Ana dilimiz hər birimiz üçün
mənəvi Vətən deməkdir
İlham Abbasın ”Anamın dili”
kitabı haqqında
Milli-mənəvi
dəyərlərimiz içərisində anamın dili
adlandırdığı doğma dili Vətənlə bir
tutan, ona mənəvi Vətən kimi baxan həmkarım
İlham Abbasın "Anamın dili" kitabı ilə bu
günlərdə tanış oldum. Öncə deyim ki, kitab
ayrı-ayrı dil-üslub, tarixi-etimoloji mövzulara aid
yazılardan ibarətdir. İlham müəllim təkcə
ana dilimiz ilə bağlı yazılar yazmır, eyni zamanda o,
dilin tarixi, geniş miqyasda istifadəsi - cəmiyyətin
aynası hesab olunan mətbuat dili, mədəniyyətimiz,
tariximiz, dövlətin başlıca siyasəti hesab olunan dil
siyasətinin istiqamətləri və bunun nəticələri
ilə bağlı maraqlı yazılar müəllifi olaraq da
tanınır.
"Hər bir millətin dili onun
üçün çox əzizdir. Bizim üçün
Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir.
Çünki çox illər ana dilimiz, Azərbaycan
dili həyatımızda geniş yer ala bilməmişdir.
Amma buna baxmayaraq hər bir azərbaycanlı
dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini
göstərmişdir". Ümummilli lider Heydər
Əliyevin elə xalq ruhunda sadə, hər cür pafosdan uzaq
sözlərinin deyildiyi tarixindən keçən müddət
ərzində bu sözlər hər bir Ana dili
sevdalısı, hər bir bu dili öyrədən,
araşdıran, tədris edən həmkarlarımız
üçün bir növ çağırış oldu. Ana dilimizin inkişafı, irəliləyişi
yolunda mütəxəssisləri, filoloqları, Azərbaycan
dili müəllimlərini bir amal ətrafında birləşdirdi.
Bir vaxtlar dostumuz, həmkarımız professor
Əzizxan Tanrıverdinin dediyi kimi "bu gün Azərbaycan
dilinin inkişafı, təkmilləşməsi və zənginləşməsi
kimi məsələlərdən çox bəhs edirik."
Çox bəhs etməyimizin səbəbi isə
cəmiyyətin ortaq qayğıları içində ana dili
sorunlarının çoxluğu və bu ortaqlığın
özünün ortaq sevginin, tələbatın
doğurduğu qayğıları ilə bağlıdır.
Yaxınlarda Universitetimizin nəşriyyatında
çapdan çıxmış filoloq həmkarımız
İlham Abbasın "Anamın dili" kitabı dilimizin bir
çox həlli vacib məsələlərinin
araşdırılmasına həsr olunmuşdur. Kitabda müxtəlifyönlü
məsələlər öz tərtib prinsipinə görə,
mövzu ardıcıllığına görə maraq
doğurur; burada kitabın birinci bölməsinə alimin
dövlətimizin dil siyasətinin əsas istiqamətlərini
və hədəflərini şərh edən yazıları,
ikinci bölməsinə müasir Azərbaycan mətbuatının
dil və üslub problemləri haqqında
araşdırmaları, üçüncü bölməsinə
estetik və tarixi-etimoloji məzmunlu esseləri,
dördüncü son bölməsinə isə müasir Azərbaycan
dilinin bəzi aktual məsələləri barədə
mülahizə xarakterli araşdırma yazıları daxil
edilmişdir. Ümumən götürüldükdə
"Ana dili - mənəvi Vətənimiz",
"Çağdaş mətbuatın dil özəllikləri",
"Ulu nəğməmizin adı", "Dilimizin bəzi
aktual məsələləri barədə" bu
başlıqlar altında toplanan bu günümüz
üçün çox vacib, aktual hesab etdiyimiz yazılar
hamısı müəllifin dilimizin saflığı
uğrunda fəaliyyətini əks etdirməklə bu yöndə
apardığı araşdırmaların nəticələrini
ortaya qoyur.
Əsərin
mövzu zənginliyini ifadə edən bölmələri izlədikcə
- birbaşa ana dilinin həyatımızdakı yerinə,
mövqeyinə həsr etdiyi "Ana dili - bizi birləşdirən
ən böyük dəyər", "Ən böyük
milli sərvətimiz", "Dövlət Proqramı
Dövlət dilinin keşiyində", "Dil siyasəti
müstəqil dövlət quruculuğunun mühüm amilidir"
və "Dilimizin bəzi aktual məsələləri barədə",
"Mətbuat ilk növbədə dil hadisəsidir",
"Müasir mətbuatda ədəbi dil normalarının
qorunması", "Dil qaydalarının pozulması dövlət
qanununun pozulmasıdır", "Dilimizin qorunmasında yeni
mərhələ", "Yeni yaradılan sözlərdə
dil qaydalarının rolu", "Alınma sözlərdə
quruluşca növ məsələsi" və s. kimi
mühüm elmi praktik işləmləri əks etdirən
mübahisəli məsələlər, müzakirə obyekti
olacaq dil faktları həqiqətən müəllifin də
hesab etdiyi kimi çox aktual məsələlərdir. Bütün bu qoyulan məsələlər göz
önündə Azərbaycan dilindən istifadənin
hazırkı vəziyyəti və bu istifadə zamanı
ortaya çıxan problemlərin üzərinə
işıq salmaqla həm də o sorunlara yanaşma
yollarını da göstərir.
İlham müəllim ömrünü mətbuata, ana
dilimizin saflığı və bu saflığın
qorunmasına həsr etmiş məsləkdaşımızdır. Çağdaş mətbuatın
dil özəllikləri mövzusunda - müasir mətbuatda ədəbi
dil normalarının qorunması ilə bağlı
görülən işlər və bu istiqamətdə əldə
olunan uğurlar, ana dilinə dövlət qayğısı
deyə, bunun həyati görüntüləri, dövlət
dili statusu daşıyan ana dilimizin keşiyində duran
dövlət proqramının mahiyyəti, yəni dil siyasətinin
dövlət quruculuğunun mühüm amil kimi önəmi
barədə vaxtında, zamanında yazılmış
yazıları ciddi maraq doğurur. Mən bu
yazıya İlham Abbasın ana dilimiz haqqında fikir və
mülahizələrini bütövlükdə
köçürmək fikrində deyiləm. Lakin onun
bir dilin qəhrini çəkən bir ziyalı, bir dilçi
həssaslığı ilə bəzi atalar sözlərimizin,
habelə mahnı sözlərimizin
bayağılaşdırılmsına, mənasını
itirmək dərəcədə təhrif olunmasına
iradları və öz növbəsində düzəlişləri,
tarixi-etimoloji səpgidə həyata keçirdiyi sözlərin
etimoloji şərhi ilə bağlı fikirləri təzə,
çox gərəkli göründü. Bir
örnək vermək istəyirəm.
İlham
Abbas da "bayatı" sözünün mənşəyinin
açılmasında sözün bu günə qədərki
tədqiqində Əmin Abidin, Bəhlul Behcətin, Salman
Mümtazın, Hənəfi Zeynallının və s. klassik
folklor araşdırmaçılarının bu leksik vahidi
Bayatı adlı soyumuzun adı ilə bağlamalarını,
bu barədə onların, nə gizlədim, əsaslı
görünən fikirlərini önə çəksə də
"demək", "danışmaq", "söyləmək",
"izah etmək" kimi geniş mənaları ehtiva edən
Şərqi Slavyan, o cümlədən rus dilindəki nisbətən
arxaikləşmiş, lakin ağızlarda işlənən
baətğ "söyləmək" feilini yada salır və
ümid edirəm ki, geniş ölçüdə izahı ilə
də öz oxucusunu inandırmağa nail olur. Əlbəttə,
İlham Abbasın bunu söyləməyə mühüm
arqumentləri vardır və bütün parametrləri ilə
elmi, çox ağlabatan təsir oyadır. Sözün
ilk öncə "Kitabi-Dədə Qorqud" və digər
qədim türk yazılı abidələrimizdəki, habelə
şivələrimizdəki "demək",
"danışmaq", "söyləmək"
anlamlı "ayıtmaq" feili ilə eyniliyini yada
salır. Bizcə, "bayatı" şeir
növünün adının da kökünü
"ayıtmaq" feilində axtarmaq lazımdır, deyir.
Tarixi linqvistik əlaqələrin çox qədim
çağlarında "ayıtmaq" şəklində
mühafizə olunmuş söz slavyan dillərinə
keçmiş və özünün ilkin mənasını
- "demək", "danışmaq", "söyləmək"
məzmununu indiyədək saxlaya bilmişdir, deyə
yekunlaşdırır. Mən rus ədəbi-bədii
materiallarında tez-tez türk mənşəli sözlərdən
hesab etdiyim baətğ "bayat", eləcə də
baitğ "bait", bayka "bayka" nağıl, rəvayət
anlamında kəlmələri ilə rastlaşırdım.
Vladimir Dalın məşhur lüğətində hətta
uşaqları yatırarkən söylənən bayka
"bayka" "baö bay" - layla, ninni olaraq təqdim
etdiyi də yadımdadır. Bu məsələdə
İlham müəllimlə razılaşmamaq mümkün
deyil, bunlar "Rus dilində türk sözləri"
araşdırmamda gəldiyim qənaətlərimdə də
yer alır.
Çoxumuzun,
xüsusən, müəllimlərin dərs prosesində
tez-tez qarşılaşdığı cümlədə məntiqi
vurğu ilə söz sırasının əlaqəsi,
müasir dilimizdə qısaltmaların işlədilməsi,
3-cü şəxsin cəmində uzlaşma, inkarlıq
kateqoriyasının ifadə tərzi, isim, sifət və zərflərdə
bir-birinə keçmə prosesi və onları ayırd edib fərqləndirmə
yolları, "ilə" qoşmasının tələffüzünə
dair, "sağır nun"un işlədilməsi ilə
bağlı təklifləri, dilimizdə, ümumən
türk dillərində cins kateqoriyasının
olmamasının səbəbləri, sintaktik təhlillər
zamanı üçüncü növ təyini söz birləşməsinin
müəyyən edilməsi üsulu, ədatların sintaksisdə
yeri, bəzi hallarda düzəltmə və mürəkkəb
sözlərin hüdudları, müasir dilimizə rus, habelə
ingilis dilinin təsiri problemləri, feil şəkillərinin
işlədilməsi və s. kimi hər an mübahisə və
müzakirələrə yol açan, bəzən hətta
qeyri dəqiqlik törədən məsələlərin həlli
yer almışdır. Göründüyü kimi vəsait təkcə
müasir ədəbi dilimiz üçün deyil, həm də
tarixi qrammatika, üslubiyyat, nitq mədəniyyəti üzrə
bir çox tələbatı ödəyir, gənclərimizin
dünyagörüşünü genişləndirməyə,
biliklərini artırmağa yardım etməklə onları
bu sahə üzrə səmərəli iş üsulları
ilə də tanış edir. Bir vaxt prof. Qəzənfər Kazımov
qayğılı-qayğılı yazırdı ki, biz tələbələrimizə
hər şeyi öyrətməyə
çalışırıq, antik fəlsəfədən
yaş fiziologiyasına qədər hər şeyi. Lakin elə öyrədirik ki, nəticədə
onlar adi ərizə yazmaq qabiliyyətinə belə malik olmurlar
sözü belə faydalı çalışmaların dəyərini
təsdiq edir indi.
Yazımızın əvvəlində Ulu öndərin
mövzuya giriş üçün gətirdiyimiz sözlərinə
qayıdaq.
Onun böyük nikbinliklə dediyi həmin sözlərə
istinadən deməliyik ki, Ana dilimizin tarixi keçmişi,
bugünkü inkişafı və gələcək problemləri
ilə əlaqədar qarşıda görülməli olan hələ
bir çox məsələlər var. Bunları nəzərə
almaqla dilimizlə bağlı mükəmməl dərs vəsaitlərinin,
dərsliklərinin, ümumiyyətlə Azərbaycan dili ilə
bağlı hər cür ədəbiyyatın
hazırlanmasına böyük ehtiyac duyulur. Bu
səbəbdən də İlham Abbasın belə zəruri
ehtiyacların ödənilməsində öz yeri olacaq vəsaitinin
aktuallığını qeyd etməyi özümə borc
bilirəm. Böyük
yazıçımız, bacarıqlı ictimai xadim olan Mirzə
İbrahimovun bir həkimanə sözü ilə fikirlərimə
açıqlıq gətirmək istəyirəm. Dərslikləri
və onların tərcüməsini ən tələbkar,
dili çox gözəl bilən, yazmağı bacaran,
sözün, dilin gözəlliyini duyan və ondan zövq alan adamlara etibar etmək lazımdır. Doğru sözə nə deyəsən?! Düşünmək olar ki,
yazıçının tələblərinə ən
çox daim öyrədən, yetişdirən müəllim
uyğun gəlir. Və üstəlik ana
dilimizə, ədəbiyyatımıza və ümumən mədəniyyətimizə
yüksək xidmət arenası olan mətbuatın bir xadimi
olaraq. Bu baxımdan həm pedaqoji əməyi
ilə, həm mətbuat işçisi əməyi ilə bu
fəaliyyəti qoşa sürdürən İlham Abbas
üçün qoyulan məsələlərin məsuliyyəti
daha aydın idi. Şübhəsiz, elmi-praktiki
mövzulara həsr edilmiş "Anamın dili" kitabı
elmi məlumat almaq istəyən universitet tələbələri,
tədqiqatçılar: elmi işçilər, orta məktəb
müəllimləri, ana dilinin müxtəlif məsələləri
ilə maraqlanan hər bir şəxs üçün
yararlı qaynaqlardan biri olacaqdır.
Minaxanım
Nuriyeva Təkləli
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.23.