Nə var
Dünyanı,
həkimə aparım gərək,
Görüm ürəyində, başında nə var?
Gec deyil,
bir haray qoparım gərək,
Gözləri görməyir, qaşında nə var?
Axı niyə biri acdı, biri tox?
Çoxu ayaq üstə ölüb, diri yox.
Kasıbın
evi yox, yurdu, yeri yox,
Süfrəsi yavandı, aşında nə var?
Ömrümün
hər günü, ayı, qurudu,
Qoşa ağac əkdim, tayı qurudu.
Niyə kəndimizin çayı qurudu?
Daşı göyərmədi, daşında nə var?
Dəryası
suyla bol, qoymadı içək,
Qapısın bağladı, qoymadı keçək.
Payızında
ruzu, yazında çiçək,
Min qayğı gətirən qışında nə
var?
Qorxuyla
açırıq hər bir səhəri,
Zəhərə
bələnib barı, bəhəri.
Min ildi qurumur qan dənizləri,
Göydə Tanrı bilir yaşında nə var.
Əlini ver, gedək
Günəşə sarı
Ruhumun məlhəmi,
bəlkə səsində,
Baharın ətri var adında, gözəl.
Ömrün
bu vaxtında, bu vədəsində,
Nolar, saxla məni yadında, gözəl.
Sevginin
işindən baş açmaq olmur,
Məhəbbət su içə gərək ürəkdən.
İşıq
saçmaq olmur, nur saçmaq olmur,
Odunu almasa ürək-ürəkdən.
Əlimdə
gül açır Tanrı ətəyi,
Təzə-tər sevgidən halım pərişan.
Karıma
gəlmədi arım, pətəyim,
Ağac koğuşunda, balım pərişan.
Hər
gülün, çiçəyin öz
yaraşığı,
Gözümüz görməsin dərdi, azarı.
Bizə bəs
eləməz Ayın işığı,
Əlini ver, gedək Günəşə sarı.
Yoxdu
Niyə gözün doymur dünya malından?
Niyə tamahının hasarı yoxdu?
Əlinə
kitab al, bir şeir oxu,
Sənin ayrı dərdin, azarın yoxdu?
Gözlərin
arının pətəyindədi,
Kürəyin zalımın kötəyindədi.
Əlin
böyüklərin ətəyindədi,
Kasıb qapısına güzarın yoxdu.
Halalı
harama qatıb getmisən,
Varın
girdabında batıb getmisən,
Əlinə
nə keçib, satıb getmisən,
Tək adam satmağa bazarın yoxdu.
Nə gəzir
Görmədim
zirvəmin qarın, gedirəm,
Dərmədin ömrümün barın, gedirəm.
Mən
daha qüruba sarı gedirəm,
Məndə vaxt nə gəzir, zaman nə gəzir.
Payına
nə düşür, payı bilinməz,
Özünə oxşarı, tayı bilinməz.
Kəsdiyi
başların sayı bilinməz,
Qəlbi daş adamda, aman nə gəzir.
Elə pətək
balı, elə arı, mən,
Məndən nə qalıb ki, qalıb yarı mən.
Yığmışam
başıma yaxşıları mən,
Yanımda bədəsil, yaman nə gəzir.
Varımın
üstündə alın tərim var,
Kimə nə, sevincim, ya kədərim var?
Mənim
dərdlə dolu dərələrim var,
Demirəm başımda duman nə gəzir.
Məlhəmdi
ürəyə sözün incəsi,
Çiynimdə daş kimi yaşın pəncəsi.
Açılmaz
ahımın ümid qönçəsi,
Bu gündən sabaha güman nə gəzir.
Mən halal süfrədən
durub gəlmişəm
Göylər
öz qarını töküb dən üstə,
Torpaq yaxşı bilir qışın dilini.
Almadım
dincimi göy çəmən üstə,
Öyrəndim kəsəyin, daşın dilini.
Bəzən
almışam da kötək, dayımdan,
Başımı aşağı salıb getmişəm.
Qarışqa
əmimdən, böcək dayımdan,
Zəhmətin dərsini alıb getmişəm.
Elə ki, ümidim girib
qoluma,
Dünya mənim olub, mənim bir anlıq.
Qeyrət
işıq saçıb gecə yoluma,
Töküb göz yaşını zülmət,
qaranlıq.
Huşum
dağda qalan, dərədə qalan,
Keçən günlərimi ləl eylər mənə.
Böyürtkən
kolunda ilişib qalan,
Uşaqlıq xatirəm əl eylər mənə.
Yıxsa,
yıxar səni öz adamların,
Şərin qulağını burub gəlmişəm.
Əlim ətəyində
düz adamların,
Mən halal süfrədən durub gəlmişəm.
Mən payız adamam
Ürəyim
qəm dolu, görüb getdilər,
Sinəm dərdə çəmən, sərib getdilər.
Barımı
dərənlər, dərib getdilər,
Üstümə şeh düşüb, ayaz adamam.
Mən payız adamam, payız adamam.
Bir quru səhrada
neynirsən ləli,
Varından keçənə, deyirlər dəli.
Donub
çoxlarının səxavət əli,
Baxanda
onlara, bir az adamam.
Mən payız adamam, payız adamam.
Günahım
olubsa, gözümə sayın,
Keçdiyim cığıra, izimə sayın.
Mənim
səhvlərimi üzümə sayın,
Ruhum ağ varaqdı, bəyaz adamam,
Mən payız adamam, payız adamam.
Yanıram,
sonra da sönə bilmirəm,
Söz verdim, sözümdən dönə bilmirəm.
Bildiyim nə
var ki, heç nə bilmirəm,
Hər gün görürəm ki, dayaz adamam.
Mən payız adamam, payız adamam.
Demirəm
qayğıma qalan olaydı,
Nə hiylə, nədəki yalan olaydı.
Könlümün
simini çalan olaydı,
İnləyən
kamanam, tar, saz adamam,
Mən payız adamam, payız adamam.
Təbiət lövhəsi
Niyə bu dərənin bağrı yarılıb?
Gözünün yaşları niyə sellənir?
Kötükdən,
suların üzü qaralıb,
Kötük, beşik kimi necə yellənir.
Gözə
nə dəyirsə, nə var, pərişan,
Görən bu dağların öləni yoxdu?
Yollar
haça-haça, yollar pərişan,
Nə vaxtdı gedəni-gələni yoxdu.
Gah
Günəş od saçır, gah
yağış yağır,
Buludlar
qaradı, buludlar düm ağ.
Quzunun nəyinə
gərəkdi axı,
Çoban nə düşünür əlində
çomaq.
Qayanı
yalayan yel, nəyidi ki,
Dağların sükutu çöküb çəmənə.
Bu
çimmək, nə vaxtın çimməyidi ki,
Xəzəllər öyrədib üzməyi mənə.
Arı
sevgisindən, pətək ballanar,
Başın gözəlliyə qarışa hər
gün.
Ömrünə
bir az da ömür calanar,
Qalsan təbiətlə baş-başa hər gün.
Bu da bir payız
Ağac
budağında solan yarpağam,
Məni qoparacaq payız küləyi.
Mən
yarı adamam, yarı torpağam,
Gör necə ələndi ömrün ələyi.
Bu talan
payızda, nə haqq gəzirəm,
Qayğısı ayrıdı varın, yoxun da.
Qara
saçlarımı nahaq gəzirəm,
Qalıb həsrətimin girovluğunda.
Ağacın
boynuna sarılıb sükut,
Hamilə
budağı bar əyir, nədi?
Niyə üz-gözünü turşudub bulud?
Yağışın haqqını istəyir, nədi?
Hər xəzəl,
dərdləri gətirən gəmi,
Nisgil gecə-gündüz ürəyə dolar.
Hardan gətirirsən bu qədər qəmi?
Məndən aralı dur, payız, nə olar.
Qorxuram
Duyğular
qəlbimə dolmasa, olar,
Səni bir gül kimi dərsəm, necədi?
Əllərin
ovcumda olmasa, olar,
Sevgini ruhuma sərsəm, necədi?
Yuxuma girəndə
gecə, sevirəm,
Tanrının verdiyi şirin pay kimi.
Bilirsən mən səni necə sevirəm?
Ulduz balaların sevən Ay kimi.
Deyirəm
günümüz qoy ağdan olsun,
Döyməsin nə boran, nə də qar bizi.
Nə
olur, eləcə uzaqdan olsun,
Yaxın alov kimi yandırar bizi.
Gəlsin
ağrın, acın, hər dərdin mənə,
Almayın hicranın əlindən məni.
Sən
nahaq şəklini göndərdin mənə,
Dağladı saçına düşən dən məni.
Sinəmdə
həsrətin daşıdı elə,
Yerlər də, göylər də sevgimə şərik.
Bəlkə
görüşməsək yaxşıdı elə,
Qorxuram görüşsək, adiləşərik.
Gedir
Bu
ömür deyilən nə imiş, Allah,
Gözünü açırsan, gün bitib gedir.
Çəksən
də nazını torpağın, yerin,
Daş üstə, qayada dən bitib gedir.
Mənə
deyirlər ki, getmə dərinə,
Yanma özgələrin hər dərd-sərinə.
Məhəbbət
yerinə, sevgi yerinə,
Çoxunun qəlbində kin bitib gedir.
Qoymuşam
başımı düz kəlməsinə,
Səbr kəlməsinə, döz kəlməsinə.
Min ildi həsrətəm
biz kəlməsinə,
Min ildi eləcə mən bitib gedir.
Göy üzündə sevgi
Məhəbbət
qoxuyur hər yaşıl çəmən,
Dərənin yanında, çayın yanında.
Yerdə
görüşməkdən utanıram mən,
Gəl gedək görüşək Ayın yanında.
Sərək
göy üzünə ürəyimizi,
Yerdə söz olacaq, söz dəyər bizə.
Yaxın
da, uzaq da görməsin bizi,
Gözə gətirərlər, göz dəyər bizə.
Könlümü
nə həsrət, nə hicran əzir,
Göydə
özümüzə
bir toy da quraq.
Göyün
sinəsində adam nə gəzir,
Bəlkə ulduzları toya çağıraq?
Qoy
sükut danışsın, haray qoparma,
Qayğılar oxunmaz daha gözündə.
Məni
dilə tutub yerə aparma,
Xoşbəxt olmaq olar bu göy üzündə.
Qalıbdı
Mən niyə güzgüyə baxdım bu səhər?
Gördüm yarım gedib, yarım qalıbdı.
Abırım
üstümdə, həyam üstümdə,
Şükür ki, hələ də arım
qalıdbdı.
Pətəkdə
bal varsa, demək arı var,
Uca zirvələrin bəyaz qarı var.
Sevgi
ağacımın budaqları var,
Bəhərim qalıbdı, barım qalıbdı.
Hər
ala-torana, duman, çən demə,
Göydən yağan yağış ruzu, dən, demə.
Həsrətin
tətiyi varmış sən demə,
Tuşlanıb qəlbimə, tarım qalıbdı.
Yolum
yaxşıların yoludu elə,
Ürəyim dilimin quludu elə.
Könlüm
məhəbbətlə doludu elə,
Hamıdan zənginəm, varım qalıbdı.
Birdən hə demə
Dedin
gözlərimdə işıq azalıb,
Halım necə oldu, bilmədin axı.
Nə
olsun qapımı bahar, yaz alıb,
Yağdırdın üstümə qarı,
sazağı.
Qayğılı günlərim niyə sayılmır?
Nə qədər işlərim qalıb yarıda.
Bir qəfil
sevgidən başım ayılmır,
Sulaya bilmirəm ağacları da.
Məhəbbət
payını Tanrıdı verən,
Olanda, olasan eşqin köləsi.
Sən mənim nəyimi bəyəndin görən?
Məndə nə vardı ki, bəyəniləsi?
Sancılsın
sinəmə, həsrətin oxsa,
Demə ki, ürəyin sönən ocaqdı.
Nə
yaxşı dünyaya gəlmisən, yoxsa,
Qəlbimin bir küncü boş qalacaqdı.
Ruhumu nə
qəmdə, nə azarda qoy,
Hər saxta gülüşə qəh-qəhə demə.
Məni
bir az incit, intizarda qoy,
Ürəyim dayanar, birdən hə demə.
Saçının
yolunda ölən
bəndəyəm,
Könlüm sevgi dolu, dur, gətirmişəm.
Tanrı
dərgahından gələn bəndəyəm,
Qara gözlərinə nur gətirmişəm.
Fəxrəddin Teyyub
Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.28.