Yunus Oğuzun
yaradıcılığında
qadın obrazlarının dialektikası
Yunus
Oğuzun obrazlar qalereyasında tarixdə mühüm rol
oynamış kişi - qəhrəman,
hökmdar obrazları mərkəzi mövqedə dayanır. Bu məqam yazıçının
yaradıcılıq missiyası, tarixi romanlarla türk tarixini
yaşatmaq və təbliğ etmək niyyəti ilə
bağlıdır. Lakin
yazıçının yaradıcılığında bəşəriyyətin
zərif yarısını təmsil edən qadın surətləri
də özünəməxsus yer tutur. Fikrimizcə,
yazıçının yaratdığı ilk qadın
obrazı olan Ulduzə ("Qadın ulduzu" povesti) onun
sonralar yaratdığı qadın obrazlarının ilkin
variantı, prototipidir. Bu obraz ikili xarakterə
malikdir, həm saf, həm də zamanın çirkabına
batmış bir qəhrəmandır. Müəllif
saf, təmiz Ulduzəni çirkab bir mühitin içinə
salmaqla, sanki onun mənəvi dözümünü, qadın
ləyaqətinin gücünü sınayır və onu
qadın kimi seçim qarşısında qoyur.
"Qadın ulduzu" əsərinin qəhrəmanı
Ulduzə Bəybala ilə tanışlıqdan sonra ilk zamanlar
həyatın əsl məğzini, reallığı, həqiqəti
dərk etdiyini düşünür. O da artıq hamı kimidir, o da
yaşamağın yolunu tapıb, artıq ehtiyacın nə
olduğunu bilmədən xoşbəxt yaşayır. Lakin zamanla Ulduzə daxilində aşınmanın,
mənəvi eroziyanın başladığını hiss
edir. Bəybalanın onu gətirdiyi
"Ali Məclisin" qanunları Ulduzəni dəhşətə
gətirir. Azadlıq və sərbəstlik
pərdəsi altında təqdim olunan bu eybəcər qanunlar
cəmiyyətin deqradasiyasının son həddidir. Bu qanunları pozmağın cəzası isə
ölümdür. Süniliyin hökmran
olduğu bu dünyanın əsl məğzi ehtiras və
puldur. Bu məclis Ulduzə kimi qəlbində
saf hisslər mövcud olan insanlar üçün deyil.
Ulduzə bu məclisə düşdüyü anda
çıxdığı yolun puçluğunu anlayır,
üsyan edir, düşdüyü çevrənin bir
halqası olmadığını və heç bir zaman ola bilməyəcəyini dərk edir.
Lakin Ulduzənin yaşayacaqları bununla
yekunlaşmır. Bu məclisdən daha dəhşətlisi
isə illər sonra açılan sirdir - məşuqəsi
olduğu Bəybala əslində onun atasıdır. Bütün bu hadisələr fonunda Ulduzə
"Ali Məclisin" də, Bəybala kimilərin də əsl
mahiyyətini dərk edir. Bu məclis və
onun Bəybala kimi qulları azadlıq uğrunda mübarizəni
boğmağa, söndürməyə
çalışır. Ulduzə həyatı
bahasına Nərimanı və dolayısıyla azadlıq
uğrunda mübarizəni xilas etmək üçün
çırpınır. Lakin öz
sevgisini ləkələyən Ulduzə intihar etmək niyyətilə
Xəzərə doğru addımlayarkən qəfil təxribat
gülləsi onunla Nərimanın ömrünə son qoyur.
Povestin
sonunda müəllif əsərin realist məğzi ilə
yanaşı, adındakı simvolik məqamlara da işarə
edərək yazır: "...Meydan guruldayırdı. Qadınlar isə elə bil əppək olub göyə
çəkilmişdilər. Ulduza
dönmüşdü qadınlar, meydanda isə namus
qalmışdı, ana-bacı qalmışdı. Ulduzlar qeybə çəkilmişdilər. Meydan guruldayırdı. Deməli,
özünüdərketmə başlayırdı.
Heç kim bilmirdi sabah nə olacaq. Meydan guruldayırdı. Qabaqda isə hələ
sabah var idi..."
Qeyd etdiyimiz kimi, Ulduzə Yunus Oğuzun
yaratdığı binar mahiyyətə malik yeganə qadın
obrazıdır. Bu obrazı nə mütləq mənfi, nə
də mütləq müsbət obraz kimi qəbul etmək
mümkün deyil. Fikrimizcə, bu obraz
Yunus Oğuzun sonrakı yaradıcılığında rast gəldiyimiz
qadın obrazlarının formalaşmasında bazis rolunu
oynamışdır. Ulduzənin öz
ölümü ilə qurtardığı təmizliyi, ləyaqəti
daha sonralar müəllifin yaratdığı müsbət
qadın surətlərində öz əksini
tapmışdır. "Atabəy Eldəniz"
romanındakı Əfrasiyab nəslindən olan, Atabəy Eldənizin
fikir silahdaşı Mömünə xatun, "Çingiz
xan" romanında Çingiz xanın xanımı Borte,
Sultan Məhəmməd Ələddin Xarəzmşahın
anası Türkan xatun, Xocənd şəhərinin hakimi Timur
Məlikin xanımı Südabə xatun və digər
qadın obrazları müəllifin yaratdığı
kişi hökmdar obrazları kimi öz mükəmməlliyi
və ehtişamı ilə seçilir.
Lakin Ulduzənin
"yolunu azdığı", çirkaba
bulandığı məqamlar da daha sonralar obraz şəklində
tarix romanlar müəllifinin yaradıcılığında
zühur edir. Bu müxtəlif müzakirələrə,
mübahisələrə səbəb olan "Şah
arvadı və Cadugər" romanıdır. Yunus Oğuzun Təhmasib şahın vəfatından
sonrakı ziddiyyətli tarixi dövrü
işıqlandıran "Şah arvadı və Cadugər"
romanında əsas diqqətçəkilən məqam
hakimiyyət uğrunda qruplaşmalararası mübarizə və
bunun dövlət üçün acı nəticələridir.
Heydər Mirzə və İsmayıl Mirzənin
tərəfdarları arasında gedən bu amansız
mübarizə saray intriqaları ilə müşayiət olunur.
Əsərdə əsas diqqət çəkən
mübarizə xətti Pərixan və Xeyrənisə
arasında olan xətdir. Təhmasib
şahın sevimli qızı Pərixan obrazı öz
ağlı, düşüncə genişliyi, mənəvi
gücü və əxlaqı ilə oxucuda rəğbət
oyadır. Lakin hakimiyyət ehtirası onu
şəxsi həyatından, gəncliyindən və gözəlliyindən
həzz alaraq yaşamaq şansından məhrum edir. Xeyrənisə isə Səfəvi türk xanədanının
düşmənidir. Gəncliyindən yeganə niyyəti
bu türk səltənətini farsların tapdağına
çevirmək niyyəti ilə yola çıxan Xeyrənisə
anasının nəsihətini heç zaman unutmur: "Sus,
qızım, sus! Amanın günüdür.
Belə şeyləri danışıb evimizi
yıxma. Bilirsən ki, atan türk
şahının qulluğundadır. Yerin
də, ağacın da, daşın da qulağı var. Dediklərin
şahın qulağına çatsa bütün nəslimizi
qırar. Tayfamızın
başıpapaqlı kişilərinin kəlləsindən
minarə qurdurar. Nəslimizin
qırılmasınımı istəyirsən? Sən türkləri maymaqmı hesab edirsən?!
Onların ölüsü də qüdrətlidir.
Onlara qarşı açıq müharibə
aparmaq olmaz, onlara açıq rəğbət də bildirməyə
dəyməz. Gərək türklə
hiylənin, işvənin, ağlın dili ilə rəftar edəsən.
Bunu bacarsan, dünyanın ən xoşbəxt
qadını sənsən. İstəmirsən
dünya sənin ayaqların altında olsun? Onda türk ərinə qalib gəl, bu günə
görə ondan intiqamını al!"
Romandakı cadugər obrazı yazıçının
tapıntısıdır. Əsərdə
mübarizə xətti yalnız Heydər Mirzə və
İsmayıl Mirzənin tərəfdarları, Pərixan və
Xeyrənisə arasında deyil, həm də cadugər və
Xeyrənisə arasında mövcuddur. Cadugərlə
Xeyrənisə bir medalın iki üzüdürlər. Yazıçı bu iki mənfur insanı
qarşılaşdırmaqla oxucu üçün maraqlı,
intriqalı süjet yaradır. Hər ikisi
şeytani ehtirasların, arzuların əsiridirlər. Cadugərin şeytani əməlləri ikrah və
nifrət doğursa da, onun Xeyrənisəyə aşiq
olması, Xeyrənisənin onu istifadə edib atması oxucuda
ona müəyyən qədər tolerant hisslər yaradır.
Xeyrənisə isə bu dünyaya ancaq hökm
etmək, nə olur-olsun ixtiyar sahibi olmaq üçün gəlib.
İqtidar ehtirası bu qadının bütün mahiyyətinə
hopub və o bu yolda hər şeyə hazırdır:
"...Cadugərin
doğru dediyinə tam əmin idi. Ölüm
qorxusu və şahlıq iddiası üz-üzə
dayanmışdı. Hər ikisi qollarını
açıb onu özünə tərəf
çağırır, gəl-gəl deyirdi... Birində
böyüklük, ucalıq, hamıdan üstünlük,
özünün təsdiqi, həzz, ehtiras, digərində isə
bütün bunlardan imtina vardı. İllərlə
bunun uğrunda mübarizə aparmış, ən yaxın adamlarını
bu yolda qurban vermiş, səbr etmiş,
dözmüşdü. Gecə-gündüz
qarşısına qoyduğu bu məqsədə doğru
addım-addım irəliləmişdi. İndi hər
şeydən imtina etmək!
İsmayıl şah onun oğlu Həsən Mirzəni
Tehranda qətlə yetirəndə sinəsinə çəkilən
dağı hamıdan gizlətmişdi, intiqam alacağına
and içmişdi. Bəs Həsənin intiqamı?! İndi geriyəmi çəkilsin? Bu olası
iş deyildi. Bəlkə də cadugər
yanılırdı. Onun da səhv etmək
haqqı vardı. Bəlkə də qəsdən
belə deyir. Qəzvində bir yatağa
girə bilməyəcəklərini zənn edirdi. Böyük sarayın güdükçüləri,
söz-söhbəti, dedi-qoduları da çox olur.
Özünün ifşa olunacağı, məhz
özünün öldürülə biləcəyi qorxusu
da ola bilərdi. İnsanlara etibar yox idi, bəlkə
də Pərixan onu satın almışdı... Amma yox, bu sarsaq dəlicəsinə vurulmuş bir
aşiqdir, onu kimsə döndərə bilməz. Olsa-olsa, özündən və
ayrılacaqlarından qorxmasıdır. Əvvəl-axır
bu olmalı idi.
Ölənəcən
bir cadugərin yatağına girə bilməzdi ki! Bundan sonra
onun yatağı hakimiyyətin güclənməsi naminə ən
qüdrətli əmirlərə ortaq ola
bilərdi".
Xeyrənisə obrazı Yunus Oğuzun mənfi kontekstdə
işlədiyi yeganə aparıcı qadın
obrazıdır. Yalnız bu əsərində yazıçı Şərin
bir qadın timsalında təcəllisi fonunda vətənin və
dövlətin mövcudluğu üçün təhdid olan
hakimiyyət uğrunda mübarizənin fəsadlarını
işıqlandırır, daha sonrakı
yaradıcılığında yenə də "ana, dost, vətən"
məqamında olan türk qadınlarının tarixdəki
möhtəşəm obrazını bədii mətnə nəqş
etməyə davam edir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.13.