Su daşı  

 

Hekayə

 

Uşaqlıq yaddaşımda elə obrazlar detallar qalıb ki, onlardan heç cürə qurtula bilmirdim. Yaddaşımın "sancısı" tutanda bir-ikisini esselərin hörüyünə hördüm, bəzilərini öykülər şəklində yazdım. Beləcə, əlifba sırası ilə otuz iki yazı alındı. "Su daşı" "Yurd yerinin əlifbası" silsiləsindən həmin öykülərdən biridir.

 

Müəllifdən

 

Əmiraslanın qızının toyundan gəlirdik. Babam qabaqda, buzqıran gəmi kimi çəlikləri ilə bürkünü yara-yara gedirdi.

"Qurban olduğum elə bil göydən od ələyir" - nənəm dedi. Bir onu dedi ki, "sağ olmuş, toy eləməyə vaxt tapdı. Yemək-içmək ortada tökülüb qaldı. Çadırın altına ancaq su daşıdılar" kişinin xeyli aralandığını görüb, boğazının altında, qoftasının bir düyməsini açdı, şalının ucunu boşaltdı, gözünün üstünə çəkdi.

Yolda bir əsəbi çəyirtkə qıçlarını tərpədə bilmirdi.

Elə bürkü idi ki, ağacların başında yatışan toyuqlar yumaq kimi yerə düşürdü.

Yalnız səhərə yaxın, Dəyirman dərəsindən əsən meh arxa pəncərənin pərdələrini xəfifcə tərpədirdi.

Ona görə yolu kəsəsinə, Alı əmimgilin qapısından keçməli olduq.

Alı babamın qardaşı oğlu idi. Bakıda bir idarənin böyüyü idi. Hər yay kəndə gələndə babam ona öyüd-nəsihət verirdi: "A bala, şükür, imkanın-zadın yaxşıdır, balaca bir qaradam qaraltmaq sənin əlində nədir ki? Həm ata yurdunu şenləndirərsən, həm uşaqların gəlib gedər, qohum-əqrəbasını tanıyar".

kişiyə söz versə , Bakıya qayıdan kimi, əmim vədini unudurdu. Nəhayət, onun danlağından yaxasını qurtara bilməyəcəyini anlayıb, babamgillə dal-qabaq, iki gözlü, dörd pəncərəli bir ev tikdi. Gün əyiləndə babamgilin həyətindəki armudun kölgəsi bu evin divarına yapışırdı.

Evi daşınan kimi, birinci işi Daş Salahlıdan su daşı gətizdirtmək oldu. Kənddə hər evdə su daşı vardı. Kürün suyunu durultmasan, xörək bişirmək, çay qaynatmaq olurdu.

Alı öləli iki il keçmişdi, daha arvad-uşaq kəndə gəlmirdi. Mirzalının böyük oğlundan ismarış da göndərmişdilər ki, evə müştəri tapılsa, satsınlar. O ev bizə düşmədi.

Babamın Rustavidə işləyən bacısı oğlu Musa evi almaq həvəsinə düşmüşdü. Hər bazar kəndə gələndə kişini dilə tuturdu. Amma kişi onun bəzi əyri işlərini bildiyi üçün razılıq vermirdi.

İstidən təntiyən Güllər cijim dedi:

- Nəfəsim kəsildi, ay kişi, bir hovur yanını yerə qoy görək.

Üçümüz tut ağacının altında oturduq. Kişi çəliklərini yanında qoşalaşdırdı. Topal ayağının sancaqla qurşağına bağladığı şalvarının balağını açıb buraxdı.

Papağını çıxardıb yanına qoydu. Başı suyun içində idi, sağ əlinin içi ilə başının tərini sıyırıb elə çırpdı ki, oturacağın altındakı mürgülü bağayarpağı bu qəfil təmasdan diksinən kimi oldu.

Yiyəsiz evin divarlarında quşlar yuva salmışdı.

Gicitkan qalxıb dirəkdəki əlüzyuyanı basmışdı.

Kişi evi başdan-ayağa gözdən keçirdi. Boz su daşı küncdə dururdu.

- Hayıf sənə, Alı, - dedi. - Bədbəxt heç evin suvağını vurdurmadı.

- Sənin o bacınoğlu Musa var ha, o qara nəfəsli, pis gözlü, getdi-gəldi, yazığı çeynəyə saldı, - bunu Güllər cijim dedi.

Babam üzünü mənə tutub:

- Get bibinə (bizdə əmi arvadına "bibi" deyə müraciət olunur) de ki, iki vedrə su gətirsin.

Nənəm təəccübləndi:

- A kişi, burda suyu neynirsən? Gəl, evdə yuyunarsan.

- Sizə deyirəm, onu da eyləyin.

Güllər cijim deyinə-deyinə qalxdı.

Gəlin iki vedrə su ilə gəldi. Babamı görən kimi, yaşmağını ağzının üstünə çəkdi. Amma narazılığı gözlərindən bilinirdi.

Babam dedi:

- Ay gəlin, əski götür, daşın tozunu təmizlə.

Gəlin bir əski tapdı, könülsüz-könülsüz daşın tozunu aldı.

- Suyu daşa tök, - babam ikinci tapşırığını verdi.

Gəlin yaşmaq altdan donquldadı:

- Suyu kim işlədəcək?

Kişi özünü eşitməzliyə vurdu.

- Suyu daşa boşalt, - dedi. - Arada gəlib daşın suyunu dəyişərsən, daşı susuz qoymaq olmaz, qurddayar.

Gəlin qaynatasının ağır zəhmindən, köntöy sözündən çəkinirdi. Suyu daşa boşaltdı, vedrənin birini daşın altına qoydu, o birisini isə götürüb getdi.

İlk damcının səsi gəldi.

Damcılar vedrənin dibini döydükcə sərçələr daşların arasından pırpızlı başlarını çıxardıb dinşədilər. Onların sərçə dünyasına girmiş bu gözlənilməz müdaxilədən bir anlığa karıxdılar, sonra anlaşılmaz təlaş içində cikkildəşdilər uçub cır əriyin başına qondular.

Kişi bir müddət bu səsə qulaq asdı. "Ya Allah" dedi, çəliyinə dirənib qalxdı...

 

Rüstəm Kamal

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.19.