Bir Samid var!
Poema
Aprel döyüşlərində misilsiz qəhrəmanlıq
göstərərək şəhadətə
ucalmış Azərbaycan
Respublikasının Milli
Qəhrəmanı mayor Samid
İmanovun xatirəsinə
sayğılarla!
Təbiətin ən qaynar nöqtəsi,
Xəyalımın söykəncəyi
Xatirələrin səsi...
Xəzərin döyəclədiyi ləpədöyən,
Tabut dalğaların çiynində,
Sulardır sahilə gələn!
Altında ağlayır sular,
Üzündə gülür.
Bu təzad məni
iki bölür.
Mən,
Bir də içimdə üsyan edən
Mən...
Düşünürəm:
Suya Vətən
haradır?
Suyun qucağı?
Ya ucsuz torpaqlar?
İnsan
susadıqca,
Eşq daha da şirinləşir.
İnsan
susadıqca,
Eşq daha da dərinləşir!
Bəs sevdanı kim
yaratdı ilk dəfə?
Kimin ağlına
gəldi bu söz?
İlk şəhid qanından yazıldı, bəlkə
də!
Eşqin
Kərbəlası var,
İnamın dəvə səhrası
var,
Ümidin
axsaq tərəfidir,
Cavabını bilmədiyin suallar.
Düşünürəm
Bu dəqiqə Neftçalada
Bu yaz Günəşinin tellərinin altında
Bir də Xəzərdə oynaşan
Günəşin şüaları
Bəs edir sevməyə bəhanə
gəzməyə.
Elə bu sevdaya yoldaş
olub dənizlə əl-ələ,
Çıxıram fikir adlı sahilə.
Gözlərim önündə Pirətavanda
Şəhid məzarları sıralanır.
Gözlərimdən süzülən
yaş,
Kirpiyimdə sırsıralanır.
Zaman dayanır
burda.
Zamanı
saxlayan oğullar yatır
Üstündə gəzdiyim torpaq altında.
Bəlkə də, torpaq altından böyüyür
elə
Bəlkə də, altı olmasaydı
Bu torpaqlar da sulara uduzardı min illərlə.
Bəlkə də...
Bu torpağı Vətən
edən
Oğullara baş əyirəm.
Bir-bir
film kadrları kimi,
Keçir göz önündən,
Vətənin üzünü ağ edən
Bu qara daşlar.
O daşlar ki,
Hər birindən Vətən başlar!
Keçirəm Samid İmanovun önündən.
Yox, keçə bilmirəm!
Ayaqlarım keçir, ürəyim keçmir.
Bura elə yer ki,
əl əmələ
yox,
Əməl ələ elçilik edir.
Qayıdıram 2016-cı ilə.
Elə bu yerdə, 9 Apreldə
Bir tabut gedirdi çiyinlərdə
Vətən aparırdı bayrağa bükülü.
Oğullar daşıyırdı tabutu,
O tabut ki, ürəyində
Daşımışdı Vətən yükünü!
Yaxınların əllərində bir
zabit şəkli...
Vaxtın
dəvə yerişi idi zaman,
Şəhid tabutu tutmuşdu
ovsarından,
Ləngərlənirdi.
İnsan
seli axırdı
Bu qumların üstündə.
Onda fikirləşmişdim təkcə
su axmır,
İnsan
da axır, sevirsə...
Göydə ulduz da axır,
Buludlar da axır,
Ayağımız altında torpaq da.
Fəqət bu axını yaradan
Bir sevda var,
O sevda ki,
Sevdaların ulusu Vətən!
Bəşərə yarı quru, yarı su, Vətən!
Türkün Ulusu - Vətən!
Hə, insan seli axırdı,
İçimdə bir insan da axırdı
O izdihamın önündə
Kimsə
görmürdü o axını!
Şəhid tabutuna sarılmaq
istəyirdi
Bacarmırdı.
Qayıdırdı geriyə,
2016-cı
ilə
1 Aprelə.
O gün ki, dünyanın
hər tərəfində
gülüş günü
idi,
Mənim Vətənimdə döyüş
günü idi.
İlk dəfə açırdıq
orucumuzu
Qarabağlı niyyətimizlə.
İlk dəfə əks-hücum
ilə düşmənimizə
Müharibənin nə olduğunu başa salmışdıq.
O döyüşlər ki,
Mənləri mən etmişdi.
Düşmənə ilk dəfə
Diktə
etmişdi varlığını
Azərbaycanın!
Samid kimi oğlu olduğu üçün
Təkcə Gülağa kişi fəxr etməmişdi o gün.
Bütün Neftçala qalxmışdı
ayağa
Oğlunu
ayaq üstə qarşılayırdı
İlahi,
tabuta bax
İçində Vətən daşıyırdı.
İlahi,
tabuta bax
İçində ölüm yaşayırdı.
Mən
o gün,
Özüm üçün
Kəşf etdim
Ölüm, elə olumun özüdür.
Ölüm olumun gerçək üzüdür.
Ölüm aşiqlərin görüşüdür.
Ölüm, elə ölüm
ki,
Ölümə dağ çəkən,
Ölümündən doğulan oğullar
Ucaldılar Şəhadətə.
Onlar ölmədilər,
Çəkildilər
Göyə,
Yerdə
həyat yaşasın
deyə!
Aprel döyüşləri,
Vətənə qayıdışın əsası,
Təməli.
O gün ilk dəfə doğma torpaqlara toxundu,
Doğmaların əli.
Cocuq Mərcanlıya,
Talışa açıldı yollar.
Laçından uzandı Bakıya görünməz qollar.
O qollar ki,
Sahibi Neftçalada, Salyanda,
Naxçıvanda, Lənkəranda
Dəfn edilmişdi.
Qollar Vətəndən yapışıb,
Şuşadakı qayaları tərk etməmişdi.
Dəhşətdir düşündükcə
Düşüncəm alovlanır.
Məşəl kimi alovun hər dilimində,
Bir Şəhid baxışı
dayanır
Baxır!
Axı
Bu yurdun Samidtək qəhrəmanı,
Cəsarət simvoludur.
Yolu gələcəyin
yoludur.
Gözlərimdən baxır gözləri,
Xəyalım sevgi nəğməsi
kimi bəstələyir
bu sözləri:
Şəhidim!
Şahidim!
Sən qanınla suvardın azadlıq adlı ağacı,
Sən canınla ödədin ruhun Vətən ehtiyacın!
1-5 Aprel,
Düşmənlərin niyyətinə,
Mərmi kimi yağdın.
Onunçün ruhun oyaqdı,
Şəhidim!
3-dən
4-nə keçən gecə,
Aprel küləkləri yerin sinəsinə sığal
çəkdikcə,
Sən də sərrast atışınla,
Düşmənə,
Anladırdın Vətən sevgini!
Düşmənin
Adından qorxurdu, Şəhidim
Andın
elə möhkəm idi ki,
Onu körpü etdi zaman,
Sahilləri birləşdirdi,
O dünyaya bu dünyadan!
O gecə düşmənə
çox qan uddurdun,
Qəfil
qəlpə yarasından,
Əyildi çiynin.
Burxuldu ayağın.
Yıxılmadın,
Ucadan qışqırdın,
Yaşasın uğrunda öldüyüm
torpağım!
Yaralıykən səni
Ordan uzaqlaşdırmaq istədilər,
İmkan
vermədin,
Yaralı
giziri aparın, dedin!
Əsgərlərin
Könülsüz də olsa əməl
etdilər göstərişinə.
Ey ruhu uca Şəhidim,
Baş əyirəm
böyüklüyünə.
Ölüm anında belə,
Döyüş yoldaşını qorumaq
istəyinlə,
Göstərdin komandir necə olur.
Bax, budur,
Sən qoyduğun irs,
Bu gün bəhərini verdi.
Düşmənin ruhu çilikləndi.
Səndən sonra bildinmi?
Camallar nə elədilər?
Səndən sonra bildinmi?
Şagirdlərin düşmənə necə
dərs keçdilər?
4 günlük müharibədə
düşmənə uddurduğun
qan,
Çıxmamış düşmən
yadından,
Şagirdlərin 44 gün qan qusdurdular,
Yağıya.
Qutsal Vətən torpağına
dikdilər Bayrağımızı!
Sevindimi ruhun?
Qarabağ səması Üçrəngli
bayrağı geyinəndə?
Aprel döyüşlərində,
Sənin
Lələtəpədə ucaltdığın ad,
Hadrutda öyrəncin tərəfindən
təkrarlandı,
Ey mahir ustad!
Tarix təkrar
olunur, deyiblər ulular.
Bu deyimi yaddan çıxmağa
qoymadılar,
Vətən oğulları!
Can, Şəhidim,
Sən sübut elədin,
Bütün sevdaların əzəli
Vətən,
Sən sübut elədin, bütün sevdaların gözəli Vətən!
Bu gün Neftçalamda
Adına
salınan küçədən
Hər keçən,
Sanki marşın sədaları
altında addımlayır.
Neftçalamda "1 nömrəli məktəb"dəki
büstünə hər
baxanda,
Könlümün Vətən yarası
qanayır,
Sevgi axır yaramdan!
O sevgi ki,
Ona Şəhadətinlə tac olmusan!
Atıldığın hər döyüşə,
Mayak olub Vətənə sevdan!
Anam Azərbaycan
Ruhunun sevdasından
Güc alıb, yaşar!
Bu gün hər ürəkdə
Bir Samid var!
Bir Samid var!
Neftçala
Elnur Uğur
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.21.