II Uşaq Kitab Festivalı
Əyləncə və intellektin
qovuşağında dörd gün
Yaxşı ki, son zamanlar uşaqlar üçün təşkil
olunan kitab bayramları var. Bəli, mən onları uşaq
kitab bayramı adlandırıram. Çünki
uşaqların üzlərində yaranan
gülüşün, sevginin, sevincin səbəbi məhz,
kitablardır. Ötən illərdə bu
sevincin memarı Mədəniyyət Nazirliyinin təşkil
etdiyi Bakı Beynəlxalq Kitab Sərgiləri idi.
Müxtəlif təqdimatların, müzakirə və
görüşlərin içərisində uşaqlara da
kifayət qədər diqqət ayrılmışdı və
beş gün davam edən sərgi müddətində
mən şəhərdən kənarda yerləşən Bakı
Ekspo Mərkəzinə dəstə-dəstə
uşaqların müəllim və valideynləri ilə
birlikdə necə böyük həvəslə axın
etdiyinin şahidi olmuşdum. Bunu danmaq olmaz, həmin
sərgilər çərçivəsində uşaq ədəbiyyatına
ayrılan diqqət epizodik yox, kifayət qədər əhatəli
və dolğun idi. Ötən həftənin
sonundan başlayaraq, aprelin 8-11 tarixlərində ölkəmizdə
növbəti belə kitab bayramı gerçəkləşdi.
Bu dəfə uşaq sevinclərinə ev
sahibliyini "Azərbaycan Nəşriyyatları
Assosiasiyası" İctimai Birliyi edirdi. Ulu Öndər Heydər
Əliyevin 100 illiyinə həsr olunan festivalın digər təşkilatçıları
isə Mədəniyyət, Gənclər və İdman, Elm və
Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi idi.
Bu dəfə diqqətdə yalnız uşaqlar idi. Bütün gözəlliklər
onlar üçün təşkil edilmişdi: on minlərlə
kitabın endirimli qiymətlərlə satışı, ustad
dərsləri, məşhurların nağıl saatları,
kukla teatrı, əyləncəli tamaşalar, sevimli uşaq
yazarları ilə görüşlər, onların imzalı
kitablarını əldə edə bilmək imkanı və
s.
II
Uşaq Kitab Festivalı! Adını səsləndirmək
belə kifayət edir ki, görülən işin mahiyyətindən,
qarşıya qoyulan niyyətin aliliyindən qürur duyasan.
Axı obyektivin fokusunda ancaq uşaqlardırsa, əlavə
izaha ehtiyac qalırmı?! Məkan isə
uzaq deyildi. Bakı İdman Sarayı.
Dörd gün müddətində bura uşaqlar
üçün ən rəngarəng proqramlarla zəngin
doğma məbədə çevriləcəkdi. Çevrildi də.
Etiraf edək
ki, dünyada baş verən hadisələri hər axşam əllərində
olan telefonlar vasitəsilə müşahidə edən
uşaqların marağını, diqqətini ram edib kitaba
yönəltmək o qədər də asan, həmçinin
adi iş deyil. Bu o deməkdir ki, bütün təbliğat
vasitələrinin məişətimizə daxil olduğu bir
vaxtda uşaqlarımızın görüş dairəsinin
genişliyinə, idrak səviyyəsinin yüksəkliyinə
baxmayaraq, onlara öz uşaqlıqlarını yaşatmaq,
kitabın sehrinə cəlb etmək meyarını qorumaq hər
zaman mümkündür. Yetər ki, buna cəhd
və istək olsun.
"Güzel günler
göreceğiz çocuklar"
Festivala gələnə qədər müşahidə
elədiyim, izlədiyim, sorağını duyduğum, sonra isə
canlı şəkildə gördüyüm mənzərələr
həddən artıq ürəkaçan idi. Sanki hər
damlası bir nur topası olan çiçək
yağışına düşmüşdük. Hər tərəf uşaq idi. Kitab seçən,
səs-küyün içində sonsuz sevinclə
gülümsəyən, görüşdüyü sevimli
yazıçılarına heyrətlə baxan, klounun əlindən
tutub əylənən, ətrafa böyük sevgi və
ümidlə baxan bu uşaqlar böyük Nazim Hikmətin bəhs
etdiyi həmin qəhrəmanlar idilər sanki: "motorları
maviliklərə sürməyə" inamını itirməyənlər.
Onlar mütaliəyə həvəsli, kitabı
sevən, kitabla böyüyən nəsildilər. Demək ki, narahat olmağa o qədər lüzum
yoxdur. "Bir gün bir kitab oxudum, bütün həyatım
dəyişdi"... Kitabla həyatlarını dəyişməyə
müvəffəq olan bu qəhrəmanların daim yeni,
yaradıcılıq üfüqlərinə doğru yüksəlişlərə
can atacaqları günləri görmək də olacaq qismətdə.
"Aç daxılını,
seç kitabını"
Festival rəhbərliyi ilə söhbətimdə
öyrənirəm ki, sən demə, festivaldan əvvəl məktəbdəki
uşaqlara daxıla pul yığmaqla bağlı təkliflər
edilib. Əllərinə düşən pulu daxıla atan
uşaqlar festivala gələrək daxılı açıb
ora yığılan pula kitab almalı idilər. Özlüyündə maraqlı olan bu ideyanı məktəblilərdə
əxlaqi sifətlərin tərbiyəsinə kömək edən
ştrix kimi mənalandırıram. Uşaqları
doğru istiqamətə yönləndirmək, onlarda kitaba
münasibətdə yüksək məziyyət
formalaşdırmaq baxımından bu cür ideyalar mənəvi
keyfiyyətlər təlqin edir.
Gözəl
uşaq yazıçımız Reyhan Yusifqızı festivalla
bağlı təəssüratlarını
bölüşür: "8 və 9 aprel II Uşaq Kitab
Festivalı gözəl bir kitab bayramı idi. Valideynin
əlindən tutub gələn sevincli uşaqlar, əllərində
daxıl, kitab seçirlər. Sevdikləri yazıçıya
elə məhəbbətlə baxırlar ki... Bəziləri
həyəcanlanır, danışa bilmir, bəziləri sual
verir, qucaqlaşırıq. Uşaqların
sevgisini qazanmaq böyük xoşbəxtlikdir. Sevincim yerə-göyə
sığmır...". Zahid
Xəlil uşaq kimi sevinir, balaca oxucuları ilə
görüşə tələsir, kitab imzalayır.
Sevinc Nuruqızı uşaqların dövrəsində
xoşbəxtliklə gülümsəyir: "Melisa",
"Zəfər nəğməsi Şuşa",
"Pıçıltı" kitablarının
oxucularını bağrına basıb gözəl tablo
yaradır. Belə... Mübadilə
qarşılıqlıdır. Canlı təmas,
ünsiyyət öz sözünü deyir. Uşaqların kitablardan oxuduqları şair,
yazıçılar indi onlarla bir yerdədirlər. Bu dəfə möcüzə nağıllarda yox, həyatın
özündə yaşanır. Bakı
İdman Sarayının səhnələrində.
Məsuliyyət peşəkarlığın
birinci adıdır!
Festival
müddətində Azərbaycan Nəşriyyatları
Assosiasiyası İctimai Birliyində təmsil olunan
bütün şəxsləri, İdarə Heyətinin
üzvlərini, nəşriyyatlarla iş şöbələrinin
məsul insanları daim dinamik obrazda gördüm, həvəs
və təəssübkeşliklə demək olar ki,
bütün aparıcı tədbirlərə
qatılırdılar. Yəni, Azərbaycan Nəşriyyatları
Assosiasiyası İctimai Birliyi bu festivalda sadəcə təşkilatçı
deyildi, həm də festivalın fəaliyyətində, onun
uğurlu keçməsi üçün müxtəlif tədbirlərində
yaxından iştirak edən tərəf idi. Uşaqlarla birgə uşaqlaşmaq, sevinclərinə
həmtay olmaq, onların əlvan, rəngarəng arzularına
qarışıb sevincin sonsuzluğunda qanad açıb
uçmaq. Qeyri-ixtiyari V.Q.Belinskinin sözlərini
xatırlayıram: "Onlar sizi özlərinə dost görmək
istəyirlər; elə bir dost ki, özünü yaddan
çıxarıb, özü də bir növ dost olsun". ANAİB-in bütün üzvləri festivalda
uşaqların dostu idi.
Rəngarəng tədbirlər və
uşaqlar
Sərgidə uşaqların marağını cəlb
etmək, onların saatlarını faydalı emtək
üçün bir çox tədbirlər düzənlənmişdi. Uşaqların sevimli
yazıçıları ilə görüşləri (Zahid Xəlil,
Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər,
Gülzar İbrahimova), müxtəlif uşaq
kitablarının təqdimatı, kukla teatrının
nümayişləri, nağıl saatları (Xəzər
Süleymanlının, Kamal Yaşarın, Mənsum
İbrahimov, Fidan Nizamova, Rövşən Abdullaoğlu,
İradə Qədirova, Mehriban Nağıyevanın
ifasında), şou-proqramlar, animatorla, şən klounla oyunlar,
5 saylı uşaq incəsənət məktəbinin konserti,
uşaqların istəkləri ilə bağlı müzakirə
saatları və s. Festivalda yeni kitabları ilə balaca
oxucularının qarşısına çıxan yazıçılar
da oldu. Həmid Piriyevin "Balaca Delfinin macəraları"
kitab silsiləsi, Reyhan Yusifqızının "Qapı
arxasında O", Sevinc Elsevərin "Döyüş
iti" və "Xeyirxah siçan", Elgüselin
"Yumağın macəraları: Sirli məktub", Aynur
Cavid və Cəmilə Məmmədlinin "Bilgənin macəraları"
silsiləsindən "Həkim Bilgə" və "Səyyah
Bilgə" kitabları diqqətçəkən əsərlər,
uşaqların zövq və maraqla
qarşıladıqları nümunələr kimi yadda
qaldı.
Məlumdur
ki, bu il ölkə
başçısının sərəncamı ilə
Şuşa şəhəri 2023-cü il üçün
"Türk dünyasının mədəniyyət
paytaxtı" elan edilib. II Uşaq Kitab
Festivalında bu məqamla bağlı təbliğat
yaxşı qurulmuşdu. Şuşa
Muğam məktəbinin şagirdlərinin
çıxışı, Solmaz Amanovanın
"Şuşanın sehrli açarları"
kitabının təqdimatı müqəddəs məkanımıza
münasibətdə uşaqların içindəki sevgi
ruhunun formalaşmasına öz müstəsna təsirini
göstərəcəyi şübhəsizdir. Eləcə də Sevinc Nuruqızının Gəncə
terrorundan bəhs edən "Piçıltı"
kitabının, bu əsərin əsasında
hazırlanmış tamaşanın məktəblilərin
ifasında təqdimatı balaca oxuculara vətənpərvərlik
duyğuları aşılamaq, tariximizə həssas
yanaşmağı öyrətmək baxımından
uğurlu addımlar sayılmalıdır.
"Gəlin, açıq
danışaq" - sözümüz eşidilənək...
II Uşaq Kitab Festivalını önəmli edən bir
amili də qeyd etmək istəyirəm. Bu da
uşaqlarla bağlı müxtəlif çeşidli problemlərin
işıqlandırılması, müzakirəyə, fikir
mübadiləsinin predmetinə çevrilməsi idi. Elgüsel "Uşaqlar bizə nə demək istəyirlər",
Altay Abdullaoğlu "Uşaqlar və valideynlər nəyi
bilməlidir", Şəmil Sadiq "Valideynlər təhsildən
nə istəyirlər". Göründüyü
kimi, geniş müzakirəyə açıq suallardır.
Festivalın ən önəmli, yaddaqalan və əhəmiyyətli
hadisələrindən biri aprelin 10-da "Azərbaycan Nəşriyyatları
Assosiasiyası" İctimai Birliyinin "Azərbaycanda
uşaq və tədris ədəbiyyatı: reallıqlar və
perspektivlər" mövzusunda elmi-praktik seminarının təşkili
və keçirilməsi sayılmalıdır. Çoxdandır
ki, bu istiqamətdə problemlər ona məsul şəxslərin
bir araya cəm olması, işıqlandırılması
baxımından baş tutmurdu. Eləcə
ayrı-ayrı məqalələrdə şərhinə
varılır, yaxud da Şəmil Sadiqin tədbirdə qeyd
etdiyi kimi, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun hər il ənənə olaraq keçirdiyi
"İlin ədəbi yekunları"
elmi-yaradıcılıq müşavirəsində səsləndirilirdi.
Bu baxımdan, tədris ədəbiyyatının
vəziyyəti ilə bağlı təşkil olunan
elmi-praktik seminar uşaq ədəbiyyatı problemlərinin
bir qisminin həllinə hədəflənmək
baxımından böyük əhəmiyyət kəsb edir.
Seminarda ANAİB-in sədri Şəmil Sadiq
"Uşaq ədəbiyyatının bugünkü vəziyyəti";
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər
təhsil şöbəsinin müdiri Vəfa Yaqublu "Dərslik
mətnləri. Oxuyub, anlamaq"; yazıçı Zahid
Xəlil "Uşaq ədəbiyyatında klassizm ənənələri";
"Altun kitab" nəşriyyatının direktoru Rafiq
İsmayılov "Azərbaycanda uşaq kitabları beynəlxalq
təcrübə kontekstində" və Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı"
şöbəsinin müdiri Elnarə Akimova "Tədris vəsaitlərində
uşaq ədəbiyyatının yeri və rolu"
mövzusunda məruzələr etdilər. Ardınca
məruzəçilərə ünvanlanan suallar, uşaq nəşrlərinin
vəziyyəti, uşaq yazarlarının çap olunma
çətinlikləri, nəşriyyatların uşaq
yazarları ilə yaradıcılıq əlaqələri,
uşaq kitablarında illüstrasiya və dizayn məsələləri,
məzmunlu kitab hasilə gətirməyin prinsip və
meyarları kimi problemlər geniş müzakirə predmetinə
çevrildi. Hərçənd
açıq döhbətin açıq qalan sualları da
oldu. Xüsusilə, dərsliklərdəki
problemlərlə bağlı səsləndirdiyim əsaslı
iradlara Təhsil Nazirliyinin əməkdaşı tərəfindən
əsaslı cavablar ala bilmədim.
Təklifimdə isə qalıram. Dərsliklərin
hazırlanması işində milli şüuru ayıq olan və
yüksək intellektli insanlar dayanmalıdır. Uşaq ədəbiyyatını seçərkən
hər dövrün ən yaxşı, ən seçilmiş
nümunələrinə istinad edilməlidir. "Vətən dili" dərsliyini bəlkə bu
gün də meyara çevirmək olar. Klassik
və müasir uşaq ədəbi nümunələri, xarici
ədəbiyyatdan tərcümələr, nağıl və əfsanələr,
folklor nümunələri və s. Məqsəd bütün
hallarda ideya-bədii cəhətdən kamil nümunələrə
yer verməkdir. Dərsliklərdəki
qüsurların islahını sabaha saxlamaq olmaz. Çünki hər dəfə ideya-bədii
baxımdan qusurların ehtiva olunduğu dərsliklə bir nəsil
yetişir artıq, oxuduqları onda bu və ya digər dərəcədə
iz qoyur. Əks halda, dərsliklərdəki
uşaq ədəbiyyatı bədii baxımdan zövqsüz,
ideya baxımdan mənasız mətnlərin ümidinə hələ
çox qalacaq. Bu isə nəticəsiz əbədi
əməyə məhkum olmaq deməkdir.
Son zamanlar bizdə bir çox sahələrlə, istiqamətlərlə
bağlı sanki "əcəl zəngi"
çalınır. Mən çox istərdim ki, bu zənglər
SOS siqnalı, həyəcan təbili ilə əvəz
edilsin. Vaxtında, zamanında, tez-tez
eşidilsin bu səslər. Çünki
bu təbil bizim diriliyimizə, dirçəlişimizə daha
çox zəmin yarada, daha çox stimul verə bilər.
II Uşaq Kitab Festivalını bir də bu
baxımdan əhəmiyyətli hadisə hesab etmək olar.
Ümumilikdə,
maarifçi xarakterinə, sabahımıza hədəflənmiş
ali və nəcib niyyətinə görə
dörd gün əyləncə və intellekt
qovşağında baş tutan bu festivalın bütün təşkilatçılarına
dərin səmimiyyətlə təşəkkür borcumuz
var.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.8-9.