Sirli seyfin səksən altı illik tilsimi qırıldı

 

Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır  

 

Ötən ilin sentyabrında "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" adlı bir məqalə yazmışdım. ("Ədəbiyyat qəzeti" 10 sentyabr 2022)

Yazı çap olunandan sonra Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli ilə bu barədə ətraflı söhbətimiz oldu və Nadir müəllim məsələni dərindən araşdıracağını, əgər "Divan" tərcüməsinin əlyazması, deyildiyi kimi, Dilçilik İnstitunun seyfindədirsə, onun mütləq tapılıb tədqiq olunacağını dedi. Xatırladım ki, Xalid Səid barədə Azərbaycanda ilk məqalələrdən birini də elə 1988-ci ilin oktyabrında Nadir Məmmədlinin özü yazmışdı. Nadir Məmmədli Dilçilik İnstitutunun direktoru təyin olunduğu gün də telefonda onunla bu barədə söhbətimiz olmuşdu. Bir neçə gündən sonra məlum oldu ki, sən demə, "Divanü lüğət-it-türk" tərcüməsinin adı heç Dilçilik İnstitutu kitabxanasının kataloqunda da qeydiyyata alınmayıb. Baxmayaraq ki, bütün mənbələrdə əlyazmanın saxlanıldığı yer kimi, Dilçilik İnstitutundakı seyf nişan verilirdi, çoxları onu bu institutun seyfində gördüyünü yazırdı. Məsələ burasındadır ki, tərcümənin əlyazması mümkün olan heç bir ünvanda - nə Əlyazmalar İnstitutunda, nə də Dövlət Ədəbiyyat və İncəsənət arxivinin kataloqlarında yox idi. Bəs haqqında çoxlarının danışdığı əlyazma harda ola bilərdi?

Nəhayət, yuxarıda xatırlatdığım yazını - "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" məqaləmi qələmə aldım və dediyim kimi, yazı, "Ədəbiyyat qəzeti"ndə dərc olunandan sonra Nadir müəllimlə danışdıq və o, bütün imkanları səfərbər edib əlyazmanı axtaracağını, Dilçilik İnstitutundadırsa onu aşkarlayacağını dedi.

Hələ 2009-cu ildə yazdığım "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabımda bildirmişdim ki, nədənsə, Azərbaycanın humanitar elm dairələrində Xalid Səidin çevirdiyi mətnin meydana qoyulmasına hər zaman xüsusi və davamlı bir etinasızlıq hökm sürüb. Bu da azmış kimi, onun elmdəki ilkinlik haqqına müdaxilələr NKVD zindanından Akademiya seyflərinə qədər səngimək bilməyib. Şəhid bir alimin sahibsiz qalmış elmi mirasının üzərində şübhəli və qara kölgələr repressiya qaranlıqlarında da, demokratiya aydınlığında da əskik olmayıb. Hətta bəzən "Divani-luğat-it türk"ün Xalid Səid tərəfindən tərcümə edilib-edilməməsi məsələsi də mübahisə predmetinə çevrilib. Qəribədir, hamı bu və ya digər mənada seyfdəki əlyazmadan danışır. Ancaq, nədənsə, heç kəs bu "sirli" seyfin "tilsimini" qırmağa, içərisindəki milli sərvəti - əlyazmanı Xalid Səidin adı ilə nəşr etməyə cəhd göstərmir".

Xalid Səidin tərcümə etdiyi Divan nüsxəsinin it(iril)miş əlyazmasının taleyi türkologiyamızın ən həssas, ağrılı və yaralı yerlərindən biridir. Azərbaycanda belə bir anoloji tale yaşamış başqa bir kitab yoxdur. Kitabın taleyi hətta bir romanın, bir filmin mövzusu ola bilərdi. Xalid Səid Xocayev bu əsəri tərcümə etdiyinə görə güllələnib. Bu kitaba görə neçə ailənin çırağı sönüb. İstintaq zamanı Xalid Səidin "Vəli Xuluflu və Zifeld Mahmud Kaşqarlının pantürkist kitabını tərcümə etdiyim üçün məni müdafiə edirdilər" - deməsilə onlar da məhv edilib. Vəli Xuluflunun güllələnməsinə, Zifeldin sürgün edilib 10 ildən sonra sürgündə 50 yaşında qocalığı səbəbilə ölməsinə bu kitab yol açıb. Bu kitaba görə (həm də bu kitaba görə) Xalq Maarif Komissarı Pənah Qasımov güllələnib...

1937-ci ildə Divanın taleyinə necə düyün vurulubsa, problem 86 ildir ki çözülməmiş qalıb.

İstər 2008-ci ilin 12 sentyabrında "Ədəbiyyat qəzeti"ndə yazdığım "Bu dünyada bir Xalid Səid vardı" məqaləmdə, istər yenə də "Ədəbiyyat qəzeti"nin 14 noyabr 2008 tarixli sayında dərc olunmuş "Divanü Lüğat-it-Türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət"imizdə, istər Sevda İsmayıllı ilə "Güllələdikdən sonra ruhundan da əl çəkmədilər" adlı radioverilişdə, istər 2009-cu ildə nəşr olunmuş, yuxarıda xatırlatdığım "Xalid Səid Xocayev" kitabımda və sonrakı məqalalərimdə də dönə-dönə bildirmişəm ki, Divanın Xalid Səid tərəfindən tərcümə edildiyini çoxları qeyd edib, onun Dilçilik İnstitutunun seyfində olduğunu çoxları yazıb, amma bu günə qədər də heç kəs tərcümənin elmi təsvirini verməyib, taleyi ilə bağlı konkret fikir söyləməyib... Və mənə elə gəlir ki, Divan barədə konseptual fikrin söylənməməsi yalnız 37-ci ilin uzun müddət davam edən vahiməsi olmayıb, sadəcə, bu böyük abidənin yaxası əllərdə qalıb, onun varlığını məchula çevirən, ortaya çıxarılmasına mane olan Stalin repressiyasının ürəklərdə yaratdığı vahimədən daha çox, alimlərimizin şəxsi ambisiyaları, problemə ümummilli kontekstdə deyil, fərdi mövqedən yanaşmaları olub.

Yuxarıda xatırlatdığım, "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" məqaləmdən sonra məsələ yenidən aktuallandı. Nadir Məmmədli Dilçilik İnstitutunun kitabxanasını, necə deyərlər, başdan sona qədər təftiş etdi və nəhayət məlum oldu ki, Əlyazma kataloqda qeydiyyatdan keçməsə də, gerçəkdən də Dilçilik İnstitutunun kitabxanasında, qalaq-qalaq kitabların basırığında 30-cu illərdən qalma əlyazmaların, kitabların arasındaymış.

Hər nə isə... Nəhayət, "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" məqaləsi sirli seyfin 86 il davam edən tilsiminin qırılmasına səbəb oldu. Professor Nadir Məmmədlinin bu addımı gərək ki, Eynşteynə aid bir sözü xatırlatdı mənə: "Hamı bilir ki, nə isə olmalıdır. Amma heç kəs bilmir ki, nə olmalıdır. Bir nəfər tapılır və həmin şeyi edir". Bu dəfə bunu Nadir Məmmədli etdi.

Uzun illər kitabların arasında sükuta dalmış bu üç qovluqdakı əlyazma Xalid Səidin rəhbərliyi ilə hazırlanmış tərcümənin əlyazmasıdırmı? Onsuz da bu əlyazmanı indiyə qədər çoxları görmüşdü. Sadəcə, dilemma hökm sürürdü. Tərcümə Xalid Səidindir, yoxsa başqasınındır? Məsələ çox həssasdır. Bu əlyazmanı nəzərdə tutub "Xalid Səidin əlyazması Dilçilik İnstitutunun seyfindədir" deyənlər də, "seyfdəki əlyazma Xalid Səidə məxsus deyil" söyləyənlər də vacib bir sualı cavablandırmayıblar: Tərcümə Xalid Səidin deyilsə, bəs kimindir? 1937-ci ilə qədər "Divan"ın tərcümə edilməsi ilə bağlı Xalid Səidin rəhbərliyi ilə komissiya yaradılıbsa (və başqa komissiya da yaradılmayıbsa), Xocayevin özü "Divan"ın tərcümə prosesi barədə ayrıca məqalə yazıbsa və əldə olan üç cildlik variantın iki cildi latın qrafikalı makinada, yəni elə otuzuncu illərdə yazılıbsa, o zaman əlyazma nüsxəsinin tərcüməçisi Xalid Səid deyilsə, bəs kimdir?

Burda bir haşiyə çıxmaq istəyirəm. Xalid Səid Xocayev 1934-cü il martın 14-də Şuralar Elm Akademiyasının Azərbaycan şöbəsindən xahiş etmişdi ki, onu daimi işlə təmin etsinlər və həmin məktuba aprelin 14-də Vəli Xuluflu belə bir dərkənar qoymuşdu: "Heyət rəyasətə xahiş edirəm, birinci dərəcəli elmi işçi təyin edəsiniz. Əmək haqqının aylıq üç yüz manat olması daha münasibdir. Vəli Xuluflu". Bunu niyə xatırlatdım? Xocayevin qızı Bəhicə xanım mənə Xalid Səid tərəfindən yazılmış "Elmi əsərlərimin siyahısı və onların müxtəsər xarakteristikası" adlı bir sənəd göstərmişdi. Orda təbii ki, "Divanü-lüğət-it-türk"ün tərcüməsinin adı yox idi. Çünki hələ 1934-cü il idi və Xalid Səid hələlik Divanın tərcüməsinə başlamamışdı. Amma siyahıda başqa bir əsəri barədə informasiya var: "Türk dilinin tarixi qrammatikası". "12 çap vərəqi həcmində əlyazma şəklindədir. Çapa hazırlanır. Bu kitab XI əsr ümumtürk dilinin tarixi qrammatikasıdır. Mahmud Kaşqarlının tarixi əsəri əsasında hazırlanıb. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının tapşırığına əsasən yazılıb". Və təbii ki, əsər çap olunmayıb. 1937-ci ildə Xalid Səidin evindən NKVD-nin müsadirə edib götürdüyü sənədlərin arasında gedib və sonra da digər əsərləri kimi "itkin" düşüb.

Deməli, Xalid Səid Kaşqarlı Divanı üzərində çalışmalara, 1935-ci ildən qabaq başlayıbmış.

Bizim Akademiya sistemində elmin romantikasını qəbul etməyən nihilistlər hər zaman olub. Bir az da onların nihilizmi belə bir hazır tərcümə mətninin, abidənin hətta başqasına aid olsa belə, indiyə qədər üzə çıxarılıb nəşr olunmasına mane olub.

Burda zəruri haşiyə çıxmaq istəyirəm. XX əsrin ortalarında Azərbaycanda yeni əlifba layihəsi müzakirə olunarkən əsrlər boyu dəyişməz qalan erməni əlifbasının banisi Mesrop Maştos haqqında bizim mətbuatda çox məqalələr çap edilib. Qeydsiz-şərtsiz inanmışıq ki, 361-ci ildə erməni yazısını tərtib edən M.Maştos 17 fevral 440-cı ildə Ecmiadzinin Oşakan kəndində vəfat etmişdir. İlləri də, ayları da, hətta ayın günlərini də "dəqiq" göstəriblər. Və bu saxta fakt dünyanın bütün mədəni millətlərinin ensiklopediyalarında özünə yer tapıb. Biz isə min il əvvəlki türk mədəniyyətinin abidəsini ehya edən və buna görə də, 1937-ci ildə erməni Yuvelyan Sumbatovun əmri ilə güllələnmiş Xalid Səid Xocayevin haqqını özünə qaytarmaqda hələ də tərəddüd edirik.

1935-ci ildə Xalid Səid "Divan"ın tərcüməsi ilə bağlı ayrıca məqalə yazıb. Həmin məqalədə o, "Divan"ın tərtibində yeni sistemin tətbiq ediləcəyini, onun 14 prinsip əsasında hazırlanacağını deyirdi. İndi əldə olan əlyazmada bu sistem gözlənilibmi, bilmirəm. Dəyişikliklər də ola bilərdi. Çünki Xalid Səid 1936-cı ildə dərc etdirdiyi bu məqaləni qeyd etdiyim kimi, 1935-ci ildə yazmışdı və tərcümə prosesində yeni fikirlərin doğulması da mümkün idi. Məqaləni niyə xatırlatdım? Əgər əldə olan tərcümə 1937-ci ilə qədər dilçilik sektorunun təşəbbüsü ilə "Divan" tərcüməsi üzərində işə başlayan Xalid Səidin deyildirsə, onda belə çıxır ki, elə həmin illərdə, yəni Xalid Səidlə paralel, yaxud Xalid Səid güllələnəndən iki il sonraya qədər, yəni hələ repressiya tonqalının şiddətlə alovlandığı 1937-1939-cu illər arasında eyni institutda kimsə "Divan" tərcüməsi ilə ayrıca, fərdi şəkildə məşğul olurmuş? Bu isə, sadəcə, mümkün deyildi. Ən azı ona görə ki, 1937-ci ilin istintaq materiallarında Kaşqarlı Divanı pantürkist konsepsiyalı kitab kimi şərlənmişdi və bu kitabla münasibəti olan hər kəsi Azərbaycan SSR xalq daxili işlər komissarı erməni Sumbatovun əmri ilə ya güllələyir, ya da sürgün edirdilər. Elə bu səbəbdən də, aydındır ki, 1937-ci ildən 1956-cı ilə qədər heç kəs bu əsəri Elmlər Akademiyasının tədqiqat sferasına daxil edə bilməzdi. Kitab yalnız 1956-cı il bəraətindən sonra və 60-cı illlərdə yenidən dövriyyəyə qayıda bilərdi, o illərdə isə təbii ki, tərcümə latın qrafikalı makina ilə deyil, kiril əlifbası ilə hazırlanmalıydı. Xatırladım ki, indi Dilçilik İnstitutunda nəşrə hazırlanan kitabın üçüncü cildi də kiril qrafikalı makinada yığılıb. Düzəlişlər bu dəfə kiril əlifbalı mətn üzərində aparılıb. Və bu da təbii ki ayrı bir söhbətin mövzusudur. Yenə də sual doğur. Niyə bizim alimlər 1960-cı illərdə əllərində olan belə mötəbər abidənin nəşr olunmasına cəhd göstərməyiblər? Şübhəsiz ki, Divanın belə dağınıq və dumanlı taleyi hər şeydən əvvəl Xalid Səidin aqibəti ilə bağlıdır.

İstər 1939-40-cı illərdə İstanbulda nəşr olunmuş "Divanü-Lüğat-İt-Türk"ə yazdığı ön sözün "Türkiye Dışındakı Türklerin "Divanü-Lüğat-İt-Türk" ile İlgilenmeleri" qismində Besim Atalay, istərsə də 1973-cü ildə SSRİ də "Sovetskaə törkoloqiə" jurnalında yazdığı "İz istorii oteçestvennoy törkoloqii" məqaləsində Kononov Akademiyanın Azərbaycan filialında Divanı tərcümə etmək üçün xüsusi bir komissiya qurulduğunu və tərcüməçilər heyətinə rəhbərliyin Xalid Səid Xocayevə həvalə olunduğunu yazırdılar. Komissiya üzvləri isə təbii ki, o illərdə Xalid Səidin tələbələrindən təşkil oluna bilərdi... Burda tələbələrdən başqa, eyni zamanda, görkəmli alim Juze də ola bilərdi. Xalq yazıçısı Anar 20-ci illərdə Juze və Xalid Səidin "Divanü-lüğat-it-türk"ü tərcümə etmək təşəbbüsündə bulunduqlarını yazır.  

2009-cu ilin yanvarında "Xalid Səid Xocayev" kitabımı çapdan əvvəl oxuyub rəyini bildirməsi üçün professor Kamil Vəli Nərimanoğluna vermişdim. Oxuyub qeydlərini yazmış, kitab barədə xoş sözlər demişdi. Həmin il nəşr olunan kitabın rəyçisi də professor Kamil Vəli idi. Kamil Vəli ilə "Divan" barədə də danışmışdıq. Bildirmişdi ki, Ziya Bünyadov Dilçilik İnstitutundakı Divan tərcüməsinin Xalid Səidə, həmin nüsxədə qırmızı qələmlə aparılmış redaktələrin isə Malova aid olduğunu deyirmiş (İndi Dilçilik İnstitutunda nəşrə hazırlanan əlyazmada qırmızı qələmlə edilmiş təshihlər çoxdur).

Əlyazmada Juzenin də, Dəmirçizadənin də, Ələsgərzadənin də xətləri ola bilər və var. Amma təbii ki, tərcümənin hasilə gəlməsində Juzenin rolu daha böyük ola bilər. Çünki Panteleymon Juze (Bəndəli ben Səliba) Bakıda yaşasa da xristian mənşəli ərəb idi. Ərəbcə onun doğma dili idi. "Divanü lüğət-it-türk" barədə hələ 1925-ci ildə Bakıda ilk silsilə araşdırmaları o qələmə almışdı. Amma ötən məqaləmdə də yazdığım kimi, "Divanü Lüğət-İt-Türk"ü tərcümə etdiyinə görə onu deyil, Xalid Səidi güllələmişdlər. Juze 1942-ci ilə Bakıda evində dünyasını dəyişmişdi. Bütün bunlar ona dəlalət edir ki, heç bir səbəb təməl işin Xalid Səidə aid olduğuna kölgə sala bilməz və bilməməlidir. Nə olsun ki, əlyazmanın sonunda çoxlarının qeydi var? Və bu qeydlərdə Xalid Səidin adı çəkilmir. Ziya Bünyadov "Qırmızı terror" kitabında bəlkə elə bu məqama diqqəti cəlb etmişdi: "Təəssüf ki, Xocayevin minnətdar şagirdləri... Xalid Səidi xoş bir sözlə xatırlamağı belə ona çox görürdülər".

Əlyazmada Xalid Səidin adının olmamasına gəlincə, repressiya olunanların adının hər yerdən silinməsi 1937-ci ildə adi hal idi.

Bir az əvvəl xatırlatdığım kimi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dilçilik sektorunun təşəbbüsü ilə "Divan" tərcüməsi üzərində işə başlayarkən Xalid Səid yazırdı ki, "mı nadeemsə, çto vse speüialistı - törkoloqi svoimi sovetami i ukazaniəmi pomoqut v uspeşnoy realizaüii postavlennoy zadaçi. Perevodçik ispıtıvaet bolğşuö nujdu i tesnoy svəzi s üentralğnoy Akademii Nauk, kak dlə ispolğzovaniə i oznokomlene o bolğşinstvom pamətnikov po törkskim əzıkam, tak i dlə poluçaniə sovetom u liü, zanimaöşixsə törkiskimi əzıkami".

Bu mülahizələrin keçdiyi məqalə 1936-cı ildə dərc olunsa da, yuxarıda xatırlatmışdım, yazı bir il əvvəl, 1935-ci ildə imzalanıb. Əsas olan budur. Məqalədə də göründüyü kimi, əsərin tərcüməçisi birmənalı şəkildə Xalid Səiddir.

Bunu təsdiq edən başqa bir dəlil də var. 2008-ci ildə Xalid Səid barədə kitab üzərində çalışarkən, qızı Bəhicə xanım mənə atasının 1935-ci ildə yazdığı və SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəşr etdiyi "Əsərlər"in linqvistika seriyasının 1936-cı il 31-ci cildində dərc olunmuş məqaləsinin makina nüsxəsini göstərmişdi. Bu məqalə sonralar - 1988-ci ildə Ədalət Tahirzadə tərəfindən "Sovetskaə törkoloqiə" jurnalının 3-cü sayında da təqdim olunub. Bəhicə xanımın mənə göstərdiyi makina nüsxəsinin surətini çıxarıb özümdə saxladım. İndi bu cansız kağızlar həm də ona görə əhəmiyyətlidir ki, bu makina nüsxələrinin üstündə Xalid Səidin öz xətti ilə etdiyi düzəlişlər, yaxud latın əlifbası ilə yazılmış mətnə ərəb əlifbası ilə olan sözlərin müəllif tərəfindən əlavə edilmiş nümunələri var. Və bu nümunələr Akademiya seyfindəki Divan nüsxəsinin üzərində gəzən əllərdən birinin Xalid Səidə aid olduğunu, redaktə işlərinin böyük bir qisminin onun tərəfindən edildiyini sübut edir. Xalid Səid "Divan"ı tərcümə etmək üçün yüksək yetənəyə sahib idi. 1935-ci ildə Bəkir Çobanzadənin yazdığı kimi, "Xalid Səid Xocayev yüksək səviyyəli linqvist şərqşünaslardandır. O, türk, ərəb, fars, rus dillərini də mükəmməl bilir. Xocayev 10 il ərzində tələbə və aspirantura kurslarında türk dilinin üslub və qrammatikası, qədim abidələrin oxunması və başqa sahələri uğurla tədris edir". Divanın tərcüməsi üçün Xalid Səidin seçilməsində yəqin onun həm də bu xüsusiyyətləri nəzərə alınmışdı.

Biz isə mətləbdən uzaqlaşmayaq. Xocayev xatırlanan məqaləsində nümunə üçün "Divan"dan üç sitat verib. Mən də həmin sitatlardan birini - "Əyri" sözünün izahını o zaman xatırlatdığım kitabımda Besim Atalayın tərcüməsi ilə müqayisəli şəkildə təqdim etmişdim. İndi isə ona professor Nadir Məmmədlinin çapa hazırladığı nüsxə ilə müqayisəli şəkildə nəzər yetirmək istəyirəm:

Diqqətlə baxın. Fərq bu qədərdir.

Xalid Səidin 1935-ci ildə yazdığı məqalədəki örnək:

"Əkri - əyri olan bir şey... Məsəl: Yilan kəndu əkrisin bilmas təfi boynin əkri ter". Mənası: İlan öz əyriliyini bilməz, dəvə boynunun əyri olduğunu söylər. Bu məsəl özündə olan (eyb) ilə (başqasını) eybləyən şəxs haqqında deyilir".

Akademiyanın Dilçilik İnstitutunun arxivindəki tərcümənin I cild, 2-ci hissəsindəki 658-ci maddədən:

"Əgri. Əyri. Hər bir əyri şey. krivoy

Məsəl. Yılan kəndü əkrisin bilməs, tivi boynın əgri ter". Mənası: İlan öz əyriliyini bilməz, dəvənin boynuna əyridir deyər. Bu məsəl özündə olan eyblə başqasını eybləndirən şəxs haqqında söylənir".

Göründüyü kimi, mətnin üzərində redaktə aparılsa da bu, çox elementar redaktədir, xəfif təshihlərdir.

Digər tərəfdən, Besim Atalay Azərbaycanda Divan tərcüməsi ilə bağlı yaradılmış komissiyanın raportunda təqdim olunan nümunələrlə tanış olandan sonra yazırdı ki, "kəlimələr xaqaniyyə türkcəsinə görə - əski Kaşqar dilincə - yazılacağı yerdə bugünkü Türkistan xalqının şəhərləri söyləyişinə görə yazılmışdı". Görünür, yanlış da bir naxışdır. Bunun da indi ayrıca önəmi var. Çünki o dönəmdə Bakıda o vaxtkı Türkistan xalqının şəhərlərinin dilində yazan tək adam elə əslən türküstanlı olan Xalid Səid Xocayev idi. Ümumiyyətlə, Xalid Səidin dili üç mərhələnin məcmusudur. 1) Özbəkistanda anadan olub, orta məktəbi orda bitirib. 2) İstanbul Universitetində təhsil alıb. 3) Elmi əsərlərini Bakıda yazıb. 1926-cı ildə yazdığı "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabında bu üç mərhələnin hər birinin təsiri görünməkdəydi. 2008-ci ilin 12 sentyabrında bu əsərin "Birinci Ümum Türkoloji Qurultayı" hissəsini, 2015-ci ilin 29 avqustunda isə "Annagəldi baba ilə kiçik müsahibə" hissəsini "Ədəbiyyat qəzeti"ndə dərc edərkən korrektorlara Xalid Səidin üslubunu təshih etməməyi xahiş etmişdim.

 

***

 

...İndi Xalid Səidin qızı Bəhicə xanım bu dünyada yoxdur. Fikri-zikri Divan tərcüməsinin yanındaydı, ədalətin bərqərar olacağına və Xalid Səidin tərcümə etdiyi "Divan"ın tapılacağına, o ölməz əsərin bir gün işıq üzü görəcəyinə inanırdı. Dünyadan elə bu inamla da getdi...

Düşünürəm, nə yaxşı ki, 2008-ci ilin 14 noyabrında onunla söhbətimi "Ədəbiyyat qəzeti"ndə elə bu adla da təqdim etmişəm: "Divanü Lüğat-it-Türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". Bəhicə xanım deyirdi ki, "...İndi Mahmud Kaşqarlının "Divanü luğat-it türk" əsərinin ilk tərcüməsinin atama aid olmadığını iddia edən adamlar var. Bilmirəm niyə belə deyirlər?"

 

***

 

Bu ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasına AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məni də dəvət etmişdi. Həmin iclasdakı çıxışımda da "Divan" barədə danışdım. Dedim ki, professor Nadir Məmmədli "Divan"ın 1930-cu illərdəki tərcüməsini yenidən dövriyyəyə qaytarıb. Tərcümə ilk dəfə Bakıda gerçəkləşibsə, Azərbaycan Milli Elmlər Akademiyası problemi aktuallandırıb onun çapını reallaşdırsa, bu, Azərbaycan türkologiyasının (və ümumən, Azərbaycan elminin) dünyadakı nüfuzuna əhəmiyyətli dərəcədə təsir göstərər.

Azərbaycan Milli Elmlər Akademiyası türkolojinin ana kitabı olan "Divanü lüğət-it-türk"ün Xalid Səid versiyasını nəşr etməli və Beynəlxalq Türk Akademiyası, TÜRKSOY-la birgə Bakıda Beynəlxalq Elmi Konfrans keçirib problemin nəhayət, çözüldüyünü, "Divanü Luğat-İt-Türk" tərcüməsinin ilk dəfə 1930-cu illərdə Bakıda Xalid Səid tərəfindən gerçəkləşdirildiyini bəyan etməli, məsələnin yekun elmi müzakirəsini keçirməlidir.

Nəhayət, səksən altı ildən sonra problem çözülür. Tilsim qırılır. "Divan" magiyası sona çatır... İnamla demək olar ki, bu gün Dilçilik İnstitutunda üzərində iş gedən əsər Xalid Səidin tərcümə etdiyi və onun ümumi redaktəsi ilə hazırlanmış mətndir. Redaktə prosesində iştirak edən tərcüməçilər heyətinin rolu nə qədər böyük olsa da, məsələ elmi müzakirəyə çıxırılsa bütün Azərbaycan türkoloqlarının mövqeyi birmənalı olacaq: Tərcümə Xalid Səidindir.  Akademik Nizami Cəfərov da, professor Firudin Ağasıoğlu da, professor Kamil Vəli də, professor Qəzənfər Kazımov da belə düşünür. Nəinki türkoloqlarımız, əminliklə deyirəm, Azərbaycanın bütün ziyalı elitası belə düşünür.

Təsəvvür edin, bu gün Bakıda Akademiyanın Dilçilik İnstitutunda Xalid Səidin 30-cu illərdə üzərində çalışdığı tərcümə, yəni "Divanü lüğət-it-türk"ün dünyadakı ilk tərcüməsi çapa hazırlanır. Bu artıq təkcə Azərbaycan türkologiyasının deyil, dünya türkologiyasının uğurudur. 1937-ci ildə təkcə bizim türkşünaslığın deyil, dünya türkologiyasının üstünə çökmüş qanlı, qatı və qaranlıq duman işıqla əvəz olunur... Milli türkologiyamızın idealı gerçəkləşir.

 

***

 

Dəqiq bilmirəm, hansı ildə olub bu, amma bunu Bəhicə xanımdan eşitmişdim. Respublika sarayında Heydər Əliyevin Azərbaycanın görkəmli ailələrinin nümayəndələrilə görüşündə Səməd bəy Mehmandarovun ailəsi adından iştirak edən Bəhicə xanım (o, ana tərəfdən Mehmandarovun bacısının nəvəsidir) böyük ehtiram bəslədiyi Heydər Əliyevdən atasının tərcümə etdiyi mətnin tapılması üçün yardım istəmişdi.

İndi Ümummilli liderin 100 illiyidir. "Heydər Əliyev İli"dir. Divan tərcüməsinin nəşri bu tarixi zamana - "Heydər Əliyev İli"nə Milli Elmlər Akademiyasının ən mükəmməl töhfəsi olardı.

P.S. 2006-cı ilin 15 iyununda "Ədəbiyyat qəzeti"ndə "Divanü lüğət-it türk" barədə "Hz. Yusifə bənzədilən kitab" adlı bir yazı yazmışdım. Məqaləmin sərlövhəsi "Divanü lüğət-İt-Türk"ün taleyini Hz. Yusifin taleyi ilə qiyaslandıran Əli Əmirinin sözlərindən götürülmüşdü: "Bu kitabla Hz. Yusifin arasında bir bənzərlik var. Yusifi qardaşları bir neçə axçaya satdılar. Fəqət sonra Misirdə özü ağırlığında cəvahirə satıldı. Bu kitabı da Bürhan mənə 33 lirəyə satdı. Fəqət, mən bunu bir neçə misli ağırlığında almaslara, zümrüdlərə vermərəm".

İndi gözlədiyimiz o möhtəşəm an gerçəkləşməkdədir. Akademiyadakı sirli seyfin səksən altı illik tilsimi qırılıb. Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır. Mən onu Əli Əmirinin sözlərinə bənzəyən başqa sözlərlə salamlamağa tələsirəm. Bunu da mənə rəhmətlik Bəhicə xanım danışmışdı: "Atamın anama dediklərini öz qulaqlarımla eşitdim və heç unutmadım... Üç qovluq vardı. "Divan"ın tərcüməsi həmin qovluqlardaydı. Qovluqları anama göstərib dedi ki, məndən sonra bu qovluqları istəsələr vermə. Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, onları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, müqabilində o ağırlıqda da qızıl tələb edərsən. Yəqin ki, o, bunu məcazi mənada deyirdi. Qovluqdakı əlyazmaların necə qiymətli olduğunu bildirmək istəyirdi".

 

Yaddaş üçün...

 

"Xalid Səid Xocayev - şəhid türkşünas" kitabım 2009-ci ildə nəşr olundu.

2009-cu il oktyabrın 7-də Bakıda Atatürk Mərkəzində kitabın təqdimatını keçirdik. Professor Cavad Heyət, Xalq şairi Zəlimxan Yaqub, millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, Türkiyədən professor İbrahim Yıldırım, Ədəbiyyat İnstitutundan Aslan Salmansoy, Bəhicə Xalid Səid qızının qohumu, Fizika İnstitutunun Laboratoriya müdiri, professor Tarverdi Əzizov maraqlı çıxışlar etdilər.

Kitabı Bəhicə xanıma da göndərdim. Cavab məktubu yazdı: "Hörmətli Azər müəllim, mən bu məktubu Kanadadan yazıram. Allahın əmri belə imiş - mən də qəriblikdə yaşamalıymışam. Xalid Səid haqqında yazdığınız kitabı iki gündür ki, almışam. Alıb nə qədər sevindiyimi desəm, heç bir şey deməmiş olaram. Çox sağ olun. Siz mənim atamı yenidən dünyaya qaytardınız. Sizə ədəbi-elmi fəaliyyətinizdə uğurlar diləyirəm. Çünki sizin bütün fəaliyyətiniz nəcib, xeyirxah bir işə həsr olunub. Siz Əli bəy Hüseynzadəni, Hüseyn Cavidi, Xalid Səidi və daha kimləri, kimləri öz əsərlərinizlə yenidən həyata qaytardınız, ruhlarını şad etdiniz. Bu, həm də çox savab işdir. Allah köməyinizdə olsun.

Mən bütün ailəmlə birlikdə sizə can sağlığı və ədəbi fəaliyyətinizdə çox zirvələri fəth etməyi arzu edirəm. Haqsız əzab çəkərək həlak olanların ruhunu şad etdiyinizə görə nəsillər sizə minnətdar olacaq.

Azər müəllim, siz Xalid Səidin elmi fəaliyyəti ilə yaxından tanışsınız. Şahidi olduqlarımı, mənim gözüm qarşısında gecə və gündüz Mahmud Qaşqarının "Divan"ı mətninin izahlı elmi tərcüməsinin üzərində necə çalışdığını, əsəri elmi redaktorları olan Malov və Kraçkovskiyə çatdırmaq məqsədi ilə Leninqrada tələsdiyini sizə danışmışam. Əfsus ki, arzusu ürəyində qaldı. Siz də bunları kitabınızda yazmısınız.

Azər müəllim, mən ümidvaram ki, ədalət öz yerini tapacaq və Xalid Səidin "Divan" tərcüməsinin müəllifi olduğu sübuta çatdırılacaq və o ölməz əsər bir gün işıq üzü görəcək. Sizə bu işdə uğurlar arzulayıram. Hörmətlə,  Bəhicə Xalid Səid qızı. 21 oktyabr 2009. Kanada".

 

 

***

 

2018-ci ilin noyabrında Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetində keçirilən bir konfransda Universitetin rektoru Şavkat Şaripova və salona xitab edərək soruşdum ki, "Abdulla Qədirinin "Ötən günlər" romanını Bakıda Azərbaycan türkcəsinə çevirən özbək Xalid Səid Xocayevi tanıyırsınızımı?". Özbək professorlarının sükut dolu baxışlarını heç unuda bilmirəm. Bəlkə də mən sualımı aydın verə bilməmişdim. Hər nə idisə, susmuşdular. Sonra rektora xitab edib dedim ki, "Xalid Səid Xocayev bu universitetin qurucularından olub". Rektor dəftərini açıb nəsə qeyd etdi. Mən isə davam etdim: "Divanü lüğat-it-türk"ün dünyada ilk tərcüməsi Türkiyədən əvvəl Azərbaycanda, özbək Xalid Səid Xocayev tərəfindən gerçəkləşdirilib". Xalid Səidin Divan üzərində çalışmaları barədə danışdım. Çıxışımın sonunda isə rektora və konfransa qatılmış Ozbəkistan Elmlər Akademiyasının akademiki, vaxtilə Xəlil Rza Ulutürkün elmi işinə opponentlik etmiş dəyərli Bəxtiyar Nəzərova "Xalid Səid Xocayev - Şəhid türkşünas" kitabımı bağışladım... Özbək alimi professor Həmidulla Baltabayev də ordaydı. Tədbirdə iştirak edən başqa özbək alimləri də məndən kitab istədilər. Onlara da kitab bağışladım...

O kitabı yazarkən müxtəlif sənədlərə, Xalid Səidin köhnə və artıq nadir nüsxələri qalmış kitablarına (o kitabları Xalid Səidin ən etibarlı tələbəsi Əli Sultanlı qoruyub saxlamış, sonra titul vərəqinə "Müəllimim Xalid Səidin qızı Bəhicə xanıma müəllimi Əli Sultanlıdan" qeydini yazıb bağışlamışdı. Mən kitabdan həmin ürək sözləri yazılmış səhifənin fotosurətini də götürüb saxlamışam), əlyazmalara, Stalin dönəmində diqqətdən yayınmış kağızlara və təbii ki, Bəhicə xanımın demək olar ki, günaşırı lent yazısına aldığım söhbətlərinə istinad etmişdim. İndi Bəhicə xanım dünyada yoxdur. Ömrünün son on ilini Kanadada yaşadı. Dünyasını dəyişdiyi gün telefonla danışmışdıq. Bəhicə xanımla danışdığımız günün axşamı, yanvarın 29-da qızından kədərli bir məktub aldım. "...Salam, Azər müəllim, bu gün anam rəhmətə gedib. Gündüz çox şad idi ki, sizlə danışdı. Axşam halı pis oldu, həkimlər heç bir şey edə bilmədilər. Hörmətlə, Əfruz". Bir gün sonra "Ədəbiyyat qəzeti"ndə "Metafizik və sürreal işıq, yaxud Bəhicə xanımın son yuxusu" adlı yazı yazdım. ("Ədəbiyyat qəzeti", 1 fevral 2020).

"Xalid Səid Xocayev" kitabımı Bəhicə xanım rus dilinə tərcümə edibmiş, bunu son telefon söhbətimizdə mənə özü dedi. Bəhicə xanımı itirdiyimiz günlərdə Əfruz xanım o tərcüməni poçtla mənə göndərdi. İndi o nüsxəni kitabxanamda Bəhicə Xalid Səid qızının yadigarı kimi əzizləyirəm.

Bəhicə xanımla etdiyim söhbətin mətni xocayevşünaslıq üçün ciddi qaynaqlardan biridir. Özbək alimi, professor Baltabayev Daşkənddə tərcümə və nəşr etdiyi "Yangi alifbo xususida eski xotira va tuyg"ularim" kitabına yazdığı "Özbək dili və ədəbiyyatının Azərbaycandakı böyük nümayəndəsi Xalid Səid" adlı ön sözdə məhz bu kontekstdə maraqlı (və şəxsən mənim üçün ilginc) fikirlər söyləyir: "Azərbaycan alimi Azər Turan "Xalid Səid Xocayev - şəhid türkşünas" adlı bir kitab yazmışdır. 1937-ci ildə Xalid Səidin əsərləri məhv edilsə də, qızı Bəhicə xanımın xatirələri əsasında müəllif onun elmi portretini yaratmışdır".

Professor Cəlal Qasımov da "Xalid Səid Xocayev" kitabında daha çox həmin söhbətlərə istinad edirdi və s.

Bəhicə xanım 2016-cı ilin fevralında Birinci Türkoloji qurultayın 90 illiyi ərəfəsində yubiley iştirakçılarına çatdırmaq üçün müraciətinin videosunu çəkdirib mənə göndərmişdi. Həmin çıxış Xalid Səid haqqında İctimai TV-də hazırlanacaq veriliş üçün nəzərdə tutulmuşdu. Sonra hansı səbəbdənsə o veriliş çəkilmədi. Bu videomüraciətdə də Bəhicə xanım Azərbaycan alimlərinə "Divanü Lüğat-it-Türk"ün Xalid Səid tərcüməsini vəsiyyət edirdi. Bəhicə üzünü Azərbaycanın elmi ictimaiyyətinə tutub deyirdi ki: "Xalid Səid bütün ömrünü Azərbaycan türkologiyasına, onun inkişafına həsr etmişdi. Mən isə onun Kaşqarlının Divanı üzərində işləməsinin canlı şahidiyəm. Odur ki, atamın ən əsas əsəri olan Mahmud Kaşqari divanının nə qədər sağam, işıq üzü görməsini arzulayıram. Bununla atamın da ən əsas arzusu həyata keçirilmiş olar və ruhu da şad olardı".

Minnətdarlıqla xatyırladığım məqamları da qeyd etmək istəyirəm. Bilirdim ki, akademik Kamal Abdulla Bəhicə xanım üçün əziz bir insandır. Qohumluq əlaqələri var. Xalid Səidin qızının ailə həyatı qurması Kamal Abdullanın yaxın qohumu Məmmədhüseyn Təhmasibin həyat yoldaşı Bilqeys xanımın məsləhətiylə olub. Hətta Bəhicə xanımın qızı, Xalid Səidin nəvəsi də Bilqeys xanımın bacısının - Əfruzun adını daşıyır. Hələ üstəlik, Xalid Səidin ən etibarlı tələbəsi Əli Sultanlı Kamal Abdullanın dayısıdır. Kamal müəllim Dövlət müşaviri vəzifəsində çalışarkən qəzet üçün bir söhbətimizdə ona belə bir sual vermişdim: "Azərbaycan elmi mühitinin ən böyük sirlərindən birinə çevrilmiş Divan hardadır? Bütün mütəxəssislər Xalid Səidin tərcüməsindən danışsa da, heç kəs konkret olaraq həmin nüsxənin harda, hansı seyfdə, hansı arxivdə, yaxud fondda saxlanıldığını demir. Halbuki mövcud əlyazma ortaya çıxarsa bu, Azərbaycan türkologiyasının dünyadakı nüfuzunu daha da artırar. Mühüm hadisə olar. Mən Xalid Səid barədə kitab yazanda Xalid Səidin qızı və sizin də qohumunuz Bəhicə xanımla dönə-dönə görüşdüm. İndi Kanadada yaşayan Bəhicə xanımın Azərbaycandan tək istəyi atasına məxsus olan əlyazmanın meydana çıxarılıb nəşr edilməsidir. Amma bu məsələ nə müəmmadırsa öz həllini tapa bilmir ki, bilmir". Kamal müəllim cavabında "Bu məsələni yaxşı qaldırdın. Bu məsələ üzərində düşünməyə və əgər imkan varsa, onu reallaşdırmağa dəyər" - demişdi.

2006-cı ildə Birinci Türkoloji Qurultay barədə veriliş hazırlayanda professor Firudin Ağasıoğlu ilə də bu barədə danışmışdım. Demişdi ki, Divanın tərcüməsinə, yəni Xalid Səid versiyasının çapına akademik Məmməd Cəfər də təşəbbüs göstərib. Hətta Məmməd Cəfər mətn üzərində işləməyi mənə də, Aydın Məmmədova da tövsiyə etmişdi. Nə sirdirsə, sonra iş yekunlaşdırılmadı, problem həll olunmamış qaldı...

Atatürk Mərkəzinin direktoru, akademik, millət vəkili Nizami Cəfərovla da bu barədə söhbətlərimiz olmuşdu. Hətta, xatırlayıram, söhbətimiz əsnasında Nizami müəllim rəhmətlik Ağamusa Axundova zəng vurub məlum əlyazmanın taleyini onunla müzakirə etdi. Nizami müəllim Firudin Ağasıoğlunun dediyinə onu da əlavə etdi ki, "Divan"ın 30-cu illər versiyasının çapa hazırlanması Vaqif Aslanovla Ziya Bünyadova da tapşırılmışdı. O təşəbbüs də gerçəkləşmir. Yarıda qalır.

 

***

 

Belə... Nəhayət, sirli seyfin tilsimi qırılır... Bu kitaba görə qanına qəltan edilmiş, bu kitaba görə edam olunmuş, bu kitaba görə taleyi dərbədər olmuş bir insanın - türk elminin nakam şəhidi Xocayevin çiləli ruhu səksən altı ildən sonra 1937-ci ilin qanlı çarmıxından endirilir...

 

11-12 aprel 2023

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.2-4.