Gənclər üçün ən çox yazan tənqidçimiz... 

 

Vaqif Yusifli-75

 

Ədəbi mühitdə çox az saylı insanlar var ki, bu qədər söz adamının həyatında özünəməxsus yeri olsun, onun qarşısında bu qədər söz adamı özünü borclu hiss eləsin...

Tanınmış alimimiz, gözəl tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli məhz belə alimlərimizdəndi. Ədəbi mühitdə nadir adamlar tapmaq olar ki, Vaqif müəllim onun ədəbi yaradıcılığında iştirak etməmiş olsun, onun yaradıcılığı haqqında fikir bildirməmiş olsun..

Açıq etiraf edək ki, son onilliklərdə, barmaqla sayılacaq qədər az olan vicdanlı tənqidçilərimizi çıxmaq şərtilə, bir çoxları kiminsə haqqında yazırsa, bunun arxasında hansısa tanışlıq, dostluq, ya başqa maraqlar dayanır. Görünür, bu da kapitalizmin gətirdiyi fəsadlardandır. Diqqət etsək görərik ki, son 20 ildə haqqında ən çox yazılan müəlliflər hardasa müəyyən vəzifə tutan, hardasa hökmü olan yazarlarımız olub. Acı da olsa, həqiqətdir. Bəzən belə müəlliflərin əsəri ortaya çıxmamışdan əvvəl, artıq haqqında tərifnamələr mətbuata süzülür.

Lakin Vaqif Yusiflini bizə sevdirən ən əsas cəhətlərindən biri də bu "tənqidçi"lər sırasında olmamasıdır. Onun yazdığı yazıların obyektinə baxanda görürsən ki, sadə qələm adamlarıdır, lakin hansısa əsəri, şeiri, hekayəsi Vaqif müəllimin diqqətini cəlb edib, marağını doğurub və haqqında yazıb...

Tanışlığımızın 25 ili ərzində həmişə onun fəaliyyətində sonsuz bir təəssübkeşlik və qəribə bir fədakarlıq müşahidə edirdim. Əgər istənilən bir qələm sahibinin əsərində zərrə də olsa işıq varsa, ədəbi dəyərin qığılcımı görünürsə, Vaqif müəllim sanki bu qələm sahibini diqqətə çəkməyi, başqalarını da onun yaradıcılığına yönəltməyi, tanıtdırıb stimul verməyi özünə borc bilir. İstər gənc olsun, istər yaşlı, istər paytaxtda yaşasın, istər bölgədə, fərqi yoxdu. Əsas budu ki, yaradıcılığında nəsə bir ədəbiyyat işığı olsun.

Gənclər haqqında ən çox yazan tənqidçimiz deyərkən, ilk olaraq o yada düşür. Bölgədə yaşayan yazarlarımız haqqında ən çox yazan tənqidçimiz deyərkən, o yada düşür. AYB tədbirlərində ən çətin məruzələrdən danışarkən, o yada düşür... Öz vicdanı, öz zəhmətkeşliyi və təəssübkeşliyi ilə...

Onu da xüsusi qeyd edim ki, bir çoxlarımızın ədəbi bioqrafiyamıza Vaqif Yusifli, həm də haqqımızda ilk yazı yazan tənqidçimiz kimi düşüb. Bu gün artıq tanınan, ədəbi mühit tərəfindən ciddi imza kimi qəbul edilən bir çox yazarlarımız haqqında ilk yazını məhz o yazıb, o tanıtdırıb. "Azərbaycan" jurnalında çalışarkən həm öz dərgisində, həm də başqa qəzet və jurnallarda mütəmadi çıxan yazıları əksər halda yeni ədəbiyyata gələn müəlliflər və yeni çap olunmuş əsərlər haqqında olardı... Şəxsən mən özümü Vaqif müəllimə ikiqat borclu hesab edirəm, həm özüm haqqında ilk yazını o yazıb, həm də bir çox istedadlı qələm adamlarının adlarını ilk dəfə məhz onun məqalələrindən oxumuşam, axtarıb tapıb mütaliə eləmişəm.

Əminliklə deyə bilərəm ki, son 25 ilin Azərbaycan ədəbiyyatı bütünlüklə Vaqif Yusiflinin tənqid süzgəcindən keçib...

Vaqif müəllimin elmi fəaliyyətinin təsnifatını, inkişaf mərhələlərini, əsərlərinin elmi dəyərini yazmaq istəmirəm, bu barədə çox yazılıb, nə yazsam, təkrar olacaq. Həm də hamının tanıdığı, sevdiyi bir bioqrafiyanı təkrarlamaq yox, məhz mənə maraqlı gələn və toxunan məqamları ön plana çəkmək istəyirəm.

Sənətşünasların, tənqidçilərin yazılarını metodoloji olaraq, adətən üç tipə bölürlər. Birinci tip yazarlar üçün mövzu sadəcə öz elmi-savadını, düşüncəsini göstərməkçün vasitə olur. Bəzən belə yazılara baxanda görürsən ki, müəllif qalıb kənarda, tənqidçi öz elmi-fəlsəfi düşüncələrini oxucuya sırımaqla məşğuldu. Belə yazıların arxasında tənqidçinin eqosu və təkəbbürü daha çox görünür.

İkinci tip yazılarda bir dağıdıcılıq hökm sürür. Belə tip yazıları oxuyanda görürsən ki, tənqidçi haqqında yazdığı əsəri və ya müəllifi məqsədli şəkildə qaraya bulaşdırmaq, yaxşı cəhətlərini gizlədib, yalnız zəif və uğursuz tərəflərini ön plana çəkməklə məşğuldur. Belə yazıların arxasında tənqidçinin qərəzi və nifrəti görünür.

Üçüncü tip yazılarda isə tənqidçi tam olaraq müəllifin mətninə - onun bədii tapıntılarına, maraqlı cəhətlərinə, estetik keyfiyyətlərinə köklənir, yalnız müəllifin mətnləri üzərində fikir mübadiləsi aparır. Belə yazıların arxasında tənqidçi ümumiyyətlə görünmür. Yalnız müəllif görünür. Bütün güclü və zəif cəhətləriylə.

Vaqif Yusifli məhz belə tənqidçilərimizdəndir. Onun hələ bir yazısında belə, müəllifin bəhanəsiylə öz elmi-savadını, fikir və düşüncələrini reklam elədiyini müşahidə etməmişik. O yazıya başlayanda, sanki özü əriyib yoxa çıxır, yalnız müəllif qalır. Oxucunu haqqında yazdığı müəlliflə üz-üzə qoyaraq, sanki özü kölgəyə çəkilir. Elmi-savadını, bilik və bacarığını da özünü reklam eləməkçün yox, haqqında yazdığı əsərin bədii keyfiyyətlərini daha aydın şəkildə üzə çıxartmağa sərf edir...

Gözəl xüsusiyyətlərdir. Ələlxüsus, indiki dövr üçün çox nadir xüsusiyyətlər. Elə Vaqif müəllimin çox sevilməsinin səbəblərindən biri də budur. Təbii ki, bu keyfiyyətlərin arxasında böyük bir eşq dayanır. Səmimi, sadə bir ədəbiyyat eşqi. Başqa heç bir hiss, duyğu insanı bu qədər enerji sərfiyyatına vadar edə bilməz. Vaqif Yusifli müstəqillik dönəmində ədəbiyyatımıza ən çox enerji sərf edən tənqidçilərimizdəndi. Bəli, məhz öz ədəbiyyatımıza. Yaxşısıyla, pisiylə, zəifiylə, güclüsüylə birlikdə.

Öz mütaliəsini, savadını təbliğ eləməkçün Avropa, Amerika ədəbiyyatından yazmağı peşə eləyən yazarlarımızdan fərqli olaraq, Vaqif müəllim həqiqətən də bizimdi, özümüzünküdü. Onun nəzərində, bizdə yaranan kiçik bir ədəbi inci də, digər yerlərdə yaranan böyük sənət nümunələrindən heç də əskik deyil. Çünki onda eqo hissi və natamamlıq kompleksi yoxdu. Onun ruhu ədəbiyyat, söz eşqiylə nəfəs alır. Məhz buna görə də haqqımızda bir cümlə yazıb, az qala bir ömürlük minnət qoyub borclu çıxaran qələm sahiblərindən fərqli olaraq, Vaqif müəllim heç vaxt, heç bir müəllifə belə münasibət göstərməyib. Mən sənin haqqında yazmışam, bu o demək deyil ki, mənə borclu olmalısan. Yox, sənin borcun gözəl sənət əsərləri yaratmaq, mənim də borcum bunu işıqlandırmaq, ədəbi mühitin diqqətinə çatdırmaqdır. Vaqif müəllimin həyat kredosu belə olub. Tutalım, sonradan tanınan, məşhurlaşan heç bir qələm adamına deməyib ki, sənin haqqında ilk yazını mən yazmışam, səni ilk olaraq mən tanıtdırmışam. Heç vaxt bunu heç kimə deməz, heç kimə minnət qoymaz. Bunları eləməz, əgər eləsəydi, hamımızın sevdiyi Vaqif Yusifli olmazdı...

Vaqif müəllimi mənə daha da doğma edən xüsusiyyətlərindən biri də klassik ədəbiyyatımıza olan xüsusi bağlılığı, sevgisi olub. O bir Füzuli aşiqi, Füzuli sevdalısıdır. Yazıçılar Birliyinin dərgilərinə yeni gəlib-gedən vaxtlarımda, nədənsə məndə belə bir təəssürat vardı ki, bu mühitdə yalnız müasir ədəbiyyat söhbətləri gedir, hamı daha çox müasir ədəbi təfəkkürə köklənib, klassik ədəbiyyat isə köhnəlmiş, lazımsız hesab olunur. Əslində, məndə bu fikirlərin yaranması da əbəs deyildi, bu sözləri çox eşidirdim, hətta o vaxt məşğul olduğum əruz eksperimentlərinə barmaqarası baxanlar da çox olurdu. Tarixin gedişatının öldürdüyü bir şeir formasını yenidən zəmanəyə uyğunlaşdırıb, yeni müasir ədəbi təfəkkürə yaxınlaşdırmağımı, bəzi dostlarımız, ölüyə süni nəfəs verməyə bənzədirdi. Və etiraf edim ki, hətta bəzən ruhdan da düşürdüm. Lakin ilk dəfə "Ulduz" jurnalında ilk əruz eksperimentlərim çap olunanda, tədbirlərin birində Vaqif müəllim özü mənə yaxınlaşdı, şəxsən tanış olduq və klassik ədəbiyyat, ələlxüsus Füzuli yaradıcılığı haqqında o qədər maraqlı söhbətlər elədi ki, heyran oldum. Mənə xeyli maraqlı məsləhətlər verdi və ən əsas tövsiyəsi də o oldu ki, eksperimentlər zamanı nə qədər modern, abstrak, poetik obrazlardan istifadə eləsən də, dilimizin şəffaflığını qoru, müasir dilimizin şirinliyi, səlisliyi, rəvanlığı heç vaxt itməsin.

Ondan sonrakı illərdə mənə ruh verən, əruz üzərində daha da maraqlı eksperimentlərə sövq edən ustad yazarlarımızın içində Vaqif Yusiflinin xüsusi yeri oldu. 

Sonradan "Məclisi-üns" televiziya layihəsində onun klassik ədəbiyyatımızla bağlı bilik və savadı televiziya məkanında da istifadə olundu. Ən çətin və mürəkkəb mövzular olanda, ilk yada düşən alim Vaqif Yusifli olurdu. On ildən çox müddət ərzində "Məclisi-üns"ə mütəmadi dəvət edirdim və klassik ədəbiyyatımızın müxtəlif istiqamətləri üzrə maraqlı söhbətləri tamaşaçılara təqdim edirdik.

Özümlə bağlı bir məqamı da qeyd edim ki, 2015-ci ildə çoxcildliyim çap olunanda onun geniş "Ön söz"ünü də Vaqif müəllim yazdı. Çox geniş şəkildə mənim yaradıcılığımı təhlil eləmiş, ən incə məqamları da tapıb üzə çıxartmışdı...

Vaqif müəllim haqqında çox yazmaq olar, birgə səfərlərimiz də çox olub, birgə tədbirlərimiz də. Və bu vaxtacan onunla bağlı bir neqativ məqamı da xatırlaya bilmirəm. Tək mən yox, zənnimcə, ədəbi mühitdə elə adam tapılmaz ki, onun hansısa xoşagəlməz hərəkətindən, bəyənilməyən davranışından danışsın. Olmayan şeydən necə danışa bilərlər axı... Heç kimin qabağında əyilmədi, heç kimə yaltaqlanmadı, heç kimin önündə belini bükmədi. Yalnız ədəbiyyatın, sözün qabağında belini bükdü, təzim elədi. Çünki böyük ədəbiyyat onun nəzərində bütün mənsəblərdən üstündü.

Bu ay Vaqif müəllimin 75 yaşı tamam olur. Mən ustad tənqidçimizi həm öz adımdan, həm də bütün ədəbi mühit adından ürəkdən təbrik edirəm. Yüz yaşayın, Vaqif müəllim. Bizim sizə ehtiyacımız çoxdu.

 

İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.7.