Poetik göy qübbəsində
sönməyən ulduzun
işığı
Nə vaxtlarsa həyatımızın
hər gününün ayrılmaz hissəsi olmuş
insanların yoxluğuyla barışmaq çətin olur.
Ömər Xəyyam
İlk dəfə Azadə Rüstəmovanın
adını Ədəbiyyat İnstitutunun sabiq direktoru,
hörmətli (mərhum) professor Mirzəağa Quluzadədən
eşitmişəm. 1971-ci ilin sentyabr ayının 16-da məni
İnstituta işə qəbul edən Mirzəağa müəllim
xeyir-dua verərkən belə demişdir. "Bizim
İnstitutun iki ulduzu var: Azadə Rüstəmova və Fəridə
Vəlixanova. Onların hər ikisi Moskvada təhsil
alıb, Azadə Şərq dillərini bilir, akademik Bertelsin
aspirantı olub. Sən çalış
onlara çatasan, həmişə onlara bax". Sonuncu dəfə Azadə Rüstəmovanın
adının təkrar-təkrar səsləndirildiyini 2005-ci
ilin 20 aprelində Elmlər Akademiyasının iclas zalında
alimin vida mərasimində eşitmişəm. EA Rəyasət Heyətinin üzvlərinin vida
sözlərində görkəmli şərqşünasın
elmi xidmətləri, şəxsiyyətinin nəcib keyfiyyətləri
çox yüksək dəyərləndirilirdi. Mərasimdə
iştirak edən Azadə xanımın ilk aspirantı
olmuş (hazırda EA həqiqi üzvü) Teymur Kərimlinin
vida sözündə səsləndirilən Məhəmməd
Füzulinin məşhur şeirindən
aşağıdakı sətirləri xüsusi təsiredici
idi:
Axır
günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad.
Yəni
ki, Vücud dami-qəmdir,
Azadələrin yeri-ədəmdir.
Demək,
qeyd etdiyim tarixlər arasında - 34 il ərzində
professor Azadə Rüstəmova ilə bir kollektivdə işləmək
mənə nəsib oldu.
Başqa-başqa şöbələrdə işləməyimizə
baxmayaraq, onun klassik poeziya ilə bağlı məruzələrini,
çıxışlarını elmi şuralarda, konfranslarda,
seminarlarda dinləmək özü bir məktəb təsiri
bağışlayırdı. Belə hallarda hətta
bəzən onun aspirantlarına həsəd aparırdım
ki, bəxtlərinə belə yüksək elmi səviyyəli,
nəcib şəxsi keyfiyyətlərə, zahiri gözəlliyə
malik insanla daima ünsiyyətdə olmaq düşüb.
EA müxbir üzvü Azadə Rüstəmovanın
elmi irsi 20 kitab, 300-ə qədər məqalədən ibarətdir. Bu elmi irs
yaşayır, ondan bir məktəb kimi neçə-neçə
nəsil faydalanmaqdadır.
Alimin
dünyasını dəyişməsindən keçən 17
ildə 2 cildlik və əlavə 1 cild əsərləri
çap olunub, onun adına həsr
olunmuş konfranslar keçirilib. 2021-ci il
- Nizami ilində "V orbite slova" adında nəfis
poliqrafik şəkildə sanballı nəşr işıq
üzü görmüşdür. Kitaba Azadə Rüstəmovanın
rus dilinə tərcümə edilmiş namizədlik və
doktorluq dissertasiyaları və alimin yetirməsi və
çox yaxın varisi, filologiya elmləri doktoru Fəridə
Əzizovanın "Renessansnostğ mirovozzreniə Nizami Qəndjevi"
tədqiqatı daxil edilmişdir (eyni zamanda F.Əzizova
A.Rüstəmovanın qeyd olunan monoqrafiyalarının tərcüməsinin
müəllifidir).
Alimin axtarışlarının tarixində səciyyəvi
bir məqam diqqəti çəkir. Məlum olduğu kimi, Azadə
xanım məşhur şərqşünas, akademik
Y.E.Bertelsin aspirantı olarkən "Füzulinin "Leyli və
Məcnun" poeması" mövzusunda dissertasiya üzərində
işləmiş və 1956-cı ildə SSRİ Elmlər
Akademiyasında müdafiə etmişdir. Qeyd olunan mövzunun
tarixini araşdırarkən Füzulidən 4 əsr əvvəl
Leyli və Məcnunla bağlı mövzunun Nizami tərəfindən
işləndiyini nəzərə alan aspirant, təbii ki,
müqayisəli-tipoloji təhlillər aparmış və bu
prosesdə Füzulinin poemasının yaradılmasında
böyük sələfinin bu mövzuda yazdığı əsərinin
(və ümumiyyətlə "Xəmsə"nin) Şərq
poeziyasının inkişafındakı müstəsna rolunu
müfəssəl araşdırmaq məqsədilə
"geriyə qayıtmağı" və Nizami irsinin fəlsəfi-estetik
baxımdan nəhəng novatorluğunu tədqiq etməyi
qarşısına məqsəd qoyur.
Bu məqsədə
çatmaq üçün nizamişünaslıq adlanan
bütöv elm sahəsini, böyük klassikin ədəbi
irsinin sələflərinin müvafiq əsərlərini və
s. müfəssəl öyrənən tədqiqatçı
mütəfəkkir-şairə bir neçə
araşdırma həsr edir. Belə ki, 1979-cu ildə
çapdan çıxmış "Nizami Gəncəvi (həyatı
və sənəti)" mini-monoqrafiyasında (həcm etibarilə
belə adlandırılmışdır) "Xəmsə"nin
təhlilində araşdırılan problemlərin vüsəti,
şairin dünyagörüşü, mövzu çeşidliyi,
ideya istiqamətləri - humanizm, xəlqilik, bədiyyat əlvanlığı
müstəvisində dəyərləndirilərək, nəticədə
Nizaminin yaradıcılığına dair bütöv bir yeni
fəlsəfi-bədii konsepsiyasını
açıqlayır. Bu "mini-monoqrafiya"
adlandırılan tədqiqatda Nizami yaradıcılığının
ilk olaraq poetik sistem müstəvisində tədqiqinə cəhd
edilir: süjetin mahiyyəti və kompozision həlli, xarakterlərin
qeyri-statikliyi, Şərq poetik troplarının bədii-fəlsəfi
açılışı və s. Bundan başqa, yenilik kimi,
tipoloji təhlil diqqəti cəlb edir: analoji mövzuların
digər müsəlman ədəbiyyatlarda işlənməsinin
müqayisəli şəkildə dəyərləndirilməsi
(Nizami, Firdovsi, Nəvai, Rustaveli və b.). Bütün
təhlillərin nəticəsi Nizami
yaradıcılığının mərkəzi
dayağı - insandır. Məhəbbət
hissinin həyatın hərəkətverici qüvvəsi kimi
müxtəlif süjetlərdə ifadəsinin fəlsəfi
açılışı təqdim edilir. Tədqiqatda bir çox hallarda müəllifin ənənəvi
şərhlərdən fərqli bir çox poetik sətirlərin
"gizli" mənalarının interpretasiyası diqqəti
çəkir. Eyni zamanda şairin
yaradıcılığında utopik cəmiyyət
süjetinin yer alması öz dövrü üçün
mümkün bədii priyoma müraciət etməsi kimi dəyərləndirilir.
Tədqiqatda yer alan yeni oxunuşlar Şərq
İntibahı estetikasının humanist mündəricəli
dəyərləri kimi təqdim olunur.
Azadə Rüstəmovanın "Azərbaycan epik
poeziyasının inkişaf yolları" mövzusunda
doktorluq dissertasiyası (1979) öz dövrü
üçün şərqşünaslıq məkanında
ilk sistemli fundamental tarixi-tipoloji tədqiqatlardandır. İlk dəfə
olaraq janrın qədimlərdən (rüşeymlərdən)
başlayaraq təqdim olunan tarixi dövrləşdirmə
üzrə XVIII əsrə kimi təkamülü sistemli
yanaşma meyarları ilə izlənilir. Müvafiq
dövrlərlə bağlı tədqiqatçı çap
olunmuş nümunələrdən savayı, əlyazma
nüsxələri, müxtəlif arxivlərdə
saxlanılan nadir əsərlərin fotokopiyalarından istifadə
etmişdir. Və janrın hər təkamül
mərhələsinin təqdimini onu şərtləndirən
müvafiq tarixi şəraitin əsaslı səciyyələndirilməsindən
başlayır.
Tədqiqatın bir xüsusiyyəti də
vurğulanmalıdır ki, bu da reprezentativ seçimlə
bağlıdır. Yəni, hər mərhələnin təqdimində
seçmə şairlərin yaradıcılıq nümunələri
tədqiqata cəlb olunur ki, bu, özlüyündə
sınanmış produktiv metoddur.
Əsərdə milli epik poeziyasının təşəkkülü
əfsanələrdən, dastanlardan, məşhur eposlardan
Xaqani Şirvaninin "Töhfətül İraqeyn" əsərinə
kimi izlənilir. Və Nizami Gəncəvi
yaradıcılığında Azərbaycan epik poeziyası
janrın zirvəsi müstəvisində dəyərləndirilir.
Və beləliklə, Nizami Gəncəviylə
bağlı müəllifin ilk araşdırmalarında
topladığı tədqiq təcrübəsi bu əsərdə
daha geniş kontekstdə dəyərləndirilir.
Söhbət "Xəmsə"nin məşhur
süjetlərinin digər, o cümlədən, qeyri-milli
görkəmli şairlər tərəfindən işlənməsindən
gedir.
Başqa sözlə desək, söhbət Azərbaycan ədəbiyyatşünaslığında
ilk sistemli tipoloji tədqiqatların birindən, bəlkə də
ilkindən gedir.
Belə
ki, məsələn, Nizami və Firdovsi, Nizami və Nəvai
və s. maraqlı binar müqayisələr əsaslandırılmış
konstantlar üzrə müvafiq bədii mətnlərə
istinadən aparılır: əsas qəhrəman, xarakterlərin
daxili aləmi, psixoloji dinamika - əhvalatlılıq, statik
obrazlar, qadın qəhrəmanlarının süjetdə
aktiv mövqeyi - qadın qəhrəmanlarının süjetdə
passiv rolu, məhəbbət mövzusunun ali mənəvi, həyatverici,
ideal, ali qüvvə kimi təqdimi - daha naturalist həlli və
s. Əlbəttə, bu müqayisələrin əsasında dərin
kontekstual təhlillər durur. Eyni zamanda bəzi
ədəbiyyatşünasların mövqelərinə tənqidi
yanaşma mövcuddur. Məsələn, A.Rüstəmova
Ş.Nutsubidzenin Nizaminin "Leyli və Məcnun"unu
Ş.Rustavelinin məşhur poeması ilə müqayisəsində
baş qəhrəmanlara verdiyi qiymətlə bağlı
V.M.Jirmunskinin tənqidi mövqeyi ilə razılaşır: Məcnunun
qeyri-adi, ilahi məhəbbətinə verdiyi qiymətlə və
bundan əlavə, görkəmli rus komparativistin Nizaminin
poemasının XII əsr Avropa cəngavər romanlarından
qat-qat üstünlüyü haqqında fikri ilə. Bu sıradan misallar kifayət qədərdir. Məxsusi olaraq, Azadə Rüstəmovanın
Nizamiylə bağlı mövqelərində Azərbaycan
şairinin poeziyasında mistik ruhu "şərh edən"
müəlliflərə qarşı çıxmasını
qeyd etmək yerinə düşər. Söhbət
Ş.Nutsubidze və akademik Y.E.Bertelsin oğlu A.Bertelsin Nizamini
şəksiz mistik hesab etdiyindən gedir ki, Azadə xanım
bu iddiaya elə bu tərifin müəllifinin atasının
mülahizələri ilə cavab verir.
Əlbəttə, Azadə Rüstəmovanın bu tədqiqatı
yeni maraq doğuran müqayisəli təhlillər,
müşahidələrlə zəngindir. Müqayisə
isə, məlum olduğu kimi, həqiqətin
tapılmasında etibarlı üsul, vasitə hesab edilir.
Alimin təqdim etdiyi epik poeziyanın təkamülü
romantik poeziyanın mərhələləri kimi səciyyələndirilir,
XVII əsrdən isə realist elementlərin mövcudluğu
qeyd olunur.
Azadə Rüstəmovanın tədqiqatlarında müəllifin
predmetinə yanaşmasında əsaslılıq, təfərrüatlılıq,
dəqiqlik, müvafiq mənbələrə bələdlilik,
əhatəlilik və sözsüz, müəyyən
ensiklopediklik müşahidə olunmaqdadır.
Yuxarıda
2021-ci il Nizami ilində rus dilində
işıq üzü görən "V orbite slova"
("Sözün orbitində") adlı xüsusi həssaslıqla
hazırlanmış orijinal nəşri qeyd etmişdik.
Düşünürük ki, bu adda iki məna hifz olunur:
klassik korifeylərimizin sözünün cazibəsini və bu
ustadları tədqiq edən və dünyaya tanıdan klassik
alimlərimizin sözünün cazibəsini.
Yazımızın adını "Poetik göy qübbəsində
sönməyən ulduzun işığı" qoymuşuq. Astrofizika
elmindən məlumdur ki, səmada gördüyümüz
ulduzların çoxu çoxdan sönübdür. Bu
vizual paradoksun səbəbi ondadır ki, işığın
sürətinin saniyədə 300000 kilometr olmasına
baxmayaraq, hətta ən yaxın ulduza qədər məsafə
- Yer kürəsindən kosmik obyektlərə qədər
"işıq ili" ilə: təxminən 9,5 trilyon km.-lə
astronomik rəqəmlərlə ölçülür. Bu yerdə professor Mirzəağa Quluzadənin
xeyir-duasında Azadə Rüstəmovayla bağlı işlətdiyi
ulduzla bənzətmə yada düşür.
Demək, haqqında sözü gedən Ulduzun
işığı alimin davamçılarının
neçə-neçə nəslini öz cazibəsində
saxlamağa qadirdir.
Sara Osmanlı
Filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.11.