Yəni mövcud
rejim belə onların hər ikisinin eyni mövqedə
olduğunu qəbul edir: "...kommunist və keçmiş
eser olmaq daha yaxşıdır, nəinki Nərimanov kimi
müsavatçı olmaq" (R.Axundov); "Mən əlbəttə,
fiikirləşmirəm ki, Nərimanovun Rəsulzadə ilə
əlaqəsi var. O, Rəsulzadənin dəlillərini
sözbəsöz təkrar edir" (M.Hüseynov).
Çağdaş antinərimanovçuluq onun
Cümhuriyyətə və M.Ə.Rəsulzadəyə əks
qütbdə dayandığı qənaətindədir. Əslində, yolları
ayrı olsa da, hər ikisinin amalı eyni idi; Azərbaycanı
müstəqil görmək! Bunu Nərimanovun "Əziz
Vladimir İliç! Məgər "Müstəqil Azərbaycan"
sizin dilinizdən çıxmamışdırmı?", - fikri də sübut edir. Nərimanov
Azərbaycan istiqlalına və azadlığına yox,
hakimiyyətə müxalifətdə idi.
Nərimanova qədər və ondan sonra da Rusiya Qafqazda
var idi və varlığını sürdürürdü. I Dünya
savaşından sonra özünü toparlayan kimi əvvəlki
sərhədlərini genişləndirdi və Qafqazı yenidən
öz təsir dairəsinə saldı.
Nərimanovun Sovet Azərbaycanının rəhbəri
olduğu zaman fəaliyyətini yetərsiz sayanlar o zamankı
Azərbaycan ilə bugünkü Azərbaycanı
qarışdırırlar; o zaman Azərbaycan, xüsusilə
Bakı və onun siyasi hakimiyyətində yer tutanlar onu hər
zaman parçalamağa hazır olan qeyri millətlərdən
ibarət idi.
Məsələ metodoloji yanaşmanın
yanlışlığı, həm də tarixi şəraitin
nəzərə alınmamasındadı. Bu yanlışlıq
M.Ə.Rəsulzadə ilə Nərimanovun siyasi fəaliyyətinin
qarşılaşdırılmasında, bəzən də
yan-yana qoyulmasında və eyniləşdirilməsində,
Cümhuriyyətin yıxılmasında Nərimanovun
günahlandırılmasındadı...
Nərimanovun bolşevik ideologiyasının
daşıyıcısı kimi göstərilməsi də məsələyə
düzgün yanaşmamanın nəticəsidir. Bu ayrı məsələdir
ki, tarix Nərimanovun Azərbaycanın gələcəyini
Rusiyasız təsəvvür etmədiyini haqlı
çıxarmadı. Ancaq bu da aydındır; Nərimanovdan
keçən son yüz ildə Rusiya da (bunun otuz ili ikinci
müstəqillik dövrüdü) bizdən əl çəkmir
(belə görünür ki, bu hələ davam edəcək),
bizim "xoşbəxtliyimizi" Qərbdə yox, zorən
Rusiyada görür, necə deyərlər, "Səni sevəcəyəm,
sən sevməsən də" mahnısını oxuyur və
oxudur. Bu mənada N.Nərimanovun "Azərbaycanın
əbədi xoşbəxtliyi Rusiya ilə
bağlıdır" fikrinin hansı kontekstdə meydana gəldiyi,
bu fikrin mövcud reallıqdan çıxış edilərək,
bəlkə də məcburən və siyasi referans olaraq
deyildiyi aydın olur.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
qalmasını saxlayan, Türkiyənin istiqlal və
qurtuluş savaşına dəstək göstərən N.Nərimanovu
necə antimilli hesab etmək olar? Nərimanov mahiyyət
etibarilə sosial demokrat, millətçi və
respublikaçı idi və sosial, ədalətli cəmiyyətin
qurulmasını istəyirdi. Nərimanov Rusiya
işğalını dəstəkləmirdi, Rusiyadakı
sosializm ictimai quruluşunu dəstəkləyirdi:
"...Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə
hər şeydən daha çox uyğundur".
Nərimanovu kommunist və bütün kommunistləri
düşmən elan etmək özü neobolşevizmin yeni
formada təzahürüdür.
Müstəqil Azərbaycanın antinərimanovçuları
müstəqil Azərbaycan uğrunda mücadilə verən Nərimanovun
heykəlinin mövcudluğunu qəbul etmək istəmirlər. Antinərimanovçuların
arqumentləri elmi, tarixi, əxlaqi, siyasi arqumentlərə yox,
ideoloji cəbhədən ifadə edilir. Heykəl
götürülsə belə, Nərimanov bir publisist, tərcüməçi,
yazıçı, dramaturq, siyasi xadim olaraq xalqın qəlbində
yaşamaq haqqını özündə saxlayır. Onu
yaşadan fikirləri, ideyaları və müstəqil Azərbaycan
mücadiləsidir...
Antinərimanovçular tarixi şərait deyilən bir əlahəzrət
faktı nəzərə almırlar; ondan istəklərinin
bir çoxu belə dövr, zaman dəyişməsinə rəğmən,
hələ də reallaşmayıb. Halbuki bu gün dünya düzəni
yüz il əvvəlkindən fərqli bir
yerdədi. Rusiya bu gün də Puşkinin "Qafqaz
altımdadır..." poetik ideyasını hərbi
reallıqda sınayır...
Doktor N. siyasi faciə qəhrəmanıdır, ancaq onun
faciəsi təkcə 20-ci illər fəaliyyətində
deyil, həm də çağdaş antinərimanovçuların
ona haqsız hücumlarındadı. Təkcə Nərimanovunmu?!..
P.S. Tarixə
münasibət zamanla dəyişir, yeniləşir, bir qədər
də durulaşır. Biz bu gün Nərimanova yaxından
baxırıq, Nərimanov bizdən uzaqlaşdıqca ona qiymət
də dəyişəcək, İdeyası və
İdealı Xalq və Millət olan Nərimanovun şəxsiyyəti
Zaman dəyirmanından üzüağ çıxacaq...
P.S. Bir tədqiqatçı
kimi adətən mən mənbələrlə
çıxış edirəm. Ancaq burada
baxışlar sistemini ümumiləşdirməyə
üstünlük verdim. Şifahi də
olsa bir hadisəni olmayan yerdə mənbə kimi də
xatırlamaq olar. Bu hadisəni akademik Kamal
Talıbzadəyə istinadla yazıram. K.Talıbzadə
Müsavatın himnini yazan atası Abdulla Şaiqə istinadən
danışırdı ki, 1922-ci ildə müttəfiq
respublikalar sənədi imzalayandan sonra getdim doktorgilə (Nərimanovgilə).
Qapını açan kimi doktorun boynuna
sarıldım, onu müstəqil respublika olmağımız
münasibətilə təbrik etdim. Gördüm
heç keyfi yoxdur; dedim, doktor müstəqil olmuşuq, niyə
sevinmirsən. Dedi, Mirzə, hər şey heç də sənin
bildiyin kimi deyil. Bu hadisə həm də onu göstərir ki,
Azərbaycanın müstəqilliyi nəinki Nərimanovun,
A.Şaiqin, həm də XI Qızıl ordu çəkmələri
altında əzilən bütöv bir xalqın arzusu, istəyi
olsa da, işğala qarşı çıxa bilməmişdi.
Rusiya son iki yüz ildə olduğu kimi, o gün də
"Qafqaz altımdadır..." nəğməsini
oxumuşdu...
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.24-25.