Pərixan
Romandan parça
Tanınmış
yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət
xadimi Elçin Hüseynbəyli (Qaraçuxa) "Pərixan"
tarix romanını bitirib və hazırda nəşrə
hazırlayır. Səfəvi xanədanının ən
mürəkkəb və intriqalı dövrünü əhatə
edən roman dramatik süjeti, gözlənilməz keçidləri
və fərqli təhkiyə ilə oxucuların
görüşünə gəlir. Tanıtım məqsədilə
romandan bir parçanı oxucularımıza təqdim edirik.
...Şah
Birinci Təhmasibin sevimli qızı Pərixan xanım hər
an həbs olunacağını və qaranlıq bir məkanda
qətlə yetiriləcəyini gözəl bilirdi. Ona görə
də Xəlil xan Əfşarın Venesiyadan gətirdiyi,
qırağı naxışlı güzgünü əlinə
alıb, qara tellərini darayır, öz əndamına
tamaşa edir, həzz alırdı, sanki ölümdən və
həyatdan acıq çıxırdı...
Evin
pəncərələri qara məxmər pərdəylə
örtülmüşdü, içəri qaranlıq idi və
bu qaranlığı divardan asılmış bir cüt lampa
işıqlandırırdı. Və bu
işığın fonunda Şah qızı daha cazibədar,
daha sirli görünürdü. İndilərdə
neft qıt idi. Çünki Allahlar Şəhərindəki mədəndə
yanğınlar başlamışdı. O sarıdan da tacir
karvanı ləngiyirdi. Amma Pərixan
xanımın lampası yanırdı. Deməli,
işini bərk tutan idi, ehtiyatlıydı...
Xəlil
xan içəri girəndə Şah qızını bu halətdə
gördü: sakit və hüzurlu.
O, Pərixan
xanımın gözəl vücuduna, qu quşuna bənzər,
sığallı, hamar boğazına baxdı və köks
ötürdü.
Pərixan xanım atlas köynəkdəydi. İçəri
yarıqaranlıq olsa da, onun bütün bədəni,
xırda cizgilərinə qədər aydınca
görünürdü, parıldayır, göz
qamaşdırırdı.
"Əvvəllər, görəsən, niyə
ağlına gəlməyib ki, belə yarıqaranlıq şəraitdə
sevişsinlər!" deyə Xəlil xan ürəyində
düşündü, hələ bəlkə hayqırdı
da.
Xəlil xanın əzalarının hamısı yerindən
oynayırdı. "Bu nə halət, bu nə qamət!?"
deyə içində inildədi. Bu sevimli və sevgili
xanıma necə qıysın!? Bəlkə də
ömründə ilk dəfə doğulduğu günə lənət
oxudu. Heç vaxt belə vəziyyətə
düşməmişdi. Düşmənlə
üz-üzə qalanda, ölümlə
qarşılaşanda da qorxmamışdı.
İndiyə qədər bir yerdə, bir yataqda çox
olmuşdular.
Bir dişləyib, iki öpüşmüşdülər...
Amma bu, başqa halət idi. Çünki sevdiyi
xanımı öz əliylə o dünyaya göndərməliydi.
Şərt beləydi: ya Pərixanın qara başı, ya da
onun özünün...
Xəlil xan nə edəcəyini bilmirdi. Bu gözəl sevgilisinə
əl qaldırmağa ürək eləmirdi, amma can da
şirin şeydi axı. Olmasın Pərixan
xanım, olsun Güllücahan. Onun da
gözəllikdə tayı-bərabəri yox idi. Bəs sevgi, bəs verdiyi vədlər?
Kişiyə yaraşan iş deyildi.
Pərixan xanım onun bu tərəddüdlərini
yaxşı başa düşürdü. Ona görə də asta səslə,
az qala pıçıltıyla dedi:
- Ürəyin
sıxılırsa, pərdələri açım.
- Yox, - Xəlil
xan dəli kimi qışqırdı. Sanki rəssamın
naturadan çəkdiyi gözəlin yerini dəyişməsinə
acıqlanırdı. - Yox, yox, dəymə! Belə
yaxşıdır, - dedi və bir daha Şah qızını
ehtiraslı baxışları ilə süzdü, udqundu və
özünü itirmədən, həm də bu gözəlliyə
təslim olmamaq üçün xanıma əmr elədi,
ancaq sözlərinə bir şirinlik də qatdı:
- Geyinin,
nəvvab xanım, sizi cənnət qapısındakı mələklər
gözləyir.
"Nəvvab e!" - Pərixan xanım ürəyində
fikirləşdi, hətta qımışdı da.
Başqa adam olsaydı, Xəlil xan bu xoş sözlərdən
vaz keçərdi. Çünki dişi canavara bənzəyən
Xeyrənnisə bəyimin - Məhdi Ülyanın qətlinə
fərman verdiyi ev dustağıyla bu
cür davranmaq olmazdı. Amma "sevgilim də"
demədi. Ona görə də Pərixan xanım bir
anlığa sarsıldı və sarsıldığını
göstərməmək üçün
gülümsündü...
Xanım da ki, nə xanım. İki göz istəyirdi
ki, xətti-xalına, gül camalına tamaşa eləsin.
Sanki nağıllardan düşüb gəlmişdi.
Ağzı o qədər balacaydı ki, iki badam
yerləşməzdi, beli elə incəydi ki, bir badam yesəydi,
boylu görünərdi, saçları o qədər uzun idi
ki, çiməndə on iki kəniz onları yuyardı.
Bədəni o qədər şəffaf və
sığallıydı ki, adamın əli sevinərdi,
gözləri elə iriydi ki, ona baxıb daranmaq olardı.
Mən, sanki indi, bu saat kənardan durub ona
baxıram. Hələ bəlkə bunu
sizin xətrinizə edirəm. Əlimdə
də kamera var və gördüklərim kameranın
yaddaşına yazılır. Bu mənzərəni
təsəvvürünüzdə canlandıra bilirsinizmi?
Əlimdə
əlac olsaydı, yəni bacarsaydım, hələ sizə
bir gözəlləmə də oxuyardım, sonunu isə
"Ruhani" üstündə bir kədərli havaya
çevirərdim...
İnanıram ki, başqa vaxt olsaydı, Xəlil xan da
bunu can-başla edərdi. Amma can şirin
şeydi...
Pərixan xanım zərif boynunu qu quşu kimi irəli
uzatdı. Onun boynu indi qıldan da zərif idi. Ağappaq
sinəsi atlas köynəyinin altından qabarır, çəhrayı
giləli məmələri köynəyi deşib
çölə çıxmaq istəyirdi. Bax, indi mən deməyim,
siz deyin... Xəlil xan başı daşlı
burda neyləməliydi? Bu gözəllikdə
qadını necə öldürəydi və göz
qamaşdıran, dünyanı işıqlandıran bu yaqutdan
necə əl çəkəydi? Tarix onu
lənətləməzdimi? Şəxsən mən lənətləyərdim...
Ona görə hələ bir az da
yaşamasını istəyirəm və hadisələrin
istiqamətini istənilən tərəfə yönəltməyə
hazıram. Qoy, bu gözəllər gözəlinə
qıymadığıma görə məni qınasınlar.
Özü də o, elə-belə qadın
deyildi. Şahın sevimli
qızıydı. Ərdəbil Şeyxindən
dərs almış, öncəgörməni, əfsunu, hətta
cadunu da bilən naibüssələtənə idi. Yəni səltənətin naibi, vəkili. Bəlkə elə qələmimi o tərəf-bu tərəfə
fırladan, hadisələri başqa səmtə yönəldən
onun yüz illərdən bəri bizə tərəf gələn
baxışlarıydı. Əgər
fizikaya, nücum elminə inansaq, ulduzlar bizə
keçmişin gözüylə baxa bilirlər və həmin
gözlərdə əcdadlarımızın da
işığı var. Çünki bizdən qabaq əbədiyaşar
ulduzları görüblər, hələ sevişiblər də,
yəni aralıdan-aralıya bir-birilərinə göz
vurublar. Sizi bilmirəm, ancaq mən ulduzlara
göz vurmağı indi də sevirəm. Elə
bilirəm ki, onlar dünyanın ən yaraşıqlı
xanımlarıdır. Ağ elədim, deyəsən.
Qoy, bildiyim işlərdən, nəsnələrdən
danışım. Mollalardan ayıbdır...
Xəlil
xan o zaman bunu bilmirdi, ancaq fəhmlə duyurdu...
Əlbəttə,
can şirin şeydi... Bu məsələdə mübahisənin
yeri deyil...
Xəlil xanı gözləyən qorçular
bayırdaydılar, içəri girməyə cürət eləmirdilər,
hətta bu, ürəklərindən keçsə də, Xəlil
xanın əmrindən çıxa bilməzdilər. Onlar gözəlliyi
dillər əzbəri olan Pərixan xanıma son dəfə
baxmaq istəyirdilər. Çünki bir
azdan qırmızı paltarlı cəlladlar onun başına
qırmızı torba geyindirib aparacaq, ya da qonşu otaqda,
qaranlıqda qətlə yetirəcəkdilər.
Qaranlıqda qətlə yetirəcəkdilər ki, nə
öldürüləni görsünlər, nə də
özlərini göstərsinlər... Özü
də boğub öldürəcəkdilər. Şahzadə adi rəiyyət, cani deyildi ki,
başını üzələr, qanını axıdalar,
onu yalnız boğa bilərdilər. Özü
də qaranlıqda və hökmən gözləri
bağlı halda.
Pərixan xanım cəllad da görmüşdü,
onun qurbanını da. Bir çoxunu özü cəllad əlinə
vermişdi. Bununla belə, Xəlil
xanın əmrini qulaqardına vurdu, kinayəli şəkildə
gülümsədi.
Əslində, Şah qızı ölümdən
qorxmurdu. Taleyinə nə yazılıbsa, odur. Biz bilməsək də, Ərdəbil şeyxindən
dərs almış Pərixan xanım bunu bilirdi. Özü də ölümdən yox, qaranlıqdan
qorxurdu. Zatən qaranlıq ölüm
kimidir. Vay bə... Bəs mən necə
olacam? Öləndə vəsiyyət edəcəm
ki, yandırıb külümü dağlara səpsinlər.
Çünki mənim gülümdən gözəl
çiçəklər çıxacaq. İstəmirəm
ki, onları qoparsınlar, eləcə qoxulasalar bəsdi.
Hə, düzdü, bu, mənim müsahibələrimdən
bir fraqmentdir.
Şahzadəni qoyaq, qayıdaq şahzadə
xanımın yanına. Onun gözəlliyi mənim bu cızma-qaramdan ötədir...
Çöldəki bağçada bir bülbül
ötdü, sonra səsi kəsildi. Pərixan xanımın ürəyindən
keçdi ki, təki o da bir quş olaydı, buralardan
uçub azad bir yerə gedəydi... Babası
(atası) Təhmasib onu əzizləyəndə "ay mənim
sərçə balam" deyirdi.
Bu sözləri yadına salıb, ürəyində
fikirləşə-fikirləşə sevgilisinə baxdı.
Onlar əmizadəydilər. Xəlil xan Pərixan
xanımın əmisi nəvəsiydi, həm də onun lələsi,
yəni hamisi hesab olunurdu. Aralarındakı
yaş fərqi də elə böyük deyildi. Xəlil xan ondan üç sənə tez
doğulmuşdu.
Gözəllər
gözəli saçlarını arxadan yığdı,
üzünə müti görkəm verib soruşdu:
- Bəlkə
sənə bir fincan çay verim, başımın tacı? Tacirlər Çindən yenicə gətiriblər.
Şah qızı "gətirsinlər" demədi. Bu demək idi
ki, xana özü qulluq eləmək istəyir.
Xəlil
xan susdu və bir azdan yarıtəşviş, yarıricayla
dilləndi:
- Geyinsən
yaxşıdır, qorçular çöldə gözləyirlər.
Naibüssəltənə
Xəlil xana ürkək baxışlarla baxdı və anidən
onun qarşısında diz üstə çökdü:
- Sən
buna necə qıya bilərsən? Axı mən
səni qəlbim qədər sevirəm. Ölənə
qədər sənə sadiq qalacağıma söz verirəm.
Əziz babamın ruhu haqqı!
Xəlil xan susdu. Əsəbi şəkildə var-gəl
elədi.
Pərixan
isə nəvazişli sözlərinə davam edirdi:
- Mən
bir bədbəxt şah övladıyam. Mənim
gülüzlü babam həmişə sənə və
doğmalarına, əzizlərinə yar olub, xan! Onun sevimli balasına qıyacağını, nəfəsini
kəsəcəyini, ömrünü yarımçıq
saxlayacağını zənn etmirəm. Əgər belə
olacaqsa, onda sənə bir sirr açmalıyam...
Pərixan bu sözləri deyib ayağa qalxdı, Xəlil
xana sınayıcı nəzərlərlə baxdı, hələ
ala gözlərini süzdürdü də.
Xəlil xanın üzü üzlər
görmüşdü, əmisi nəvəsini də
yaxşı tanıyırdı, dərisi mərmər kimi
ağappaq olsa da, necə deyərlər, dabbaqda gönünə
bələd idi. Ona görə də Pərixan
xanımın bu sözlərindən canına
üşütmə düşdü, qorxan kimi oldu. Arada sirr vardısa və onu əmizadəsinə demək
fikrinə düşmüşdüsə, deməli, ya onu
sınayırdı, ya da hansısa oyuna salmaq istəyirdi.
Oyunbaz Pərixan xanım sirrini, bəlkə də
o dünyaya aparmaq istəmirdi. Şeytandan
hər nə desən gözləmək olardı. Xanın dizləri boşaldı, bədənindən
gizilti keçdi. O boyda azman kişi,
az qala, yumağa döndü. Bununla belə özünü ələ
ala bildi, qara bığlarını sığllayıb:
- Nə
sirr? - deyə ötkəmliklə
soruşdu, amma səsinin titrəməsi də gözdən
yayınmadı.
Şah qızı çoxmənalı şəkildə
susdu, başını aşağı salıb dayandı. Xəlil xanın qorxusundan
ürəyi ağzına gəldi, az
qaldı əmisi nəvəsinin qarşısında diz
çöküb yalvarsın ki, o sirr nədirsə, ona deməsin.
Amma Pərixan xanım onu işvə ilə süzüb asta və
ehtiraslı səslə pıçıldadı:
- Sirri sənə
desəydim, sirr olmazdı ki. Mən deyəcəyim sirdən də
ötədi...
Xəlil xan indi daha çox qorxdu, amma sevdiyi xanıma
diqqətlə baxanda tamam ayrı bir şey hiss elədi.
Pərixan
xanımın qara zülfləri ağappaq, yumru çiyinlərinə
tökülmüşdü və qara ilan olub Xəlil
xanın boğazına dolanırdı... Xan boğulurdu... Bu
gözəlliyin qarşısında tab gətirmək hər
kişinin işi deyildi...
...Bu
söhbət xeyli sonra olmuşdu. Ona qədər isə...
***
- Deyirsən,
yəni?..
Xəlil xan Əfşarın sözü ağzında
yarımçıq qaldı. Pərixan xanım onun
sözünü kəsdi:
- Mən
indicə onun yanından gəldim. Şah babam
ölümünə inanmır. Elə
hesab edir ki, bu hal da keçib gedəcək, yenidən günəşli
günlərə qayıdacaq. Tez-tez
sayıqlayır. Hərarəti çox
yüksəkdir, nə qədər dava-dərman eləsələr
də, qızdırması düşmür. İki il öncə də bu vəziyyətə
düşmüşdü, amma axirət qapısından geri
qayıtmışdı. İndi də ona
ümid edir.
Xəlil
xan onu diqqətlə dinləyir və kəlmə başı
"elədir, nəvvab xanım, elədir", - deyirdi.
Pərixan
isə söhbətinə davam edirdi:
- Ötən
dəfə bilirsən bizə nə demişdi? Uzun sürən
yuxudan ayıldı və dedi: "Mən ölməyəcəm.
Babamı gördüm. Cənnət
bağında alma ağacının dibini
belləyirdi. Məni yanına
çağırdı. Getdim. Amma üzünü görmədim. Mənə lütfkarlığını bildirdi.
Söylədi ki, xanədanı qoruduğuna görə
üzün ağ olsun. Mənim
də, babalarımızın da ruhu şaddır. Bu almadan birini ye və cənnətin ən yüksək
məqamına yetiş. Özün də
nə diləmək istərsən, dilə". Mən
də cavabında dedim: "Məqamı uca babam, izn ver, geri
qayıdım. Hələ görülməmiş
yarımçıq işlərim var". O da mələklərə
əli ilə işarə elədi ki, məni aparıb geriyə
yola salsınlar. Onlar da məni axirətin iri
darvazasından çıxardılar. Bax, mən
qayıtdım. İndi burdayam, yenidən
tac başımda, taxt altımdadır!"
Amma bu dəfə başqa cürdü. Babamın
baş aşpazı Bavarçioğlu onun sevdiyi
döyğanı (dovğanı) bişirib gətirmişdi.
Nə illah elədimsə, babam bir qaşıq
da içmədi.
Mən
ona:
- Baba,
Şeyx Nizaminin xoşladığı döyğanı gətirmişəm,
bircə qaşıq içsənə, - deyə
qulağına pıçıldadım, amma o, heç
gözlərini də açmadı. Mənə
elə gəlirdi ki, o, çox sevdiyi Nizaminin adını
eşitcək ayağa duracaq. Amma belə
olmadı.
Xəlil xan Əfşar təəssüflə
başını buladı.
Pərixan
xanım davam elədi:
- Babam
ölümünə inanmasa da, təbiblər başqa fikirdədir.
Həkimlər babamdan qan almaq istədilər,
amma heç nə çıxmadı. Qanı
donub, sanki. Özüm də neçə
gündür dalbadal pis vaqeə görürəm. Babamın getdiyi yol qapqaranlıqdır, sonu da
görünmür.
Həkimbaşı Əli bəy də sonuncu dəfə
qibleyi-aləmin nəbzini bir neçə dəfə
yoxladı. Qulağını sinəsinin üstünə qoyub
bir xeyli dinlədi, sonra başını qaldırıb bizə
baxdı. Onun gözlərində heç
bir ifadə yox idi. Başa
düşdüm ki, bu dəfə Əzrayıl saraydan əliboş
getməyəcək. Ulu babamız da bu işdə
yardım edə bilməyəcək...
Onlar söhbət edə-edə gəlib Səadətabad
bağının sonuna çatdılar, ətrafda gəzişənlər
onları görməsin deyə yenidən geri
qayıtdılar.
Pərixan
isə dil boğaza qoymur, hüdüləyib
tökürdü:
- Bilirsən
məni narahat edən nədir? Babam özünə
gələndən sonra əli ilə işarə elədi ki,
hamımız çıxaq, bircə kiçik
qardaşımız Heydər Mirzədən başqa. Təsəvvür edirsən? - Xəlil xan
başı ilə təsdiqlədi. - Mən ondan ehtiyat edirəm
ki, babamız öz tacını sevimli oğlunun başına
qoyar, çünki uşaqlıqdan onu öz yanında gəzdirir.
İnzibati işlərin də
hamısını ona tapşırıb. Dəftərxana,
möhür, sənədlər onun əlindədir, xəzinəyə
də əli çatır. Ancaq bir şeydən rahatam
ki, şah babamız huşa gedib, dili söz tutmur, çətin
ki, belə bir iş tutsun. Amma...
- Nə
amma? - deyə Xəlil xan suallı
baxışlarla Pərixan xanımı süzdü.
- Vəsiyyətnamə
ola bilər, onu isə heç kim görməyib.
- Bir az susduqdan sonra əlavə elədi: -
Mən ona acıqlanıram ki, sevimli qızı və
naibüssəltənə mən ola-ola, həm də
böyük oğlanlar dura-dura taxt-tacı niyə kiçik
oğluna versin? Ona görə ki,
şahımızın hər sözünə əməl
edir, cavab qaytarmır? Bu cür adamlardan həm
qorxuram, həm də zəhləm gedir. Onlar
hər addımda sənə xəyanət edə bilər.
Mənim öz sözü olmayan, dadsız, qoxusuz
adamlardan zəhləm gedir.
- Mənim
də, - deyə Xəlil xan Şah qızının monoloquna
müdaxilə elədi.
Bir az susandan sonra Pərixan xanım
qızılgül koluna tərəf əyildi,
qızılgülü iylədi və dedi:
-
Görürsən nə gözəl qoxusu var? Ona
görə də adı qızıl güldür, özü
də qıpqırmızıdır, qan kimi. Bu işlərin sonu qandır. Tələsmək
də, gecikmək də ölümə barəbərdir... Özü də mən Heydərin hakimiyyətə
gəlib, şahlıq tacını başına
qoymağının əleyhinə deyiləm, amma
damarlarından gürcü qanı axır. Səfəvi xanədanını və
möhürünü ona etibar eləmək olmaz. Düzdü, Məhəmməd Mirzədənsə,
onun hakimiyyətə gəlməsi daha yaxşıdır.
Çünki Məhəmmədin qancıq arvadı, Xeyrənnisə
də az aşın duzu deyil, fars
südü əmib və qardaşımı o idarə edir,
deməli, hakimiyyəti də o idarə etmək istəyəcək.
Məhəmmədin quyruq bulayanı, vəziri
Mirzə Salman da bu işdə yaman çalışır.
Heyf ki, bizim bəzi əmirlərimiz, elə
ustaclı, şamlılardan ibarət əsilzadələrin bəziləri
də onun tərəfindədir.
Susqun
halda parkı bir az gəzişdikdən
sonra Xəlil xan soruşdu:
- Nə
eləmək fikriniz var? Deyin bilək. Ayağınız
dəyən yerə başımı qoymağa hazıram.
Bu
sözlər naibüssəltənənin xoşuna gəldi,
gülümsündü və bunları söylədi:
- Bizim
adamlarımız indi Hüseynqulu xanın evinə
yığışıblar. Heydərin də adamları saraya
yaxındılar... Bir şey pisdi ki, Heydərin özü də
saraydadır... Nəsə bir iş görmək
lazımdı...
- Hm... - deyə Xəlil xan mızıldandı.
Xəfif yel əsdi və Pərixan xanımın
sarı, ipək örpəyini yellətdi. Örpəyin
bir ucu xanın üzünə dəydi. O, bu təmasdan
xoşallandı və əlini uzadıb naibüssəltənənin
örpəyini düzəltmək istədi.
Şah
qızı onun bu niyyətini duydu və başını yana döndərib mərmərdən
yonulmuş şir heykəlinə tərəf getdi və onun
yanındakı daş kətildə oturdu, gözlərini də
yumdu.
Şah qızının qulağına hardansa, lap
uzaqlardan qıy vuran qartalların, şahinlərin səsi gəldi. Başını
yuxarı qaldırıb baxdı. Şəhəri
dövrələyən dağların başında qartallar
dövrə vururdu. Pərixan xanım
fikirləşdi ki, həmin qartallar yerdəki ovlarını
güdürlər və münasib məqamda hücum eləməyə
hazırlaşırlar. İndi sarayda da vəziyyət
beləydi. Hakimiyyət uğrunda
mübarizə aparanlar həmin qartallara, taxt-tac isə ova bənzəyirdi.
Amma elə eləmək lazım idi ki, bu
döyüşdən məğlub çıxıb, daha
güclülərə yem olmayasan.
Xəlil xan kənarda dayanıb Şah qızına
baxır və bu gözəllikdən həzz alırdı. Bir azdan sevgilisinə
yaxınlaşdı və may yeli kimi xəfifcə soruşdu:
- Nə
çox fikirləşdin, olmaya nəsə gördün?
Pərixan
xanım şəhadət barmağını dodağına
yaxınlaşdırıb "sus" işarəsi verdi. Ayağa qalxıb yerliyi göy olan ətəyini
düzəltdi, butalı qaftanının kəmərini bərkitdi,
küləyin ora-bura yellədiyi örpəyini
bağladı...
Xəlil xan əmrə tabe oldu və susdu. Lələ Xəlil
xan olsa da, hökm sahibi Şah qızıydı.
Çünki təkcə şahzadə yox, həm də səltənətin
vəkiliydi...
***
Şah Birinci Təhmasibin sevimli qızı Pərixan
xanımla Xəlil xan Səadətabad bağında gəzişə-gəzişə
bu cür söhbət edirdilər. Şah
qızının dərvişləri Qəzvin
bazarlarını, dükan və məscidlərini, dar
küçələrini gəzib şəhər əhlinin
fikirlərinə qulaq kəsilirdilər. Çünki
iki il öncə Şah I Təhmasibin
ölüm xəbəri Qəzvinə yayılanda əhali
zilləllahın ya ölüsünü, ya da dirisini görmək
üçün saraya tələsmişdi, amma o zaman
qorçular adamların qarşısını zorla ala
bilmişdilər.
İndi Şah Birinci Təhmasib yenidən gor
qapısının ağzındaydı. Bunu saraya
yaxın xanlar və əmirlər bilirdi və öz evlərində
oturub dərdləşirdilər. Onlar
Şah Təhmasibdən sonra hakimiyyətə kimin gətiriləcəyini
düşünürdülər.
***
Pərixan
xanım əlindəki qızılgülü sonuncu dəfə
iyləyib, qurşağındakı kəmərə taxdı
və söhbətinə davam elədi:
- Biz
şahzadə İsmayıl Mirzəni hakimiyyətə gətirməliyik.
Heydərdənsə o münasibdir: həm yaşca
böyükdür, həm də keçmişdəki xidmətlərini
danmaq olmaz. Hələ xeyli əvvəl, babam
yatağa düşməzdən əvvəl öz fikrimi ona
demişdim, yalvarıb dil də tökmüşdüm.
O isə susmuşdu. İndi də dedim, ürəyini
yumşaltmaq üçün bədahətən şeir də
söylədim:
Gətir
iyirmi il cəfanı çəkən fərzəndi-vəliəhdi
Pozulmaz heç zaman onun sənə sədaqət əhdi.
- Bəs,
baban nə dedi? - deyə Xəlil xan
soruşdu.
- Babam
danışa bilir ki!? Eləcə gözləri
yaşardı, yumulu gözlərindən yaş
süzüldü, - kövrək səslə dedi.
- Ancaq sən
bilirsən ki, qurbanı olduğum zilləllah fərzəndinin
tiryəkə qurşandığından, içki
düşkünü olduğundan xəbərdardır. Ona
görə də xanədanı ona etibar eləmək istəmir,
- Xəlil xan belə dedi.
Söhbət 20 ilə yaxın Qəhqəhə (Ələmut)
qalasında saxlanılan və "Dəli İsmayıl"
ləqəbi ilə tanınan İsmayıl Mirzədən
gedirdi. O,
doğrudan da dəli idi. Düşmən üstünə
yürüyəndə davul-kəranayla gedirdi, sanki
döyüşə yox, toy-bayrama tələsir...
- Bizə
də elə bu lazım deyilmi? - deyə Pərixan
xanım sərt baxışlarıyla onu süzdü.
-
Anlayıram, - deyə Xəlil xan yenə də
dodağının altında mızıldandı.
Onlar bir müddət danışmadılar. Hərə
öz aləminə qapılmışdı. Xəlil xan
fikirləşirdi ki, naibüssəltənənin istədiyi adam hakimiyyətə gəlməsə, onun və
tayfasının işləri fəna olacaq. Çünki
əfşarlar sarayda böyük hörmət-izzət
sahibiydilər və ən vacib vəzifələr də onlara
həvalə olunmuşdu, o cümlədən mühafizə
xidmətinin və qorçuların da başçısı
əfşar idi.
Pərixan xanım da saraydakı çəkişmələr
və kimin hakimiyyətə gəlməsi barədə
düşünürdü. Bu işdə nə tələsmək,
nə də gecikmək olmazdı. Tələssən
də başın gedərdi, geciksən də.
Əslində, Pərixan xanım ilk baxışdan zərif
bir varlıq olsa da, hissli, duyğuluydu, "Həqiqi" təxəllüsüylə
şeir də yazırdı, amma hakimiyyət məsələsində
barışmaz idi. Bir neçə xarici dil bilir. Xarici qonaqlarla danışıqları o aparır,
öz gözəlliyi və baxışları, həm də
biliyi ilə onları əfsunlayır, Səfəvi sarayı
üçün sərfəli müqavilələr
bağlamağa nail olurdu. O, daha çox bibisi Məhinbanu
sultandan dərs almış, onun tərbiyəsi altında
böyümüşdü. Atası onu çox
istəyir, daim öz yanında oturdur və dövlət
işlərinin idarəsində ona əmin idi. Ona görə də ona nakam ölən sevimli
bacısının adını vermişdi, amma orasını
da yaxşı bilirdi ki, vəlihəhdlər zənənin
hakimiyyətə gəlməsiylə barışmayacaqlar.
Ona görə də ölüm ayağında
olarkən Pərixanı yox, on səkkiz yaşlı Heydəri
yanında saxlamışdı.
Heydər Mirzə çox yaraşıqlıydı. Astaboy, ağbəniz
və yumrusifət idi. Qadın paltarı
geysəydi, tanımaq olmazdı. Atası, Pərixan kimi
ona da dövlət və divan işlərini etibar edirdi...
Pərixan xanım əmisi oğlu Bədiüzzamana
deyikliydi. Hələ uşaqlıqda onları beşikkəsdi
eləmişdilər. Amma nə qız
oğlana, nə də oğlan qıza yaraşırdı.
Bədiüzzaman aşıq-aşıq oynuyur, kef məclislərinə
gedir və əmisi qızına etina eləmirdi. Bir müddət əvvəl
Pərixan atasına demişdi ki, Bədiüzzamanla
nişanını pozmaq istəyir, amma şah buna icazə verməmişdi:
"Yalnız mən öləndən sonra" demişdi...
Xəlil xan Əfşar başqa məsələ. Onunla Pərixan
xanımın torpağını, sanki bir yerdən
götürmüşdülər. Üzdə
yumşaq, daxildə qəzəbliydilər.
Venesiyada ticarət səfiri olan Xəlil xan Pərixan
xanıma dəfələrlə bahalı,
gözqamaşdıran hədiyyələr gətirmişdi. Son dəfə
o, Şahın sifarişiylə saraya çərçivəsi
butalarla bəzədilmiş bədənnüma güzgü gətirmiş,
ondan xırdasını isə Pərixan xanıma hədiyyə
eləmişdi. Çoxları elə
düşünürdü ki, Pərixan xanımla Xəlil
xanı birləşdirən könül dostluğudur,
çünki hər ikisi nəzmə bağlıydı və
məclislərdə şeirlər söyləyərdilər.
Əslində isə iş çox dərinə getmişdi,
onlar həm də aşiq-məşuq idilər və aradabir hərəmxanada,
Pərixan xanımın hücrəsində, ya da
atasının bağışladığı evdə
görüşürdülər. Xəlil
xanın evində görüşmək olmazdı. Naibüssəltənə və şahzadə lələsinin
evinə yox, lələsi onun evinə gələ bilərdi.
Adət və qayda beləydi.
Pərixan xanım gözəllər gözəliydi. Mərmər
kimi bədəni, geniş sinəsi və mütənasib qaməti
vardı. Onun baxışları saray
xanlarının qanını qaynadır, hisslərini
coşdururdu.
Saray adamları Pərixan xanımdan çəkinirdilər. Çünki
onun hökmünə və ağlına bələd idilər.
Bəziləri onu Şeytan sayırdı. Ona görə ki, ən ağlasığmaz qərarları
atası onun məsləhətilə verirdi. Pərixan xanım hər şeydən xəbərdar
idi. Hətta belə olmasaydı da, adamlar belə
düşünürdülər...
Elçin Hüseynbəyli
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.10-11.