Teatr forumu – 2023
Qeydlər və
düşüncələr
Sürət və dinamika
Bu gün dünya çox fərqli və mürəkkəb
bir dövrdə yaşayır. Texniki nailiyyətlərdən
tutmuş, ictimai-siyasi prosseslərə qədər, hər
şey o qədər sürətlə dəyişir ki, bəzən
bu dəyişkənliyi dərk etməyə belə insan
şüuru macal tapmır.
Bu
xüsusda düşünəndə, belə bir fikir
yaranır ki, yeni era, XXI əsr sanki məhz son 7-8 il əvvəl başlanıb, öncəki illər
isə hələ də XX əsrin davamı idi.
Elmi-texniki proqress XX əsrdə yüksələn xətt
üzrə inkişaf etməyə başlasa da, bu qədər
kəskin sıçrayış hiss edilmirdi. İndi isə vəziyyət
daha da mürəkkəbdi..
Bu baxımdan, ən çox əziyyəti məhz
insanların mənəvi qidasını təşkil edən
mədəniyyət və incəsənət sahəsi çəkir. Çünki bir çox
texniki sahələrdən fərqli olaraq, bu müstəvidə
sürətli dəyişikliklər qeyri ixtiyari sənətin
bədii keyfiyyətinin aşağı düşməyinə
gətirib çıxardır.. Bu isə ən ağrılı məqamlardan biridir.
Lakin probelmlər bununla bitmir.
Üzü teatra
Müasir dövrdə ən böyük problemlərlə
üzləşən sahələrdən biri də məhz
teatr sahəsidir.
Yenə XX əsrə nəzər salaq. Tutalım,
70-ci illərin tamaşaçısı ilə, 80-ci illərin
tamaşaçısının zövqündə o qədər
də fərqi yox idi. Zövqlər və tələblər
dəyişsə də bu prosses çox asta sürətlə
baş verirdi və teatr da bu dəyişiklərə uyğunlaşa
bilirdi və hətta deyərdim ki teatr da, başqa sənətlər
də özləri bu dəyişikliyin önündə gedərdi.. Təfəkkür dəyişikliyi
məhz incəsənətdən başlayardı, sonra
başqa sahələrə keçərdi.
Bu gün isə belə deyil. Teatr sənətində
yüksək səviyyəli mütəxəssislər yetişdirməkçün
onilliklərlə vaxt lazım olur. Lakin
dünənin tamaşaçısı bu günün
tamaşaçısından həm zövqünə, həm
də tələblərinə görə yerlə göy qədər
fərqlənir. Və təbii ki,
sabahkı da bu günkindən fərqlənəcək. Deməli, mütəxəssislərin hansı profildə
yetiqşdirilməyi də suallar doğurur.
Çünki bugünkü dəyişikliklərin
önündə ədəbiyyat incəsənət yox, İT
sahəsi gedir.
Bütün dünyada hər cür
inkişafı məhz bu sahə müəyyən edir. Mədəniyyət və incəsənət isə
"süni intellekt"in lokotomiv olduğu bir şəraitdə
bu qatarın ardıyca qaçmağa məhkumdur.
Bəs bu
sürətli dəyişikliklər dövründə incəsənət
sahəsi , konkret halda isə bizim teatr neynəməlidi?
Gələcək fəaliyyətində
hansı yeniliklər yaratmalıdı, hansı strategiya ilə
fəaliyyət göstərməlidi, ətrafdakı sürətli
texniki dəyişikliklərə necə
uyğunlaşmalıdı və ya ümümiyyətlə
uyğunlaşmalıdırmı, zövqü sürətlə
dəyişən tamaşaçı kütlələrini
teatra necə yaxınlaşdırmalıdı? - haqqında danışacağımız Teatr
Forumu da məhz bu çətin suallara cavab vermək
üçün təşkil olunmuşdu...
Mədəniyyət
Nazirliyi tərəfindən Heydər Əliyevin100 illik
yübiley tədbirləri çərçivəsində ilk
dəfə geniş və əhatəli şəıkildə
təşkil olunan "Azərbaycan teatrı -150. İnkişaf perspektivləri"Teatr forumunun
keçrilməsində əsas məqsəd teatrın
inkişaf proqramının işlənib hazırlanması
üçün müzakirələr aparmaq, sənət
adamlarının mövcud problemlərə
yanaşmalarını dinləmək, həlli yollarını
axtarmaq və gələcək strategiyanın
konturlarının hazırlanması idi.
İstiqamətlər, yollar...
Forumun proqramına diqqət etmək kifayətdir ki
qarşıda həllini gözləyən nə qədər
mürəkkəb və çətin məsələlərin
olduğunu görək.
- Azərbaycan
teatrında ənənə və trendlər...
-
Müasir dramaturgiyanın inkişaf tendensiyaları...
- Milli
teatrda müasir rejissor və aktyor sənəti - yenilənmə
prossesinə sistemli yanaşma...
-
Konsepsiya və strateji hədəflər...
- Teatr sahəsində
insan kapitalı...
- Reklam mə
marketinq strategiyası...
Və
sair və ilaxır...
Forumun
bütün proqramını yazmaq niyyətim yoxdu, lakin elə
burda təqdim olunan mövzulara diqqət etsək görərik
ki, hər biri ayrı-ayrılıqda həlli tələb
olunan ciddi və ağır problemlərdir...
Zənnimcə,
Mədəniyyət Nazirliyi də bu Forumu təşkil edərkən
əsas amal bu olub ki, bütün bu ciddi məsələlər
bütün teatr cameəsiylə birlikdə müzakirə
edilsin, yaşlı nəsil sənətkarlar da, gənclər
də dinlənilsin, beləliklə həm hazırlanacaq
dövlət proqramı üçün, həm də gələcəkdə
həyata keçiriləcək layihələr
üçün strategiya və fəaliyyət modeli müəyyən
edilsin.
Müzakirələr
Forumun panellərində teatr sahəsində fəaliyyət
göstərən müxtəlif sənət sahibləri -
dramaturqlar, rejissorlar, aktyorlar, teatr direktorları,
teatrşünaslar iştirak etdi. Çox gərgin
keçən müzakirələr teatr sahəsinin bu günki
durumunu, qarşılaşdığı problem və çətinlikləri
üzə çıxartmağa kömək etdi. Çünki əvvəlki bənzər müzakirələrdən
fərqli olaraq, bu dəfə açıq müzakirə
mühiti vardi, hamıya öz sözünü demək
üçün meydan verilmişdi. Həm
panel iştirakçıları, həm də sadə
iştirakçılar istənilən müzakirəyə
qoşula bilirdilər. 500 nəfərə
yaxın iştirakçı iki gün ərzində aktiv
şəkildə debatlarda oldu.
Teatr
forumunun açılışında və ilk panel müzakirələrində
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh xanım Əliyevanın
iştirakı da, Milli teatrımızın bu günki durumunun
və inkişaf perspektivlərinin ölkə rəhbərliyi
tərəfindən diqqət mərkəzində
saxlanıldığının göstəricisi idi.
Foruma dəvət olunan xarici qonaqların
çıxışları və təcrübə
mübadiləsiylə bağlı fikir-düşüncələri
də maraqla dinləndi. Milli teatrımızın bir çox
problemlərinin tək bizdə yox, digər ölkələrdə
də mövcud olduğu üzə çıxdı.
Deməli, hər şeyi tək bizim teatrın problemi kimi qəbul
etmək düzgün deyil... Ümumilikdə,
incəsənətin bir çox qlobal problemləri var ki, hər
yerdə olduğu kimi bizdə də yaşanır. Məsəlçün sırf öz sahəmlə
bağlı Türkiyəli həmkarımızdan eşitdiyim
fikir məni çox düşündürdü. O da
qeyd etdi ki, istedadlı yazarların bir çoxu teatra yox, kinoya
və dizi sahəsinə üz tutur, çünki maddi təminat
orda daha stabil və yüksəkdir. Məhz bu
baxımdan onlar da, bizdə olduğu kimi, müasir dramaturq
qıtlığından əziyyət çəkirlər.
Deməli, problemin həlli yollarında
hansısa təcrübə mübadiləsi həyata
keçirtmək olar.
Bir məsələni də xüsusi qeyd etmək istərdim. Əgər əvvəllər
bu tip tədbirlərdə nazirliyin rəhbərliyi yalnız
açılışda iştirak edib gedirdisə, bu dəfə
belə olmadı. Nazirliyinin rəhbər heyəti, başda Mədəniyyət
naziri Adil Kərimli olmaqla, forumun hər iki günü
müzakirələrdə iştirak etdilər, problemləri
bir-başa özləri dinlədilər... Təbii
ki, bu situasiya sənət adamlarının da inamını
artırmışdı, çünki öz problemlərini
sadəcə özləri danışıb özləri dinləmirdilər.
Onları diqqətlə dinləyən vardı.
Təbii ki, müzakirələr zamanı müəyyən
ziddiyyətli fikirlər, mübahisələr,
qarşıdurmalar da müşahidə olundu ki, bunu da təbii
hal kimi qəbul edirəm.
Müxtəlif yollar
Hər bir sənət adamı öz
düşündüyü inkişaf modelini daha düzgün
hesab edir, hər kəs öz baxış bucağını
müdafiə edir. Əsl həqiqət, düzgün
inkişaf strategiyası isə məhz belə mübahisələrdən
doğur.
Şəxsən mən, özümü narahat edən
bir çox suallar forumda səsləndirildi, özüm də
bəzi təkliflər irəli sürdüm. Onu da xüsusi qeyd edim ki,
burda deyilən təklif və layihələr Mədəniyyət
Nazirliyinə təqdim ediləcək və qısa zamanda bu
layihələr üzərində iş başlayacaq.
Forumda ən
çox bir neçə istiqamətdə problemlər ortaya
qoyuldu ki, bunların arasında ən çox müzakirə və
mübahisə doğuranlar - yeni nəsil dramaturqların
azlığı, teatr təhsili ilə bağlı problemlər,
teatrların maliyyə durumu, sənətçilərin məvacib
azlığı, tamaşaların reklam və marketinq
perspektivləri, yeni yaradıcı nəslin yetişidirlməsi
və teatrlarda işlə təmin olunması, əyalət
teatrlarının bu günki ağır vəziyyəti oldu. Bu mövzuların hər birini tam şəkildə
açıb oxucularımıza təqdim eləməkçün
onlarla məqalə, hətta bəlkə monoqrafiya yazmaq
lazımdı, çünki açıq etiraf edək ki, qeyd
edilən problemlərin əksəriyyəti uzun illərlə
yığılıb qalan və öz həllini gözləyən
problemlərdir.
Bu baxımdan Mədəniyyət nazirliyinin indiki rəhbərliyi,
əslində, bütün bu
çatışmazlıqları üzə
çıxartmaqla, ağır bir yükün altına
girmiş oldu.
Ancaq düşünürəm ki, elə bu
forumun özünün belə yüksək səviyyədə
təşkil olunmağı və
çatışmazlıqların açıq şəkildə
müzakirəsi teatrımız üçün yeni bir
inkişaf mərhələsinin ilk addımıdır. Çünki xəstəliyin müalicəsi ilk
olaraq düzgün diaqnozun qoyulmasıyla başlayır. Zənnimcə, bu teatr forumunda məhz düzgün
diaqnoz qoyulması istiqamətində əhəmiyyətli
addımlar atıldı. Təbii ki,
boş boş danışanlar, özünü göstərmək
istəyənlər, qışqır-bağır salıb
özünü reklam eləyənlər də oldu, ancaq belə
açıq tədbirlərdə belə şeylər
normaldı, zənnimcə rahat qarşılanmalıdı.
Müşahidə
Forumda səslənən müzakirələrlə
bağlı bir məqamı da qeyd etmək istərdim. Hərçənd, ola bilər ki, bu fikirlərimə görə sənət
dostlarım məni qınasınlar.
Müşahidə etdiyim əsas irad və şikayətlər
əsasən bir istiqamətdə idi - bizimçün eləsinlər. Teatrların maliyyə durumu
yaxşılaşdırılsın, maaşlar artsın, təqaüdlər
çoxalsın, fəxri adlar verilsin, evlər paylansın və
s...
Bəs bütün bunları tələb edərkən,
biz özümüzdən nə tələb edirik? Bütün
bunların müqabilində biz dövlətə və xalqa nə
vəd edirik? Sıravi
tamaşaçının mənəvi tələbatını
ödəməkçün, teatr sənətimizin tarixini daha
da zənginləşdirməkçün neyləyəcəyik?
Əfsuslar
olsun ki, bu xüsusda çox az
danışıldı. Düşünürəm
ki, bu istiqamətdə də qarşıda müəyyən
polemikalar, dəyirmi masalar, konfranslar təşkil olunmalı və
teatrın sırf yaradıcılıq məsələləri
müzakirə olunmalıdır.
Axı yazımın əvvəlində qeyd etdiyim kimi, həqiqətən
də çox sürətli və dinamik bir dövrdə
yaşayırıq. Hər şeyin sürətlə dəyişdiyi,
qloballaşdığı və insanların daha çox
virtual reallığa yönəldiyi bir dövrdə teatr
hansı istiqamətdə getməlidi? Bu ağır rəqabət
durumunda, əlindən smartfon düşməyən sadə
tamaşaçını Tik-tokdan, İnstaqramdan, Feysbukdan
ayırıb səhnəyə zillənməyə necə
nail olmaq lazımdı?
Əlbətə
ki, bu mübarizədə köhnə bədii vasitələr
bizə yardımçı ola bilməz.. Əgər kimlərsə
düşünürsə ki, biz elə onilliklər əvvəllər
olduğu formada tamaşalar qoyacağıq, illərlə
öyrəşdiyimiz üslubda oynayacağıq, dövrlə
ayaqlaşmaq üçün heç bir əziyyət çəkməyəcəyik,
özümüzü çətinliyə salmayacağıq və
əvəzində dövlət bizim bütün problemlərimizi
həll edəcək - onda heç bir inkişafa nail ola bilməyəcəyik...
P.S. Əlbəttə ki, qarşıda görüləsi
işlər çoxdu. Bütün sənət adamları qolunu
çırmalayıb Milli teatrımızı müasir
dövrlə ayaqlaşan dinamik inkişaf yoluna
çıxartmaqçün çalışmalıdı.
Yorulmadan, ruhdan düşmədən, heç bir çətinliyə
baxmadan...
Ümumilikdə isə forumun fəaliyyətini uğurlu
hesab edirəm.
Yüksək səviyyəli təşkilatçılıq
diqqəti çəkməyə biməzdi. Forumda ilk dəfə təqdim olunan Mədəniyyət
könüllülərinin aktiv fəakiyyəti də
çox xoş təsir bağışlayırdı.
Əminəm
ki, qarşıda gələn Kino forumu da eyni dərəcədə
uğurla keçiriləcək, milli kinomuzun da problemləri
açıq şəkildə müzakirə edilib, həlli
yolları axtarılacaq...
Sonda Mədəniyyət
Nazirliyi, Heydər Əliyev Mərkəzi başda olmaqla,
Forumun bütün təşkilatçı qurumlarına əməyi
keçən hər kəsə dərin təşəkkürümü
bildirirəm...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.6-7.