Uçan buludlar
Hekayə
O gecə
Rəhman müəllimin şagirdləri yuxuda uçan
buludlar gördülər. Gördülər ki, uçan
buludların gözləri var,
gördülər ki, bu gözlər Rəhman müəllimin gözlərinə
oxşayır, gördülər ki, Yer kürəsi Rəhman müəllimin
gözlərində bir damcı yaşa dönüb
yağmağa Yer axtarır...
...Rəhman
müəllim xəstə ürəyinin
künc-bucağında onu həyata bağlayacaq nəsə
tapmaq istəyirdi, lap elə ilangözü boyda bir
işartı, ümid qırığı,
xırım-xırda nəsə...
Çıxış
yolunu tapdı: bu gecə hər şeyə son qoyacaq. Bu arzu beynində ildırım kimi çaxıb
ovqatını işqlandırdı. Əl-ayağa
düşüb saçına-başına əl gəzdirdi,
cibindəki azacıq pulları qəpiyinəcən sayıb
yenidən yerinə qoydu.
Soyuducudan kolbasa, pendir çıxarıb özünə
süfrə açdı. Uşaqlıq dostu Kərəmin
kənddən göndərdiyi zoğal arağını
balkondakı şkafdan çıxarıb gətirdi. Çörəkqabında neçə gündən
bəri quruyub qaxaca dönmüş, yanı
qoparılmış çörəyi süfrəyə qoyub
qədəh dalınca getdi.
Rəhman müəllimin dilinə ildə iki-üç
dəfə içki dəyərdi, ya dəyməzdi, amma bu
gecə ömründə heç vaxt içməyəcəyi
qədər içib ürəyini boşaldacaqdı. Birinci badəni
nəyin sağlığına içəcəkdi? Gözü divara sataşdı. Köhnə,
soluxmuş divar kağızlarında uçan buludlar
vardı. Buludlar gözünə birtəhər
dəydi, elə bil buludlar tala-tala olub uçmağa
hazırlaşırdı. 27 il əvvəl
bu divar kağızını özü seçib
almışdı. Mavi buludlar uşaq vaxtı
obalarında gördüyü buludlara oxşayırdı.
Buludşəkilli kağızı
seçmişdi ki, hər dəfə buludlara baxanda
düşmən tapdağı altında olan kəndlərinin
qoxusunu alsın. Nə vaxt istəsə,
yağsın, nə vaxt istəsə, günəşin
qabağından çəkilsin, bircə uçub getməsin,
bircə tərk etməsin onu.
Amma elə bil özü kimi buludlar da yorulmuşdu. Bu evdən
uçub getməyə bəhanə gəzirdilər. Sadəcə,
pəncərələri açmaq lazım idi...
...Adətiydi,
səhər tezdən oyanıb günəşin ilk zərrəsiylə
ürəyini alışdırar, sonra məktəbə gedib
qəlbindəki odla körpəcə uşaqların tərtəmiz
qəlbini işıqla doldurardı. Uşaqlar Rəhman
müəllimin gözləriylə, ürəyiylə,
arzularıyla dünyaya boylanar, qanad açıb
uçardılar. Rəhman müəllim
ibtidai sinif müəllimiydi. Qırx ildə
qırx nəsil Rəhman müəllimin xeyir-duasını
almış, qırx ildə qırx ürəkli nəsil
böyümüşdü. Təməlləri
yaxşı olduğundan, sonraları da yaxşı olmuşdu
bu uşaqların.
Bu səhər də günəşdən erkən
oyanıb qəlbini işıqla yuyub salavatlayandan sonra məktəbə
yollanmışdı. İkinci sinifdə oxuyan şagirdləri onu görəndə
quş balaları kimi üstünə qaçmış
sevincləri dua kimi üstünə yağmış, o da tərtəmiz
duaları şükranlıqla ruhuna çiləyib
çöp kimi nazik barmaqlarıyla uşaqların
başına sığal çəkmiş, onlara xeyir-dua
vermişdi...
Zəng çalınanda Rəhman müəllim həmişəki
qıvraq, inamlı addımlarla doğma sinfinə
yollanmışdı. Dərsi soruşanda, körpələrin əlləri
havada alça ağacı kimi çiçək
açmış, Rəhman müəllimin ürəyi
atlanmışdı...
Qapı döyülüb məktəb direktoru Səbinə
müəllimə sinfə gələnəcən həyat
düzəndəki çay kimi sakitcə axırdı.
Səbinə müəllimə boyalı
dodağının bir ucunu çeynəyə-çeynəyə,
sürməli gözlərini qırpa-qırpa nəsə deməyə
hazırlaşırdı, amma sözü hardan
başlayacağını, nə deyəcəyini bilmədiyindən
duruxub qalmışdı. Handan-hana:
- Rəhman
müəllim, bu gün sizin 60 yaşınız tamam olur. Hamı bilir ki, məktəbimizin ən yaxşı
müəllimlərindən birisiniz, bəlkə də,
birincisisiniz. Bütün kollektiv adından
sizi təbrik edirəm.
Rəhman
müəllimin işıqlı sifəti bir az
da işıqlandı. Çəkinə-çəkinə:
- Təşəkkür
edirəm, Səbinə müəllimə, inanın, bu
günü özüm belə unutmuşam, - dedi.
Səbinə
müəllimənin göydə axtardığı fürsət
yerdə əlinə düşdü:
- Rəhman
müəllim, elə qanun da bunu deyir də, insan yaşa dolur,
özü kimi yaddaşı da yorulur. İndi
sizin istirahət edən vaxtınızdı. Təhsil şöbəsi bunu nəzərə
alıb, sizi bütün qayğılardan qurtarmaq
üçün yerinizə Nazilə müəlliməni
yollayıb. Bu il pedaqoji universiteti
bitirib, gənc kadrdı. Siz özünüz də
həmişə deyirsiniz ki, gənclər bizdən çox
bilir. Estafeti onlara verməyin vaxtı
çatıb. İstədim ki, bu əlamətdar
hadisəni doğum gününüzə hədiyyə edim.
Rəhman müəllimin ağbəniz sifəti kətan
kimi ağardı, sonra yanaqlarına qızartı
çökdü.
- Nazilə
müəllimə məktəbimizə xoş gəlib.
İcazə verin dərsi bitirim, sonra necə məsləhətdirsə,
elə də olsun, - dedi.
Səbinə müəllimənin çoxdan
planlaşdırdığı əməliyyat uğurla
başa çatdı. Rəhman müəllimin şərəfini
uşaqların gözü qarşısında yerlə-yeksan
etmişdi. Xasiyyətini bilirdi, bu əməliyyatdan
sonra, nazir də gəlsə, gedəcəkdi. Bir anda
ağlından keçirdi ki: "Ləyaqətli adamlara can
qurban. Nə qışqırırlar, nə
bağırırlar, quzu kimi üzlərini çevirib gedirlər".
Sonra özünü yığışdırdı,
çəlimsiz sifətində elə bil ildırım
çaxdı.
Son göstərişini verdi:
-
Uşaqlar, bu gündən sizə Nazilə müəllimə
dərs deyəcək. O, ingilis dilini sevimli Rəhman müəlliminizdən
daha yaxşı bilir, kompyuter bilgilərində tayı-bərabəri
yoxdu, ümid edirəm ki, onunla dil tapacaqsınız, - deyib gəldiyi
kimi də çıxıb getdi.
Sinfə çökən sakitliyi Zümrüdün
hönkürtüsü pozdu.
Uşaqların gözündə təlaşla qorxu
bir-birinə qarışmışdı. Bütün
sinif Zümrüdə qoşulub ağlayırdı. Sinfin ən nadinc uşağı Nihad
ağlaya-ağlaya qaçıb Rəhman müəllimi
qucaqladı, bütün uşaqlar qaçıb müəllimlərinin
başına yığışdılar. Uşaqların
hönkürtüsü, körpəcə ürəklərinin
döyüntüsü, gözlərindəki qorxu... Rəhman
müəllimin ürəyi heç vaxt belə
sıxılmamışdı, heç vaxt belə əlacsız
olmamışdı, heç vaxt heç kim
onu Səbinə müəllimənin silahı kimi ağır
silahla vurmamışdı...
...Divardan
gözünü çəkib qədəhə araq
süzdü. Dilinə gətirməsə də,
ilk badəni divarların sağlığına içdi.
İnsanlar bir ömür dörd divarın
arasında yaşayır. Yaxşı
günləri də, pis günləri də dörd divarın
arasında keçir. Arzuları hərdən
divarları aşsa da, gec-tez geri dönüb dörd divara sığınır.
Adamlar divarların arasında doğulub,
divarların arasında ölür.
O,
ağlı kəsəndən divarları sevmirdi. Dəfələrlə bu divarları
didib-parçalamaq, dağıtmaq, yerlə-yeksan etmək istəmişdi.
Çox istəmişdi. Amma
bir ömür çabalasa da, bacarmamışdı,
doğrudu, zəhləsi getdiyi, nifrət etdiyi, ürəyini
bulandıran mütiliyi heç vaxt yaxına
qoymamışdı, hər şeylə
razılaşmamışdı, maymaq yerində
qalmamışdı, başqaları kimi olmamışdı.
Vəhşi at arzusuyla yaşayıb ələbaxım
yabıya dönməyin acısını yaşamaq
ağır idi...
İkinci
badəni tərəddüd-zad eləmədən: "Madam ki, yalan adamların xoşuna gəlir, bu badəni
içirəm yalanın sağlığına", - deyib
başına çəkdi.
Zoğal arağı boğazının
divarlarını yandıra-yandıra ünvanına
çatdı.
Gözləri azacıq yaşardı, burnu
qızardı, kolbasanın bir dilimini alıb dişlədi.
"Kral kolbasası. Kral... yaxşı
addı", - dedi. Dodağına təbəssüm qondu...
Başını qaldıranda gözü saata
sataşdı.
İndi dərman içməliydi. Cabir həkim
keçən həftə onu müayinə edəndə:
"Ürəyin çox zəifdi, müalicə olunmasan,
axırı yaxşı olmayacaq", - demişdi. Birdə-birə sevindi. Bundan sonra nə həkimə
gedəcəkdi, nə od qiymətinə dərman
alacaqdı, nə də ölümün yolunu gözləyəcəkdi.
Sevindi, uşaq kimi qəhqəhə çəkib
güldü...
Üçüncü
badəni yeddi il əvvəl xərçəngin
apardığı ömür-gün yoldaşının
şərəfinə içəcəkdi. Sevib
evləndiyi qadın sözün bütün mənalarında
qadın idi. Həssas, romantik,
fantaziyaları sonsuz... nişanlı vaxtlarında sevgilisinə
"mənim İlahəm" - deyərdi, o da bu sözdən
yaz qarı kimi əriyərdi. Toylarından
bir həftə sonra İlahə başa düşdü ki,
ehtiyaclarla dolu bir həyat onu gözləyir. Xəyal qırıqlığı bu şən,
sevimli qadını sındıra bilmədi. Dörd divarın arasındakı əksər
qadınlar kimi o da arzusuz mələklərdən birinə
çevrildi. Yoxluqların,
azlıqların, danlaqların içində yaşadı və
sonda xərçəng köməyinə gəldi. Nə qədər ağır olursa olsun o bu məşəqqətli
həyatdan, ərindən ayrılmaq istəmirdi. Gecələrin birində hamını yuxuya verib
heç kimlə vidalaşmadan səssiz-səmirsiz
çıxıb getdi. Ölümüylə
ərini belə incitmək istəmədi.
O vaxtdan
yeddi il keçirdi...
Ürəyi
dolandı, şagirdi Zümrüd kimi
hönkür-hönkür ağlamaq istədi...
...Sinifdən
çıxanda uşaqlar ağlaya-ağlaya əlindən-ayağından
yapışıb getməyə qoymurdular. Müəllimlər
otağının qapısına qədər uşaqları
birtəhər dilə tutub sakitləşdirdi. Müəllimlər otağında elə bil yas
düşmüşdü, hamı günahkarcasına susurdu.
Axır ki, Qəzənfər müəllim özündə təpər
tapıb hamının yerinə danışdı:
- Rəhman
müəllim, şagirdlərin də, elə bizim də
gözümüzdə bir əfsanəsiniz. Doğrudu,
müəllimliyin yaşı olmur, bu yeganə sənətdi
ki, vaxt keçdikcə qiyməti artır, amma neyləyə
bilərik, qanun qanundu. Bu məktəbdə
yaşı səksəni haqlamış xeyli müəllimlər
var. Qanunun gərək iki başı olmasın. Sizin 60 yaşınız bu gün tamam olur. Nə olub, nə xəbərdi?
Rəhman
müəllim gülümsədi, incə yumoru dinc durmadı:
- Qanun
qarşısında boynumuz qıldan incədi, Qəzənfər
müəllim, mən getdim əfsanə olmağa,
özünüzə yaxşı baxın,
çalışın qocalmayın.
Müəllimlər hamılıqla ayağa qalxıb Rəhman
müəllimi məktəbin darvazasınacan
ötürdülər. Ayağını məktəbin həyətindən
kənara qoyanda, hə, o anda Rəhman müəllimin ürəyində
elə bil nəsə qırıldı. Sonra
elə bil ürəyindən daş asıldı. "Müəllimlər gedib daş atsınlar",
- demişdi əbləhin biri. Gərək o gün tərk
edəydi məktəbi...
...Zoğal
arağı elə yandırdı ki, ürəyindən tikan
çıxdı. Kolbasa, pendir dilimləri bir
ucdan yoxa çıxırdı. Gözü
araq şüşəsində qalmışdı. İçmək istəmirdi, amma özünü
şüşənin yanında sındırmaq da istəmirdi.
Dördüncü badəni küncdə tor
qurub özünə layla çalan hörümçəyin
sağlığına içəcəkdi. Bu evdə gözə dəyən iki canlı
yaşayırdı. O və hörümçək. Çoxdan görmüşdü bu toru, amma onunla
dörd divar arasında yaşamağa könüllü
razı olan hörümçəyin yuvasını
dağıtmaq istəməmişdi. Dağıda
bilməzdi, əli gəlməzdi. Hərdən
pəncərədən, qapıdan içəri soxulan
ağcaqanaddan-zaddan nəyisə tapıb gününü
keçirirdi. O, hörümçəyə sənətkar
olduğu üçün hörmət edirdi. Heç
bir canlı öz işini hörümçək qədər
mükəmməl görmürdü. Belə
zərif toxucunun toruna nə düşürsə
düşsün, halal xoşu olsun, - deyib dördüncü
badəni birnəfəsə başına çəkdi.
Ağzından
od çıxdı. Mətbəxə
keçib odu sönənəcən su içdi.
Özünə bozardı: "özünü sonacan ləyaqətli
apar, az qalıb, lap az", - dedi.
Zoğal arağının zərif qoxusu otağa
yayılmışdı. Divardakı buludlar tala-tala olub
uçmağa hazırlaşırdı.
Hörümçək öz yelləncəyində yellənə-yellənə
arabir fit çalırdı.
Burnuna hardansa sevimli arvadının ətri toxundu...
Ayaqları dolaşa-dolaşa gedib pəncərəni
açdı, sonra dönüb əliylə divardakı
buludları hədələdi:
-
Hamınız azadsınız, gedin, çıxın gedin bu
xarabadan, hara istəyirsinizsə, ora da gedin, təki gedin,
canınızı qurtarın...
Divarlar əriyirdi,
buludlar pəncərəyə tərəf axırdı, Rəhman
müəllimin əyilmiş qəddinin kölgəsi pəncərədə
titrəyib sonuncu buludun azadlığa
çıxacağını gözləyirdi...
Təranə
Vahid
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.5.