Bir bucağın altında
Birinci
lent fırlanır -
Bir bucağın altında
Bahara qış gəlib,
hürr olmağa əsarət.
Həmin
zaman özü yalan,
ayaq açıb yeriyir...
Vaxtın hiyləsini biləydin gərək.
İndi
üç yaşında
uşaq da
dadır aldanışın
acılarını,
Duyur
əsgər mundirindən
gələn
müharibə qoxusunu,
fəlakətin qorxusunu...
Ürəklərdən sökülən
işıq yıxıntıları
yoldu qaranlıqlara...
İkinci
lent fırlanır -
Mərmiyə tuş ağacın
özü yarımcan
idi,
Budaqları yaralı,
torpağı al-qan idi.
Qarlı
yollar amansız,
sərt küləklər
caniydi -
Ordan qaçaq
salındı bir el yurd-yuvasından.
Ümidlər, arzular da
qara düşdü
o gecə,
Bilmədik o gedən el
hara düşdü
o gecə,
Ayı söndü hər şeyin,
qara düşdü
o gecə,
Ölümlər doğulurdu şimalın havasından.
Bir bucağın altında
ölüm doğulur
nə vaxtdı...
Oxusun məni
Mən də piyadayam bu yer üzündə,
Çapıram hələ də ayaqlarımı.
Hər gün gözlərimlə
qapıdöymələr
Birqəpiklik edib arzularımı.
İndi
də şəhərin
küçələrində
İstidən cızdığı çıxan
adamam.
Məni
vüsal ilə sınağa çəkmə,
Həsrəti sinəmə sıxan adamam.
Dur, sənin gözlərin oxusun məni,
Mənə həsr eləyib axı nəsini?
Oxusun sükutla səfil bir eşqin,
Bir ömrün, taleyin faciəsini...
Dur, sənin gözlərin oxusun məni...
***
Mən baharda düşən tənha yarpağam,
Vaxtsız qırılmışam öz
budağımdan.
Hər gün bir addım
Uçurur,
aparır küləklər
məni.
Mən yollarda qalan arzu kimiyəm,
Açılmır önümdə bağlı
qapılar.
Mən sənin girdəcə gözlərin kimi
Daim əsarətdəyəm.
Məni
məndən sonra elə unut ki,
Xatırlamayasan unutduğunu...
Xəyanət
Addımları hələ də
gözdən qoymur xəyanət...
Vəhşi şimal küləyinin
hər gəlişi güllədi...
Gizlədir çoxlarından qatil
xasiyyətini,
dağıdır yuvaları
qana bulaşmış
əllər...
Çərpələnglər yerində uçaqlar var səmada,
unudub çılğınlığı
günahsız balacalar.
Nəmli
zirzəmilərə sığınıb,
vaxt gözləyir,
Kiyev küçələrində
susur məsum uşaqlar.
Yaxasından yapışıb,
çəkir qanlı
fəlakət,
Qorxuya sinə gərir
müdhiş qaranlıqların,
dəhşətlərin içində.
İnsanıyla,
suyuyla,
ağacıyla,
quşuyla,
Lap quruca daşıyla
gedir istiqlalına.
Torpağını hələ də
güllələyir xəyanət...
Bilməyəcəksən
Yenə
qarışıqdı bu
dünya kimi,
Baş aça
bilmirəm xatirələrdən.
Könlümdən yolçuluq etmək
keçsə də,
Bir az çəkinirəm
baxışlarından.
Bir az da yolumda durur nöqtələr...
Gözlərdən başlanır addımlar
axı...
Sənə söz deməyə macalım olmur.
Vaxtın
yerişində ləngiyir
dilim,
Deyə
də bilmirəm,
bir az mənimsən...
Əllərim saçını sevmək
istəyir,
Bəlkə də, gözlərin sevən dənizdi.
Kirpiklərin sahil ağaclarıtək
Qoruyur dənizin
gözəlliyini.
Bəlkə, deyəcəksən pıçıltı ilə
-
nə qədər daş ürəklisən,
şair...
Bilməyəcəksən,
bu, zamanın rəsmidi...
Nə vaxtdır
Nə vaxtdır durulmur sular,
Dünyanın məzarlığına gedir
yollar.
Hələ də ayrılıq yağır ölmüş
insanlıqdan.
Hələ də ölüm fəslidi həyatın.
Endir hikkəni,
Pozduğun
gecələrin sükutunu
dinləmək istəyir
zaman.
Sən yaddan çıxacaq tarixsən səadətin,
Lənətlənəcək yaddaşsan olanların.
Bahar kimi gəlmədi bahar,
Yollar kimi yollar da.
Anaların baxışları
İtkin
düşüb yollarda...
***
Talelərdən keçən yollar nə qədər.
Belə
yazılmışdı ayrılıq
bu günün qaranquş şeirinə...
Uzaqlara dikilən baxışlar aldanışda,
Hələ də səngimək
bilmir
müharibə odları.
Qana susayanların
şanslarıyla nifrəti
bir-birinə bənzəyir,
Sevgisiz gözlərini
lənətləyir hər
gün vaxt.
Dünyada bir ağrı var
Yaxın
Xocalıdan,
Uzaq Xirosimadan...
İndi
də ağrı yolu keçir Mariupoldan,
Qan hərisli adamlar çəkilmir ki o yoldan...
Unudan olar
Məni
də oxuyan olar
Ayı buludda gizlənən
sevdaların dodağında...
Bir ömür susdum illərə,
Bir ömrü verdim yellərə,
Bahardan gül dərə-dərə
xəzan oldu əllərimdə.
Ümid
bombaş qucaq kimi...
Gözlər yol çəkər, yorular.
Dünyada qəmlər qurumaz,
günün altına
sərələr...
Məni
də unudan olar,
Yaddaşların bucağında
xatirələr susanda...
Bu qatar
da...
Bu qatar da
gedir...
dönüb gələcək,
Sən gələn
qatarla dönməyəcəksən.
Ağrılar kiriməz baxışlarında,
Ayrılıq qəmini içinə çəksən.
Gedir asta-asta qürbətə sarı,
Tüstüsü başında duman kimidi.
Qatar nə bilsin ki, ötüb keçdiyi
Yollar da vəfasız zaman kimidi.
Soyuq rüzgarlar da əsir gecəyə,
Üşüyür qoynunda eh, daha nələr...
Təqvimə yazılan yolayrıcında
Bir qəm nəğməsi də dünyaya gələr.
Bu qatar da
gedir çox uzaqlara...
Bilsəydin...
Bilsəydin, ayrılıq necə
ağrıdı,
səssizlik içində
darıxır ürək.
Bilsəydin, qayıdır uzaq
yolların,
açıb qollarını,
qaçardın yüyrək.
Tutduğun orucun qəbul oldu da,
eşqin dərgahına
yazıldı o gün.
Məni
də duanla qoru, əzizim,
sevgi adasına olmuşam sürgün.
Bu gələn iftarı nədən başlayım...
bəlkə, xəyalıma
açım süfrəni?
Bir az gözlərimə
qadağa qoyum,
razı olarsanmı, unudum səni?
...Oruc tut, gözlərin günahı getsin,
sadiq bəndəsi ol müqəddəs adın.
Durar ucalığın ucalığında
ismət pərdəsində
gizlənsə qadın...
Qədiməli ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.27.