Ulucay Akifin poeziyası –
çağdaş dünyanın poetik
modeli
Ulucay Akifin şeirləri çağdaş
dünyanın kiçik modelidir sanki. Onun poetik təfəkkürünün
ərazisini bəşəriyyəti sarmış fəlakətlər
dalğası, problemlər çeşidi, gündəlik
situasiyalar təşkil edir. Mətnlərindəki
qəhrəmanlar müharibələrin, aclığın, səfalətin,
təkliyin amansız zərbələri altında qalıb
bütün kainat, bütün kosmos tarixi, onun məzmununu,
harmoniyasını dağıdan nə varsa, bəşəriyyəti
əhatə edən problemlər üzərində əzab
çəkirlər. Bu insanlar özlərində sanki hər
cür - əxlaqi, psixoloji və fəlsəfi məsələləri
həll etmək zərurətini hiss edirlər. Ona görə
ən sərt dissonanslara, ən gözlənilməz
situasiyalara rəğmən şeirlərinə ahəngdarlıq
və təbiilik xasdır:
Tanrım,
bütün doğmalarını müharibədə itirən
suriyalı Əhmədin fəryadı
fon
musiqisi kimi getdi xəbərlərdə
bir
gün sonra aclıqdan öləcək Leylanın
göz
yaşlarını da iki saniyə göstərdilər
yəni
bu gün bizi bir az da məhv etdilər.
Ulucayın
şeir fəlsəfəsini iki mühüm obraz səciyyələndirir:
uşaqlar və müharibə. Bu iki obraz onun
poeziyasının relyefini cizgiləyən estetik işarələrdir,
dünyaya baxışının, daxilindəki "mən"in
əsas ovqat göstəricinə çevrilən
anlayışlardır. Həm də əsas
başlanğıc və son məqamlarına toxunuşu ehtiva
etməklə şairin olumla ölümə münasibətinin
simvolik işarəsi kimi tutum qazanır. Müəllif
sanki günahkarlar axtarır. Uşaq
ölümlərinə, kimsəsizliyə, yadlaşmaya,
laqeydliklərə, "insanlıq üçün cənazə
marşı çalan" hər şeyə. Atom
bombaları, mərmi səsləri, xəstəliklər,
"ikinci dil"i yaradan, hasarlar, qapılar - insanları
bir-birinə yaxınlaşmağa qoymayan nə varsa şairin
mətnlərinin "şüuraltı fonunda",
leksik-semantik strukturunda dünyanın fəlakət
dalğasına səbəb olan nəsnələr kimi mənalanır.
Bu şeirlərdə gündəlik adilikdən
qaçmaq hissi yoxdur. Qəhrəmanı gündəlik həyatın
ümidsiz boşluğu sıxsa, həyatın önünə
çıxardığı suallar qarşısında aciz
qaldığını hiss etsə də əbədi harmoniya
axtarır. Hardadır bu ahəng?
Şair
suallar qoyur, xitab edir: Tanrıya, dosta, ömrə, ölümə,
yeni yaşa, qadına...
Düşüncələrinin
coğrafi arealı genişdir: Nevanın sahilləri, Peterburq
küçələri, Nevski prospekti, Badi-Kubə küləkləri,
Yaxın Şərqin tarixi əraziləri.
Bu şeirlərdə dua edilən bütün müqəddəs
ünvanlar - məscid, kilsə, sinaqoq, - Allahın evi
sayılır.
"Musanın əsası" sevginin,
"İudanın öpüşü" xəyanətin rəmzi
kimi mənalanır. Qadınlara - Anna,
Beatriçe, Milena - etdiyi xitablar ona zamanın işləklərindən
şikayət üçün lazım olur. Amma eşqi sərxoş kimi yaşayır, ruhunda
daim bir eşq havası dolaşır. Bir də vətən
var axı... Bu anlayışın qutsal dəyəri,
mahiyyəti dəyişməzdir şairə görə.
"Azadlıq nəğməsi"nin
özü kimi...
-
İlahi, nağılımızçün
cənnət almasından üçünü dər,
üçünü də bu məmləkətin
payına yaz!
dostlar, əlbət
bir gün
bu məmləkətin
dənizi dəniz, ağacları ağac
dağları da dağ kimi dayanacaq arxamızda
heç
kim qalib gələ bilməyəcək bizə
əlbət bir gün
ən
gözəl atların belində
qayıdacağıq evimizə!
Vətən şair üçün onun sərhədini
qoruyan hər kəsdir - yalnız torpağı deyil,
baxdığı səmanı da işğaldan azad edən əsgərin
hünəridir, yurdunun zəhmətkeş, əli qabarlı
insanıdır. Ulucayın poeziyası elə bu
düşüncələri ilə özündə dəyərli
hallar ehtiva edir. Fərdi talelərə
etinasızlığı görməzdən gələrək
universal harmoniyaya can atmaq mümkündürmü?
Yurdumun
insanı ki,
Bənövşə
xaladır
evinə
çörək aparmaqçün
çörək bişirib satar yüzlərlə insana
yurdumun
insanı ki,
üstünün toz-torpağı, ayaqqabısının
palçığı
bu
torpağın insanı olmağına dair
ən
böyük sənəddir!
Yurdumun
insanı ki,
əllərinin
qabarı, alnının qırışı
düşmən üçün ən böyük sərhəddir!
Vətən şair üçün yüksək etik dəyərdir. Həm də əxlaq
məsələsidir. Sadə insanın və
xalqın obrazı da şairə görə bu əxlaqla təsbitlənir.
Bu mənada, vətən sosial çətinliklər
içində çırpınan insanların
sığındığı məkan olaraq daha çox
müqəddəsdir bu qəhrəman üçün.
Belə situasiyalarda lirik "mən"in həssaslığı
şairin fərdi həyat dərsinin, müdrikliyinin
qaynağında dayanan əsas amilə çevrilir: "ucuz ətin
şorbası ilə bayram keçirən ailələr/şükr
etməyi ötrəydi uşaqlara/bizim balaca məhəllənin
kiçik evlərində".
Ulucayın şeirləri arasında sevgi tarixçələrinə
həsr olunanları da var. Amma bu sevgi tarixçələri
ona nəyisə xatırlamaq, yaxud yenidən yaşamaq istədiyi
hissləri ilğım kimi sözdə ifadə etmək cəhdi
deyil. Bu xatırlatmalar şairə həyatın müəyyən
suallarına cavab tapmaq üçündür. Fanilik,
dünyanın mənası, xeyir-şər arifmetikası və
s. Giley-güzarı, sentimental sızıltını burada
düşüncə qatına yüksəliş əvəz
edir. Bütün retrospektiv hallar,
geridönümlər, sevgidə yaşanan hallar şair
üçün fərdi duyğu yetkinliyinin, ömür
müdrikliyinin ifadəsidir. Bəzən kişi
yaddaşının varlığını şərtləndirmiş
olsa da: "unutduğum bütün qadınları sevdim/ amma
sevdiyim heç bir qadını/unuda bilmədim, Anna" -
obrazın özgələşmə məqamı burda daha
çox onun özü ilə dünya, zaman, bəşəri
oyunlar üzərindədir: "indi "hər şey
yaxşı olacaq"/cümləsidir təsəllilərin ən
pisi/çünki biz
böyümüşük/böyümüşük,
Beatriçe".
Ulucayın şeirlərində ən gözəl cəhət
onun heç bir mövzuda spekulyativ notlara, eləcə də
dayaz, süni fəlsəfiliyə yer verməməsidir. Hər
mövzuya müraciət həm bədii formanın məntiqi,
həm də özünün yaşantı imkanları ilə
əsaslandırılır. Deyim tərzinin
özünəməxsusluğu sayəsində hətta
publisistik ritorikanı belə poetik yazının məntiqinə
ustalıqla tabe edə bilir.
Yağan
yağışlara qucağını aç
qucağını aç və gülümsə
qoy
yağış silsin qəlbindən bütün izləri
payızı görüb buraları tərk edən
quşlara
da de ki
- o boz buludların arxasında
sapsarı bir günəş gizlənir!
Bu şeirlərdə prozaizm qatı qəhrəmanın
danışıq dili və tonu hesabına gerçəkləşir. Şair poetik
dillə sərbəst davranır, süjetli şeirin
imkanlarından yararlanır, intonasiya məkanını
genişləndirir. Ulucayın mətnlərində
yetkin emosional təcrübə var və bu təcrübə
müəllif üçün lirikadan nəsr təhkiyəsinə
keçidi həm asanlaşdırır, həm də sərbəsti
nəsrə simmetrik bədii mətn kimi müəyyənləşdirməyə
imkan verir.
Hələ
də atəş səsləri gəlir Yaxın Şərqdən,
amma biz
susdura
bilərik silahları
susdura
bilərik inansaq günəşli günlərə
xoşbəxt
olsaq bərkdən.
buludlar
yağışlara çevrilir
külək uşaqlar misalı qaçır bu küçələrdə
günəş daha böyük ümidlə gülümsəyir bizə.
bir
uşaq qışqırır tanklara, qışqırır:
- Gəlməyin
üstümüzə!
qorxutmaz
bizi mərmilər
atom
bombası, səndən də qorxmuruq
ölməz bu ruhumuz, ölməz sənin tüstündə!
Ulucayın mətnlərinin qabarıq cəhətlərdən
biri də poetik sisteminin qürubun, dekadans ruhun təsiri
altında olmamasıdır. Onun şeirlərinin obraz-motiv
sistemində bəlkə də heç bir şairdə olmayan
qədər ölüm, müharibə, aclıq, göz
yaşı, uşaq ölümləri, fəlakət
anlayışları qərar tutur, amma ümid, inam, günəş,
sabaha boylanmaq, yaşam əzminə köklənmək hissi də
bir o qədər müvazidir. Hər nə qədər
"arzularım uçmağı unudub/ümidlərimsə
iməkləyir/ bacarsan ürəyimdən ağrıları
sil/ beynimdən də təkliyi" - deyirsə də, sonluq
daim ümid işığına inanmaqla qapanır. Oxucu
bunu şairin iç yaşamında asanlıqla tapır və
bu şeirlər onun fəlsəfi yozumuna
çıxdığı məqamları aydın sezməyə
imkan yaradır:
Qalx daha,
sevgilim, qalxmaq vaxtıdı!
daha dizlərimiz
qanamayacaq
qalx! bizdən sonrakı nəsillər
üçün
savaş
olmayacaq, qan olmayacaq.
Ulucay hazırda çağdaş şeirimizdə
çox rast gəlinən fəlsəfi mücərrədliyə
varmır, əksinə, bu meylin belə etik-estetik dərəcəsini,
həmçinin metafizik qata müraciətin yeni səviyyəsini
nümayiş etdirir. Və bu halla əslində poetik sənətimizin
üslubi səciyyəsini zənginləşdirmiş olur.
Ya Rəbb
Sevdiyim
bütün adamlarda
Səni
axtardım
Bəs, Sən
məni
Kimdə axtaracaqsan?!
Burada bir məsələyə toxunmaq yerinə
düşər. Postmodernizmin irfanla müxalif
düşüncəni bölüşdüyü məqamlar
hansıdır? Yalnız bu ki, postmodernizm
xaosa, dağıdıcılığa, irfan isə ruha,
harmoniyaya əsaslanır? Hərçənd,
bir qədər dərinlərə varsaq, irfan kimi postmodernizm də
elə ruhi mənbələrdən qaynaqlanır. Müəllifi "öldürsə" belə hər
halda mətn yaradıcısı müəllifdir və deməli,
istənilən halda müəllifin ruhsal-mənəvi
enerjisindən hasilə gəlir. Amma hər
ruhun meydana qoyduğu ideya harmoniyaya xidmət eləmir. Qəzali ilə Nitsşenin ruhunun ortaq məqamları
harda kəsişə bilərsə, biz "Quran" mətnlərində
də postmodernizm çalarlarını o nöqtədə izləyə
bilərik. Deməli, əsas olan yalnız
ruh deyil, həm də onları formalaşdıran zaman,
mühit və mənəvi başlanğıcdır. Böyük mənada dünya proseslərinin insanda
yaratdığı mənəvi durumdur. Ulucayın
şeirlərində Tanrı ilə ərkyana həsb-halı
var və şair bu poetik davranışında qətiyyətlidir:
"hər şey yaxşı olacaq"- dedik/ Tanrı
gülərək baxdı", yaxud "bunda olmadı, neynək/tək
ömür bu deyil ki/ bu deyil, hə, ilahi?!".
Şair öz ruhsal dünyasındakı "aşiqlik
istedadı" ilə içindəki sevdanı inanca
çevirir, yaşadığı sevgini mənəviləşdirərək
ali dəyərlərə müncər
edir.
çarmıxa çəkilmiş İsa kimi
çəkdim ruhumu sənin adına
bir
gün mən də qalxacam
qalxacam
göyün yeddinci qatına
həmin
gün
səni
göstərəcəm tanrıya
elçi
düşəcəm ruhuna
deyəcəm
- tanrım, o qız üçün inandım Sənə,
o
qız üçün gəldim hüzuruna!
Bir məqaləmdə
qeyd etmişdim ki, Ulucay Akifin mətnlərində ehtiva olunan mədəniyyət
qatının gücü həm də onunla əlamətdardır
ki, şeirin stixiya ilə deyil, özünəqədərki
poetik-estetik təcrübəsini şair "mən"inə
adlatmağa nail olur. Bəlkə buna görə
Ulucay poetik ideya, fiqur, obraz bəhrələnməsi
baxımından heç kəsə bənzəmir, bəlkə
bir qədər Nazim Hikmətin nəfəsinin duyulduğunu
qeyd edə bilərəm. Bir az sevgi,
bir az gözəlim məmləkətin halı, bir az
insanlıq mənzərələri və daha çox
dünya gerçəkləri. Gənc şairin
şeirlərinin bünövrəsində dayanan
çağdaş insanın yaşantılarıdır.
Sevgini dadmış, taleyin hər
üzünü görmüş, ömrün müəyyən
dərk məqamına çatmış qəhrəman
artıq bəşər təcrübəsini içindən
keçirir. Onu bütünlükdə yer kürəsinin
hər bir tərəfində amansız sınaqlara mübtəla
olan insanlığın durumu narahat edir,
çağdaşımızın portretindən
cızdığı insana endikcə mifo-romantik fiqurun yeri
genişlənir, daha doğrusu, o, öz yerini bütün
dünyanın nizamını dəyişməyə
çalışan obraza verir və bu dəfə şair
romantik nəfəsin yeni modelini təqdim edir:
İndi əllərimiz
qana bata-bata
ölkələrin arasından tikanlı məftilləri
evlərin arasından hasarları sökməliyik
indi
dünyanı daha da gözəl etməliyik.
Günəş
uşaqlığımızdakı rənginə
qayıtmalı
dənizlər həmişəkindən daha mavi olmalı
silahımızdakı son gülləni də
dostumuzun
toyunda havaya sıxmalıyıq.
Ulucayın poeziyasında gələcəyə yönəlmiş
sualların cavabını tapmaq, daha doğrusu,
çıxış yollarını arayıb alternativlər
təklif etmək problemi daha geniş areala daşıyır. Axı bu
suallar yalnız məntiqi tərzdə verilə bilməzdi,
onlar həm də bədii formada səslənməli idi.
Sənətin, poeziyanın dili ilə. Bu mənada, Ulucayın poetikası
bütünlükdə XXI əsrə verilən ümumi
sualın zəruri tərkib hissəsi kimi
çıxış edir və çağdaş əsrin ən
mühüm sosial, estetik, mənəvi ideyalarının məcmusu
ilə əlaqəyə girir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.-S.16-17.