Hekayələr
Yaşıl
xalıdakı rəngbərəng naxışlar
Kəpənəklərə
Günlərin
birində - beş-altı ilin söhbətidir - günorta
namazına az qalmış qəfil məsciddə
ürəyim sıxıldı, gördüm havam
çatmır, səcdəyə gələnləri orda qoyub
sakitcə qalxdım, arxadakı balaca qapıdan
çıxdım həyətə, elə həyətin də
dal qapısından keçib yol aldım kəndin
qırağına. Anlamırdım sövq-təbii
baş götürüb hara gedirəm, bircə şeyi
qanırdım ki, yavaş-yavaş, asta-asta yeriyə-yeriyə
- fəhmən duyurdum ki, iti getməyin ziyanı olar, ya da sadəcə,
heç qaçaraq, yeyin gedə bilmirdim - kənddən
aralanmasam sinəmdəki küt ağrı axırıma
çıxacaq. Heç kəsi də
görmək istəmirdim, çünki nəinki bir kimsə
ilə uzun-uzadı danışmağa, heç
ayaqüstü hal-əhval tutmağa da halım, həvəsim
yox idi. Bəxtimdən kənd camaatı ilə
rastlaşmadım. Yəqin, arxa yolla,
çoxdandır ayaq dəyməyən cığırla getdiyimdən
idi. Qəribə əhvalda idim, elə
bilirdim dayansam ruhum bədənimi tərk eləyəcək,
durduğum yerdəcə yıxılıb qalacam. Yəqin, məsciddəkilər elə bilirdilər
molla dəstamaz almağa gedib, bir də ayılacaqdılar ki,
pişnamazları yoxdur. Neynək, bu günlük özləri
birtəhər yola verərlər namazı, mən özüm
də sonra qəza namazımı qılaram, Allaha acıq getməsin,
sinəmdəki ağır "daş"la əyilib dursam,
elə namaz üstündəcə canımı
tapşıraram.
Bu minvalla nə qədər getdiyimi bilmədim, lapdan
gözümün qabağında qeyri-adi bir mənzərə
canlananda istər-istəməz ayaq saxladım, dərindən
nəfəs aldım, bir anda sinəmdəki ağırlıq
havaya qarışaraq yox olub getdi, oldum quştək
yüpyüngül.
Gözümü bu kənddə açmışam,
ancaq kəndimizin iki addımlığında belə gözəl
yerin, mənzərənin olmağından xəbər
tutmamışam. Hələ mal-heyvan, qoyun-quzu ağzı
dəyməmiş göz işlədikcə uzanan
yamyaşıl otların, otların arasından boylanan
çiçəklərin üstünə
saysız-hesabsız rəngbərəng kəpənəklər
qonmuşdu. Məxməri qanadlı, pərdə
qanadlı, pulcuq qanadlı alabəzək kəpənəklər...
Baxan kimi anlaşılırdı ki, ali
qüdrətin işidir belə rəngarəng
varlıqları yaratmaq... Bir anlığa ürəyimin
ağrısının yox olub getməsinə heyfsləndim,
çünki əsl ölüb qalmalı yerdə idim. Burası vardı ki, indi burda ölsəydim də,
özüməbənzərlər məndən əl çəkməyəcəkdilər,
meyidimi tapıb cansız bədənimin başına min bir
oyun açacaqdılar. Adını da qoyacaqdılar nəzillərdən
gələn adət-ənənə... İlahi, nadanların əlindən
ürəyin istədiyi kimi ölmək də mümkün
deyilmiş...
Göyün üzü apaydın idi, günəşin
şüaları cana-bədənə xoş hərarət gətirib
isitsə də, yandırmırdı, tərlətmirdi. Mürgülü
kəpənəklər qayğısız-qayğısız
çiçəklərin şirəsini çəkirdi.
Var gücümlə: "Ay Allah, mən adam
olmaqdan yorulmuşam, məni kəpənəyə döndər!"
- çığırmaq istədim, fəqət
anladım ki, qışqırmağa ehtiyac yoxdu, onsuz da Xudavəndi-aləm
ürəyimizdən keçənlərdən xəbərdardır.
Qəribə bir aləmə düşmüşdüm;
nə bir səs-səmir gəlirdi qulağıma, nə də
ins-cins dəyirdi gözümə. Arxaya boylandım, deyəsən
bir xeylaq gəlmişdim, kənd görünməz olmuşdu.
Çöməlib əvvəlcə ədəb-ərkanla
bardaş qurdum yaşıl xalının üstündə,
sonra əməlli-başlı uzandım. Yanımdakı
kəpənəklər qəfil öləzik
xışıltını təhlükə zənn eləyib
bir anda burulğan kimi havaya pərvazlandı, göyün
üzünü alabəzək varlıqlar bürüdü,
sanki üzüyuxarı şikayət eləyirdilər ki,
hardansa bir ikiayaqlı peyda olub, bizi rahat dincəlməyə
qoymur. Sonra təhlükənin, naməlum
xışıltının qorxulu olmadığını
anlayıb təzədən "yaşıl xalı"nın üstünə qonaraq mürgüləyib
"ilmələr vurdu", rəngbərəng
"naxışlar saldı" sərhədsiz
yaşıllığa kəpənəklər...
Buxara papağımı qoymuşdum başımın
altına, nəm torpaqda boy atan yaşıl otların
sütül, xəfif biçənək, zəmi qoxusunu sinəmə
çəkərək bəyazımtıl-göy, hüdudsuz
səmaya baxırdım. Gözümü zillədiyim asimanda
saysız-sonsuz qapılar açılırdı sanki, fəqət
həmin qapılar səmayla eyni rəngli olduğundan,
açılanların arxsasındakıları görməyə
kəramətim çatmırdı. "Xudaya,
ömrü qısa olsa da kəpənək kimi yaşamaq
yaxşıdı, kəpənək olmaq yaxşıdı, -
düşündüm, - di gəl, adamlar kəpənəkləri
də rahat yaşamağa qoymur". Həqiqətən
bir şeyi ki, yeməyəcəksən, xeyir götürməyəcəksən,
daha niyə dalınca qaçıb tutmaq, dünyanı bu
gözəllikdən xali eləmək istəyirsən? Deyirlər kəpənəkləri tutub qurudanlar,
müxtəlif kəpənək qurusunu yığıb,
toplayıb illərlə saxlayanlar da olur. Nə deyim,
vallah! Adamlar nə istədiyini bilsəydi dünya bu kökdə
olmazdı ki...
Gül-çiçəyi dərmək özü də
vəhşilikdir. Qoxulamaq istəyirsənsə, buyur, ancaq qırma,
qopartma, tələf eləmə, zəhmət çək, əyil,
nə qədər kefindi iylə... O ki, qaldı çox
yaşamaq məsələsinə, uzun ömür də bir
şey deyil, elə dünyadan üzüsulu getmək məsləhətdir.
Ömür uzandıqca yaşamağın zibili
çıxır...
O
dünyaya özxoşuna, sevinə-sevinə getməyə
hazırlaşırammış kimi rahatca gözlərimi
yumdum. Kirpiklərimi ehmalca bir-birinə
sıxanda lap uzaqlardan sözlərini ayırd eləyə bilmədiyim
səslər eşitdim. Yəqin
İnkir-Minkir məni sorğu-sual eləməyə gəlirdi.
Səs getdikcə yaxınlaşsa da, yenə
sözlər aydın deyildi. Qəribə
burasıydı ki, canımda zərrəcə
qorxu-hürkü yox idi, hələ desən, özxoşuna
ölüb canımı qurtardığım
üçün çox sevinirdim. Nəhayət,
kimsə əlini çiynimə qoyub məni yavaşca silkələdi.
Gözlərimi açdım. Yanımda
bardaş quran seyid Qeybulla ağzını qulağıma
yaxınlaşdırıb pıçıldadı:
"Molla, nə fikrə getmisən? Camaat səni
gözləyir axı, namazın vaxtıdı, dur keç irəli".
Mən peşman-peşman ayağa durub key-key ətrafa
boylandım.
Sonralar kəndimizin qırağındakı o kəpənəkli
otluğu ha axtarsam da, tapa bilmədim, sanki üstünə rəngbərəng
naxışlar vurulan yaşıl xalını mələklər
büküb ərşi-əlaya qaldırmışdı.
Qasid
Ağaclara
Ağacların işi heyvanlardan, quşlardan, böcəklərdən
də betərdir. Belə ki, heyvanlar bəd ayaqda, təhlükə
hiss eləyəndə qaçır, quşlar qanadlanır,
böcəklər gizlənir. Ağaclarsa
tərpənə, bəlağətli, yeddimərtəbəli,
obrazlı desəm, canını qurtara bilmir. Fəqət
adamlardan başqa heç kəsdən, heç nədən
qorxusu yoxdur ağacların... Allahdan gələn bəladan;
ildırımdan, sel-sudan, zəlzələdən,
quraqlıqdan başqa... Heyvanatın ağaclara
nə ziyanı? Bəzi otyeyən iri
heyvanlar ağacların budağı, yarpağı ilə
qidalansa da, əslində bunun ağaclara xeyri var. Tez-tez təzələnmək
ucbatından ömrü uzanır ağacın. Mamırlar, otlar, kollar, ağaclar yer
üzünün ən qədim sakinidir. Həşəratlardan,
böcəklərdən, heyvanlardan, insanlardan
çox-çox qabaq xəlq olunub. Deyirlər, bir
ağacın yer üzünə buraxdığı təmiz
hava ilə üç adam bir sənə
rahatca nəfəs ala bilər. Hələ
yamaclardakı sürüşmənin də
qarşısını alır kökləri dərində
rişələnən ağaclar. Nə
yazıq ki, məxluqat özü öz nəfəsliyini
bağlamağa meyllidir. Meyvəsini dərdiyi,
kölgəsində sərinləndiyi ağacların lap dərin
məsələlərdən ötrü
yaradıldığını qanmır. Bəlkə
heyvanlardan, elə insanlardan da qat-qat dərin... Yəqin
elə buna görə ağacların məkan dəyişdirməyə,
yeriməyə ehtiyacı yoxdur. İlk
baxışdan köməksiz görünən ağaclar daha əzəmətli
qüvvələrin pənahındadır, baltalansa da,
yandırılıb torpağa qarışsa da heç vaxt tam
məhv olmur. İnsan meşələri
qırıb son ağacı da yox eləyəndən sonra
bütün Adəm övladları da qırılacaq. Bunu başa düşsə də
nadanlığından əl çəkmir. İnsanın əslində öz-özünə
quyu qazdığı haqda saysız-hesabsız misal çəkə
bilərəm. Amma nə faydası?..
Bir gün qonşu kənddəki məclisdəydim. Mərhumun
böyük oğlunun baxışları xoşuma gəlmədi.
Gözləri qaynayırdı,
danışığı da hətərən-pətərən
idi. Narazı-narazı seyid Qeybullaya baxdım ki, a kişi, bu nədir, məni hara gətirmisən?
Ölənin kiçik oğlu - gözü qaynayanın balaca
qardaşı - duyuq düşüb yanıma gəldi,
yazıq-yazıq boynunu büküb pıçıldadı
ki, qurban olum, molla, sən Allah, qardaşıma bənd olma,
bütün kəndimiz onu yola verir, çünki tez-tez
çaşır bədbəxt qardaşım.
Mən
başımı tərpətdim: "Allah sənin
qardaşının köməyi olsun, - deyib xəbər
aldım. - Anadangəlmədi?" "Yox... - mərhumun kiçik oğlu içini
çəkdi. - Beş-altı ildi belə olub. Kəndin sayılıb-seçilən bağbanı
idi. Elə sənətinin güdazına getdi," -
astadan danışanın doluxsunmağı mənə qəribə
gəldi, çünki "güdazına getdi" - kəlmələrini
adətən ölən, "üzü bəri"yə
yolu olmayan üçün deyirlər, haqqında söhbət
açılansa gözümüzün qabağında idi, yetənə
yetirdi, yetməyənə bir daş atırdı, hiss olunurdu
ki, hamı ondan gen gəzməyə çalışır. "Necə yəni?" - maraqlandım.
"Çox ağıllı, yerinibilən adam
idi qardaşım... Bağımızdakı iri
ağacların quru yerlərini budayanda çaşıb
öz oturduğu budağı da kəsmişdi.
Ağacdan yıxılanda başı dəymişdi daşa...
Sağ qalsa da ağlı yerindən oynadı.
Şükür, hələ indi babatdı, hərdənbir lap
dözülməz olur, qızışıb
arvad-uşağı qatır qabağına,
söyüşün biri beş qəpik".
Narahat-narahat təkrarladım: "Allah sənin
qardaşına hidayət eləsin, qəm yemə, heç kəs
bilmir sabah başına nə gələcək". Mərhumun
kiçik oğlu gedəndən sonra seyid Qeybulla mənə
dedi: "O necə ağıllıdı ki, oturduğu
budağı kəsib, hə?" Mən seyidə
acıqlandım: "Pıqqıldama, keçmiş
bağbanın qəzəbinə gələrik, qoy sakitcə
məclisi birtəhər yola verib qayıdaq ev-eşiyimizə.
Səni bilmirəm, mənim burdakılardan
gözüm su içmir. Sanki
hamısı oturduğu ağacın budağını kəsib,
hamısı da elə o yazıq bağban kimi ağacın kəlləsindən
kəlləmayallaq, başı üstə qablanıb yerə".
Amma
şükür ki, hər şey yaxşı qurtardı, məclisi
sakitliklə yola verdik... Sözüm onda deyil,
seyid Qeybulla demişkən, ağıllılar,
özünü yer üzünün əşrəfi sayanlar,
görəsən, nə səbəbə onlara təmiz hava,
rahat nəfəs bəxş eləyən ağaclara qənim
kəsiliblər? Mənim başına qəziyyə
gələn, çaşdığından öz oturduğu
budağı kəsən bağbanla da işim yoxdur. Əslində, acıyıram ona.
Bağbanlıq cənnəti satın alma
sənətidir. Ağac müqəddəsdir axı... Müqəddəsi qorumaq, ona qulluq eləmək isə
məxluqa yalnız savab qazandırır. Müqəddəs
kitablardakı behiştin təsvirində də meyvəli
ağaclardan, varlığından yazılıb ki, məxluq
ağlı ilə ölçüyə gəlməz, insan zəkasına
sığışmaz şeylər haqqında oxşar məlumat
verilsin. Kökü yerin dibinə,
başı buludlara dirənən bəlkə, elə yerlə
göy arasında insan idrakına sığmayan qeyri-adi
varlıqlar üçün ünsiyyət vasitəsidir?
Gözümüzə görünməyən həmin naməlum
varlıqların xəbər aparıb-gətirən mələyi
- Cəbrayılı - ağaclardır?.. Belə çıxır ki, adamlar ağacları məhv
eləməklə təkcə özlərinə quyu
qazmırlar, kainatın mizanını pozurlar. Təkrar
eləyirəm, ağaclarsa heç vaxt məhv olmur,
çünki kökü yerə, başı buludlara dirənənləri
qoruyan qoruyur, çünki nə qədər nadan, acgöz
olursa-olsun, əslində insanın heç vaxt məhv eləyə
bilməyəcəyi şeylər, lap dəqiq desəm,
varlıqlar da var, onlar ilk baxışda tələf olmuş
kimi görsənsələr də heç vaxt ölmürlər.
Bəlkə, elə insan da o varlıqlardan nə
isə əxz eləyərək fəhmən öz
ölümsüzlüyünə inanır? Fəqət
adamlardan fərqli olaraq o varlıqlar - xüsusən ağaclar
- məhşər gününün sorğu-sualından
azaddır...
Heç bilmirəm danışdıqca
dolaşdığım, dolanbacında azıb
qaldığım bu söhbətləri nə səbəbə
eləyirəm sənə? Anlayıram axı sən
belə söz-söhbətlərin xiridarı deyilsən.
Boş yerə yoruram səni. Qınama məni, axır zamanlar tez-tez təngnəfəs
oluram qəflətən, deyəsən ucundan tutub gedirəm
ucuzluğa, nə danışdığımı da düz-əməlli
bilmirəm. Birtəhər olmuşam,
yuxum-zadım da pozulub. Şər deməsən xeyir gəlməz,
mənim başıma bir iş gəlsə, qızımla nəvəm
sənə əmanət...
Di dur, dur
gedək bizə, qızım yaxşı süfrə
açıb, gedək bir kısmat çörək yeyək,
dur ayağa, elə mən özüm də acam,
boş-boş çənə vurmaqla qarın doymaz, dur...
Mübariz
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2023.- 21
aprel.- S.6.