Hörmətlə sıxılan əllər...
İmamverdi Əbilovun anım gününə
Bu barədə həmişə
düşünmüşəm. Rayonda orta
məktəbdə ədəbiyyat
müəllimi işləyən
İmamverdi Əbilovun
Bakıda bir yubiley tədbirinə, o cümlədən Mirzə
İbrahimovun 60 illik yubiley tədbirinə dəvət olunması təbii hal idi. Onu hələ 29 yaşı
olanda Səməd Vurğunun da 50 illik yubiley tədbirinə
dəvət etmişdilər.
Dəvətnaməsi də
indiyə qədər
yazı masasının
siyirtməsindədir... 1954-cü ildə Səməd Vurğunla Neftçaladakı
görüşdə çəkilmiş
şəklində məruzə
edir və onda hələ 27 yaşı var...
1960-cı illərdə isə o, təkcə orta məktəb müəllimi deyildi, respublikanın tanınmış
ədəbi tənqidçilərindən
biri idi. Onu müasir
Azərbaycan ədəbiyyatının
klassikləri Rəsul
Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm, Cəfər
Cəfərov, İlyas
Əfəndiyev dəyərləndirirdi.
SSRİ Yazıçılar İttifaqının üzvü
olmaq isə ya heç ağlına
gəlmirmiş, ya da bu istəyini
dilə gətirməyə
çəkinirmiş... 1976-cı ildə Yazıçılar
İttifaqının üzvü
olması üçün
Süleyman Rəhimovun,
Nigar Rəfibəylinin,
Məmməd Cəfərin
və Bəxtiyar Vahabzadənin yazdıqları
zəmanətlərin surəti
indi də şəxsi arxivindədir.
Bəs necə olurmuş, o, İttifaqın üzvü
olmaya-olmaya Yazıçıların
qurultaylarına nümayəndə
seçilirmiş, bəzi
qurultaylarda hətta çıxış edirmiş?
Bu həftə onun
anım günüdür. Keçən dəfə gündəliyini
vərəqləyirdim. Orada Mirzə İbrahimovun 60 illiyi ilə bağlı qeydlərə
rast gəldim. Möhtərəm bir yubiley tədbirində Neftçaladakı 1 saylı
orta məktəbin ədəbiyyat müəllimi
dövrün böyük
fikir və sənət adamları ilə Rəyasət heyətində yanaşı
əyləşir, "Böyük
dayaq" romanında təsvir olunan Muğanın, Salyanın ziyalıları adından
çıxış edir...
1971-ci ildə Mirzə İbrahimovun 60 illik yubiley tədbirindən sonra yazdığı gündəlik qeydlərini,
Mirzə İbrahimovun
1974-cü ildə ona yazdığı və Xalq yazıçısının
ədəbi kredosunu dərindən ifadə edən, hətta oxuculara və elmi-nəzəri fikrə məlum olmayan "Mayak" romanının da adının keçdiyi bir məktubunu təqdim edirəm...
Azər TURAN
İ.Əbilovun gündəliyindən
6 dekabr 1971.
İndicə Mirzə İbrahimovun 60 illik yubileyindən gəlirəm.
Dünən 3:30-da Yazıçılar İttifaqında oldum. Yuxarı qalxarkən İmran Qasımovla rastlaşdım.
Dedi ki, yuxarıda Kubra xanıma dəy, dəvətnamə
ondadır. II mərtəbədə Kubra xanımla
görüşdüm, Cabir
Novruz da orada idi. Hər ikisi dedi ki, Rəyasət
heyətində oturmalı,
çıxış etməli
və Mirzə İbrahimovun banketində iştirak etməlisən.
Saat
18:05-də iclasın keçiriləcəyi
Dram Teatrın binasında
olduq. Məni arxa otağa
apardılar və qonaqlarla bahəm səhnəyə qalxdıq.
İclası Akademiyanın prezidenti
Həsən Abdullayev açdı. Məmməd Arif yubilyar haqqında
məruzə etdi.
Mirzo Tursunzadə, Müseyib Dadaşov, Süleyman Rüstəm, mən - İmamverdi Əbilov, Rəsul Həmzətov, özbək
yazıçısı Şöhrət,
Vitali Vasilevski (Moskva), Arşavir Darbini (Ermənistan), gürcü nasiri Givi Qogiçayşvili, türkmən Qılınc
Quliyev çıxış
elədik.
Qonaqlardan ilk söz məşhur tacik şairi Mirzo Tursunzadəyə verildi. Qonaq hərarətlə danışdı, Mirzə
müəllimin ədəbi
ictimai fəaliyyətindən
məhəbbətlə söz
açdı, sonra isə gətirdiyi hədiyyələri təqdim
elədi. Dörd küncünə
"60" rəqəmi hörülmüş
qiymətli xalı, Bədəxşan daşlarından
hazırlanmış qələmdan
dəsti və rübab.
Rəsul
Həmzətov da hərarətlə danışdı:
"Bir-birindən ayrı
və uzaq görünən dağların
yeraltı əlaqələri
var və onları yaşadan da bu görünməz
yollar, çeşmələrdir.
Dağıstan dağları Kəpəzlə,
Qoşqarla doğma qardaşdır." Rəsul Həmzətov
hədiyyə gətirdiyi
qiymətli yapıncını
Mirzə İbrahimovun
çiyninə saldı.
Görkəmli özbək şairi Şöhrətin çıxışı
da maraqla dinlənildi. O, öz hədiyyəsini - bir dəst özbək kostyumunu səhnədəcə
Mirzə müəllimə
geyindirdi, başına
araxçın qoyub, belini məxsusi qurşaqla bağladı.
İnqilabçı Müseyib Dadaşovun
"hədiyyəsi" qəribə
oldu. Özünəxas tələffüzlə
yubilyara müraciət
edib ona ən "ali" hədiyyə verdi:
"Yoldaş Mirzə,
- deyib sağ əlini yuxarı qaldırdı. - Mən bu əlimlə dahi Leninin əlini
iki dəfə sıxmışam. İndi də
icazə ver, səni təbrik edib böyük Leninin sıxdığı
əlimlə əlini
sıxım".
Mustafa Topçubaşov SSRİ Sülhü
Müdafiə Komitəsinin
Fəxri Fərmanını,
Mətbuat Komitəsinin
sədri İsrafil Nəzərli "Qızıl
Qələm", Maarif
naziri Mehdizadə
"Qabaqcıl Maarif xadimi" döş nişanlarını təqdim
etdilər.
MK-nın katibi Danil Quliyev, Nazirlər Soveti sədrinin müavini Kamran Hüseynov, Mərkəzi Komitənin şöbə müdirləri
Teymur Əliyev, Azad Şərifov, Komsomol MK-nın I katibi Rafiq Əsgərov, Tahir Salahov, Əfrasiyab Bədəlbəyli,
İsmayıl Şıxlı,
Mehdi Məmmədov və başqaları ilə birlikdə prezidiumda idik.
İclas
22:50-də qurtardı. Bədii hissə
başlandı.
Saat
23:10 da Cabir Novruz, Arşavir Darbni ilə birlikə "Volqa"da
"İnturist"ə getdik.
"İnturist"in ikinci mərtəbəsi bayram ovqatında idi.
Banket gecə
saat 3-30-da qurtardı. Gözəl məclis
oldu. Mirzə İbrahimov, Rəsul
Həmzətov Əminə
Dilbazinin təhriki oynadılar. Qonaqlıqda
süfrəmiz Yusif Əzimzadə, İsa Hüseynov, İsmayıl Şıxlı, Cabir Növruz, Vidadi Babanlı, Xalidə Hasilova, Mirvarid Dilbazi, Balaş Azəroğlu ilə birlikdə idi.
Tamada Məmməd
Rahim idi.
Mirzə İbrahimovun
İ.Əbilova məktublarından
Əziz
qələm yoldaşım
və dostum İmamverdi müəllim!
Mən diqqətlə
Sizin yazılarınızı
oxuyuram və onlarda həqiqət üçün, xalqın
səadəti və idrakı inkişafı üçün çırpınan
əsil vətəndaş
ürəyinin səsini
eşidib sevinirəm. Siz bilirsiniz
ki, mən ədəbiyyat və sənətə insanların
həyatını, fikrini,
əxlaqını yaxşılaşdıran
qüdrətli və lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Bədii sözü əyləncə,
oyunbazlıq vasitəsinə
çevirən, böyük
məna və mündərəcədən məhrum
edən cərəyanlar
və onların gözqamaşdıran tapıntılarını,
forma oyunlarını, ədəbazlığını
daxilən qəbul edə bilmirəm. Sizin yazılarınızda da mən ədəbi yaradıcılığa ciddi
münasibət, klassik
və xalq ənənələrinə dərin
hörmət hiss etdiyimdən
onlar məni sevindirir.
Mənə elə gəlir
ki, hərgah, biz və bütün bəşəriyyət, bütün
başqa xalqlar gəncliyi, gənc nəsli lap uşaq çağlarından bu yüksək sənət nümunələri ilə,
həqiqi fikri, mənəvi, əxlaqi, estetik gözəllik əsasında tərbiyə
edə bilsəydi, insan həyatı bəzən kal, bəzən pozğun və dağıdıcı
ehtirasların ifadəsi
olan şirnikləndirici,
zəhərləyici ədəbiyyat,
kino (xüsusən, kino və televizor)
və sair əsərlərindən qoruya
bilsəydi, insanlıq
arzu etdiyi "ümumi birlik, əmin-amanlıq, dostluq, xeyirxahlıq və səadət dünyasına"
daha tez gedib çıxardı...
Ədəbiyyat insanın içini, ürəyini, beynini yumşaldıb - pis fikirlərdən, alçaq
hisslərdən, heyvani
ehtiraslardan təmizləməlidir,
yaxşı, nəcib,
ağıllı, həyatdan
baş açan, düz yola düşüb,
axıracan o yolu getməyi bacaran vətəndaşlar tərbiyə
etməlidir. Mən inanıram ki,
siz şagirdlərinizi
məhz bu cür tərbiyə edirsiniz. Qoy idrakın, ağlın, sağlam şüurun məşəlini heç
zaman əlindən yerə qoymayan, həmişə vicdanın
və namusun hökmüylə hərəkət
edən gənclər
Sizdən gələcəyə
yadigar olsun! Bu, ədəbiyyatımız üçün də şərəfdir.
Xahiş edirəm bütün müəllim yoldaşlarınıza, bütün şagirdlərə mənim salamımı yetirib, ən yaxşı gələcək arzularımı bildirin. Onu da deyin ki, Yəmən xatirələri, Ümumdünya sülh konqresi barədə qeydlər və sair bu kimi xırda yazılarla yanaşı bu il mən onlara mütləq "Mayak" romanımı vermək fikrindəyəm. "Pərvanə" barədə nigaran olmayın. "Mayak"ı qurtaran kimi "Pərvanə"nin ikinci kitabını yazacağam. Sağlıq olsun.
Əlini sıxıram.
Hörmətlə
Mirzə İbrahimov
20 fevral 1974
Bakı
Ədəbiyyat qəzeti.- 2023.- 8
aprel.- S.6.