Böyük yazıçı, alim və əqidə adamı

 

Mir Cəlal -115

 

XX əsrin əvvəlləri, Azərbaycan ədəbiyyatının yeni inkişaf dövrü böyük şəxsiyyətlərin yetişməsi ilə əlamətdardır. Onların sırasında yazıçı, alim pedaqoq Mir Cəlalın xüsusi yeri var.

Sovet rejiminin sərt çərçivələr qoyduğu, milli ədəbiyyatımızın ideologiyaya xidmət etdiyi bir dövrdə Mir Cəlal çoxşaxəli yaradıcılığı ilə dövrün fövqündə dayanaraq əsl milli ədəbiyyat nümunələri yarada bilən sənətkarlardan oldu. Elmimizdə, ədəbiyyatımızda, şüurumuzda milli ruhu qoruyub saxlaya bildi. Məhz bu, Mir Cəlal Paşayevin fenomenal bir şəxsiyyət olmasını şərtləndirən əsas cəhətlərdəndir.

Mir Cəlal fenomenini bir neçə ədəbi-tarixi amil səciyyələndirir. Əvvəla, Mir Cəlal Azərbaycan ədəbiyyatında hekayə janrının klassik nümunələrini yaradan sənətkar idi. O, realist hekayəyə romantik ovqat gətirdi, çoxəsirlik Azərbaycan gülüş mədəniyyətinin ən yaxşı tarixi-estetik əlamətlərini hekayənin poetikasında təcəssüm etdirdi. Mir Cəlalın yumoru həyatı dərk etmək, onu sevmək dəyişmək üsulu idi.

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli hekayələrindəki  kompozisiya kamilliyi, bədii sözə, həyat həqiqətlərinə həssas münasibət, milli dəyərlərimizə sadiqlik, təhkiyənin təbiiliyi Mir Cəlalın hekayələrinə xasdır. Odur ki, illər, onilliklər keçsə ədibin hekayələrində toxunduğu mövzular müasirliyini, qaldırdığı problemlər aktuallığını qoruyub saxlayacaq.

Mir Cəlal XX əsrin böyük alimidir. Azərbaycanda poetika haqqında ilk monoqrafiyanı - "Füzulinin poetik xüsusiyyətləri"ni  Mir Cəlal yazıb. Bu əsərin yenidən işlənmiş mükəmməlləşdirilmiş nəşri "Füzuli sənətkarlığı" adı ilə müxtəlif illərdə təkrar nəşr olunub.

"Füzuli sənətkarlığı" monoqrafiyası sovet dönəmində ədəbiyyatşünaslığın marksist metodologiyaya dayaqlanıb klassik irsə sosioloji yarlıqlar asdığı bir dövrdə Füzuli irsinin poetik sehrini açan ilk əsər idi. Bu əsəri ilə Mir Cəlal Füzuli poetik təcrübəsini "Şeirimizin müasir vəzifələri üçün səfərbər etmək" məqsədi güdürdü.

"Füzuli sənətkarlığı" ədəbiyyatşünaslıqda ən mübahisəli problem olan M.Füzuli eşqinin sufi eşq, "eşqi mütləq" olub-olmamasını düzgün həll edən ilk əsərlərdən biridir. Mir Cəlal dahi şair M.Füzulinin möhtəşəm bədii irsini poetik sistem kimi təhlil tədqiq edən ilk füzulişünas alimdir. "Füzuli sənətkarlığı" şairin poetikasını nəzəri cəhətdən sistemləşdirən ilk monoqrafiyadır.

Mir Cəlalın P.Xəlilovla birgə yazdıqları "Ədəbiyyatşünaslığın əsasları" adlı nəzəriyyə dərsliyi, F.Hüseynovla birgə yazdıqları "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi XX əsr maarifçiliyi nəzəri-estetik fikrinin mənbəyidir.

Mir Cəlalın 1947-ci ildə yazıb müdafiə etdiyi "Azərbaycanda ədəbi-nəzəri cərəyanlar haqqında" əsəri bütün sonrakı tədqiqatların istinad etdiyi ilk nüfuzlu mənbədir.

"Azərbaycanda ədəbi məktəblər" XX əsrin əvvəllərində milli-tarixi intibahı totalitar sovet ideologiyasının kəshakəs vaxtı düzgün qiymətləndirən ilk fundamental əsərdir. Alimin yazdığı bu doktorluq dissertasiyası onun fenomenal alim şəxsiyyət olduğunu təsdiq edir. XX əsrin önlərindəki ədəbi-tarixi mühitin, mədəni özünüdərkin mahiyyətini təhlil edən müəllif faktın tarixi həqiqətinə sadiq qalıb, siyasi konyukturaya uymayıb.

"Azərbaycanda ədəbi məktəblər" nəzəri fikri daim məşğul etmiş, mürəkkəb ədəbi mübahisələr doğurmuş iki ədəbi məktəb, iki ədəbi-fəlsəfi cərəyan, iki bədii yaradıcılıq metodu-realizm romantizm haqqında yazılmış ilk mötəbər əsərdir. Bu konseptual monoqrafiya özündən sonrakı nəzəri fikrə yol açdı, realizmşünaslığın əsasını qoydu.

Mir Cəlalın "Cəlil Məmmədquluzadə realizmi haqqında", "Klassiklər müasirlər" əsərləri XX əsr Azərbaycan ədəbiyyatşünaslığının elmi bədii yaradıcılıq təcrübəsinə əsaslanan faktlardır.

Mir Cəlal 42 il indiki BDU-da pedaqoq kimi fəaliyyət göstərmiş, 1961-1978-ci illərdə - 18 il indi onun adını daşıyan "Azərbaycan ədəbiyyatı" kafedrasına rəhbərlik etmiş, ədəbi məktəblərdən yazan alim özü ədəbi məktəb - Mir Cəlal ədəbi məktəbi yaratmışdır. Bu ədəbi məktəbin K.Talıbzadə, B.Vahabzadə, F.Hüseynov, İ.Bəktaşi, C.Abdullayev, T.Mütəllimov, X.Əlimirzəyev, N.Babayev, N.Həsənzadə, M.Məmmədov, V.Vəliyev, S.Şükürov, A.Abbasov, A.Hacıyev, E.Əfəndiyev kimi görkəmli nümayəndələri yetişib formalaşmışdır.

Mir Cəlal fenomeni bu üç dayaq üzərində bərqərar olur. Mir Cəlal fenomenini onun parlaq şəxsiyyəti, əqidəsinə sadiqliyi  tamamlayır.

Mir Cəlal  Molla Nəsrəddin ədəbi məktəbinin yaradıcılıq ənənələri kontekstində formalaşmış yazıçı, alim maarif xadimi idi. O, öz pedaqoji fəaliyyətində XIX əsr maarifçiliyinin bədii-tarixi ənənələrini, daha çox  XX əsrin əvvəllərində məşhur olan A.Şaiq, M.T.Sidqi, C.Cəbrayılbəyli, R.Əfəndiyev s. kimi müəllim-ədiblərin nurlu ənənələrini davam etdirirdi.

Mir Cəlal Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini - xalqa bağlılığı, millətkeşliyi, sadəlik müdrikliyi, təvazökarlığı inadkar bir inamla qoruyub saxlayır, ədəbi-bədii nəzəri fikrin milli müəyyənliyini mühafizə edirdi.

 

Fəridə SƏFİYEVA

Filologiya elmləri doktoru, professor

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.4.