Dünyaca məşhur rus aktyor
Sergey Yurski (1935-2019) elə sənətkarlardandır ki, onun fəaliyyətini
bir sözə sığışdırmaq mümkün deyil.
Kim idi
Sergey Yurski? Teatr
və kino aktyoru, rejissor, ssenarist, dublyaj aktyoru, şair, yazıçı və
s. və i.a. Şəxsən mənim üçün Yurski ilk növbədə Daniil Xarmsın, Vasili Şukşinin hekayələrinin
əvəzsiz ifaçısıdır.
Gənc nəsil onu yaxşı tanımasa da, yaşlı nəsil "Qızıl dana"nın Ostap Benderini, "Görüş
yerini dəyişmək
olmaz"ın Qruzdyevini,
"Qorxma, mən səninləyəm"in Polis pristavını,
"Məhəbbət və
göyərçinlər"in Mitya dayısını ...
yaxşı xatırlayır.
Onun həyatı bir-birindən
parlaq sənət uğurları ilə zəngindir.
Amma çox adamın
bilmədiyi bir məqam var: Yurski yetmişinci illərin ortalarında növbəti xarici səfərindən qayıdandan
sonra yazdığı
hesabatda ehtiyatsızlıq
üzündən çox
cüzi bir səhv buraxır və bu səhv
ucbatından həyatı
və karyerası
"tükdən asılı
qalır". Əlbəttə, məşhur dissident yazıçı
Aleksandr Soljenitsınla
çoxdankı dostluğunun
da burda payı vardı. Kino və televiziya
onun üzünə bağlanır. Ancaq teatrda çıxış
edə bilir, o da ancaq köhnə
tamaşalarda. Yeni
tamaşalarda rol almaq da ona qadağan edilir.
Çoxları ona mühacirətə getməyi məsləhət
görsə də, o razılaşmır. SSRİ-də qalıb sənəti uğrunda mübarizə aparmağa başlayır. Həmin çətin
dönəmdə isə
onun köməyinə
məhz Bakı şəhəri çatır.
Rusiyanın bütün kinostudiyalarının
qapısının üzünə
bağlandığı vaxt
Sergey Yurski ailəsi ilə birlikdə Bakıya gəlir. Bir neçə il burada yaşayır
və "Azərbaycanfilm"in
ekranlaşdırdığı üç filmdə rol alır: "Dərviş Parisi partladır"da müsyö
Jordan (rej.: Kamil Rüstəmbəyov
və Şamil Mahmudbəyov), "Şir
evdən getdi"də
Ovçu, Ekskursiya bələdçisi və
Qarovulçu (rej.: Rasim İsmayılov),
"Bir ailəlik bağ evi"ndə Direktor (rej.: Yuli Qusman).
Yurskinin "Jest" kitabında
Bakıya həsr etdiyi bir neçə
şeir və çox kiçik xatirə yazısı yer alıb. Həmin xatirə yazısını
oxuculara təqdim edirik.
Həmid Piriyev
Sergey Yurski
Azərbaycanda
"Hardasa on il qadağa altında yaşadım. Buna öyrəşdim,
çünki "Azərbaycanfilm"dəki
çəkilişlər və
ailəmlə birlikdə
Bakıda, Xəzər
sahilində istirahət
məni tamamilə qane edirdi. Doğrudan da hər şey
çox yaxşı idi. Ucsuz-bucaqsız çimərlik. Qum. İsti dəniz. Çimərlikdə onda hələ cavan oğlan olan
Yuli Qusmanın hazırcavablığı hökmranlıq
edir. Hərdən qohumlarının və dostlarının əhatəsində İbrahimbəyov
qardaşları da gəlir. Qum üstündə bardaş
qurub oturub siyasi iqtisadiyyat professoru Pismanla şahmat oynayırıq.
Pisman mənə deyir: "Bu nədir ki... Sən, bax, o uşaqla
oyna, Lyonyanın yanında oturanı deyirəm. Sənə əminliklə bildirirəm
ki, Qarri Kasparov dünya çempionu olacaq".
Ölkənin bütün mərkəzi
kinostudiyalarının qapıları
üzümə bağlanmışdı. Qadağa
Leninqraddan qaynaqlanırdı,
amma Moskvaya da, Kiyevə də, Sverdlovska da aidiyyatı vardı... Bakı isə... Bakı - ayrıca milli
kinodur. Filmlərin orijinalı Azərbaycan
dilində çəkilir.
Bura hər şeyi görən gözlərdən
kənar qalıb.
Məhz burada mənə qucaq açdılar.
Mən üç filmdə oynadım, bir neçəsində də
epizodlarda rol aldım. Birinci filmin qəribə adı vardı: "Dərviş Parisi partladır". Bu XIX əsr Azərbaycan ziyalısı Mirzə Fətəli Axundovun klassik pyesidir. Filmdə baş rolu - müsyö Jordanı canlandırdım...
Sözlərimin yarısını
fransızca danışdım,
qalan yarısını
isə dostum və həmkarım Həsən Turabovun köməyi ilə azərbaycanca dedim.
Leninqradda
Tovstonoqovun (Georgi Aleksandroviç Tovstonoqov
- teatr rejissoru və pedaqoq, Maksim Qorki adına Leninqrad Böyük Dram Teatrının
baş rejissoru - tərc.) köhnə tamaşalarında oynamağa
davam edirdim. Çox oynayırdım. Mövsüm başlayanda filmi tamamlamaq üçün həftədə üç-dörd
dəfə gedib-gəlməli
olurdum. O vaxt təyyarələr indikindən
yavaş uçurdu. Bakı-Leninqrad gecə reysi.
Təyyarə fasilə ilə
altı saata çatırdı. Səhər Piterə
çatırdım. Axşam tamaşanı
oynayırdım və
yenidən aeroporta.
Amma cavan idim, beləsi
hətta xoşuma gəlirdi, qətiyyən yorğunluq hiss etmirdim.
O vaxtlar olduqca xüsusi insan olan İqor Plavski (Azərbaycan prokuroru, Qarakənd faciəsinin qurbanlarından
biri - tərc.) ilə dostluğum başladı. O, kifayət
qədər vacib partiya adamı olsa da, savadlı,
geniş və azad düşüncəli
insan idi. Onunla vaxt keçirmək maraqlı və əyləncəliydi. Onun arvadı
və qızı, mənim arvadım və qızım. Hamımız birlikdə iki
möhtəşəm yay
keçirtdik. Leninqradda hakim dairələrin mənə
təzyiqi güclənirdi.
Natalya Tenyakova (aktrisa, Yurskinin ikinci həyat yoldaşı - tərc.) ilə Moskvaya qaçmaq istəyirdik.
Bizi buraxmırdılar. Hər şey
təhlükəli hal
almağa başlayırdı,
hətta evdəki söhbətlərimiz də.
Amma burada, Plavski və arvadı Mila ilə birlikdə - sərbəstlik, azadlıq.
Çox sağ
ol, Bakı! Sən o vaxt məni xilas etdin, Bakı!
Amma səni
sevən həqiqi bakılı İqor Plavskini qoruya bilmədin. İqor sonralar Dağlıq Qarabağın prokuroru oldu və hərbi
əməliyyatlar vaxtı
kim tərəfindən
vurulduğu bilinməyən
helikopterdə həlak
oldu.
Ölkənin və mənim həyatımın ən durğun illəri yaddaşımda qaynar Xəzər günəşi
ilə yazılıb".
Ədəbiyyat qəzeti.- 2023.-
15 aprel.- S.32.