Bu, Vaqif Yusiflidir 

 

Ədəbi yaradıcılığın və bütövlükdə humanitar təfəkkürün ən çətin, mürəkkəb və məsuliyyətli sahələrindən biri ədəbi tənqiddir. Ədəbi tənqid müstəqil bir yaradıcılıq sahəsi olmaqla yanaşı, bir çox yaradıcılıq yollarının qovşağıdır; elmi nəzəri fikirlə bədiilik, tamamlanmış tarix yaddaşı ilə bu günün coşqun publisistikası ədəbi tənqid müstəvisində çox asanlıqla bir araya gəlir və ictimai fikrin, milli-estetik təfəkkürün genişlənməsinə xidmət edir.

Ədəbi tənqid - sırf nəzəri səciyyə daşımır, ədəbiyyat həyatdan doğursa onu qüvvətləndirən tənqid də həyatı bilməlidir. Tənqid ədəbiyyatı dərindən duymaqla yanaşı cəmiyyətin ictimai-iqtisadi, mədəni problemlərini də yetərincə bilməlidir.

Tənqid - cəmiyyətin yüksək estetik tələblərinin və ictimai fikrin ifadəçisidir; buna görə də öz mahiyyətində publisistikanın, tarixin, fəlsəfənin, ədəbiyyatşünaslıq, dilçilik və sosiologiyanın, ayrı-ayrı sənət sahələri haqqında biliklərin böyük təcrübə və tələblərini birləşdirir.

Bu mənada tənqidə və onun yaradıcılarına ögey münasibət yolverilməzdir. "Hamını bəzər, özü lüt gəzər". Tənqidlə - bədii ədəbiyyat arasındakı bölgünün ədalətsizliyini göstərmək üçün işlədilən sözdür.

Doğrudan da, tənqidçilər - bütöv ömürləri boyu yüzlərlə bədii əsəri təhlil etdikləri, yüzlərlə qələm sahibinin portretini yaratdıqları halda çox vaxt özləri kölgədə qalırlar.

Yetmiş yaşını qutladığımız filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusifli də, canlı ədəbi prosesdən kənarda qala biləcəyini nəzərə almadan, uzun yaradıcı həyatını başqalarının kitabları, yeni əsərləri və ümumi ədəbi prosesi qiymətləndirməyə, "bəzəməyə" həsr etmişdir.

İlk baxışda elə görünə bilərdi ki, tənqid və ədəbiyyatşünaslığımızın - Məmməd Cəfər, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Əziz Mirəhmədov, Yaşar Qarayev kimi nəhəglərindən sonra - bu sahədə yaranan boşluğu doldurmaq çətin olacaq.

Lakin rəhmətlik Aydın Məmmədov, İsa Həbibbəyli, Rəhim Əliyev, Vilayət Quliyev, Akif Hüseynov, Şirindil Alışanlı, Tehran Əlişanoğlu, Nizami Cəfərov, Nizaməddin Şəmşirzadə, Elnarə Akimova, Cavanşir Yusifli, Rahid Ulusel kimi böyük bir nəsil öz yaradıcılıqları ilə sübut etdilər ki, tənqid və ədəbiyyatşünaslığımızın ənənələri daha ciddi şəkildə, vulqar sosiologizmdən, siyasi konyukturadan uzaq daha sərbəst, milli ideallara və estetik dəyərlərə yaxından bağlılıqla yaşayır.

Vaqif Yusifli bu nəslin ən fəal nümayəndələrindən biridir və yeni yaranan ədəbiyyata hamıdan daha həssasdır, yeni kitabları və ədəbi prosesi heyrət doğuran bir ardıcıllıqla izləyir və dəyərləndirir.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı iki cildliyi fundamental araşdırmalar məcmuəsidir. Həmin məcmuədə Vaqif Yusiflinin ədəbi tənqidimizdəki xidməti yüksək qiymətləndirilir: "Yeni Çağ Azərbaycan tənqidinin ən populyar yazarlarından Vaqif Yusiflinin yaradıcılığı bu tənqidin "həyatını" hər zaman müşayiət etmişdir. Və hər zamanki aktivliyini 2001-2016-cı illərdə də (və bu gün də S.R.) qoruyub saxlayan Vaiqf Yusifli, çoxları tənqid meydanını tərk etsə də, o, etmədi. Tənqidçinin intensiv çap olunan məqalələri və silsilə kitabları müasir ədəbi düşüncənin əsas meyllərini anlamağa, bu günkü ədəbiyyatda "nə var, nə yox" sualına cavab tapmağa imkan verir. O, ədəbiyyatın demək olar ki, bütün janrlarında yazılmış əsərlərə münasibət bildirməyə çalışır, ədəbiyyatla tənqid arasında genələn uçurumu doldurmağa, bədii və tənqidi düşüncənin ədəbi prosesdə bütövlüyünün, bir-birinə rəvac verilməsinin təmin edilməsinə xüsusi səy göstərir". ("Müstəqillik dostu Azərbaycan Ədəbiyyatı", Bakı, "Elm və Təhsil" nəşriyyatı, 1918, səh.931-932).

Burada Vaqif Yusiflinin silsilə kitabları deyiləndə "Tənqid və bədii söz", "Tənqid də yaradıclıqdır", "Poeziyanın illəri və yolları", "Ədəbi həyat", "Poeziya və zaman" adlı əsərləri nəzərdə tutulur.

Bu fundamental araşdırmada gəlinən nəticə budur ki, Vaqif bəy "təkcə bədii obrazın mahiyyətini açmağa deyil, həm də tənqidçi obrazı yaratmağa, bu obrazı ədəbi zaman kontekstində izləməyə çalışır".

Bəli, Vaqif Yusiflinin əməyi nəticəsində çağdaş ədəbiyyatımızda bir parlaq tənqidçi alim obrazı yaranmışdır və bu elə çağdaş ədəbi-tənqidimizin obrazıdır.

Mən Vaqif Yusiflini çox cavan yaşlarından, ədəbiyyata ilk gəldiyi illərdən tanıyıram. O, elə həmin illərdə də əsl bədii sözü, bədii əsəri saxta sözdən və mətndən dəqiqliklə ayırır və dəyərləndirirdi.

İkinci əsas cəhət Vaqifin bu illər ərzində bir insan, bir xarakter olaraq zərrə qədər dəyişilməməsidir.

Nə yaşa dolmaq, nə şöhrət, sakit, səbrli, sözünün yerini və qədrini bilən Vaqif bəyi dəyişdirə bilmədi.

Ədəbi prosesi ardıcıl izlədiyinə və xarakterinə görə biz onu Belinskiyə bənzədirik. Bütün bənzətmələr qüsurludur. Lakin Vaqif doğrudan da ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində yuxarıda adını çəkdiyim klassik tənqidçilərimizlə bir sırada dayanmaq haqqı qazanıb.

Vaqif Yusiflinin əlimə keçən sonuncu kitabı "Ədəbi həyat" adlanır. 2014-cü ildə nəşr olunub. Məzmununa görə çox sakit və iddiasız addır. Ədəbi həyatın, kitab yazılan illərdəki irili-xırdalı elə bir hadisəsi, istedadlı müəllifi və dəyərli əsəri yoxdur ki, Vaqif Yusiflinin diqqətindən kənarda qalsın.

"Ədəbi mənzərə. Poeziya. 2011-2012-ci il" yazısında müəllif iki ilin poeziyası haqqında söz açmaq niyyətində olsa da əslində, XX yüzildə ədəbiyyata gəlmiş və yaradıclıq həyatını davam etdirən tanınmış müəlliflərlə yanaşı XXI yüzilin ilk onilliklərində ilk qələm təcrübələri və kitabları ilə diqqəti cəlb edən yeni nəsil yazarların da əsərlərini təhlil etmişdir.

Burda söhbət bir neçə əsərdən yox, onlarla müəllifin yaradıcılığından gedir. Bu qədər müəllifin yazılarını oxuyub sistemləşdirmək və dəyərləndirmək tənqidçidən böyük səbr və yaradıcılıq enerjisi tələb edir.

Mən hələ nəzəri hazırlığı demirəm. Dünya xalqlarının ədəbiyyatlarında gedən prosesləri izləmədən ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında neçə min illik fikirləri, bu sahədə yaranan nəzəri kitabları gözdən keçirmədən müasir Azərbaycan ədəbiyyatına da obyektiv qiymət vermək olmaz. Yalnız yüksək nəzəri hazırlığı olan tənqidçilər cari ədəbiyyatın uğurlu-uğursuz tərəflərini, ədəbiyyatımızın zəngin tarixində tutduğu yeri yüksək peşəkarlıqla dəyərləndirə bilərlər.

Bu baxımdan akademik Yaşar Qarayev dünya humanitar fikrinin zirvəsində dayanan bir filosof-tənqidçi idi. Vaqif Yusifli də Yaşar Qarayev ənənələrini davam etdirən fikir adamlarından biridir. O, hər nə qədər yeni kitabları gözdən qaçırmamağa, yaradıcılığa yeni başlayan gənclərin kitabları haqqında resenziyalar, rəylər yazmaq vərdişini davam etdirməyə çalışsa da, bu, onun vaxtının çox hissəsini alsa da, eyni zamanda ədəbi-tənqidin müasir mənəvi həyatımızda, humanitar düşüncəmizdə tutduğu yerin böyüməsi, tənqidin ictimai-siyasi, estetik əhəmiyyətinin artması, ədəbi aləmdə nüfuzunun yüksəlməsinə xidmət edən xeyli əsər də yazmışdır.

Tənqidçi Vaqif Yusifli ömrü boyu ədəbi tənqidin təəssübkeşi olmuşdur. Tənqidin ictimai həyatımızdakı rolunu kiçiltmək istəyənlərə qətiyyətlə etiraz edir: "Amma "tənqid yoxdur" kimi qeyri-elmi və hətta qeyri-etik səslənən bu fikir yanlışdır. Dostoyevskinin bir fikrini misal gətirmək istəyirəm: "Bəşəriyyətin inkişafında tənqid təbii hadisədir. İncəsənətin bizə ancaq obrazlarda təqdim etdiyini tənqid şüurlu olaraq araşdırır. İncəsənəti idrak etməklə tənqid həyatı, gerçəkliyi idrak edir." Bu fikri bütövlüklə Azərbaycan ədəbi tənqidinə də şamil etmək olar."

Daha sonra Vaqif Yusifli fikrini davam etdirərək yazır: "Əlbəttə, tənqid spesifik idrak hadisəsidir. Onun ədəbiyyatşünaslıqda tamam fərqli xüsusiyyətləri var. Amma bu günün xalis tənqidçi tipinə nümunə çox azdır. Lap barmaqla sayılacaq qədər."

Vaqif Yusifli arada ədəbiyyatşünaslıqla da məşğul olur, lakin o, öz dediyi barmaqla sayılacaq tənqidçilərdən biridir.

Vaqif Yusiflinin 2011-2012-ci il poeziyasının təhlili zamanı gəldiyi nəticə əslində bütün ədəbiyyatımıza aid edilə bilər. O, yazır: "İlk növbədə böyük nikbinliklə qeyd etməyə dəyər ki, müasir Azərbaycan poeziyası çox əsrlik yaşarı ənənələrə sadiqlik nümayiş etdirir. Həyatda, cəmiyyətdə, ictimai aləmdə, xüsusilə poeziyada bir çox dəyərlər hələ də öz gözəlliyini itirməmişdir. Bu dəyərlər əbədidir, poeziyanın mahiyyətini ifadə edir və zamanın hər bir təlatümündən, sınağından keçə bilir. Həmişə ənənə ilə novatorluğu özündə əks etdirən bu poeziya XXI əsrdə də öz mahiyyətinə, məna və məntiqinə sadiq qalmışdır. Azərbaycan poeziyasından söz açanda, ilk növbədə, həmin dəyərləri özündə əks etdirən nümunələrdən danışmalıyıq".

Mən şəxsən "ədəbi portret"ləri çox sevirəm və özüm də XX yüzildə yaşamış böyük sənətkarlarımızın bir çoxunu ədəbi portretlərini yazmağa çalışmışam. Həmin yazıların bir hissəsi "Özümüzdən böyük sözümüz" kitabında toplanmışdır.

Vaqif Yusiflinin "Ədəbi həyat" kitabında da Mirzə İbrahimov, Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Əhməd Cəmil, Balaş Azəroğlu, Əliağa Kürçaylı, Yusif Səmədoğlu kimi böyük qələm sahiblərimizdən tutmuş Səhər, Pərvin, Emin Piri və Kəramət Böyükçölə qədər ədəbiyyatımızın təxminən yüzillik bir dövrünün ab-havasını oxuculara çatdıran ədəbi portretlər silsiləsi toplanmışdır. Burda müxtəlif ədəbi cərəyanları təmsil edən və çeşidli janrlarda yazan qələm sahibləri haqqında söz açılır. Bu yazıları birləşdirən ümumi cəhət Vaqif Yusiflinin portretini yaratmaq istədiyi şəxsiyyətlərin həyat və yaradıclığını dərindən bilməsi və onları sevgiylə, səmimiyyətlə təqdim etməsidir.

Bu portretləri yaradarkən Vaqif bəy, istər-istəməz, öz portretini də yaradır və kitabı oxuyub qurtardıqdan sonra onun bəzi yazılarının başlığını təkrar edərək, "Bu, Vaqif Yusiflidir" demək istəyirsən.

Çağdaş ədəbi tənqidimizin fəhləsi və sərkərdəsi, arı kimi çalışqan, mənəvi dünyamızda baş verən prosesləri diqqətlə izləyən, sadə, təvazökar, özünü gözə soxmağa çalışmayan, hamını tərifləsə də özü tərifdən qaçan, doğulduğu ocaqdan gətirdiyi saflığı, utanqaclığı, dürüstlük və halallığı, başqalarının uğurlarına sevinmək qabiliyyətini yetmiş yaşında da qoruyub saxlayan dəyərli dostumuz Vaqif Yusifli! O, "tənqid yoxdur" deyənlərin acığına ədəbi tənqidin yükünü yorulmadan daşıyır və inanıram ki, hələ uzun illər bundan sonra da bu şərəfli işini davam etdirəcəkdir.

 

Sabir Rüstəmxanlı

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.10.