Buluda naxır dedim

 

Üzüm güzgüdən baxır,

gözüm səyriyir bir az;

çəhrayı yuxularım

dönüb qayıdır, bu yaz;

 

saçlarımın içində,

bir əlçim bulud var;

ürəyimin içində,

bir qarışıq umud var;

 

güzgüdəki üzümə,

gözüm uyuşa bilmir;

ağzımdan çıxan sözü

dilim dəyişə bilmir;

 

quş südündən söz tutub,

daşın üstünə yazdım;

payızın qalan ömrün

qışın üstünə yazdım;

 

buluda naxır dedim,

quşdan qanad istədim;

baxdım, göy üzü enib

kipriyimin üstədi.

 

Burda adamlar uçmur

 

Payızın ilk günüdü,

ürəyimdə qubar var;

sanki min illər öncə,

lap çoxdan ötüb bahar;

 

mən min illər öncəni,

unutmadım, bir an da;

tək qanadlarım qaldı,

göy üzündən o yanda;

 

burda adamlar uçmur,

göy üzü quşlarındı;

burda qanadı olan

adamlar daşlanırdı;

 

gümüş yuxularımda,

mələklər dəstə-dəstə;

harayasa uçurlar

gümüş suların üstən;

 

sanki bu yer üzündə,

lap çoxdan ötüb bahar;

hələ ürəyimdə

bir azca səksəkə var.

 

İndi ayrı adamam

 

İndi ayrı adamam,

solub bətim-bənizim;

üzümü cırmaqlayır,

yuxumdakı göyüzüm;

 

qulağıma səs gəlir,

bilmirəm, bu sirdi;

günortanın göyüzü

buludları əzirdi;

 

həsrətin, intizarın,

əlində qalıb yaxam;

bəlkə, bu bir xəyaldır,

bəlkə heç mən yoxam;

 

odam, suyam, buludam,

ruhumun şələsiyəm;

bəlkə mən dünyanın

sonuncu dəlisiyəm;

 

buludlar əsirgəmir,

dəli yağışlarını;

unutdum göy üzünün

yorğun baxışlarını;

 

hərdən ürəyim çıxır,

qaçıb gedir köksümdən;

güzgüyə baxanda da,

üşənirəm əksimdən;

 

iynənin ulduzundan,

keçir yolum, cığırım;

bir az yaxınımda dur,

hərdən səni çağırım.

 

Dünyanın gerçək üzü

 

Adımı hardan aldım,

ya buluddan, ya göydən;

min il öncə gəlmişəm,

bir uzaq, qərib köydən;

 

otdan-çiçəkdən ötüb,

daşda qalıb ləpirim;

dünya vaxt doğulub,

vaxt ölər, bilim;

 

ötüb keçən bir həsrət,

ağlımın ucundadı;

yer üzündən çəkilmir,

ötən acının dadı;

 

qulağım yağır olub,

yalançı nağıllardan;

ufaq bir işıq gəlir,

çəhrayı yuxulardan;

 

ulduzlar da çəkilir,

elə bil göy üzündən;

min illik həsrət yağır

daşın çiçək üzündən;

 

hardan boylanıb baxır,

daş üzüm, çiçək üzüm;

hardasa gizlənibdi

dünyanın gerçək üzü.

 

Göy üzü çox ağırdı

 

Üzüm-gözüm səyriyir,

yollar çuxur çuxurdu;

dağların arasında

göm-göy sular axırdı;

 

könül dildən, söz haqdan,

əlim donur sazaqdan;

kimdisə, lap uzaqdan,

hey yuxuma baxırdı;

 

buludlar qara-qara,

üz tutdum uzaqlara;

o taydakı dağlara

ayrılıqlar yağırdı;

 

göy üzü naxış-naxış,

qar vardı, naxış;

gecə kimsə qıj-ha-qıj,

ulduzları sağırdı;

 

gəlibdi eynimə,

sevdan düşüb beynimə;

əlini qoy çiynimə,

göy üzü çox ağırdı.

 

Həsrətimin ocağı

 

Səslənir qulağımda

uzaqların sorağı;

indi qanadlarım var,

bacarıram uçmağı;

 

bəxtimə bulaq düşüb,

yoluma çıraq düşüb;

kipriyimə düşüb,

qaşlarımdan aşağı;

 

harda bir gül əkək,

bulud yağış güləcək;

kim oxuya biləcək,

göy üzünün qırağın;

 

gəl bulağın üstünə,

alışım, bax tüstümə;

dəyir dağın üstünə,

buludlrın saçağı;

 

könlüm sözə üz tutur,

əllərim söz tuyur;

tüstülənib köz tutur,

həsrətimin ocağı.

 

Mənə bir qayıq gətir

 

Görmədiyim bir şəhər

elə yuxumda gəzir;

yollarımın üstündə

dəli küləklər əsir;

 

hər gün bir bulaq daşır

ürəyimin içindən;

bir qərib inilti var

buludların köçündə;

 

hər payız ötən ömür

yarpaq-yarpaq çəkilir;

yatmadığım yuxular

gözlərimdən tökülür;

 

qopur qara saçımdan

qaranlıqlar əriyir;

gözlərimin kökündə

ayrılıqlar səyriyir;

 

bax, göydəki buludlar

həm ağdı, həm da qara;

mənə bir qayıq gətir,

üzüm, lap uzaqlara.

 

Payız yarpağına

oxşayır üzüm

 

Payız səhərinə tutdum üzümü,

payız səhərinin üzü soyuxdu;

yaşıl yarpaqlara qara xal düşüb,

sarı çöhrələri oyuq-oyuqdu;

 

payız yarpaqların yas mərasimi,

boz dağlar payızın baş daşlarıdı;

budaqlardan düşən sarı yarpaqlar,

ötən son baharın göz yaşlarıdı;

 

payızın yuxusu qarışıb deyən,

dağların başında qar qoxusu var;

indi bozax tutan cığırın, izin,

bir azdan, bir uzun qar yuxusu var;

 

yıxıldım dünyanın yuxu yerindən,

başlandı ömürün payızı, qışı;

yazda qayıdacaq yenə geriyə,

ölən yarpaqların bahar yaddaşı;

 

payız yarpağına oxşayır üzüm,

gəlirəm, payızın oğlan çağından;

tanrım özü mənə ərmağan verib,

dünyanın ən şirin söz bulağından.

 

Qaçdım, dar ağacından

 

Bilmirəm, hara qaçım,

necə qaçım suçumdan;

üstümə yağmur düşmür,

buludların saçından;

 

sular nədən tərs axdı,

yaxşı gün baxta-baxtdı;

göy üzü quraqlıqdı,

ruhlar ölür acından;

 

dürüst olmur "axılar",

yalan olur nağıllar;

itmir ötən yuxular,

gözlərimin ucundan;

 

daha niyə yaz olmur,

ağrı-acı azalmır;

qaranlıqlar sozalmır,

uzaqlarda açır dan;

 

harda ütdüm ahımı,

açılan tək sabahmı;

atıb günahlarımı,

qaçdım, dar ağacından.

 

Qanadlarım uçunur

 

Bu dünyadan böyükdü,

yumruq boyda ürəyim;

qanadlarım uçunur,

çırpındıqca lələyim;

 

var, mənim adımda,

ötən ömrüm yadımda;

qayğıların altında,

yağır olub kürəyim;

 

həsrət bir uzun yoldu,

canıma ağrı doldu;

yaxam əlində qaldı,

bir dəlicə küləyin;

 

sular qalxır dizimdən,

dünya qaçır gözümdən;

görən kimin üzündən.

gözü dönüb fələyin;

 

dağlara tez qar düşüb,

könlümə qubar düşüb;

saçlarıma sar düşüb,

payızdandı gileyim;

 

yollar uçuq-uçuqdu,

dörd yanı alaçıqdı;

saçlarını açıq tut,

həsrətimi ələyim.

 

Uçur yaddaşımın

daş karxanası

 

Min ildi düşmüşəm yolun ağına,

düzdü, dolanbacdı, əyridi yollar;

bir ömür dost oldu, tutdu əlimdən,

hara istədimsə, yürüdü yollar;

 

hərdən mən yol oldum, yol özüm oldu,

mənim yol yoldaşım yol üzüm oldu;

su oldu, daş oldu, göy üzü oldu,

hərdən gözümdə səyridi yollar;

 

yağdı buludların qış karxanası,

dondu gözlərimin yaş karxanası;

uçub yaddaşımın daş karxanası,

üzü o yanadı, bəridi yollar;

 

qulağıma düşən bu səsdi, ,

həsrət hücum çəkib durub qəsdimə;

uzun kölgəsini sərib üstümə,

məni arxasınca sürüdü yollar;

 

kola-kosa dəydi dizim qanadı,

dilimdə atdanan sözüm qanadı;

ayağım yoruldu, dizim qanadı,

ağrıydı, acıydı, kür idi yollar;

 

borana, çovğuna, yağışa düşdüm,

min dəfə qarğışa, alğışa düşdüm;

dirəndim, enişə, yoxuşa düşdüm,

ayağım altında əridi, yollar.

 

Nazim Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.14.