Saib Təbrizinin
növbəti qəzəlinin şərhi
"Qırx qəzəl - Qırx
şərh" kitabından...
Çıxardi
xətt, mənəm zülf mübtəlası hənuz,
Dügün
saqaldıvu başımdadır qarası hənuz.
Xətin
ğübari quyaşi əgərçi yaşurdi,
Gözümi
xirə qılur yüziyin səfası hənuz.
Bahar
yetdi də qanlar ki tökdi gözlərdən,
Xəzan
olanda nələr eyləsün cəfası hənuz.
Suvardılar
qılıncıla məgər gülüstanı,
Ki,
bir-birinə qovuşmaz gülün yarası hənuz.
Həyat
suyuna bir dağ qoydu rəşki-ləbin,
Ki,
keçdi ömri-əbəd, tüşmədi qarası hənuz.
Mühiti-eşq
ara mən ol hübabi-bibakəm,
Ki,
getdi başımu başımdadır həvası hənuz.
Vüsal
ümidinə ömrün keçirdi küyində,
Yetişməz
işlərinə Saibin duası hənuz.
Qəzəlin şərhi
1)
Çıxardi xətt, mənəm zülf mübtəlası
hənuz,
Dügün saqaldıvu başımdadır qarası hənuz.
(Üzünə xırda tüklər
çıxıb, hələ də saçlarına
vurğun qalan mənəm. Vurduğu yaraların
tikişləri sağalıb, qarası (közü) isə hələ
də başımdadır).
Şərh:
İnsan saçla dünyaya gəlir, üzünə tük
isə yeniyetmə yaşlarında çıxır. "Xətt" klassik ədəbiyyatda üzdə
çətin görünən sarı narın tüklərə
və ya təzə çıxan bığa, saqqala deyilir,
heyva və ya şaftalının üstündə olan
tüklərlə müqayisə edilir. Şair,
yarının bir çox gözəllikləri varkən və
gözəlləşməyə hələ də davam edirkən,
ilk heyran olduğu nöqtədə qaldığını, o
heyranlığın hələ də keçmədiyini
deyir. Aşiqlər yarın çöhrəsində
yeni gözəlliklər kəşf edir, şair isə hələ
də vurğun olmağına səbəb olan ilk
gördüyü gözəllikdədir.
Yaralar çoxdan bitişsə də, tikişlərin
yeri sağalsa da, közlər hələ də qopmayıb və
o yaraların yeri hələ də görünməkdədir. "Başımdadır
qarası" ifadəsi həm də saçın
qaralığına işarədir. Yəni
hələ saçım ilkin halındadır, dəyişməyib,
həyatın saç ağardan məşəqqətləri,
çətinlikləri məni haqq yoldan
çıxartmayıb. Bu yolda gənclər
kimi qüvvəli, həyəcanlı və inadkaram.
İrfan:
"Xətt" kəsrəti, çoxluğu ifadə edir. "Zülf" isə irfani termin kimi həqiqətə
gedən yol, həqiqətin mahiyyəti, məğzi, zatı
anlamını daşıyır. Yaradanın
zatı "vəhdət"in və "tövhid"in
özüdür. Bütün dünyəvi
fəlsəfələr azdan çoxa, kiçikdən
böyüyə inkişaf edərkən "vəhdət"
böyükdən kiçiyə, çoxdan təkə doğru
hərəkəti özündə ehtiva edir. "Allahdan gəlmişik və Allaha
qayıdacağıq" ifadəsi "tək-çox-tək"
düsturu ilə hərəkəti bildirir. Bu mənada
şair hələ də ilkin "tək" halında
qaldığını, "kəsrət"ə
uğramadığını, "öz"ünü tapmaq
üçün bir nöqtənin, bir yolun, bir mənanın
ona yetdiyini vurğulayır.
Hikmət:
İnsanın dünyada çox şeyə həvəs etməsi
onu yarımçıq edər. Bildiyi uzun yoldan
getmək insanı hədəfə bilmədiyi qısa yoldan
daha tez çatdırar.
2) Xətin
ğübari quyaşi əgərçi yaşurdi,
Gözümi xirə qılur yüziyin səfası hənuz.
(Üzündəki nöqtə kimi tüklərin
günəşi gizlətdiyinə baxmayaraq, üzünün
səfası hələ də gözlərimi
qamaşdırır).
Şərh: Günəşə
yalın gözlə baxdıqda göz qıyılır və
qamaşır.
Toz kimi nöqtə-nöqtə tüklər sənin
günəş kimi parlaq üzünü örtsə də,
hələ də üzünün gur işığı
gözlərimi qamaşdırır.
İrfan:
Bəzi həqiqətə oxşayan yalanlar əsl həqiqəti
gizlətsələr də, aşiq məşuqundan özgə
heç nəyi görmədiyi üçün bu yalanlara
uymaz və "tək" bildiyini "çox"lara dəyişməz.
Hikmət:
Həyatı şirin edən və insanı rahatladan yalanlar həqiqəti
unutdurmağa hesablanmış tələlərdir. Bu tora düşənlər ömrünü yalan və
riya ilə heç edər.
3) Bahar
yetdi də qanlar ki tökdi gözlərdən,
Xəzan olanda nələr eyləsün cəfası hənuz.
(Baharın gözlərdən tökdüyü qanlar bəs
etdi, payız nə edə bilər ki, cəfası təsirli
olsun?)
Şərh:
Bahar fəsli çəmənləri qırmızı
güllərə qərq etdi. Eşq əhli həsrətlə
ağlayırkən, güllərin al rəngi onların
göz yaşlarında əks etdi. Sevgilini
anıb bu gözəlliklərə qan ağladılar. Baharın onlara verdiyi kədər elə çox və
şiddətli oldu ki, payızın qəmi daha onları
qorxuda bilməz. Təbiətə
ölüm gətirən payız, dirilik bəxş edən
bahar qədər təsirli olmadı.
İrfan:
Aşiqi ölüm qorxuda bilməz, çünki məşuqdan
ayrı yaşanan həyat onun üçün ölümdən
daha betərdir. Bu mənada naz-nemətin
içində yaşanan həyat, məhdudiyyətlər
içində yaşanan həyatdan heç nə ilə fərqlənməz.
Daha pisi, bu qədər gözəllik varkən
və sənə xidmət edirkən, qəmlər içində
qalmaq özü də bir qəmdir.
Hikmət:
İnsan mənəvi əzablarını maddi gözəlliklərlə
aradan qaldırmağa cəhd etdikcə daha çox əzaba
düçar olur.
4)
Suvardılar qılınc ilə məgər
gülüstanı,
Ki bir-birinə qovuşmaz gülün yarası hənuz.
(Məgər gülüstanı qılıncla
suvardılar ki, gülün yarası hələ də
bitişməyib?)
Şərh:
Qəzəl janrında hər beyt müstəqil ola bilir və ümumi mətndən və ya
mövzudan kənara çıxa bilir. Dəqiq
ipucu olmadığına görə bu beytin bir neçə mənaya
yozulması mümkündür. Burada
müharibə səbəbindən iki ayrı dövlətdə
yaşamağa məhkum xalqdan da söhbət gedə bilər,
Peyğəmbər övladlarının Kərbəla
çölündə qətlə yetirilməsinə də
işarə oluna bilər.
Gülün qönçə halı onun dünyadan xəbərsizliyini
bildirir. Qönçə hələ maddi aləmin
amansızlığını dadmayıb. Açılıb
gülə çevrilincə bütün bəlalardan xəbərdar
olur. Dəyərini bilməyənlərin,
gözəlliyinə biganə olanların əlinə
düşür, layiqi olmayana hədiyyə edilir. Bir-birindən aralanmış ləçəkləri
həyatdan aldığı yaralardır.
İrfan:
Eşq yolunun yolçusu dünyəvi bəlaları
daddıqca ürəyi parçalanar və heç vaxt
dünya ilə barışmaz, ona tabe olmaz.
Hikmət:
Gülüstan - dünyanın içindəki ruhaniyyətin
rəmzidir. Haqqı söyləyən bir ruhlu,
eyni əqidəli insanların birləşmələrinə
imkan verilməz və onlar həmişə təqib olunarlar.
5) Həyat
suyuna bir dağ qoydu rəşki-ləbin,
Ki keçdi ömri-əbəd, tüşmədi
qarası hənuz.
(Sənin dodaqlarına olan qısqanclığı
dirilik suyunun ürəyinə elə dağ basdı ki, əbədi
ömründə o dağın közü düşmədi).
Şərh:
Dirilik suyu onu dadanın ömrünü əbədi edir. Ölüm həmin şəxsdən uzaqdır.
Ləb, klassik ədəbiyyatda irfani istilah kimi
Yaradanın sözünə və onun mənasına işarədir. "Ol" kəlməsini
iradə etməklə Allah yoxdan var etmişdir və
bütün məxluqlara həyat vermişdir.
"Dirilik suyu"nun "ləb"ə olan həsədi,
qısqanclığı həm Onun kimi yoxdan var edə bilməməsi,
həm də özünün bir məxluq olduğunu qəbul
etməməsidir. Burada "dirilik suyu" insanı anladan
obrazdır. Çünki insan dünyəvi
vəzifə və imkanlara sahib olduqca kibr və şəhvətin
əsirinə çevrilər. Hər kəsə
yuxarıdan baxar, ona möhtac olanları incidər və nəticə
etibarilə, Allaha asi olar. Hər
belə təkəbbür sahibinin sonda uğradığı əzab
və utancdan nəticə çıxarmayan insan əbədiyyətə
qədər haqqın nahaqqa vurduğu yaranın
daşıyıcısıdır.
İrfan:
Sevgilinin dodaqlarından qopan həqiqətlər dünyəvi
sevdaların puçluğunu üzə çıxartdı,
dünyanın eşq əhlini ram edə bilməyəcəyini
üzünə vurdu və dünyanın qəlbinə
dağ çəkdi.
Hikmət:
Allah həyatı xəlq edən dəmdən həyat bu
qüdrətə həsəd apardı. İnsanlar
öz Yaradanlarına şəkk etdilər, ona şərik
qoşdular. Bəzən də öz mənfur
niyyətlərinə Yaradanı alət etməyə
çalışdılar. Ömrü əbədiyyət
qədər uzun olan bu müddətdə dünya əsl həqiqəti
görə bilmədi, içindəki təkəbbürdən
azad ola bilmədi.
6)
Mühiti-eşq ara mən ol hübabi-bibakəm,
Ki, getdi başımu başımdadır həvası hənuz.
(Eşq okeanında mən o qorxusuz qabarcığam ki,
başım getsə də, eşq havası hələ də
başımdadır).
Şərh:
Havalı insan və ya başıhavalı insan dedikdə isə
müəyyən psixoloji qüsuru olan insan nəzərdə
tutulur. Əqidəsinə, sevgisinə, işinə normal
olandan daha böyük şiddətlə bağlı olan
insanlara cəmiyyət içində "havalı",
"dəli" kimi adlar qoyulur və onlara daim bu prizmadan
baxılır.
Qabarcıq suyun köpüklənməsindən, təlatümdən,
suyun hərəkətindən yaranır.
Eşq okeanında mən qorxusuz qabarcığam. Bu okean elə
təlatümlü, elə dalğalıdır ki, mən məhv
olsam da, minlərlə dəfə yenə yaranacağam. Bu okeanda olmaq, eşq dalğaları arasında
üzmək havası qabarcığın içindəki hava
kimi deyil. Qabarcığın başı
getsə də, eşq mənim başımdan getməz.
İrfan:
Əcəl aşiqdən heç nə əskiltməz. Əksinə, ona vüsala yetişməkdə
yardımçı olar. Eşq aşiqin
ruhundadır, cismində deyil. Ancaq cismə
gücü çatan ölüm eşq əhli
üçün qorxulu deyil.
Hikmət:
İnsanların cismani ömrü zamana tabedir, ruhani
ömrü isə zamansızdır. Həqiqət uğrunda
mübarizədə varsansa, sən öləndən sonra
yolunu davam edənlər də elə "sən"dir, necə
ki, sən bu mübarizəyə qoşularkən səndən
öncəkilərin yolunu davam etdirən "onlar" idin.
7)
Vüsal ümidinə ömrün keçirdi küyində,
Yetişməz işlərinə Saibin duası hənuz.
(Saib vüsalına yetmək ümidi ilə
ömrünü sənin qapında keçirdi, hələ də
duaları işinə əncam etməyib).
Şərh:
Saib sənin qapında ömrünü dualarla keçirdi. Sənə qovuşmaq ümidi ilə yaşadı.
Amma hələ də istəyinə
çatmayıb.
İrfan:
Aşiq harda olur-olsun qəribdir. Hər harda can verərsə,
ora yarın astanası, qapısıdır. Vüsala yetmək
istəyi ən ali nöqtəyə
çatanda bu qapı onun üzünə açılar.
Hikmət:
İnsan, adətən zəhmətinin çox,
qazancının azlığından şikayət edər. Lakin mənəvi məsələlərdə hər
zaman qazanc zəhmətdən qat-qat çox olar. Bu
qazancın insana təslimi həmin anda və ya az
sonra olmaya bilər. Ola bilsin ki, illər sonra
mükafatını alsın, amma məsələ qazanmaq
deyil, bu ruhani halı və zövqü yaşayan insan qazancdan
çox zəhmət çəkməkdən zövq
alır. Çünki maddi zəhmət
çəkənləri nəticə, yəni qazanc, mənəvi
zəhmət çəkənləri prosesin özü
sevindirər.
Arif
Buzovnalı
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.21.