Domino oyunu
Novella
Con
höcətləşmişdi, inadından dönə bilmirdi.
Vanya ilə hər axşam, hər istirahət
günü domino döşəyirdi. Hər
dəfə də oyun başlayanda qələbəyə
ümid bəsləyirdi, fəqət ümidi hələ ki,
boşa çıxırdı.
O, bu
binaya köçəndə elə ilk tanış
olduğu adam da Vanya olmuşdu. Ona "Tramvay
Vanya" da deyirdilər, bəlkə bu, tramvay parkında
texnik işlədiyindən idi. Conu öz mənzilinə
dəvət etməkdə Vanya qonşuları
qabaqlamışdı. Sonrasa Vanya dəvətsiz-filansız
Conun kirayələdiyi üçotaqlı mənzilə qonaq
gəlmişdi. Daha dəqiq, dominonu da, iri,
köhnə mühasib şotkasını da qoltuğuna vurub təzə
qonşusugilə təşrif gətirmişdi. Yarımlitrlik araq şüşəsini boşaltdıqdan
sonra həmin gün vaxtı "öldürmək"
üçün ilk dəfə domino oynamışdılar.
Elə o vaxtdan etibarən ara-sıra oyun təkrarlanmışdı.
Əzəl başdan pula oynayırdılar.
Pula oynasalar belə, oyun həvəssiz gedirdi.
Vanyanın sevdiyi bu domino oyunu Conu heç vəchlə
həvəsləndirmirdi.
Conun gülərüz, incəbel və sinəsi
yarıaçıq arvadı arada bir onların
çaylarını, qəhvələrini təzələyirdi. Vanya barmaqlarının ucu
boyu düzüb ovcunun içi ilə sıxdığı
domino daşlarını nəzərdən keçirə-keçirə
çay gətirən ev sahibəsinin
üzünə gülümsünür, yeni bir "xod"
edirdi.
Gənc
qadın Vanyanın xoşuna gəlsə də, ilıq
münasibətinin başlıca səbəbi daha dərində
idi: onun marağını qıcıqlandıran və bu
xanımın daimi təbəssümünü təbəssümlə
qarşılamağa təkanlayan qadının əcnəbi
olması idi.
Vanya bu qadına oxşar xanımları xarici filmlərdə
çox görmüşdü. Onları bir qayda olaraq, o, gah çarpayıda,
gah da divan üstündə filmin dəliqanlı baş qəhrəmanlarının
ağırlığı altında inildəyən
xatırlayırdı. Buna görə də domino oynaya-oynaya
Conun xanımına baxdıqca onurğa iliyini çalxalayan
xoş bir hiss keçirirdi.
Con ilk dəfə
Vanyagildə olanda Vanyanın sarışın, mavigöz
arvadını görən kimi gözaltılamışdı.
Həm də onun təsəvvüründə
Sovet ölkəsindən miras qalan bu yoxsul adamlarda namus-qeyrət,
ailə sədaqəti deyilən şey nə gəzirdi.
Onun fikrincə keçmiş
"kolxozçular məmləkəti"ndə hər
şey, hətta adamların şüuru da kollektivləşmiş,
kütləviləşmişdi. Sahibkarlığın
əleyhinə olan bu dövlətdə səninki, mənimki
deyilən şey yox idi. Con, ömür-gün
yoldaşı ilə birlikdə sərhədi bu yana keçən kimi gözünə
sataşan qadınların hamısına belə
baxmışdı.
Buna
görə də rus dilində az-maz bildiyini kəkələyib
Vanyaya anladırdı ki, sabah sizdə
oynayaq.
Vanya hər
dəfə razılaşırdı, vədləşirdilər
ki, sabah axşam saat 6-da Con Vanyagilə gələcək.
Amma hər dəfə də 6-ya beş-on dəqiqə
qalmış Vanya Conun kirayələdiyi mənzilin qapısını
döyür, domino-şotka qoltuğunda irişə-irişə
qapıdan içəri keçirdi.
Con da
boğulub qalırdı, amma ümidini üzmürdü,
inanırdı ki, gələn dəfə Vanyagildə
oynayacaqlar, o da Vanyanın mavigöz xanımına
göz-qaş eləyib, him-cimlə onu bəyəndiyini, şəhərin bir
xəlvət yerində şam yeməyinə dəvət etmək
istəyində bulunduğunu
bildirəcəkdir. Olsun ki, heç him-cim
də lazım gəlməsin. Kollektiv
ruhunda böyüyən bu adamlar, bəlkə də belə
şeyə heç pis baxmayacaqlar. Bəlkə
də buna Vanyanın özü də heç nə deməz,
arvadını bir gecəliyinə domino yoldaşına güzəştə
gedəcəkdir.
Con bu
cür ümidlərlə yaşayırdı, amma Vanyagilə
gedib çıxa bilmirdi.
Bir gün Conun ağlına qəribə fikir gəldi. Həmin gecəni yatmadı, səhərə
qədər domino daşları ilə məşğul oldu,
gah elə düzdü, gah belə düzdü, bu oyunun müəyyən
sirlərinə bələd oldu. Özünü, böyük
bir yarış qabağı olduğu kimi hazırladı və
Vanya gəlib dominonu stolun üstünə qoyub
beş-üç qəpik udmaq ümidi ilə oturanda, Con onun
gözünün içinə zillənərək bic-bic
gülümsünüb:
- Pulum
yoxdu, - dedi.
Vanya əlini
yelləyib ona cavabında:
- Eybi
yoxdur, elə-belə oynayaq, gələn dəfə pulun olar,
pula oynayarıq, götür daşları, - deyə, səmimiyyətlə
dilləndi.
- Yox, elə-belə yox! - Con kəkələdi.
- Bəs
nə edək, pulun yoxdur axı!
- Pula yox!
- Con yenə kəkələdi.
- Bəs
nəyə? - Vanya bunu soruşan zaman nəzərləri Conun
barmağındakı üzüyə sarı qaçdı.
Con bir
daha onun üzünə bic-bic gülümsünüb:
- Bu dəfə
arvadlarımıza oynayaq... - dedi.
Vanya əvvəlcə qulaqlarına inanmadı, fikirləşdi,
görünür, dili yaxşı bilmədiyindən, fikrini
düzgün ifadə edə bilmədi. Odur ki, soruşdu:
- Nəə?..
- Pulun əvəzinə
arvadları qoyaq. Kim udsa, onunkudur... - Con bunu deyib yenə bic-bic
gülümsündü - Razısan?
Vanyanın dizləri əsdi, boğazı qurudu. Bir istədi
durub bu oğraş əcnəbini bərk əzişdirsin,
lakin fikrindən daşındı. Əli əsə- əsə
domino daşlarını qutuya yığdı, sonra
gözü şotkaya sarı qaçdı, onu, üzünə
bic-bic gülümsəyən Conun başına geyindirmək
istədi, geyindirmədi, polisdən qorxdu, özünü ələ
aldı, bədəni əsə-əsə ayağa durdu. Con
sırtıqcasına onun üzünə irişə-irişə
çiyinlərindən basdı:
-
Kollektiv... Mən uduzsam, sən... Sən uduzsan,
mən... - deyə barmağını əvvəlcə onun,
sonra özünün sinəsinə dirədi.
Bu dəmdə
yan otaqdan ipək yay donunda çıxan və
yarıaçıq sinəsindən ağ
döşlərinin üst hissəsi görünən Conun
xanımı həmişəki təbəssümlə onlara
qəhvə gətirdi.
Gənc
qadını görən kimi Vanya yenə xarici filmləri və
tanış iniltiləri xatırladı, əsəbləri
bir göz qırpımında qəribə hərarətlə
əvəz olundu, bədənində xoşhallandırıcı
ilıqlıq hiss etdi.
Vanyanın
arvada iştaha ilə
baxdığını Con da duydu, amma bu dəfə oyunu
özü udacağına əmin idi.
Vanya
domino qutusunu və şotkanı stolun üstünə qoyub,
gözünü qadının yarıaçıq sinəsindən
çəkmədən dilləndi:
- Oynayaq!..
Qadın nəyin baş verdiyini anlasa da, anlamasa da,
üzündə xoş təbəssüm qayıdıb getdi. Vanya gözləri
ilə onu müşayiət edəndə gördü ki, nazik
donun altında köynək yoxdur. Qadının
döşlüyünün bağı ilə yay,
üçbucaq tumanının zərif cizgiləri sezilirdi.
Con qəhvə
fincanını yana itələyib
daşın birini şaqqıltı ilə stola vurdu. Sanki bu şaqqıltı dəhşətli bir hadisənin
başlanğıcından xəbər verirdi.
Oyun başlandı.
Əvvəlcə oyun elə getdi ki, Con, vaxtı itirməmək
üçün Vanyaya - təslim ol - demək istədi. Amma sonra
Vanyanın əli gətirdi və get-gedə vəziyyət
kökündən dəyişdi.
Con uduzdu.
Rəngi qaçdı. Bir
müddət dinib-danışmadı, eləcə də yerində
qaldı. Vanya də heç nə demir, ara-sıra
fincanda soyumuş qəhvədən hortdadırdı. O, bir istədi
qalxıb getsin. Lakin sonra hansısa bir qüvvə
dartıb onu saxladı. Fikirləşdi,
birdən mən uduzsaydım, axı, bu əclaf
bağışlamazdı. Beləcə, bu tərəddüd
içində qəhvəni dibinə qədər içdi.
Onun fincanını boşaltmağını gözləyirmiş
kimi, Con yerindən durdu, halı pərişan gedib yan otağa
keçdi, bir müddət əcnəbi dildə arvadla nəsə
pıçıldaşdı, xısınlaşdı. Görünür,
xanımı bu şərtlə razılaşmırdı,
sonra Con səsini ucaltdı, öz-özünə deyindi və
nəhayət otağın qapısını arxasınca
çırparaq çıxdı. Vanyanın
üzünə baxmadan dəhlizə keçib mənzilin
qapısını da arxasınca örtdü.
Vanya ağır-ağır qalxıb qadın olan
otağa keçdi. Qadın qətiyyən dinib-danışmadan "Tramvay
Vanya"ya tabe oldu, çünki o əmin idi ki, kişi bunu doğrudan da qazanıb. Vanya
çalışdı ki, hər şey xarici filmlərdəki
kimi olsun, çalışdığına görə də
hər şey təxminən onun istədiyi kimi baş verdi. Vanya həmin dəqiqələrdə
özünü o filmlərin baş qəhrəmanı kimi
hiss etdi.
Bundan sonra Vanya daha tez-tez Conun qonağı oldu, Con da gecə
məşqlərini artırdı. Hər dəfə Con əmin
idi ki, qələbə onunku olacaqdır, amma hər dəfə
oyun eyni cür nəticələnirdi.
Conun arvadı get-gedə domino oyunu ilə daha çox
maraqlanmağa başladı. Onlar stol
arxasında oturub gərgin mübarizəyə başlayan kimi
qadın nazik yay donunda üzündə xoş təbəssüm
yan otaqdan çıxıb sallana-sallana vannaya keçir, isti
suyu buraxıb duş qəbul edirdi.
Suyun şırıltısını domino oynayanlar da
eşidirdilər. Sanki bu şırıltı Vanyanı
ruhlandırır, rəqibinə qarşı daha əzmlə
mübarizə aparmağa, yeni-yeni qələbələrə
çağırırdı. Vanya da öz
növbəsində suyun şırıltısına domino
daşlarının taqqıltısıyla cavab verir,
daşları ləpirlər kimi ardıcıllıqla
düzür, suyun altında xumarlanan lüt xanıma domino
addımlarıyla yaxınlaşırdı. Oyun gərginləşib
uzun çəkəndə, qadın vannadan çıxır,
üst-başından gül ətri gələ-gələ,
ehtirasla gülə-gülə gəlib domino oynayanların
başlarının üstünü kəsdirir, oyunun
gedişini izləyir, ən başlıcası isə nəticəni böyük
maraqla gözləyirdi. Artıq dominonun
qaydalarından da başı çıxırdı. Bu da ondan bəlli olurdu ki, Vanyanın qələbəsi
yaxınlaşanda, oyunun sonunu gözləmədən
gülümsünərək qayıdıb sallana-sallana yataq
otağına keçirdi.
Bir azdan oyunu uduzan Con da adəti üzrə
ağır-ağır ayağa qalxıb,
dinib-danışmadan mənzili tərk edirdi. Hər dəfə
də evi tərk edəndə inadcasına inanırdı ki, gələn
dəfə qələbə mütləq onunku olacaqdır.
Amma nə
qədər qəribə olsa da, məhəllədə
hamı Conun Vanyanın arvadı ilə gəzdiyindən,
axşamçağı kirayələdiyi mənzildən
çıxıb, xalqın gözü qabağında
Vanyanın mənzilinə
saflandığından danışırdı.
Bu söz-söhbət
dəfələrlə Vanyanın qulağına da
çatmışdı, amma inanmırdı, əmin idi ki, əsl
qalibin kim olduğunu heç kəs bilmir.
İmir MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.20.