Təqdimata ehtiyacı olmayan

şairə Leyla Mustafayeva

 

Qocaman şairəmiz, dilim gəlməsə , cavanlığını gördüyüm Şərafət Dağıstanlıya, artıq "qocaman" deməyə məcburam. Bu özü bir tərifdi ki, Şərafət xanım yan-yörəsindəki dost-tanışlarını itirə-itirə bu qədər illəri arxada qoya bilib. bu gün öz halal səksən dördüylə qürur duyur, desəm, yalan olmaz. On illərdi bir-birimizi görməmişik. Amma mənim onu görəndə tanıya biləcəyimi deyə bilsəm , onun məni tanıya biləcəyinə inanmıram. Axı o məni bəlkə son dəfə doxsanıncı illərdə görüb. Onda mən cavan idim.

Artıq bir ilə yaxındı zəngləşirik. Təzə kitabının çıxdığını eşidib, istədim. Bir gün zəng elədi ki, bir şairə var, Leyla xanım adında, vermişəm ona, zəngləşib götürərsiniz. Leyla xanımla da danışdım gileyləndi ki, kimsə onun şeirlərini alıb, sonradan öz adına çıxıb. Bu xəbərə şübhəylə yanaşsam da xalaxətrin qalmasın, göndərin, mən baxım şeirlərinizə, dedim. Votsapıma kiminsə ifasında bir şeir yolladı. Açığını desəm, laqeyd dinlədim, məddi-mənası da dumanlı gəldi mənə. Bir gün görüşüb, Şərafət xanımın kitabını götürdüm ondan. Gördüm bir-iki nazik dəftər var əlində.

- Şeirlərimdi, - dedi.

- Birini oxuya bilərsiniz?

Oxudu. Eyni laqeydliklə dinlədim. Bu dəfə təqdiredici bir söz deyə bilmədim. Sadəcə:

- Şeirlərinizi elektron ünvanıma yollayın, zəhmət olmasa.

Leyla xanımdan gələn şeirlərini oxumağa başladım. İlk qarşılaşdığım "Anamın ətri"ydi. Bir dəfə oxuyandan sonra duruxdum. Sanki ilk görüşümüzdə dinlədiyim şeirlərdən deyildi bu. Bir qayıtdım şeirə. Şəhid haqqında yazılmış bu əsər gördüm ki, ənənəvi şeirlərdən fərqlənir. Baxdım ki, bu, şeirdən çox şəhid övladının diliylə ifadə olunan ana fəryadıdır. hecası gözümüzə girir, qafiyəsi qulağımızı yağır eləyir, qara-qışqırığı əsəbilərimizi qıcıqlandırır. Bu şəhid heç, şeirlərimizdə geninə-boluna işlədilən "qəhrəman" da deyil. Adi övladdı:

 

Deyirlər ki, Cənnətdəyik...

Bax, bu qədər gül içində ətrin elə seçilir ki!

Əziz anam, rahat yaşa.

Balan artıq şəhiddir,

Zəfər çalan unudulmaz igiddir!

 

Leyla xanımın başqa bir şeiri isə "Görəsən, sağam?" adlanır. Bu şeir üz cırmaqdan, yaxa yırtmaqdan kənar, dili böyük itkinin qabağında lal olmuş şəhid anasının ahıdır, deyərdim. O ana ki, itirdiyi balası üçün... darıxır:

 

"Oğul düşmən çəpəridi" - deyib

            keçirdi hər kəs,

Çəpər deyil, düşmən aldı balamı,

Kim sağaldır qanı axan yaramı?

...Yenə hər şey yerində,

                                   otağın, dağıtdığın yatağın,

Toplamadım heç nəyi, ətrin, saçın ordadı.

Gündə min kəs əyilirəm, qalxıram.

Balam, sənsiz yaman darıxıram.

 

"Min kəs" tanış gəldimi sizə. "Kəs"i (bəlkə "kəz"i? - Q.İ.) mən Füzulidə görmüşəm. Leyla xanımın şeirində elə təbii səslənir ki...

Şairənin başqa bir şeiri məşhur mahnının adının əksinə "Məni səndən soruşsalar, deyərsən?.." adlanır. Burda da müəllifin özünəməxsusluğunu görməyə bilmirik. Şeir sevdiyi oğlan tərəfindən atılmış qızın sakit, təmkinli naləsidir. Hər günahı öz üstünə götürən bu qız oğlanı nifrətlə xatırlamaq əvəzinə, az qala... üzzəyir. "Üzzəmək" sözünü yada salmağım səbəbsiz deyil. Yadımdadı, inəyimizin balası ölmüşdü, yazıq heyvan dərd əlindən fəryad eləyə bilməsə , ruhundan qopub gələn ağrı onun dodaqları arasından ney sədası kimi süzülürdü. Leyla xanımın bu şeirinin qəhrəmanı qız da ağır ayrılığın qəmini üzzəyir, desəm daha doğru olar.

 

Qoy nifrətin ağuşunda itib batım,

At üstümə günahları,

Yorğan kimi üzərimə atım, yatım!

 

Böyük Cəfər Cabbarlının ölümü münasibətiylə məşhur Sovet yazıçısı Maksim Qorki demişdi ki, adamlar bu yaşda yazmağa başlayır, amma Cabbarlı yazıçı kimi həyatdan getdi. Əgər bu başsağlığında yanlışlığım olsa, irəlicədən oxuculardan üzrxahlıq diləyirəm. Qorkinin fikrinə söykənib deyə bilərəm ki, şeirlərini qəzetlərə verməyən, tez-tələsik kitab eləməyən Leyla Mustafayeva sözün həqiqi mənasında şairədi.

İnanmağın isə bir yolu var - buyurun, oxuyun...

 

Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.25.