"Ulu öndərlə muzeydə
keçirdiyimiz 2 saatlıq
görüş
ömürlük yaddaşıma yazıldı"
Filologiya elmləri doktoru, dosent
Lütviyyə Əsgərzadə ilə müsahibə
- Lütviyyə xanım, Ümummilli
lider Heydər Əliyevin 100 illiyini
yaşadığımız bir zamanda onunla bağlı xatirələri
olan ziyalılarla söhbət etməyi
düşünürük. Belə şəxslərdən
biri sizsiniz. Bilirik ki, Naxçıvanda Heydər
Əliyev muzeyində çalışdığınız
illəri ömrünüzün ən əziz və şərəfli
dövrü hesab edirsiniz.
- Söhbətimizə
dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət
Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan isə
Naxçıvana gəldiyi həm çətin və məşəqqətli,
həm də xoş günlərdən başlamaq istəyirəm.
Həmin kəşməkəşli günlərdə
1990-cı il iyulun 22-də, ümummilli
lider Heydər Əliyevin Moskvadan
doğulub-böyüdüyü Naxçıvana, ağır
vəziyyətdə olan vətəninə
qayıdışı xalqın qurtuluşu oldu. Hamı ulu öndəri görmək
üçün Naxçıvan şəhərinin mərkəzinə,
"Tribuna" deyilən baş meydana axın etdi. Bu görüşdəki 30 min insanın içərisində
anamla bərabər bütün ailəmiz də vardı.
"Unudulmuş tənha ada"ya bənzədilən
Naxçıvan artıq tək deyildi. Xalqın
qəhrəman oğlu burada idi. Moskvadan vətənə
qayıdan Heydər Əliyevin gəlişi ağır blokada
şəraitində olan Naxçıvana yeni ruh gətirdi,
insanlarda stimul yaratdı. Naxçıvanlılar
bu böyük şəxsiyyətin ətrafında sıx birləşdi.
Ulu öndərin bu illərdə
döyüşlərin getdiyi Sədərəkdə dəfələrlə
olması xalqla birliyi, insanların inam hissini gücləndirdi.
Ulu
öndər Naxçıvanda təkcə Muxtar Respublika
üçün deyil, bütün Azərbaycan
üçün həyati əhəmiyyət kəsb edən,
dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların
qəbul edilməsinə nail oldu. Bütün
naxçıvanlılar həmin illər Naxçıvanda
dövlət müstəqilliyimizin bərpası istiqamətində
taleyüklü qərarların; "Naxçıvan Muxtar
Sovet Sosialist Respublikası"nın adından "Sovet"
və "Sosialist" sözlərinin
çıxarılması, onun "Naxçıvan Muxtar
Respublikası", eyni zamanda Naxçıvan MR Ali Sovetini Ali
Məclis adlandırılması (17 noyabr 1990), "Azərbaycan
Respublikasının Dövlət bayrağı
haqqında" Qanunun qəbul edilməsi (5 fevral 1991) və bu
qanunla üçrəngli bayrağımızın yenidən
respublikanın Dövlət bayrağı elan edilməsini,
"1990-cı il yanvar ayında törədilmiş Bakı
hadisələrinə siyasi qiymət verilməsi
haqqında" qərar layihəsinin işlənib
hazırlanması və qərarın məhz Heydər
Əliyevin siyasi nüfuzu nəticəsində qəbul
olunmasını, "Dünya Azərbaycan türklərinin
milli həmrəylik və birlik günü haqqında" qərarın
(16 dekabr 1991) və s. hansı çətin şəraitdə
və necə qəbul olunduğuna şahidlik etdi. Ümummilli liderin ilk gündən atdığı
addımlar, həyata keçirdiyi tədbirlər
Naxçıvanı düşmən əlinə keçmək
təhlükəsindən qurtardı.
Tarixi
günlərin şahidi kimi deyə bilərik ki,
xalqımızı bəlalardan qoruyan, işıqlı gələcəyini
təmin edən ümummilli lider Heydər Əliyev,
böyük mütəfəkkirlərin, sərkərdələrin,
dahilərin vətəni olan Naxçıvanın
yetişdirdiyi şəxsiyyətlərin fövqündə
dayanan, bütün həyatını Vətəninə,
xalqına xidmətə həsr edən, ölkəmizin, eyni
zamanda doğulduğu Naxçıvanın inkişafı və
yüksəlişi üçün var qüvvəsi ilə
xidmət edən fenomen şəxsiyyətdir.
- Bəs sizin Heydər Əliyev
muzeyinə gəlişiniz necə reallaşdı?
- Əbu Turxan yazır ki, "Bəzən sən yolu
seçirsən, bəzən də yol səni." Taleyimə
yazılan yol məni Naxçıvanda yenicə
yaradılmış Heydər Əliyev muzeyinə gətirdi.
Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri işlədiyi, birbaşa şahidi olduğumuz
dövrdə, bir az əvvəl sadaladığım, dövlət
əhəmiyyətli, eyni zamanda taleyüklü qərar və
sərəncamların, sənəd və materialların,
imzaladığı məktubların, Türkiyə
Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq
sahəsində imzaladığı müqavilələrin surətlərinin,
ümummilli lider Heydər Əliyevin ailəsinə, onun
uşaqlıq və gənclik illərinə həsr
olunmuş stendlər, foto şəkillər, müxtəlif
illərdə təqdim olunan dövlət təltiflərinin
surətlərinin, ulu öndərin 80, 85 və 90 illik yubileyləri
şərəfinə buraxılmış marka və medallar,
xatirə əşyalarının yer aldığı, həmçinin
1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən
dövlət bayrağının saxlandığı muzeydə
çalışmaq xoşbəxtliyi nəsib oldu.
- Nə zaman yaradıldı Heydər
Əliyev muzeyi?
- Muzey Ümummilli lider Heydər Əliyevin hələ
sağlığında ölkəmizdə
yaradılmış ilk muzeydir. Naxçıvan şəhərinin
Heydər Əliyev prospektində yerləşən muzey 1999-cu
il mayın 10-dan, yəni Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin doğum
günündən fəaliyyətə
başlamışdı. Qeyd edim ki, ümummilli
liderin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətini
əks etdirən muzeyin yaradılması və fəaliyyəti
Muxtar respublikamızın həyatında, onun gələcək
quruculuq və inkişafında çox mühüm yol
göstəricisidir. Naxçıvanda
yaradılan Heydər Əliyev Muzeyi Naxçıvanın ən
ağır blokada vəziyyətində olduğu illərdə
naxçıvanlılarla birlik nümayiş etdirən və
xilaskarlıq missiyasını yerinə yetirən Böyük
Azərbaycanlıya, dahi şəxsiyyətə xalq tərəfindən
minnətdarlıq duyğusunun ifadəsidir.
Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən jurnal, albom və kitablar, film və qəzet
materiallarından ibarət kitabxana yaradılmışdır. İlk öncə muzeydə
ekskursovood kimi faaliyyətə başladığımdan (19
may 1999-cu il) bütün materiallarla
yaxından tanış idim. Muzeyə gələn
qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə
qorunan qərarlar haqqında məlumat vermək mənim
üçün həm məsuliyyət, həm də şərəf
idi. Az sonra, 1 aprel 2000-ci il tarixindən
Heydər Əliyev muzeyində direktor kimi fəaliyyətimə
davam etdim. Muzeyə gələn qonaqların
sayı-hesabı yox idi. Respublikaya gələn
qonaqlar; səfirlər, millət vəkilləri, nazirlər,
xarici qonaqlar, jurnalistlər və b. böyük bir maraqla
muzeyi ziyarət edir, yüksək fikir bildirirdilər.
- Heydər Əliyevin özü muzeyə
nə zaman gəldi, hansı duyğular içində ora təşrif
buyurdu?
- Muzeyin ən
yaddaqalan, unudulmaz günü Naxçıvan MR 75-illik yubileyi
münasibəti ilə keçirilən bayram şənliklərində
iştirak etmək üçün Naxçıvana gələn
Ümummilli lider Heydər Əliyevin 1999-cu il
oktyabrın 13-də muzeyə gəlməsi, ekspozisiya ilə
tanış olması idi. Sevincimizin həddi-hüdudu
yox idi. Böyük həyəcan içərisində
idik. Səhər iş vaxtından da əvvəl işə
gəlmişdik. Heydər Əliyevi çoxlu
sayda dövlət işçiləri, millət vəkilləri,
mədəniyyət və incəsənət xadimləri
müşaiyət etsə də, Ümummilli lider öz muzeyinə
bir neçə şəxslə daxil oldu. Biz tapşırıq verildiyi kimi, stendlərin
yanında durmuşduq. Heydər Əliyev muzeyə daxil
olan kimi, dedi: "Siz niyə orada dayanmısınız? Buraya gəlin." Böyük
bir sevinclə ona yaxınlaşdıq. Bizimlə
görüşdü. Sonra Ümummilli
lider muzeyi ziyarətə başladı. Ulu
öndər özü muzeydəki şəkil və qərarlar
haqqında böyük bir şövqlə məlumat verməyə
başladı. Muzeyin girişindəki ailə fotosunun
qarşısında dayandı: "Bu atam Əlirza Əliyev,
bu isə anam İzzət xanımdır. Hər kəsi bir-bir
adı ilə təqdim edən ulu öndər birdən dedi:
"Bu da bizim yaxın qonşumuz olub, Xurşud
xanımdır." Ümummilli lider verdiyi məlumatlarla
yanaşı, bizə tövsiyələr verirdi. O
günü əbədiləşdirən çoxlu şəkillər
çəkildi. Heydər Əliyev böyük
şəxsiyyət olmaqla yanaşı, həm də çox
səmimi insan idi. O gün həyatımızın ən
yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm.
Doğrudur, sonralar da qatıldığım qurultaylarda (YAP II
qurultayı-20-22 noyabr 2001-ci il və
2003-cü ildə keçirilən Azərbaycan
Qadınlarının II qurultayı), müşavirələrdə,
sessiyalarda bu böyük şəxsiyyəti görmək,
çıxışlarını, tövsiyələrini dinləmək
şərəfinə nail oldum. Lakin Ulu Öndərlə
muzeydə keçirdiyimiz 2 saatlıq görüş
ömürlük yaddaşıma yazıldı.
Həmin günün axşamı Naxçıvan incəsənət
ustalarının iştiraki ilə keçirilən
böyük bayram konsertində iştirak etdik. Dahi insanın
çıxışını dinlədik. Bu görüşün, Ümummilli liderin müzeyi
ziyarət etdiyi günün təəssüratı ilə mən
Heydər Əliyevə 3 şeir həsr etdim. Bir haşiyə çıxmaq istəyirəm.
O zaman həm Azərbaycanın televiziya kanalları, həm də
Naxçıvan televiziyası tez-tez verilişlərini
birbaşa muzeydə çəkirdi. Bir gün
muzeyə bir nəfər gəldi. Dedi ki, "Lütviyyə
xanım, mən sizi "Şərq qapısı" qəzetinə
verdiyiniz; "Siz mənə ismətli qadınlar verin, mən
sizə gələcəyi bəxş edim"
başlıqlı müsahibənizdən
tanıyıram". Məlum oldu ki, bu şəxs
MR Ali Məclisinin deputatı, "Qeyrət" nəşriyyatının
direktoru, eyni zamanda NDPU-nin müəllimi mərhum Vaqif Məmmədovdur.
Sonradan bu adam mənim "Dünya
başdan-başa nağılmış demə" adlı
ilk kitabıma ön söz də yazdı. Söhbət
zamanı məlum oldu ki, Vaqif müəllimin muzeyə gəlməkdə
məqsədi "Çinar ömrü" adlı
verilişin çəkilişi ilə əlaqədardır.
Müsahibəmdən mənim də
yaradıcılıqla məşğul olduğumdan xəbərdar
olan Vaqif müəllim Heydər Əliyev muzeyində çəkiləcək
"Çinar ömrü" adlı verilişə məni
də dəvət etdi. Həmin verilişdə
mənim Heydər Əliyevə yazdığım şeirlərə
də toxunuldu. Qeyd etdim ki, o şeirləri
yazmaq üçün məqamı yaşamaq lazım
imiş. Ümummilli lideri yaxından
görmək, o böyük şəxsiyyətin tövsiyələrini
dinləmək, ondakı böyük səmimiyyətə
heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi. Yazdığım 3 şeirin birinə
Naxçıvan MR Əməkdar İncəsənət xadimi
Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən
ifa olundu. Elə həmin ildə
keçirilən "Heydər Əliyev siyasəti, Heydər
Əliyev müdrikliyi" müsabiqəsinin qaliblərindən
biri odum. Ulu öndərin 80 illik yubileyinə
həsr olunan müsabiqədə isə "Ən
yaxşı analitik yazılar üçün" ayrılan
mükafata layiq görüldüm.
- Heydər Əliyevin
Naxçıvana sonrakı səfərlərində də
görüşünüz baş tutmuşdumu?
- Bəli.
Məsələn, Heydər Əliyevin Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin
Naxçıvan filialında kursantlarla görüşündə,
Şəhidlər Xiyabanını ziyarətində, Bəhruz
Kəngərlinin ev muzeyinin açılışında mən
də iştirak edirdim. Tədbir iştirakçısı
kimi Ümummilli lideri yenidən yaxından görmək şərəfinə
nail olurdum. Belə tədbirlərdən biri də18 iyun 2002-ci
il Naxçıvan MR Ali Məclisində
Muxtar Respublikanin Dövlət hakimiyyəti orqanlarinin nümayəndələri
ilə keçirilən müşavirə oldu. Müşavirədə
Ulu Öndər geniş nitq söyləyərək Naxçıvana
gəldiyi ağır günləri xatırladı, ona
göstərilən sevgi və qayğıdan vəfadarlıqla
söz açdı. Həmçinin
özünün Naxçıvanda həyata keçirdiyi
mühüm işlərə işıq saldı. Bir məsələni qeyd edim ki, bu müdrik insan Azərbaycanda
ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar
Respublikasında görülən genişmiqyaslı işləri
daim dəstəkləmişdir. Burada aparılan kompleks
quruculuq işləri ilə yaxından tanış olmaq, bir
sıra sosial, ictimai obyektlərin
açılışında iştirak etmək
üçün 4 dəfə Naxçıvan Muxtar
Respublikasına səfər etmişdir ki, bu səfərlərin
üçünün yaxından şahidiyəm. Mən onun tərcümeyi-halının ləyaqətli
səhifələrini muzeydə meydanda olan tarixi, əyani sənədlərdən
öyrənmişəm daha çox. 1990-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
və Ali Məclisin Sədri kimi işləyib
hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan,
imzalanmış protokol və müqavilələrdən, məktub
və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından,
ulu öndərin şərəfinə toxunmuş
xalçalardan, çəkilmiş portretlərdən, tarixi
fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin
fond materialları, orijinal sənədlər və eksponatlarla
dahi rəhbərin mənalı həyatı,
xalqımızın rifahı, xoş gələcəyi naminə
siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri
işıqlandırılan muzeydə çalışmaq, hər
gün dahi şəxsiyyətin muzeylərə sığmayan
zəngin ömür yolunu əks etdirən dəyərli
ekspozisiya zalında gəzmək, ekskursiya keçmək, gələn
qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və
gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti,
1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci
dövrü, Moskvada çalışdığı və
yaşadığı dövr, Naxçıvana
qayıdışı, Muxtar Respublikaya rəhbərlik etdiyi
illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti
dövrü əks olunan zəngin materialları vərəqləmək
xoşbəxtliyi hər adama qismət olmur.
- Bu günün prizmasından baxanda
Heydər Əliyevin idealları hansı mənəvi-siyasi əhəmiyyət
daşıyır?
- Bu suala ən
dəqiq cavabı ölkə başçısı verib.
Çıxışlarının birində vurğulayıb
ki, 1990-cı illərin ağır, çətin, bəzi
hallarda ümidsiz hesab edilən reallıqları ilə
müasir Azərbaycan dövlətinin dünyadakı
bugünkü yerinin müqayisəsi ulu öndərin Azərbaycan
dövləti qarşısında xidmətlərinin
miqyasını və xalqımızın təhtəlşüurunda
özünə dərin iz buraxmış dahi obrazını
daha aydın görməyə imkan yaradır. Zaman
su kimi axıb gedir. Bu axıb gedən
zamanın içərisində insan, insanın ömrü də
zamana qarışaraq sanki yoxa çıxır. Xilaskarlar isə gəlir, zamana hökm edir, tarix
yazır və tarixə yazılır.
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.20.