Şair
Şair olmaq istəyəndən şair olmaz.
Şairə oxşamaq istəyəndən
də şair olmaz.
Şair olmaq üçün şair olasan gərək.
Şair sözü tanımalıdır,
söz şairi.
Şairin
şeirindən yazda çiçək,
yağış qoxusu gəlməlidir.
Yayda isti olmalıdır şairin şeiri,
Şairin şeiri payızda xəzəl olmalıdır.
Qışda ağ şeiri olmalıdır şairin,
Beləcə, ilin şairi olmalıdır şair.
Söz yırtıla bilir, ancaq, yamaq götürmür;
şair bunu bilməlidir,
şairin sözünün
yırtığı olmamalıdır.
Şair
içki düşkünü
olmamalıdır,
amma sərxoş olmalıdır.
Şairin
dünya boyda dərdi yox,
dərd boyda dünyası olmalıdır.
Şair
qadın düşkünü
yox,
sevgi düşkünü
olmalıdır.
Məhəbbətin gözü kor ola bilər,
şair məhəbbətin
gözü olmalıdır.
Şair həqiqətin izi olmalıdır.
Şair özü olmalıdır.
Şairin
həmişə sözü
olmaya bilər,
ancaq şair həmişə sözü
olmalıdır!
Çəliyə ehtiyacım var
Sən gedəndə də qış idi,
Səndən sonra da qış
gəldi, qar yağdı.
Səndən sonra da Günəş çıxdı,
qarlar əridi getdi.
Məndən sonra da atılanlar oldu,
Onlar da bir yerdə
qalmadı,
ayaqlarını sürüdü,
getdi.
Bizim altında görüşdüyümüz
ağacın da
bir neçə budağı çürüdü,
getdi.
Amma, o ağac
sınmadı.
Mən də ona baxdım
sınmamağı öyrəndim!
Gün təzələndi, ay təzələndi,
Payız təzələndi, yay təzələndi.
Bircə,
o dərd köhnə
qaldı...
Torpaqdan
yaranan torpaq olan kimi,
Məni tərk edən də mənə gələrmiş.
Əvvəl dərdindən öldüyüm,
sonra dərdimdən ölərmiş.
Zaman keçdi, peşman oldun,
Öz-özünə düşman oldun.
Səhvini anladın,
Özünü danladın...
Və getdiyin kimi qayıtdın,
Çox
sağ ol
ki, getmişdin,
Mən yuxudaydım,
sən getməyinlə
məni ayıltdın!
Mənim
sevgimə indi dəyər verməyin,
ayaqları olmayan birinə
ayaqqabı hədiyyə
etməyə bənzəyir.
Mənimsə ayaqqabılara deyil,
çəliyə ehtiyacım
var.
Sən ağıllısan, ağıllılar
məni anlamaz,
dəliyə ehtiyacım
var!
Sən getdin
Sən getdin - elə bil dağın
dumanı getdi.
Sən getdin - elə bil qarsız
qış gəldi.
Sən getdin - elə bil sünbülün
dəni töküldü.
Sən getdin - elə bil arının
çiçəyi qurudu.
Sən getdin - elə bil payızın
xəzəli getdi.
Sən getdin - elə bil söyüd bar verdi.
Sən getdin - elə bil dünya durdu,
dünyanın gözəli
getdi.
Sən getdin - elə bil şairin şeiri,
qəzəli getdi.
Sən getdin, cəhənnəmə
getdin,
məni də özünlə apardın.
Sən getdin - elə bil heç getməmisən!
Bir kədərin sevinciyəm
Bir kədərin sevinciyəm,
Bir sevincin kədəriyəm.
Bu sevdalar ölkəsinin
Mən xaraba şəhəriyəm.
Bir üzümün cecəsi
mən,
Halı pisin necəsi mən.
Gündüzlərin gecəsi mən,
Axşamların səhəriyəm.
Sevdaların adı mənəm,
Doğması mən, yadı mənəm.
Bu həyatın dadı mənəm,
Şəkəriyəm, zəhəriyəm.
Var dərdimdən ölən
bəndə,
Dərdin mənlə bölən bəndə.
Sən ey mənə gülən bəndə,
Mən Allahın
əsəriyəm.
Sarı yarpaqların
yaşıl tərəfi
Yarpaqların son mənzilidir
"payız mənzərəsi"
dediyimiz gözəllik!
Burda intihar da var,
yeni doğuluş üçün başlanğıc
da.
Birinin sonu birinin əvvəlidir.
Ölümmü əzəldir, həyatmı?!
Küləksiz də qopub düşər yarpaq,
Küləksiz də cəzb eyləyər torpaq.
Amma, küləklə bir başqa olur payız,
Əzəmətli ağaclar da yellənir.
Heç
də ölümə
tez təslim olmur yarpaqlar,
uşaq kimi küçələrdə veyillənir.
Payız
mənzərəsi də
gözəldir!
Torpağın üzü istidir
Bir insanın yoxluğuna
alışırsan zaman-zaman.
Əslində, onu unutmursan,
yoxluğunu unudursan
xəyalına öyrəşincə.
Xəyalında onunla
həyatda olduğundan
daha gözəl gülürsən, danışırsan,
bölüşürsən...
Onu daha gözəl sevməyə,
əzizləməyə başlayırsan.
Daha yaxın
gəlir sənə əvvəlkindən ötüb
gedən.
Göz önündən itib gedən,
gözlərinə hakim olur
-
hara baxsan onu görürsən.
Yavaş-yavaş o olursan.
Yadlar da elə bilirlər ki,
"Torpağın üzü soyuqdur",
yadına düşmür
artıq!
Yusif Nazim Ərəbsoy
Ədəbiyyat qəzeti.- 2023.- 15
aprel.- S.19.