"Beş qapı", yaxud "Xəmsə"nin

uğurlu ideya-estetik interpretasiyası

 

Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin obrazını canlandırmaq cəhdləri, əslində, o qədər çox olmamışdır. Və bu cəhdlərin, adətən, uğurlu nəticələr verdiyi qənaətinə gəlmək də çətindir. M.S.Ordubadinin "Qılınc və qələm"ini,  N.Həsənzadənin "Atabəylər"ini çıxmaq şərti ilə Nizamidən yazılan əsərlər içərisində  dahi şair-mütəfəkkir haqqında orta səviyyədə belə, təsəvvür yaradacaq işlərə az təsadüf edilir.  Hətta "Nizami" dramında Mehdi Hüseyn, "Nizami" poemasında Balaş Azəroğlu, "Nizami" kinossenarisində İsa  Hüseynov (Muğanna) kimi böyük  sənətkarlar elə də irəli getməmişlərsə, deməli, mövzunun fəth edilməsində müəyyən obyektiv çətinliklər vardır. Tədqiqatçı Əlimuxtar Muxtarov şairin vətənində - Gəncədə nəşr etdirdiyi "Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda" kitabında bu məsələni araşdırmaqla onun mahiyyətinə varmağa çalışmışdır. Onun fikrincə, Azərbaycan ədəbi-ictimai fikri Nizami dühası qarşısında hələ çox borcludur.

Odur ki, Şahin Musaoğlunun Nizami Gəncəvi mövzusunda qələmə aldığı "Beş qapı" pyesini oxumağa başlayanda məndə iki hiss bir-birini təqib edirdi: birincisi o idi ki, nəhayət, bu mövzuya yeni bir yaradıcılıq marağı meydana çıxdı, ikincisi isə, bu maraq da əvvəlkilərin çoxu kimi gəldi-gedər olmayacaq ki?.. Həcmcə elə də böyük olmayan əsəri oxuduqca - pərdədən-pərdəyə keçdikcə əmin oldum ki, müəllifin mövzuya müraciəti qətiyyən təsadüfi deyil. Və pyes kifayət qədər mükəmməl bir yaradıcılıq istedadının, Nizami "Xəmsə"sinə yeni ideya-estetik  rakursdan baxmaq imkanlarına malik bir ədəbi peşəkarlıq məhsuludur.

Əsərdə ehtiva olunan hadisələr, təqdim edilən şəxsiyyətlər nə zaman, nə də məkanca "Xəmsə"dən kənara çıxmasa da,  müəllif onların "dağınıqlığ"ını  aradan qaldırmaqla yeni xronotop münasibətləri və ya sistemi yaradır. Başqa sözlə, "Xəmsə"ni "oxumağ"ın, onun hadisələrini və qəhrəmanlıqlarını eyni bir səhnədə  təsəvvür etməyin elə effektli modelini təqdim edir ki, Nizaminin süjetləri zədələnmədən vahid bir ideya-məzmun məcrasına düşür. Və burada söhbət "Xəmsə"nin poetexnologiyasını "redaktə etmək" və ya "daha mükəmməl" bir sənət təcrübəsi vermək xəyalına qapılmaqdan getmir. Həm şeirdə, həm nəsrdə, həm də dramaturgiyada qələmini sınamış, kifayət qədər yüksək ədəbi zövqü, bədii təfəkkür genişliyi, zənginliyi olan Şahin Musaoğlunun məqsədi öz dahi əcdadını dərk etmək üçün elə qapılar açmaqdır ki, nə qədər cazibədar olsa da, təfərrüatlardan qaçan müasir oxucu Nizaminin dərgahına, hüzuruna daha böyük inamla daxil ola bilsin.

Birinci pərdənin birinci şəklində İsgəndərin Ərəstun, ikinci şəklində Nüşabə ilə; ikinci pərdənin birinci şəklində Bəhram Gurun şikayətçı xalq və xəyanətkar vəzirlə, ikinci şəklində yeddi gözəllə; üçüncü pərdənin hər iki şəklində Xosrovun Şirinlə (Fərhad da qoşulur) dialoqları hərfi hərfinə olmasa da, hər halda birbaşa "Xəmsə"dən gəlir.

Dördüncü pərdə "Xəmsə"yə (və Nizamiyə!) olduqca maraqlı bir "şərh-əlavə"dir. Həmin pərdənin  birinci şəklində boynu zəncirli, dilənçi görkəmində səhnəyə gələn, ona çarə etmək istəyənlərə acı qəhqəhələrlə cavab verən Məcnun artıq dialoqla danışmır, onun  dünya ilə ünsiyyəti həm İsgəndərdən, həm Bəhram Gurdan, həm də Xosrovdan fərqli olaraq monoloqdan ibarətdir:

 

Mənə məzlum deməyin,

Mən sultanam.

Eşq uğrunda candan keçən aşiqlərin

Sultanı!

Hökmdaram!

Nə taxtım var, nə tacım var, nə qurulu dövlətim.

Öz eşqim həm zillətimdi, həm taxtım, səltənətim.

Həm Darayam, həm İsgəndər,

Həm Bəhram Gur...

Həm Xosrovam!

Tanı məni, özü gedib ruhu qalan Fərhad mənəm,

Öz ömrümə külüng çalan cəllad mənəm.

...Mən gecəyəm,

Ulduz-ulduz söküləcək dan istərəm,

Canıma ruh, ruhuma bir can istərəm.

Ruhsuz bədən, bədənsiz ruh olan mənəm,

Öz eşqiylə öz ruhuna

damla-damla dolan mənəm...

 

Elə ki Məcnun ilə Leyli bir-birini görüb intəhasız bir istəklə bir-birinə can atırlar, ətrafdakılar  (cəmiyyət!) onları dərhal ayırır.   dialoq Məcnunun "Leyli!", Leylinin "Qeys" çağırışlarından o yana keçmir.

Leyli ilə Məcnun yalnız dördüncü pərdənin ikinci şəklində həsbi-hal edirlər... Özü də qəbiristanlıqda, bu dünya ilə o dünyanın sərhədində - Məcnun bu dünyadadır,  Leyli o dünyada, yəni can bu dünyadadır, canan o dünyada...

Adətən belə məqamlarda nəsrdən şeirə keçərlər, ancaq pyes müəllifi şeirdən nəsrə keçir, ancaq lirik-emosional nəsrə... Məcnun Leylini səsləyir: "Qalx, Leylim! Gəl gedək buralardan. Eşidirsənmi?

Ayaq dəyməyən, quş qonmayan, yel əsməyən bir yer tapaq özümüzə, gedək oralara. Gedək arzuların açılıb məram, hisslərin şəkillənib kəlam, həsrətin dilə gəlib fəğan olduğu bir dünyaya gedək. Eşidirsənmi?"

Leyli cavab verir: "Yorma özünü, Qeys! O ayaq dəyməyən, o quş qonmayan, o yel əsməyən dünya buradadı! Mən burdayam, sən hardasan? Ömür karvanı gedib, Qeys! Ruhun karvanı gəlir. Bir eşqin günü üçün xəbər yollayacam sənə. qarşılayarsan, orda olacam. O ruhun, karvanın içində..."

Həm bu dünyanı, həm də o dünyanı gördüyünə görə Məcnundan daha kamil olan Leyli ona məsləhət görür:

"Qeysə get! Əbu Məhəmməd İlyas bin Yusifə... Nizami Gəncəvini deyirəm. Nə etsə o edəcək! Yalnız O! Odur bizim xilaskarımız. Bütün  keçmiş və gələcək aşiqlər tanıyır onu. Sən də tanıyacaqsan. Odur eşqin göz yaşlarını silən, yaralara məlhəm, ümidsizlərə ümid, güvənsizlərə güvən. Odur eşq əzabı çəkməyən, daş ürəkli insanlara məhşər əzabını xatırladan. Və bütün dünyaya eşqi yenidən car çəkən, yenidən öyrədən. ona get! Bizi o qurtaracaq!"

"Atabəylər"də dahi sələfinin mükəmməl obrazını yaratmış böyük şair-mütəfəkkirimiz Nəriman Həsənzadənin dəyərli bir fikri heç yadımdan çıxmır. Nizami ili münasibətilə Milli Aviasiya Akademiyasının keçirdiyi  beynəlxalq elmi konfransda dedi ki, Nizami Makedoniyalı İsgəndəri heç bir hökmdarla müqayisə  edilməyəcək qədər ehtiramla tərənnüm edir, peyğəmbər səviyyəsinə yüksəldir, ancaq ona dirilik suyunu vermir... Bununla da göstərir ki, hökmdara diriliyi, əbədiliyi  əfsanəvi dirilik suyu yox, real şair qələmi qazandırır.   "Beş qapı" müəllifinin də öz böyük müasiri ilə eyni fikrə gəlməsində qeyri-adi bir şey yoxdur.

Beşinci pərdədə ruhlar qarşılaşır - Nizami öz qəhrəmanları İsgəndər, Bəhram Gur, Xosrovla görüşüb söhbət edir... Bu, artıq yeni, daha doğrusu,  fövqəlkontestdir - Nizaminin dilindən deyilən sözlər "Xəmsə"də bilavasitə olmasa da, onun ruhunda mövcuddur... Və bu sözlərdə ədəbi-bədii fikrin bu günündən, eyni zamanda bugünkü müəllifimizin düşüncələrindən gələn "çalarlar" da mövcuddur... Nizami Bəhram Gura deyir: "Sən də sələfin İsgəndər kimi Allahlıq iddiasına düşdün. O, Tanrının hökmranlığına şərik olub Yer üzünə hakim olmaq istəyirdisə, sən Yaradanın yaratdığı gözəlliklərə şərik çıxıb rəqib olmaq istədin  Ona, bəhsə girdin Onunla, Göyü Yerə birləşdirmək, Yeri Göyə qaldırmaq  istədin sən!.."

Xosrov da təsadüfən məzəmmət obyekti olmur: "Ey eşqdə itirdiyini taxtda axtaran, taxtda tapmadığını eşqindən uman Sultan!.. Qurban verməyin şahlıqdan gəlir. Öz  taxtının, öz tacının əmniyəti, öz səadətin və xoşbəxtliyin üçün verdin o qurbanları. Nə vicdanın mühakiməsindən, nə də haqqın hesabından çəkinmədin... Sən Məcnun olmadın... Səninki güc idi, onunku cəsarət... Sən bu gücü  Şirinin sənə olan sevgisindən almışdın. O isə cəsarəti Leyliyə  olan məhəbbətiylə özü qazanmışdı".

Pyes müəllifi Nizamini Məcnunla görüşdürmür, çünki zatən buna ehtiyac yoxdur, Məcnun bütün dövrlərin, zamanların müqayisə olunmaz aşiq etalonudur - Nizami üçün də, Füzuli üçün də, bizim üçün də.

Əlbəttə, ortaya belə bir sual çıxa bilər ki, Şahin Musaoğlunun təfsirində Nizami tamamilə sufi-panteist ideyaların (  xəyalların) daşıyıcısı kimi təqdim olunur...  Halbuki dahi şair-mütəfəkkirin əsaslandığı fəlsəfi mənbələr (və həmin mənbələrdən ala  biləcəyi enerji!) orta əsrlər islam mistikası (Əl-Qəzali təlimi) miqyasından kənara çıxmaq imkanları da verir?.. Mən bu sualın qarşısına bizim müəllifimizin hansı arqumentlərlə çıxacağını bilmirəm... Bəlkə, o, neopanteist və ya neosufistdir, bəlkə, teohumanistdir?

Əslində, müasir ədəbiyyat nəzəriyyəsi nə Nizami Gəncəvinin, nə də digər "Xəmsə"  müəlliflərinin mənsub olduqları ədəbi cərəyanı təyin etmək gücündə (və hüququnda!) deyil. Hər şeydən əvvəl ona görə ki, bu ədəbiyyatın tarixi mövcud ədəbi cərəyanların tarixindən daha qədimdir. Ona görə də "Beş qapı" müəllifinin "interpretasiya"sında bu və ya digər ədəbi cərəyana üstünlük verilməsi XII əsrin dahi şair-mütəfəkkirini təhrif deyil, əksinə, onu dərk etmək (və sələflərin ideya-estetik idrak mədəniyyətinə varislik eləmək) məharətidir.

Pyesin müqəddiməsi ilə finalı bir-birini bir neçə mənada tamamlayır... Ən əsası isə odur ki, hər hansı hərcmərcliyi - iğtişaşları, üsyanları, müharibələri yaradan qüvvələr axırda harmoniyaya tabe olur, harmoniya isə Allahın özünün qoyduğu əzəli-əbədi qaydadan - dünyaya gəlməyin sevinci və dünyadan getməyin kədərindən ibarətdir.

Mən Şahin Musaoğlunun vaxtilə Ramiz Rövşənin belə  təqdir etmiş olduğu şeir texnikasındakı ustalığından, yaxud  bəzi kiçik texniki qüsurlardan danışmaq istəmirəm... Yaradıcılıq (və ədəbiyyat!)  belə uğurlara (və qüsurlara) həmişə açıqdır. Təki həqiqi yaradıcılıq (və ədəbiyyat) olsun.

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.13.