Daimi axtarışda...
Müasir ədəbi mühitdə
yüksək nüfuz
sahibi, yorulmaz tədqiqatçı-alim, şeirimizin,
sözümüzün xiridarı,
sadə və təvazökar bir insan kimi tanıdığımız,
hörmət etdiyimiz görkəmli tənqidçi
Vaqif Yusiflinin 75 yaşı tamam olur.
Bu mötəbər qələm
əhlini yaxından tanıyanlar bilər ki, bu illər
ərzində onun əlyazmalarını və
yazdığı kitabları
toplayıb bir yerə yığmaq mümkün olsaydı, yəqin görərdilər
ki, indi fəaliyyət göstərdiyi
bir şöbənin yox, bəlkə institutun gördüyü
iş qədər iş görüb.
Başqa qələm dostlarımda olduğu kimi, mənim də şeir yaradıcılığımı
Vaqif müəllim tədqiq eləyib, kitablar yazıb, müdrik tövsiyələrini
verib.
Vaqif müəllim
işgüzardı, xeyirxahdı,
daimi olaraq, elmi, ədəbi axtarışdadı. Bu dediklərim
təkcə mənim kənardan müşahidələrim
deyil, həm də nisbətən olsa da, tanımağımdır.
Axı, mən də Vaqif müəllimin oxucusuyam. Ədəbi mühitdə gedən
müxtəlif ədəbi-ictimai
prosesləri onun yazılarından da öyrənirəm. Nə öyrəndim,
qənimətdi - misalını
xatırlayın.
Son vaxtlarda Vaqif Yusifli ədəbi problemlərin tədqiqi ilə yanaşı, paytaxtda və regionlarda yaşayıb-yaradan
istedadlı gənclərin
də axtarışlarına
aid yazılar çap
etdirir.
Vaqif müəllimlə
bizim dostluq münasibətlərimiz mənimlə
bərabər 80 illik yubileyim zamanı bizim Qazaxa gəlməsi
oldu. O, Göyəzən dağını
yaxından gördü,
qədim Damcılı
bulağının sehrkar
səsini eşitdi, suyundan içdi. Bizim
"Ana" çağırdığımız
Kür çayının
sahillərini doyunca seyr elədi. Böyük Vurğunu yetişdirən
Qazax camaatının görüşlərində iştirak
etdi. Onların Vaqif Yusifli kimi qonağı necə qarşılamasının
canlı şahidi oldu. Mərhum Aşıq Ədalətin
"Yanıq Kərəmi"
saz havasının da poetik əsərlər
sırasında seçildiyini
özü gördü.
Şair dostumuz Barat Vüsalın mənim yubileyimə həsr etdiyi şeirdən də xoşu gəldi. Vaqif müəllimi arzuolunan qonaqlar sırasında alqışlayırdıq.
Hörmətli qələm qardaşım,
sizi yenə alqışlayıram, bu dəfə Bakıda, sizin şərəfli 75 illik yubiley gününüzdə.
Mübarək!
Nəriman HƏSƏNZADƏ
Xalq şairi
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.9.