Bədii sözün keşikçisi
Vaqif Yusifli haqqında düşünəndə yadıma
bir rəhmətlik şairin sözü düşdü: "Mənə
deyirlər təvazökar
ol. Təvazökar olaram e, amma bunu kim
biləcək?"
Vaqif Yusifli bu sözün ən müstəqim mənasında təvazökar
insandır, amma təvazökarlığının dəyərləndirilməsi onu
heç vaxt qayğılandırmır. Vaqif səs-küysüz,
gurultulu şüarlarsız,
şok iddialarsız, sensansion bəyanatlarsız,
sadəcə, ədəbiyyata
xidmət edir. Mən onu söz sənətində
həqiqi dəyərlərin
keşikçisi adlandırardım.
Bəzən elə olub ki, hansısa bir şairin ya nasirin yaradıcılığı
diqqətini Vaqifin onun haqqında yazdığından sonra çəkib. Məsələn,
nə yazıq ki, erkən itirdiyimiz çox istedadlı şairə Nisə Bəyimin şeirləriylə mən
ilk olaraq Vaqifin onun haqqında yazısından tanış
oldum, sonra şairənin başqa kitablarını oxudum və mən də onun haqqında
yazı yazdım.
Həmişə bu fikirdə olmuşam və bunu dəfələrlə
demişəm, yazmışam
ki, tənqid - ədəbiyyatın ən
çətin sahəsidir
və tənqidçi
istedadı ən nadir
istedadlardandır. Ancaq mən "tənqid"
sözünün özünü
qəbul etmirəm.
Məndən olsa "tənqidçi"
sözünü "təhlilçi"
sözüylə əvəz
edərdim. Çünki bədii əsərə obyektiv qiymət verərək "tənqid"
adıyla kimisə yıxıb-sürümək deyil.
Və eyni cür kimisə
yersiz, şit təriflərlə göylərə
qaldırmaq deyil.
Bu peşəni seçənlərin müqəddəs
vəzifəsi "düzü
düz, əyrini əyri" yazmaqla ədəbiyyatı tənzimləməkdir,
ədəbi əsərləri
TƏHLİL etmək, açmaqdır.
Tənqidçi, ya tərifçi
yox, təhlilçi.
Bəzən əsl təhlilçi
yazıçının özünün
belə dərk etmədiyi, amma sövq-təbii duyğularla
əks etdirdiyi mətləbləri açıb
müəllifin özünə
göstərə bilər.
Təhlilçinin müqəddəs vəzifəsi, ümumən,
ədəbi prosesi diqqətlə izləmək,
milli söz sənətini başqa ədəbiyyatlarla, başqa
sənət sahələriylə,
ilk növbədə teatr
və kinoyla müqayisədə şeirin,
nəsrin inkişaf yollarını araşdırmaq,
ədəbiyyatı hər
növ büdrəmələrdən
qorumaqdır. Bir sözlə
bədii sözün keşiyində durmaqdır.
Artıq
yarım əsrdən
artıqdır ki, Vaqif Yusifli məhz
bu işi şərəflə, namusla,
gündəlik zəhmətiylə
görməkdədir.
Vaqif Füzuli
şeirinin pərəstişkarıdır,
saatlarla Füzuli qəzəllərini onların
mənasını dərk
edə-edə, sirlərini
aça-aça əzbər
deyə bilər. Mənə elə
gəlir ki, Füzuli Vaqifçün ədəbiyyatda bir növ məhək daşıdır. Əlbəttə, bu o demək deyil ki, hamı
- şair də, nasir də, dramaturq da Füzuli
üslubunda yazmalıdır.
Yox.
Füzuli yaradıcılığının
dərinliyi və içdənliyi bütün
türkcə yazanlarçün
örnəkdir, əlçatmaz
örnək.
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz.
Bu nə sirdir kim, olar
hər ləhzə yoxdan var söz?
Artıran söz qədrini
sidqilə qədrin artırar
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar
söz.
Mənə elə gəlir ki, Füzulinin bu beytlərini Vaqif Yusiflinin bütün yaradıcılığına
epiqraf qoymaq olardı. Tənqidçilərlə
bağlı belə bir lətifə var. Deyir, tənqidçinin özü üçün
nə daha faydalıdır: bir yazıçını kəskin
tənqid etmək, ya tərifləmək, mədh etmək? Cavab verirlər: Əlbəttə, kimisə
sərt tənqid tənqidçi üçün
daha faydalıdır. Niyə?
Ona görə ki, birin tərifləyəndə
tək bir o özü razı qalır, bütün başqaları rəncidə
olurlar. Amma kimisə amansız
tənqid edəndə
o özü, əlbəttə,
pəjmürdə olacaq,
amma bütün başqa həmkarları ləzzət alacaqlar.
Bu sözlər, əlbəttə, zarafatdır.
Yazıçıların əksəriyyəti, kimisə, başqasını
tərifləyəndə qısqanmırlar
ya kimisə əsassız tənqid edəndə sevinmirlər.
Və həqiqi sözün keşiyində duranlar da heç vaxt
bu "müdrik" məsləhətlə davranmırlar.
Vaqif Yusifli ədəbi əsərlərə
məhz yüksək bədii zövq, professionallıq, insaf və ədalət naminə qiymət verməyi, təhlil etməyi bacaran, xeyirxah və tələbkar ədəbiyyat
keşikçisidir.
Sənə yeni-yeni uğurlar,
Vaqif!
Həmişə əsl ədədiyyatın
keşiyində belə
sayıq dayan.
ANAR
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.11.