Aprelin 10-da qəzetimizin daimi müəlliflərindən biri, şair və tərcüməçi Azad Yaşar növbəti doğum gününü qeyd etdi. Öz istedadını
sənətin ən müxtəlif (memarlıq,
rəssamlıq, xəttatlıq
və publisistika) sahələrində sınayan
qələm dostumuzu bu münasibətlə təbrik edir, şeirlərindən seçmələri
oxucularımızın diqqətinə
təqdim edirik.
İtirilənin geri alınması
Həvvanın nəfsinə Adəm
behişti qurban verib,
özünə məskən
seçdi cəhənnəmə
bənzər Yeri.
Suçu
da bu imiş
ki, iznsiz bir alma yeyib...
İndi
min alma ver(s)ə, alammaz cənnəti geri.
Qul nərgizlər
Vitrindən bir qucaq nərgiz
boylanar küçəyə
boynu bükülü.
Dərilmiş çiçəklər
kəpənəksiz, çəmənsiz
tez solur,
ləçəkləri tökülür.
Gözəllikləri, qoxuları nəğməli,
nəğmələrinə sevda və kədər qarışıb.
Qiymətləri yazılı üstündə
-
hər kəsə satıla bilər, deməli,
azalıb ləçəklərindəki
işıq.
Gözlərindən süzülər
yuxuları
hələ ki ilk bahar dəmidir.
Qaba əllərdə əzilmək
qorxuları,
gözəllərə qovuşmaq
qayğıları
nədənsə artan kimidir.
Vitrindən bir qucaq nərgiz
boylanar günəşə,
küçəyə sarı.
(Günəş - dərdlilər,
dustaqlar həmdəmidir!)
Qiymətləri yazılmış üstündə
-
gözəllikləri, qoxuları
nə isə artan kimidir.
Sənə doğru
Ölümü azdırıb gəlirəm,
həsrət tilsimini
qırıb,
güman divarını
uçurub gəlirəm,
bir anı min il bilirəm,
min ili bir an bilirəm
-
Sənə doğru gəlirəm,
Sənə doğru.
Arınıb ay işığından,
durulub göz yaşından,
dumandan sıyrılıb,
işıqdan süzülüb
gəlirəm,
dünyanın ta o başından -
Sənə doğru gəlirəm,
Sənə doğru.
Bax, qanadlarım qırılmış,
dizlərim çat-çat,
alnım qırış-qırış,
yürüməkdən dabanlarım
dağılmış...
uça-uça,
sürünə-sürünə
yenə, yenə -
Sənə doğru gəlirəm,
Sənə
doğru.
Acıma
mənə belə, acıma halıma,
işığına gəlirəm,
qoynuna gəlirəm,
bir baxışına
aldanıb gəlirəmsə
də...
qoy
olsun!
Sevib-sevilməyə gəlirəm,
acıma mənə
belə.
Sığınmaq
istəyirəm,
yaxın olmaq istəyirəm Sənə,
yaxın
-
həsrətdən, ölümdən
yaxın
işıqdan, sudan yaxın
Səndən Sənə yaxın
olmağa gəlirəm -
Sənə doğru gəlirəm,
Sənə
doğru.
Lələk. Avar. Mobil telefon
Quşun
qopan lələyi
onun özündən
heç də pis uçmur,
sadəcə
məqsədi və mədəsi olmadığından
hara gəldi uçur
bir baxıma.
Ən çox
da üzüaşağı,
burula-burula.
Yəni
quşdan nə isə saxlayır
hələ də özündə.
Qayığın
avarını alıb
Kürün boz-bulanıq,
lehmə və dəli sularına atsan,
hər halda
qayıqdan bir azca pis üzər bəlkə,
amma yenə də harayacansa üzər.
Deməli,
onda
qayıqdan aldığı
dərsləri təkrarlayar
bu avara avar
hələ də.
Mobil
telefon
xaotik dünyamızda
çağdaş insanın
həm avarı, həm
də
bir mənada "qanadı" sayılsa
belə,
sahibi yanında olmayınca
zənglərə cavab verə bilməz
və üstəlik, dolumu olmazsa,
heç "gözünü"
açıb
çevrəsindəki dünya
ilə
maraqlanmaz da.
Və
bundan sonra
onunla
heç divara mismar da
çaxmaq olmaz.
Yüksək
texnologiyalarda
irsiyyət və şərtli refleks qanunlarının
sıfıra enməsinin
sübutudur bu.
Yalqızlığın intimi
Yalqız
yaşayan kişi xeylağının
öz qab-qaşığını
yuması da
onunla bağlı intim təfərrüat
sayıla bilər.
Bu arada...
necə yuması bir elə önəmli
deyildir.
Hə ilə Yox arasında
Həyat
-
Tanrının bizə havayı
bağışladığı
qəribə
bir nemətdir,
çünki nə qadınlarla mümkündür,
nə də ki
onlarsız.
Sədaqətdən xəyanətə
və tərsinə
Bu iki fərqli sual sadəcə masiva üçün, yəni
Allahdan başqa yerdə qalan bütün canlı varlıqlar
və cansız nəsnələr üçün keçərlidir. Bütün dövrlərdə
və situasiyalarda qarşımıza çıxan bu suallara hələlik
bir cavab yoxdur.
Mənim
sənə sədaqətim
özümə nə dərəcədə xəyanətimdir?!
Bəs elə
isə
mənim sənə
xəyanətim
özümə nə dərəcədə sədaqətimdir?!
Bu suallara
bir cavab tapası olsan,
mənə də
de.
P.S.
Bütün varlıqları Allah yaratdığından və
gec-tez hər şey Onun dərgahına yollanacağından
yuxarıdakı sualların uca Yaradana heç bir aidiyyəti
yoxdur.
Nisbilik
Çəkmələri
çamura bulaşanda
belə
xeyli təmiz idi
sahibinin vicdanından
Göz. Burun. Ayna
Hər
şeyi ortaq görsələr də,
bir-birini "burun"
adlı arakəsmə
üzündən görməzlər
gözlər.
Yaxşı
ki ayna var...
çünki
o - bir gözün
təkcə digərini deyil,
həm də
özünü görə biləcəyi
gümüşü qatlı,
həm də sehirli bir şüşədir.
Neorübai
Uşaq
ikən
oynatdığımız hər şey
oyuncağımız kimi gəlirdi bizə.
Zaman
çox şeyin
ardında
göründüyündən daha ciddi
anlamlar gizləndiyinə
öyrətdi bizi
zamanla.
Qocalınca
isə hər şeyin
sadəcə fələyin
əlində
oyuncaq
olduğunu anladıq -
gec də olsa...
Oyuncaq!
Amma baxır kimin əlində...
Eynəyin yuxusu
Yatanda
insan çıxarar eynəyini:
"Yetər hər şeyə səninlə
baxdığım,
yuxumu şəriksiz görmək istərəm"
- deyə.
Eynək
susar, uyuyar bir az aralıda -
insan öz yuxusuna dalar,
eynək öz yuxusuna.
Həyatın olan qalan mənası
Uzun bir növbə gördük dünyaya gəlincə.
Çin
səddi qədər uzun
və canlı insan divarı.
"Nə paylanır?" deyə
sorduq növbədəkilərdən
maraqla.
Amma cavab gəlmədi kimsədən,
açılmadı dodaqların
zəncirbəndi.
Susqun və donuqdu hamı.
Çarəsiz
növbəyə durduq biz də:
"Bu adamlar burada boşuna durmaz,
bildikləri bir şey var" - deyə
qət etdik.
Sıramız yetişincə
ölüm növbəsinə
dayandığımızı
anladıq -
hər kəs kimi biz də.
Hər
şey elə tez olub bitdi ki...
Hər şey o qədər
uzandı ki...
İşıq və kölgələr
Qaranlıqda
kəsdilər yolunu:
- Yaşamaq istəyirsənsə...
Macal vermədi:
- İstəyirəm, - dedi,
-
ancaq siz deyən kimi yox,
Özüm istədiyim kimi!
İnsest ehtimallı
Edip kompleksi
Gənc
aktyorun
filmdə və ya tamaşada
anasının rolunu oynayan
aktrisa ilə
real həyatda sevişməsi
nə dərəcədə
insest faktı sayıla bilər?!
Hər səhər, hər gecə
Hər səhər
eyni küyə oyanırıq -
xoruzlar banlayır "gördüm" deyə,
saqqalını didişdirir
Sabah kişi,
saçlarını yolub tökür Günəş
ana
baş qaldıran kimi yastığından
və
xəbər tutunca
Gecə
adlı qızlarının
Aya qoşulub
qaçdığından.
Hər
gecə beləcə bitir,
Hər səhər
bu təhər
açılır.
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.-
15 aprel.- S.12.