Ali Baş Komandanın "Dəmir
yumruq" siyasəti:
Siyasətin fəlsəfəsi və ədəbiyyatımız
I yazı
"Dəmir yumruq" siyasətinin
fəlsəfəsi
Birinci Qarabağ savaşından 2020-ci ilə qədər
keçən otuz ildən artıq bir müddət ərzində
Azərbaycan xalqı itirilmiş torpaqlarının, doğma
torpaqlarından, yurd-yuvalarından
qaçqın-köçkün düşməsinin
dözülməz ağrılarını yaşayıb. Bu
ağrının miqyası ölçüyəgəlməz
olub. İtirilmiş iyirmi faiz
torpaqlarımız xalqımızın ürəyində
böyük yara açıb, onun varlığının dərinliklərinə
qədər işləyib. Bu ağrı Vətən
sevgisinin bütövlüyündən, heç nə ilə
müqayisə olunmayacaq miqyasından mayalanıb. Lakin xalqımız heç vaxt o torpaqlara qayıtmaq
ümidini, düşməni yerində oturtmaq əzmini itirməyib.
Bu ümidin yaşamasında, əzmin qorunmasında
xalqımızla dövlətimiz arasındakı məqsəd birliyi, iradə
birliyi həlledici rol oynayıb. Ümummilli
liderimiz H.Əliyevdən onun layiqli varisi olan möhtərəm
Prezidentimiz İ.Əliyevə qədər elə bir daxili və
xarici siyasət kursu götürülüb ki, bu siyasət
xalqımızı unutqanlığa yox, Qarabağ sevgisinin
gündən günə artmasına, alovlanmasına kökləyib.
Əlbəttə, arada bir qərinəlik zaman
fasiləsi vardı. Bu fasilə artdıqca
xalqımızın torpaqlarımızın geri
qayıdacağına bəslədiyi ümidə kölgə
düşdüyü zamanlar da olub. Bu cəhəti
qırx dörd günlük müharibədəki parlaq qələbəmizdən
sonrakı çıxışlarında Prezidentimiz dönə-dönə
vurğulayıb. O deyirdi ki, biz insanları nə qədər
qayğı ilə əhatə edir, onların maddi
rifahının yaxşılaşması üçün
mümkün olan hər şeyi edirdiksə də, ancaq o
insanların gözündəki kədər ifadəsini, torpaqlarımızın
nə vaxtsa qayıdacağına inam
işığının zəiflədiyini
görürdük. Özünün də ifadə
etdiyi kimi, bu hal, əlbəttə, hamıdan çox
Prezidentimizi mənən incidir, ona ruhi əzab verirdi. Xalqı, milləti, doğma Vətəni
qarşısındakı cavabdehlik, məsuliyyət hissi onu
bütün varlığı ilə mənsub olduğu
xalqı bu əzabdan qurtarmağa səsləyirdi. Torpaqlarımızın geri qaytarılması, həm
də Prezidentimiz üçün bir ata vəsiyyəti idi.
Bu vəsiyyəti uzun illər ürəyində gəzdirən,
onu yerinə yetirmək üçün imkan verən amilləri
əzmlə gerçəkləşdirməyə
çalışan Prezidentimiz bütün bunları qələbədən
sonra böyük
qürur hissi, sevinc hissi ilə dilə gətirəcəkdi.
***
Onu da xüsusi vurğulayaq ki, son illərdə
düşmən daha da azğınlaşır, yeni torpaqlar zəbt
etmək iddiasına düşür, zəbt etdikləri torpaqları
geri qaytarmayacaqlarını, hətta qeyri-rəsmi söhbətlərdə
"bacarırsınızsa gəlin, alın" kimi həyasız
mövqe sərgiləyirdi. Erməni baş
nazirinin beynəlxalq tədbirlərin birində "Qarabağ
Ermənistandır və nöqtə" bəyanatı, ilk
növbədə, dövlətimizin başçısının
qüruruna toxunmuşdu. Əlbəttə, elə həmin
tədbirdə dövlət başçımız çox əsaslı
arqumentlərlə çıxış edib, torpaqların bizə
məxsusluğunu əsaslandırmış, erməni baş
nazirinə cavab verərək onu yerində oturtmuşdu:
"Qarabağ Azərbaycandır və nida işarəsi".
Bu cavabdakı "nida işarəsi" İkinci
Qarabağ savaşında nümayiş etdirəcəyimiz
bütün mənalarda potensial gücün erməni baş
nazirinə, toplumuna və eləcə də dünya güclərinə
ötürülən mesajı idi.
Prezidentimiz üçün gün kimi aydın idi ki,
uzun illər ərzində toplanan hərbi, iqitsadi, siyasi
gücümüz, informasiya savaşında
qazandığımız uğurlar, millət-dövlət
monolitliyi ermənini yerində oturtmağa, "Qarabağ Azərbaycandır
və nida işarəsi" bəyanatını gerçəkləşdirməyə
tam imkan verir.
Yalnız qalırdı bu imkanı gerçəkləşdirməyə
başlamağa əsas verən əlverişli şəraiti
gözləmək. Bunun üçün də
uzun gözləmək lazım gəlmədi. Erməni bu fürsəti
verdi və Ali Baş Komandanımız da bu fürsətdən
məharətlə yararlandı. Cənab Ali Baş Komandan
Rusiyanın "Naüionalğnaə oborona" jurnalına
verdiyi müsahibədə müharibənin başlanma
situasiyasını aşağıdakı şəkildə
izah edib: "Azərbaycan müdafiə naziri məruzə etdi
ki, təmas xəttindəki mövqelərimiz və bir
neçə yaşayış məntəqələrimiz Ermənistan
tərəfindən artilleriya atəşinə məruz
qalıb. Cavab atəşinin açılması
ilə bağlı qərar verildi və biz bununla
qaçılmaz olan müharibəyə girdik".
Bu sitatda "qaçılmaz olan müharibə" ifadəsinə
xüsusi diqqət yetirməliyik. Ermənilərin
torpaqlarımızı sentyabrın 27-də növbəti dəfə
atəşə tutması bu dövlətin Azərbaycanı
müharibəyə təhrik siyasətinin ifadəsi idi.
Birinci Qarabağ savaşında əldə etdiklərindən
şirniklənən və Qarabağda öz mövqeyini
möhkəmləndirməsi, keçilməz sədlər
yaratması, erməni ordusunun məğlubedilməzliyi
eyforiyalarına qapılan Ermənistan "yeni torpaqlar
uğrunda yeni müharibə" siyasətini həyata
keçirirdi. "Naüionalğnaə oborona"ya
müsahibəsində cənab Prezident bu situasiyanı da dəqiqliyi
ilə şərh edib: "Mən bilirəm ki, erməni tərəfin
müharibə başlanacağı təqdirdə öz hərəkət
planları vardı. Demək olar ki, Ermənistan
onu reallaşdırmasına 2020-ci ilin sentyabrın 27-də
başladı".
Bu şərh həqiqətin ifadəsi olmaqla bərabər,
həm də beynəlxalq ictimaiyyətin diqqətini ona cəlb
etməyə hesablanmışdı ki, müharibəni Ermənistan
başladı və biz onlara cavab verməyə məcbur olduq.
Əslində,
Ermənistanın Azərbaycanla yeni bir savaşa girməyə
can atması onun siyasətinin elə
başlanğıcdakı yanlışlığından xəbər
verirdi. Bu səhv 2000-ci illərin Azərbaycanı
ilə 90-cı illərin ilk illərinin Azərbaycanı
arasındakı fərqi görə bilməməkdən irəli
gəlirdi. Azərbaycanın bütün
istiqamətlərdəki hazırlığının səviyyəsini
nəzərə almamaqdan, birinci savaşdakından fərqli
olaraq ikinci savaşda ölkəyə rəhbərlik edən
adamın Vətən, millət sevgisinin
böyüklüyündən, torpaqlarımızı geri
qaytarmaq üçün nümayiş etdirə biləcəyi
iradə və əzmdən xəbərsizlikdən xəbər
verirdi. Müharibə başlayan gündən (və təbii
ki, elə əvvəlki günlərdə də) məhz bu
sonsuz iradə və qarşısıalınmaz əzmlə cənab
Ali Baş Komandan Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi
Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərinin
iştirakı ilə keçirdiyi iclaslarda görülən
işləri, çıxarılan qərarları belə
xarakterizə edirdi: "Bu iclaslarda biz ötən günün
nəticələrini hazırlayır,
çatışmazlıqları göstərir, eləcə
də növbəti gün üçün planı
hazırlayır və təsdiqləyirdik. Buna görə də
sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz,
bizim əməliyyatlarımız düşmən
üçün gözlənilməz olurdu. Əks-hücum əməliyyatının
adına gəlincə, əlbəttə
ki, hərbi əməliyyatın əvvəlində onun
adı yox idi". Ali Baş Komandan "Naüionalğnaə
oborona" jurnalına verdiyi müsahibədə əməliyyatın
adının "Dəmir yumruq" adlanmasının səbəbinə
aydınlıq gətirir və vurğulayırdı ki, "Dəmir
yumruq" ifadəsini mən bir neçə dəfə şəhər
və kəndlərimizin işğaldan azad edilməsi ilə
bağlı Azərbaycan xalqına müraciətimdə
istifadə etmişdim. Mən bir neçə dəfə
demişəm ki, əgər düşmən işğal
olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə,
bizim dəmir yumruğumuz onun başını əzəcək.
Bu fikirlərim cəmiyyət tərəfindən
müsbət qarşılandı və mən əməliyyatın
"Dəmir yumruq" adlandırılması qərarına
gəldim. Ancaq bu birdən deyil, hərbi əməliyyatların
gedişində baş verdi".
Hərbi əməliyyatların
gedişində baş verən bu prosesi hər birimiz telekanallarda izləmişik və
Ali Baş Komandanın barmaqlarının düyünlənməsi,
doğrudan doğruya, dəmir yumruğa çevrilməsi,
düşməni yerində oturdacaq, əzəcək bir
qüvvəni rəmzləşdirməsi bizim hər birimizin
ürəyini qürur hissi ilə bərabər, savaşda
qalib gələcəyimizə inam hissi ilə doldururdu.
Ancaq bu məqamda məsələ bu deyil. Yəni məsələ
ümid və inamın simvoluna çevrilən "Dəmir
yumruq"un ifadə etdiyi daha dərin məzmunlu
məna çalarlarındadır. Prezidentimizin
özünün də xüsusi vurğuladığı kimi,
"Dəmir yumruq" və onun gerçəkləşdirdiyi
mənaların "cəmiyyətimiz tərəfindən
müsbət qarşılanması"nın
sosial-psixoloji əsasında nələr dayanırdı?
Aparılan hərbi əməliyyatların zaman keçdikcə
"Dəmir yumruq" adı altında gerçəkləşməsinin
səbəbini, fikrimizcə, bu ifadənin məcazi məna
polifonizmində, Azərbaycan xalqının apardığı
haqq iş uğrunda savaşın fəlsəfəsini ifadə
etmək gücündə axtarmaq lazımdır. Azərbaycan dilində "dəmir pəncə",
"polad bilək" kimi ifadələr var və bu ifadələr
tərkibindəki sözlərin məcazlaşması
hesabına möhkəmliyin, mübarizliyin, gücün ifadəsi
kimi səslənə bilir. Ancaq "dəmir yumruq"
ifadəsi dilimizin leksikasına İkinci Qarabağ
savaşı günlərində, qələbədən qələbəyə
doğru getdiyimiz günlərdə ilk dəfə daxil oldu və
onun yaradıcısı Ali Baş Komandanımızdır.
Xüsusi vurğulayaq ki, "dəmir yumruq" ifadəsi
"dəmir pəncə", "polad bilək" ifadələri
kimi sözlərin məcazlaşması hesabına yaransa da,
onun məşhurlaşmasının, dillər əzbəri
olmasının, müharibə dövrü əməliyyatlarımızın
adına və devizinə çevrilməsinin daha dərin,
daha əsaslı səbəbləri vardı. Məhz
bu səbəblər "Dəmir yumruq"u Azərbaycan
xalqının haqq işi uğrunda savaşının,
müharibəsinin fəlsəfəsinin ifadəsinə
çevirdi. Xalqımızın haqq
işi uğrunda mübarizədə qalib gəlməsi onun bu
mübarizəyə hərtərəfli və çox istiqamətli
hazırlığı ilə şərtlənir. "Dəmir yumruq" apardığımız haqq
işi uğrunda savaşa bizim hərtərəfli
hazırlığımızı
simvollaşdırırdı.
Ali
Baş Komandanın 2021-ci ilin noyabrın 8-də Şuşada
hərbçilər qarşısında
çıxış edərkən dediyi kimi, düşmənin
"bizim şərtlərimizi qəbul edərək,
noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya
aktını imzalayaraq bizim qabağımızda ağ bayraq
qaldırdıqları" gündən bu günə qədər
"Dəmir yumruq"un ifadə etdiyi məna
çalarları, onun adi bir ifadə olmaqdan çıxıb
bizim müharibə siyasətimizin fəlsəfəsini ifadə
etmək gücü geniş ictimaiyyətin fikrini daim məşğul
etmiş, müzakirə və mənalandırma predmetinə
çevrilmişdir. Lakin birmənalı şəkildə
onu da xüsusi vurğulayaq ki, bu siyasətin fəlsəfi məzmunun
ən dərin qatlarına biz elə Ali Baş Komandanın
öz çıxışlarında, müsahibələrində,
xalqa müraciətlərində rast gəlirik.
Müharibədən
sonrakı dövrdə Ali Baş Komandanın çıxışlarında
birbaşa və yaxud dolayı yolla "Biz bu müharibədə
necə qalib gəldik?" sualına verilən
cavablarını, prosesin təhlili istiqamətində irəli
sürülən mülahizələrini ümumi bir məcraya
yönəltsək, "Dəmir yumruq"un ifadə etdiyi
gücün - məna potensiallarının çox zəngin
istiqamətlərini meydana çıxara bilərik.
Şuşada
hərbçilər qarşısındakı
çıxışından bir epizodu xatırlayaq:
"Bildiyimiz kimi, ordu quruculuğu, hərbi potensialımızın
möhkəmləndirilməsi mənim Prezident kimi
başlıca vəzifəm idi" deyən ölkə
başçısı bu istiqamətdə
görülmüş işləri ən yığcam şəkildə
aşağıdakı kimi ümumiləşdirmişdi:
"Bu illər ərzində biz güclü hərbi-texniki
potensial yaratmışdıq. Ən müasir
silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi
və hərbçilər tərəfindən bu texnika
layiqincə istifadə olundu". Bu deyilənlər
yumruğumuzun dəmirə çevrilməsinin ilk və əsas
şərtlərindən birini ortaya qoyur. Əgər
nəzərə alsaq ki, dəmir yumruğumuz "həm
birliyimizi, həm də gücümüzü təcəssüm
etdirir" (Prezidentin Gənclər forumunda gənclərin
suallarına cavablarından), onda yaratdığımız
güclü ordunun, ən müasir silahlarla və
döyüş üsulları ilə silahlandırmağa nail
olduğumuz ordumuzun yumruğumuzun dəmirə çevrilməsində,
dəmir gücü kəsb etməsində roluna heç bir
şübhə yeri qalmır.
Şuşada
hərbçilər qarşısındakı
çıxışında Ali Baş Komandan yumruğumuzun dəmir
gücü kəsb etməsində həlledici rolu olan ikinci
istiqamətin də üzərində kifayət qədər təfərrüatı
ilə dayanıb: "Biz iqtisadiyyatımızı gücləndirməli
idik və yaxşı başa düşürdük ki, buna
nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik.
İlk növbədə, iqtisadi müstəqillik
təmin edilməli idi. Ona görə Prezident kimi ilk
günlərdən iqtisadi müstəqilliyə
hesablanmış bütün lazımi addımlar
atıldı və qısa müddət ərzində biz buna nail olduq".
Hərbçilər
qarşısındakı çıxışında ölkə
başçısının "Dəmir yumruq"umuz olsa
belə, yəni hərbi və iqtisadi potensialımız
çox güclü olsa belə, siyasi müstəqililyimiz
olmadan bizim erməniyə qarşı savaşa girə bilməyəcəyimiz
haqqında mülahizələri də kifayət qədər əsaslıdır.
"Dəmir yumruq" siyasətinin fəlsəfəsində
onun yeri danılmazdır. Bircə cümlə ilə
ölkə başçısı qazandığımız qələbədə
siyasi müstəqililyin yerini və bu müstəqilliyi şərtləndirən
amilləri çox sərrast ifadə edib: "İqtisadi
müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən
söhbət gedə bilməzdi. Biz asılı
vəziyyətdə olardıq".
Hərbçilər qarşısında
çıxışında İkinci Qarabağ
savaşında bizi qələbəyə aparan yolların hərtərəfli
analizini verən ölkə başçısı ilk
baxışda diqqəti çəkməyən, əslində
isə daha ciddi bir istiqaməti də önə çəkir.
Bu hərbi gücü və iqitsadi qüdrəti
dövlətimizin müstəqilliyinin təminatına
çevirən Ali Baş Komandan bizim müharibədə qələbə
qazanmağımızın daha mühüm bir tərəfinə
- zəmanətinə diqqət yönəldir. Bu zəmanət
hansıdır? Əlbəttə, erməni son dərəcə
mənfur, barbar üsullarla bizim 20% torpaqlarımızı
işğal edib, bir milyondan artıq vətəndaşımızı
qaçqına, köçkünə çevirib. Dünya, xüsusən xristian dünyası bunu
özünəməxsus bir tərzdə soyuqqanlılıqla
qarşılayır. Ermənipərəst
mövqe sərgiləyir, ən yaxşı halda isə ikili
standartlarla çıxış edir. Bu vəziyyətdə
biz iqtisadi və hərbi gücümüz olsa belə, Ermənistanla
hərbi qarşıdurmaya gedə bilməzdik. Müharibə aparmaq, bizim öz torpaqlarımız
uğrunda savaşa girməyimiz üçün hüquqi baza
yaratmağımız əsas şərtlərdən biri kimi
qarşımızda dururdu.
Bu bir həqiqətdir ki, Birinci Qarabağ savaşı
dövründə və ondan sonrakı ilk illərdə erməni
informasiya müharibəsində də irəlidə idi. Azərbaycan həqiqətləri
dünyaya həqiqət şəklində yox, bu həqiqətə
geyindrilmiş erməni donunda çatdırılırdı.
Dünyada misli görünməmiş Xocalı
faciəsinin törədiciləri o qədər
azğınlaşmışdılar ki, hətta bu faciəni
azərbaycanlıların özlərinin törətdikləri,
qurduqları bir oyun kimi təqdim etmək istəyirdilər.
Demək, yeganə yol qalırdı: Qeyri-bərabər
qüvvəyə qarşı informasiya savaşına girmək
və nəyin bahasına olursa-olsun, bu savaşdan qalıb
çıxmaq. Sülh yolu ilə mümkün
olmadıqda torpaqlarımızı hərbi gücümüzlə
azad etməyin yolu burdan keçirdi. İnformasiya
savaşına girmək və bu savaşdan qalib
çıxmaq dövlətimizin Qarabağ siyasətinin
prioritetlərindən birinə çevrildi. Ali Baş
Komandan Şuşada hərbçilər
qarşısındakı çıxışında bu siyasətin
həyata keçirilməsi prosesini dəqiq təsvir edir:
"Biz Qarabağ həqiqətlərini, işğalla
bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə
çatdıra bildik. Birinci Qarabağ müharibəsindən
sonrakı ilk dövrdə biz buna nail ola
bilməmişdik. Ona görə dünyada
müharibə ilə bağlı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı təhrif edilmiş təsəvvür var idi.
Biz bunu aradan qaldırdıq. Gecə-gündüz
çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq,
aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş
apararaq bizə əl verən və həqiqəti əks etdirən
qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bu günkü reallıq
üçün hüquqi bazadır". Deməli,
"Dəmir yumruq"umuzu işə salmaq üçün
hüquqi baza yaratmaq lazım idi və dövlət
başçısının uzaqgörən siyasəti nəticəsində
bu da reallaşdırıldı.
Ancaq "Dəmir yumruq" siyasətinin mahiyyəti
bütün bu deyilənlər və edilənlərlə
bitmir. Bu siyasətin kökləri daha dərinlərə
işləyir. Yumruğumuzun dəmirə
çevrilməsindən qabaq başqa bir prosesin cərəyanı
vacib faktor kimi çıxış edir. Yumruq
nədir? Barmaqlarımızın əlimizin
içinə doğru sərt və möhkəm bir şəkildə,
bir nöqtəyə doğru yumulmasıdır. Barmaqların bir nöqtəyə doğru
yürüşü olmadan yumruğun formalaşması
mümkün deyildir. Barmaqlarımızın
təkcə biri bu prosesdən kənarda qalarsa, yumruqdan
danışmaq olmaz. Məsələnin bu
tərəfini prozaik məzmunundan çıxarıb, məcazilik
müstəvisinə qaldırsaq, bu halda "Dəmir
yumruq" siyasətinin fəlsəfi dərinliklərinə
varmış olarıq. Bu siyasətin fəlsəfi
əsasında "birlik" amili dayanır.Bu birlik ilk olaraq
milli birlik şəklində təzahür edir. Azərbaycan çoxmillətli bir dövlətdir.
Çoxmillətli dövlətin milli birliyinin əsasında
vətəndaş həmrəyliyi dayanır. Məlumdur ki, multikulturalizmin Azərbaycan modeli
çoxsaylı millətlərin bir bayraq altında azad
yaşamasının ən uğurlu təminatçısıdır.
Bu həqiqət artıq dünyada qəbul
olunmuşdur. Azərbaycan Respublikası bəlkə
də, dünyada yeganə dövlətdir ki, öz siyasətində
müxtəlifliyin birliyinə nail olmuş, bunu dövlət
siyasətinin prioritetlərindən birinə çevirə
bilmşidir. İkinci Qarabağ
savaşındakı qalibiyyətimiz həm də bu müxtəlifliyin
birliyi ilə şərtlənir. Biz
müxtəlifliyin birliyini qələbəmizin rəhninə
çevirə bildik. Diqqət edək, ölkə
başçısı qələbəmizi siyasi cəhətdən
təhlil müstəvisinə çıxararkən bu prosesə
necə dəqiqliklə analiz verir: "Azərbaycan həmişə
çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da
bizim ənənəmizdir. Əsrlər boyu
müxtəlif xalqlar burada yaşamış, yaratmış,
qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi
bu, həmişə olub və həmişə
olmalıdır. Mənim də sizə
sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz də birliyimiz və
müxtəlifliyimizdədir" (Gənclər forumunda gənclərin
suallarına cavbalarından). Bu dərin analizdən sonra
milli birliyimizin və müxtəlifliyimizin birliyinin "Dəmir
yumruq" siyasətindəki yerini təsəvvür etmək,
elə bilirəm ki, heç kim
üçün çətinlik doğurmaz.
Müdrik
şairimiz H.Cavid Birinci Dünya müharibəsi illərində,
müharibə dəhşətlərinin təsiri altında
yazdığı "Müharibə və ədəbiyyat"
adlı məqaləsində yazırdı: "Hazırkı
müharibənin müvəffəqiyyətini bir çoxları
texnikada, texnikanın mükəməlliyində görürlər.
Halbuki bu qalibiyyətləri yalnız texnikada
deyil, başqa qüvvətlərdə aramalıdır.
Çünki yalnız yaxıb-yıxıcı toplar,
növicad çəpəllinlər, boğucu qazlarla iş
aşmaz... Demək ki, bu günkü müharibədə
toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat
və fəlsəfəsilə bəslənən beyinlər də
ayrıca haizi-əhəmiyyətdir". Bu
fikirlərin qaynaqlarına Azər Turan özünün
"Cavidnamə"sində aydınlıq gətirir. O
"Müharibə və ədəbiyyat" məqaləsindən
geniş söhbət açır və Cavidin milli ruhdan kənar
ədəbiyyata tənqidi münasibəti, Rza Tofiq,
Əbdülhəq Hamid, Tofiq Fikrətin, türk ədəbiyyatında
yetişməkdə olan bəzi gənclərin
yaradıcılıqlarındakı milli ruhu təqdir etməsi
üzərində dayanır. H.Cavidin
dünyagörüşünün əsasında millətə
xidmət ideyasının dayandığı əsaslandırılır.
A. Turanın bu tipli şərhləri H.Cavidin yuxarıda gətirdiyimiz
sitatdakı fikirlərinin mahiyyətini açır, həyata
baxışının fəlsəfəsini işarələyir.
Demək ki, H. Cavidə görə, hər hansı mübarizənin
qalibiyyəti, öncə, həmin xalqdakı milli ruhun səviyyəsi
ilə şərtlənir (Geniş bax: A.Turan. Cavidnamə.
Bakı. Elm və təhsil.
2010, s.26-27).
Ədəbiyyatımız bizim milli ruhumuzu həmişə
humanizmə kökləyib. Nizamidən Cavidə qədərki
və eləcə də sonrakı dövrlərin
yaradıcı simalarının əsərləri hesabına
biz həmişə humanist ruhda tərbiyə olunmuşuq,
humanizm bizim varlığımıza həmişə hakim kəsilib.
Kəssə
hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Filosof-şairin bu sözləri zaman-zaman ana laylası
kimi bizim qulaqlarımızda səslənib, bizi insansevərliyə
səsləyib. Biz heç vaxt hərb istəməmişik.
Ancaq bu mürəkkəb dünyada
özümüzü, öz torpaqlarımızı müdafiə
hissi ilə hərbə hazır olmağın vacibliyini
başa düşmüşük. Biz
torpaqlarımızın azadlığı uğrunda
ölüm-dirim savaşına girmişik. Ancaq bu savaşda da Nizamilər, Cavidlər daim
yanımızda olub, bizi apardığımız Vətən
savaşında da humanizmə səsləyib.
Apardığımız müharibənin humanist xarakterini ilk
dəfə ən dəqiq şəkildə elə Ali Baş
Komandanımız səciyyələndirib: "Biz isə
müharibə dövründə müharibə qanunlarına
riayət etdik, müharibə qanunlarını pozmadıq,
özümüzü ləyaqətlə apardıq, necə
ki, həyatda və siyasətdə ləyaqətlə
aparırıq"
(Ali Baş Komandanın Şuşada hərbçilər
qarşısındakı çıxışından). Biz bunu bacardıq. Ona görə ki, biz
işğalçılıq müharibəsi
aparmırdıq, bizim özgə torpaqlarında
gözümüz yox idi, biz doğma torpaqlarımız
uğrunda savaşırdıq, bizim ürəyimiz bu sevgidən
güc alırdı, bizim qeyrətimiz bu sevgidən alovlanırdı.
Bizim yumruğumuzu güclü edən, qələbəmizi
kəsərli edən Vətən sevgisi idi, doğma torpaq
sevgisi idi, uzun illərin ayrılığından sonra
Şuşaya qovuşmaq həsrəti idi. Artıq
tarixin inanılmaz həqiqətinə, həqiqətin əfsanəsinə
çevrilib ki, Azərbaycan gəncliyi, Azərbaycan ordusu
keçilməz yollardan keçib Şuşanı fəth
etdi, orada Vətən bayrağını
dalğalandırdı. Şuşanı fəth
edənlər, orada Vətən bayrağını
dalğalandıranlar yaşca Şuşanın
işğalı tarixindən kiçik idilər, bəs
hardandı bu sevgi onların ruhunda? Bu sevgini
onlara haqqa söykənən düzgün dövlətçilik
siyasətimiz aşılamışdı. Bu
siyasətin ən mükəmməl xarakteristikası yenə
Ali Baş Komandanımıza məxsusdur. Onu dinləyək:
"Digər önəmli amil gənc nəslin tərbiyəsi
ilə bağlı idi. Çox yaxşı
başa düşürdük ki, əgər bizim
silahımız da, sursatımız da olsa,
iqitsadiyyatımız da güclü olsa, benəlxalq müstəvidə
uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq
uğrunda, Vətən uğrunda öz gücünü
göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti
olmayacaq. Tərbiyə işlərinə
çox böyük fikir verərək gəncləri vətənpərvərlik
ruhunda tərbiyə etdik. İmkan vermədik
ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir
kürsüdən bu məsələ ilə bağlı istər
ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq
tədbirlərdə daim bu mövzu birinci nömrəli
mövzu idi. Gənclər vətənpərvərlik
ruhunda yetişərək öz canlarını fəda edib,
öz qanı
bahasına düşmənin əlindən bizim
müqəddəs torpaqlarımızı ala bidillər. Bütün bu faktorların vəhdəti bizim qələbəmizi
şərtləndirdi".
2022-ci il
iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər
rayonuna səfəri çərçivəsində komando hərbi
hissəsinə döyüş bayrağının verilməsinə
həsr olunmuş təntənəli mərasimdəki
çıxışının başqa bir məqamında məsələnin
bu tərəfini daha geniş aspektdə dəyərləndirmə
müstəvisinə çıxaran
Ali Baş Komandanın çıxışından gətirdiyimiz
sitatdakı fikirlər H.Cavidin müharibə aparan xalqın qələbəsində
onun özünəməxsus fəlsəfəsinin və ədəbiyyatının
oynadığı müstəsna rola dair mülahizələri
ilə üst-üstə düşür, onları
tamamlayır. Deməli, İkinci Qarabağ
müharibəsində qazandığımız qələbənin
əsasında müharibə siyasətimizin və bu siyasətin
fəlsəfəsinin düzgünlüyü dayanır.
Əgər Ali Baş Komandanımız xüsusi şəkildə
vurğulayırsa ki, "bizi Qələbəyə aparan ən
başlıca amil milli ruhdur", demək, müharibə siyasətimizin
əsasında da milli ruhun tərbiyəsi, millətin millət
kimi formalaşdırılması amili dayanır. Toplumun,
xalqın millətə çevrilməsində bəzi digər
amillərlə bərabər milli ruhun formalaşması həlledici
rol oynayır. Fəlsəfi ədəbiyyatda
göstərilir ki, "millətin atributu kimi ərazi
bütövlüyü, mədəniyyət və dil
ümumiliyi nə qədər zəruridirsə, dövlətçilik
də bir o qədər zəruridir. Milləti
təşkil edən əlamətlərdən biri kimi milli
öüznüdərki də qeyd etmək lazımdır.
Milli özünüdərk özünün bu
və ya digər millətə mənsub olduğunu
şüurlu olaraq anlamaqdır" (H.İmanov. Fəlsəfənin əsasları. Bakı, Turan evi. 2007, s. 381).
Milli ruh-milli özünüdərk sosial keyfiyyətdir. Bu isə o deməkdir
ki, hər bir millət övladında bu keyfiyyəti
formalaşdırmaq lazımdır. Böyük
sənətkarlar zaman-zaman bu uğurda mübarizə
aparmışlar. Bu mübarizə xalqı
millət kimi formalaşdırmağın ən əsas şərti
kimi milli ideoloqların düşüncəsində həmişə
önə çıxmışdır. Milli
ideoloqlarımız cəmyiyyətin tərəqqisində,
millətin millət kimi formalaşmasında, dövlətçiliyin
yaranma şərtlərində, möhkəmlənməsində
ədəbiyyatın oynadığı ciddi rola
inanırdılar.
Ədəbiyyatımızın dövlətçiliyimizin
inkişafında, milli tərəqqi yolunda oynadığı
və oynaya biləcəyi rola ən düzgün dəyəri
Ümummilli liderimiz H.Əliyev hələ müstəqilliyimizin
ilk illərində vermişdir. O milli ictimai şüurun
formalaşmasında, milli vətəndaşlıq
düşüncəsinin inkişaf etdirilməsində, milli
birlik və dövlətçiliyimizin, müstəqilliyimizin
möhkəmləndirilməsi uğrunda mübarizədə ədəbiyyatın
üzərinə düşən funksiyaların XIX və XX əsrlər
ədəbiyyatında çox dəyərli ənənələrinin
olmasından danışır və müstəqillik
dövrünün sənətkarlarını bu ənənələri
öyrənməyə, onlardan novatorcasına bəhrələnməyə
səsləyirdi. H.Əliyev deyirdi: "Milli özünüdərk,
milli oyanış, dirçəliş prosesi xalqımıza,
birinci növbədə ədəbiyyatdan keçir" (Heydər
Əliyev və mədəniyyət. Üç
cilddə. II cild. Bakı.
Nurlar NPM., s.216).
H.Əliyev
müstəqillik dövrünün milli ədəbiyyat
strategiyasını müəyyənləşdirərək sənət
adamlarının qarşısına belə bir vəzifə
qoyur: "Ancaq hesab edirəm ki, bir məsələdə siz
daha da yaxından iştirak etməlisiniz, bu məsələ də
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunması, Azərbaycanın qüdrətli ordusunun
yaradılması, Azərbaycan vətəndaşlarının
hərbi vətənpərvərlik, ümumiyyətlə, vətənpərvərlik
ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin
hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin
möhkəmləndirilməsidir. Bu, çox
vacibdir, çox lazımdır" (Heydər Əliyev və
mədəniyyət. s.216).
Bu mülahizələr dövlət başçımız və Ali Baş Komandanımız İ.Əliyevin siyasi kursunun əsasında Ümummilli liderimiz H.Əliyevin siyasi ənənələrinin dayandığını, erməni faşizmi üzərində qələbəmizin tarixi köklərini üzə çıxarır, dövlətçilik tariximizdə irs-varislik əlaqəsinin həlledici şərtlərdən biri olduğunu sübut edir.
Təyyar SALAMOĞLU
Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.2-3.