YAZIQ MARALLARIN NƏ TƏQSİRİ?
Hekayələr
Görün bir yazı-pozu əhli nə
yazır? Yazır
ki, balaca "marallar"dan çox yazırsan, amma
böyük "marallar" qalıb kənarda. Bəs
onları nə vaxt "şərəfə" mindirəcəksən?
Rəhmətliyin balası bilmir ki, mənim
"marallar"ımın böyüyü-kiçiyi yoxdur. "Maral"
elə "maral"dır, hərəsinin bir cür sifəti
var. Ağzında "maral" deyirsən. Əbdürrəhim
bəydən bu yana əli qələm
tutanlar ha yazırlar, ha pozurlar, bu "marallar"ın
kökü kəsilmir, əksinə, getdikcə pərpətöyün
toxumu kimi çoxalırlar.
And olsun, bizi yaradana, birdən oturub fikirləşirəm
ki, ayə, görəsən, bütün millətlərdə
bu qədər "maral" var, yoxsa birinci yeri biz tuturuq? Yaradan özü
bilər insanları neçə sifətdə yaradır, necə
yaradır, nə biçimdə yaradır. Biz onun işinə qoşula bilmərik.
Ətövbə! Amma sizə qurban olum, bu qədər
yaltaq, ikiüzlü (lap elə çoxüzlü!), əyri,
oğru, quldur, rüşvətxor olar?
Bilmirsən qarşındakı ziyalıdır, yoxsa
yaltaq. Diqqətlə
sifətindəki yaltaqlıq qırışlarına baxanda
görürsən ki, bu elə ziyalı-yaltaqdır!
Bir də
görürsən maraqlı bir kitabın təqdimetmə mərasimi
keçirilir, çıxış edənlər bir-biri ilə
yarışa girib kitabı tərifləyirlər, amma sonradan
məlum olur ki, toplananların heç birinin kitabdan xəbəri
yoxdur, nəinki xəbəri yoxdur, heç kitabı
əlinə alıb vərəqləməyib də...
Qəzetlərin çoxu "faktı" o vaxt oxuculara
çatdırır ki, artıq həmin "faktın"
sahibini vəzifədən qovublar, ya da tutublar. Adama deyərlər,
bala, vəzifədə olanda yazaydın, "yıxılan
ağaca balta çalmağa" nə var ki?!
Eşitməmiş
olmazsınız, belə bir məsəl var: "Kimin evini
yıxırsan? - Mənə çörək
verənin". Bilirsiniz, nə qədər
belələrini tanıyıram? Adam əsəbiləşəndə
onları "maral"a yox ey (maral gözəl heyvandır),
başqa pis bir məxluqa oxşatmaq istəyir. Bizim "marallar" o gözəl-göyçək
marallara oxşamırlar. Yazıq
maralların nə təqsiri var? Dad bizim
"ağıllı-başlı", ikiayaqlı
"marallar"ın əlindən!..
QANİÇƏNLƏR
Ay
qardaşlar, ay bacılar, vallah-billah, daha taqətim
qalmayıb. Özümü döyməkdən
yorulmuşam. Şap - o üzümə, şap - bu
üzümə, şappaşap qol-qıçıma, boynumun
ardına vur ki, vurasan, bu cılızlardan canımı qurtara
bilmirəm ki, bilmirəm!
Şirin
yuxuda yatdığım yerdə qulağıma səs gəlir:
Şapp... Dik atılıram. Görürəm, evdəkilər də özlərini
döyürlər. Bir balaca mürgüləyirəm,
yenə şapp! Hövlnak gözümü açıram,
divarlar qan içində... Özümə də,
evdəkilərə də yazığım gəlir.
Divarlardakı qan bizimkidir axı... Bu
zalımlarla əsl "müharibə" aparırıq, heç
veclərinə də deyil. Qorxu nədir
bilmirlər. Düz adamın gözünə
girirlər.
Bir də görürsən "vızz" eləyib
girdilər qulağına, "vızz" eləyib girdilər
ağzının içinə. Dişlədilər,
qurtardı, yandırıb-tökürlər. Qalırsan qaşına-qaşına. Bədən olur qıpqırmızı. Evdəkilər
soruşurlar: "Səni kim
cırmaqlayıb?" İndi gəl, onları
başa sal ki, "kim" yox, "nə" desinlər.
Yatmağa qoymurlar bu qaniçənlər. Yay gəldi,
qurtardı, yuxusuzluqdan bir dəri qalırsan, bir sümük.
Gözlər də ki, axır.
Dost-tanış üzümü danlayır: "Az iç də
bu zəhrimarı". İndi gəl, onları
inandır ki, ömrümdə dilimə dəyməyib.
O dəqiqə də cavabını alıram ki, "onda elə
yaxşı eləyib səni dişləyirlər".
Elə bil, canımıza düşmən kəsiliblər. Ev
qapısını açmağına peşman olursan,
yüzü birdən hücum çəkir içəri.
Pəncərəyə vurduğumuz torun
gözəgörünməz deşiklərindən də
keçirlər. Hələ bu harasıdır?
Ağzını açırsan, güllə
kimi gəlib keçirlər boğazına. O gün biri
girdi burnuma, necə dişlədisə, ağrısı
düz beynimə çıxdı.
İnanırsınız,
adam var ağcaqanad ona yaxın durmur. Niyə? Çünki
bütün bədəni zəhərdir. Dilindən də
zəhər tökülür zalım balasının! Nəinki ağcaqanad, ilan onu vursa, özü zəhərlənib
ölər. Amma ağcaqanadların qıy
vurduğu fəsildə xoşbəxtdirlər, belə adamlar.
"Şappaşap" nədir bilmirlər, div
kimi yatırlar. Adamın paxıllığı tutur...
İndi
dostlar, tanışlar deyirlər ki, sən kimdən əskiksən,
get bir cəmiyyət yarat, adını da qoy "Qaniçənlərlə
mübarizə cəmiyyəti". Doğru deyirlər, kimdən
əskiyəm, mütləq elə bir cəmiyyət
yaradacağam...
...FƏRQİMİZ NƏDİR?
Dostum məndən
soruşdu:
- De
görüm, bizim millətlə başqa millətlərin fərqi
nədir?
- Bilirsən
nə var, millətlə işin olmasın, sözünün
canını de görüm, nə deyirsən?
- Bizim
millətlə başqa millətlərin fərqini
soruşuram. Burada başa düşülməyən
nə var ki?
- Axı,
mənim millətlə nə işim var, mən nə karəyəm
ki, millətə qiymət verim?
Dostum, deyəsən, məni başa düşdü,
anladı ki, danışanda bütün millət haqqında
danışmaq olmaz, millətin ayrı-ayrı fərdləri
barədə söz demək olar. Odur ki, ehtiyatla dilləndi:
- Onda de
görüm, bizim millətin bəziləri ilə başqa
millətin bəziləri arasında nə fərq var?
- Hə,
bu başqa məsələ. Fərq çoxdur.
Əvvəla, pulu, qohum-əqrəbası
çox olanların ürəklərindən
böyük-böyük vəzifələr keçir. İkincisi, müharibə edən millətlərin
balaları raket, top-tüfəng alanda, bizimkilər məscid
tikdirir. Üçüncüsü,
torpaqları gedən millətlərin oğulları üsyana
qalxanda bizimkilərin çoxu restoranlarda kef çəkir,
toylarda qol açıb oynayırlar. Dördüncüsü,
başqa millətlər bir-birini qabağa çəkəndə,
bir-birinə arxa duranda bizimkilər bir-birinə badalaq vururlar,
bir-birinə quyu qazırlar, vəzifə üstündə
qırğın salırlar. Hər cür
sifətə girirlər. Belələri vəzifə
tutan kimi xalqın qəniminə çevrilirlər. Kiçikləri saymır, böyüklərin
yaltağı olurlar. Beşincisi...
- Qoy
beşincisini də mən deyim, - dostum müdrik görkəm
aldı:
- Vaxtilə Mirzə Cəlil millətin bəzi
başıbəlalıları haqqında çox yazıb,
çox deyib.
O vaxtdan heç nəyimiz dəyişməyib. Biz
elə həmin millətik, həmin xalqıq. Təkcə kostyumumuz dəyişib, vəssalam.
Bax, budur bizim fərqimiz!
MƏN SİZƏ XİDMƏT
EDİRƏM
Şöbə
müdiri Qurbanov direktor Əli Nadiroviçin kabinetinə gəldi:
-
Çağırtdırmısınız, Əli müəllim?
- Hə,
keç otur.
Qurbanov əyləşdi.
- Buyurun,
Əli Nadiroviç!
- Sizin
şöbədə işləyən oğlan var ha, adı
da yadımdan çıxıb...
- Fazil,
yoldaş direktor!
- Hə
Fazildir-kimdir, necə işçidir, o?
Şöbə müdiri çiyinlərini çəkdi,
dodağını büzdü. Bir söz deyə bilmədi.
Daha doğrusu, "birdən direktorun
adamı-zadı olar" - deyə düşündü.
Direktor altdan-altdan Qurbanova baxıb dilləndi:
- Deyə
bilmirsən pis işçidir?
Şöbə
müdiri tez cavab verdi:
-
Doğru deyirsiniz, işləməkdən başqa əlindən
hər şey gəlir.
Direktor
istehza ilə:
- Mən
sizi sınayırdım, müdir! Fazil kimi işçi bizim
idarədə yoxdur! İşin öhdəsindən
gəlir, üstəlik, şöbənizin başqa işlərini
də görür. Siz isə deyirsiniz...
Şöbə
müdiri tələsik sözünü dəyişdirdi:
- Əli
Nadiroviç, mən elə-belə... Yaxşı
işçidir Fazil. Dedim bəlkə...
- Bəs Fuad necə, o da yaxşı işçidir?
- Yoox,
Əli Nadiroviç! Onun haqqında
"yaxşı" deyə bilmərəm.
- Niyə?
Bəs bir neçə ay bundan əvvəl biz
ona yaxşı işinə görə mükafat vermədik?
Kişinin zəhmətini niyə itirirsiniz?
-
Bağışlayın, Əli müəllim,
çaşdım. Fuad həqiqətən
yaxşı işçidir.
Əli
Nadiroviç qəzəbləndi:
- Qurbanov!
Bu nə deməkdir? Mən
deyirəm filankəs "pisdir", siz də deyirsiniz
"pisdir". Deyirəm
"yaxşıdır", siz də deyirsiniz
"yaxşıdır". Bəs indiyədək
öz işçilərinizi tanımırsınız?
-
Bilirsiniz, Əli Nadiroviç! - deyə,
Qurbanov sözə başladı. - Bir gün Teymurləng
qonaqlıqda bişirilən plovu tərifləyib deyir ki,
"Bəh-bəh, nə dadlı plovdur, bunu bişirənə
mükafat!" Qonaqlıqda olan Molla Nəsrəddin onun
sözlərini eşidib dillənir: "Bəh-bəh,
doğrudan da çox dadlıdır, bunu bişirənə afərin!"
Bir azdan Teymurləng "Bu nə plovdur,
çağırın bunu bişirən aşbaza cəza
verin!" - deyə, əsəbiləşir.
Molla Nəsrəddin də qışqırır: "Belə
də plov olar, bunu bişirənin başını bədənindən
ayırmaq lazımdır!" Teymurləng
mollanı çağırıb soruşur ki, "Ayıb
deyil, molla? Bayaq plovu tərifləyirdin,
indi pisləyirsən?" Molla cavab verir
ki, "Hörmətli Teymurləng, mən sənə xidmət
edirəm, plova yox ki!" İndi Əli Nadiroviç, mən
sizə xidmət edirəm, işçilərə yox ki!...
"XARİCİ... ADAM"
Bir tanışım var, adı Səftərdir. Yazıq nə
eləsin ki, anadan şokolad rəngində doğulub. Qara, qıvrım saçı var. Sifətindən
şirinlik yağır, necə deyərlər, çox
yapışıqlıdır. Qarabuğdayılıqda
elə mən də ondan geri qalmıram...
Bir dəfə avtobusda gedirdik. Əyləşdiyimiz
oturacaq sərnişinlərlə qabaq-qənşər idi.
Adamlar bizə baxıb bir-birinin qulağına nə
isə pıçıldayırdılar. Qadınlardan
biri dilləndi:
- Yəqin
Kubadan gəliblər...
O biri
qadın başını tərpətdi:
- Aaz yox, ərəbə
oxşayırlar.
Bir
başqası zəndlə bizə baxıb əlavə etdi:
- Kim nə
deyirsə-desin, bunlar zəncidirlər, amma bir az
ağından...
Axırı
dözmədim:
- Belə
maraqlanırsınızsa, özümüzdən soruşun,
hansı millətdən olduğumuzu deyək də...
Avtobusda gülüşmə başlandı. Qadınlardan biri
üzrxahlıq elədi:
- A bala,
bağışlayın, elə bildik xarici adamsınız...
...Mağazada
növbədə dayanmışdıq. Ağsaqqal bir kişi üzünü mənə tutub rus
dilində soruşdu:
- Vı arab?
Mən cavab
verdim:
- Net
azerbaydjanets.
- Ne
poxoji....
Azərbaycan dilində dedim:
- Ay kişi, görmürsünüz ki, azərbaycanlıyıq?
...Mərkəzi
şəhərlərin birində qatara tələsik bilet
almalıydıq. Növbəyə durduq.
Kassaya çatanda kassir dedi:
- Vı
idite na verx. Vaşa kassa tam...
Tələsik ikinci mərtəbəyə qalxanda nə
görsək yaxşıdır? Orada bircə dənə kassa
vardı, üstündə də yazılmışdı:
"İnostrannaya kassa". Kassanın
qarşısında isə xarici millətlərin nümayəndələri
növbəyə dayanmışdılar. İşin
nə yerdə olduğunu başa düşüb birinci mərtəbədəki
kassanın qabağına yüyürdük. Lakin gec idi,
qatar getmişdi...
Bir sözlə, xarici adamlara
oxşamağımızın bizə həm xeyiri dəyib, həm
ziyanı. Xeyiri o olub ki, çox yerdə bizə xarici qonaq kimi
hörmət ediblər. İşimiz irəli
düşüb. Ziyanı da o olub ki, başımıza qatar əhvalatı kimi çox əhvalat gəlib...
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.10.