Neft və milyonlar
səltənətinin faytonçusu
Hekayə
Hələ günorta olmamışdı. Faytonu Persidski küçəsinin[1] tinində, Nevski kilsəsinin[2] yanında saxlamışdım. Arpa kisələrini atların başına salıb qozlada oturmuşdum. Atlar arpadan yeyə-yeyə fınxırır, arada quyruqlarını, qulaqlarını oynadırdılar. Noyabr ayıydı, amma hava çox soyuq deyildi.
Mən həmişə şəhərin bu tərəflərində dayanıram. Faytonum yaraşıqlıdı deyə ağalar, xozeyinlər çox minir. Çarxlara da rezin saldırmışam, gedəndə çox səs-küy salmır. Atlarım da ki, cins atlardı. Yaraşıqlarına baxdıqca baxmaq istəyirsən. Ağaların xoşu gəlir belə faytonlardan. Qabaq, köhnə faytonumun vaxtında vağzal tərəfdə dayanırdım. Sonra bu faytonu aldım, yerimi də dəyişdirdim. Şəhərdə konka da var, tək-tük avtolar da. Amma fayton bir nömrədi.
Bir azdan Murtuza ağanın prikazçiki evdən çıxıb əliylə məni çağırdı[3]. Arpa kisələrini atların başından çıxartıb faytonun sandığına qoydum, atları fitləyib evin qabağına sürdüm. Prikazçik oturub dedi:
- Sür Birjavoy küçəsinə[4].
Yola düşdük. Prikazçik əlindəki kağız-kuğuza baxırdı. Birjavoyda yaraşıqlı binalardan birinin qabağında saxlatdırıb düşdü.
- Gözlə, gəlirəm bir azdan.
On-on beş dəqiqədən sonra gələndə yanında iki rus da vardı.
- Sür qəstinə.
Yolda rusca nəsə danışırdılar. Onları başa düşmürdüm, amma söhbətləri mehriban gedirdi. Qəstinə çatanda üçü də faytondan düşdü. Prikazçik onları içəri yola salıb yenə faytona mindi.
- Apar məni kantora.
Murtuza ağanın kantoruna sürdüm. Prikazçik düşüb
mənimlə haqq-hesabı üzdü. Sonra dedi:
- O ruslar yadında qaldı?
- Hə, ağa, - dedim.
- Ay sağ ol.
Sabah səhər ertədən gedərsən
qəstinə, onları
götürərsən, hara
desələr apararsan.
Sabahdan sən olursan onların faytonçusu.
Hər gün səhərdən-axşamacan
onları gəzdirəcəksən.
Başa düşdün? Haqq-hesabını mən verəcəyəm,
narahat olma.
- Baş üstə, ağa.
- İndi get evə, özün də dincəl, atlar da dincəlsin. Bax a, sabah
atlar yorğun olmasın. Çox gəzəcəksiniz yəqin.
- Yaxşı, ağa, nigaran qalma.
Faytonu tərpədib
birbaş evə getdim. Yolda bir-iki nəfər saxlatmaq istədi, amma qışqırdım ki,
iş dalınca gedirəm. Əslində, axşama hələ
çox vardı, işləyə bilərdim.
Atlar da gecə dincəlib
səhərə gümrah
olardı. Amma qorxdum yolda prikazçik
görər, ya da Murtuza ağanın
adamlarından hansısa
görüb prikazçikə
xəbər verər,
iş əlimdən çıxar. Hazır çörəkdi də.
Səhər prikazçik deyən kimi qəstinə gəldim. Rusları götürüb əvvəlcə Birjavoya apardım, dünən prikazçiki apardığım
idarəyə. Sonra
çıxanda yanlarında
başqa adam
da vardı. O da əcnəbiydi, amma rus deyildi,
nəsə qeyri millətdəndi. Mən rusca
bilmirdim, amma bəxtimdən şəhəri
yaxşı tanıyırdım,
bütün küçələrin
adını bilirdim.
Oturan kimi hansı küçəyə getmək
lazım olduğunu deyirdilər, mən də rusca bildiyim
iki-üç sözdən
birini - "xaraşo"
deyib atları fitləyirdim.
Üç-dörd gündən sonra bizə bir müsəlman
uşağı da qoşuldu. Adı Məmməd[5]
idi, hardasa on beş-on altı yaşı olardı. İndi işim lap rahatlaşmışdı.
Məmməd rusca bilirdi, ruslar nə dedi mənimçün
tərcümə eləyirdi.
Bir dəfə Məmmədi Birjavoydakı idarəyə
aparanda soruşdum:
- Ay Məmməd, bu nə idarədi belə?
- Kinoçəkənlərin idarəsidi
- "Filma" cəmiyyəti.
- Tağıyevin pasajında
göstərirlər e, gəzən
şəkillər, ondan?
- Hə. Onun adı kinodu.
- Bəs bu ruslar
kimdi?
- Biri rejissordu, biri də operator[6].
Kino çəkməyə gəliblər Ursiyetdən.
Rusların kino çəkmək üçün durub Bakıya gəlməkləri
məni çaşdırdı.
- Ursiyetdə çəkə
bilmirlər? - soruşdum.
- Bizdən çəkəcəklər,
- Məmməd dedi, - neftxudalardan.
- Murtuza ağa kimi neftxudadan?
- Yox. Bizdə bir müəllim
var, İbrahimbəy Musabəyov. O, bir dənə kitab yazıb. Adı "Neft və
milyonlar səltənətində"di.
- Səltənət arvad adı deyil?
- Hə, arvadlara da qoyurlar. Amma mənası
"diyar" deməkdi.
Yəni neft və milyonlar
diyarında. İstəyirsən danışım səninçün
kitabı.
- Danış.
- Deməli, Cəlil adında kasıb uşaq olur. Atası ölür, anası bunu tək böyüdür.
Sonra bunun həyətindən nöyüt çıxır,
Cəlil varlanır, olur Cəlil ağa. Dostu Lütfəli bəyin bunun arvadına gözü düşür...
- Lütfəli lap oğraş
imiş ki...
- Hə... Nəsə, Lütfəli Cəlili
öyrədir qumara, içkiyə. Cəlilin hər
şeyi əlindən
çıxır. Axırda da
ölür.
- İndi ruslar bunu çəkəcək?
- Həri. Hələlik artistləri seçirlər,
bir də yer axtarırlar.
Hardasa ay yarım
onları gəzdirdim. Şəhərdə getmədikləri yer qalmadı, Binəqədiyə,
Balaxanaya, Zığa da apardım onları. Sonra çəkməyə başladılar. Operatorun iri
qutusu var idi. Hara çatdı
quraşdırırdı, qutunun
dəstəyini fırlatmağa
başlayırdı. Məmməd demişdi ki, bu qutu kinoçəkən
aparatdı. Nəsə ağlıma
batmırdı bu qutuya necə kino çəkmək olar, amma işləyirdilər.
Hər gün çəkiliş
gedirdi. Artistləri ruslardan seçmişdilər.
Bizimkilər az
idi. Lütfəlini Ərəblinski oynayırdı.
Murtuza ağanın mülklərindən
biri guya Cəlil ağanın eviydi. O evdə çəkdilər, Bayıl
tərəfdə xalça-palaz
yuyan arvad-uşağı
çəkdilər, qala
divarlarının yanında,
Qubernator bağında[7] çəkdilər. Hardasa bir on gün də Balaxanada qaldıq. Orda mollaxananı çəkdilər.
Məmməd də mollaxana
uşaqlarından birini
oynadı. Bir gün
Balaxanada olanda uzaqdan tüstü çıxmağa başladı.
Kinoçəkənlər qutunu da götürüb hövlnak
faytona mindilər, dedilər sür tüstü gələn yerə. Demə Binəqədidə nöyüt mədəni yanırmış. Mədəndə bir qarğaşa vardı ki, Allah göstərməsin. Alov göyə
dirənmişdi. Fəhlələr
qum kisələrini
çiyinlərində daşıyıb
alovun üstünə
atırdılar. Mədənin yiyəsi Səlimov da ordaydı. Səlimov ağanı tanıyırdım,
şəhərdə bir-iki
dəfə faytonuma minmişdi. Ruslar mədən yanğınını
da çəkdilər.
Bakıda işləri qurtarandan sonra Tiflisə getdilər. Artistlərdən
əlavə Qaryağdıoğlunu,
mizrabzən Qurbanı,
bir də kamançaçı Məşədi
Qulunu da özləriylə apardılar[8]. Məmməd dedi ki, çalıb-oxumaqlarını
kinoya çəkəcəklər.
Bir-iki aydan sonra şəhərdə
Məmmədi gördüm. Dedi ki, kino hazırdı,
mayın 14-ü göstərəcəklər.
- Axşamüstü gələrsən
Parapetə[9], - dedi.
Ayın 14-ü günorta evə getdim. Atları açıb tövləyə
bağladım. Bayırlıq pal-paltarlarımı geyindim, çəkmələrimi yağlayıb
parıldatdım. Gəzə-gəzə getdim Parapetə. Məmməd
bir neçə həmtayıyla bağda idi. Uzaqdan məni görüb
yaxınlaşdı.
- Kinonu Azadovla İsgəndərovun evinin
birinci mərtəbəsində
göstərəcəklər[10]. Gedək səninçün bilet alım.
Kassadan bilet alıb mənə verdi.
- Gir otur içəridə,
yerini sənə göstərəcəklər.
- Bəs sən gəlmirsən? - soruşdum.
- Kinoya ancaq böyükləri
buraxırlar, bizim yaşımız çatmır,
- dedi.
Qapıdakı kişi biletimi alıb cırdı. Yerimi göstərdi, keçib
oturdum. Camaat yavaş-yavaş yığışırdı. Saat 6 tamamda Keçəçi
Ələsgərlə mizrabzən
Bala çalıb-oxumağa
başladılar. Muğamla təsnifdən
sonra zalın işığını söndürdülər.
Divardakı ağ
yerə işıq düşdü. Əvvəlcə yazılar görsəndi,
savadsız olduğum üçün yazıları
qanmadım. Sonra kino
başladı. Aylarla faytonumda
daşıdığım adamları indi divarda görürdüm.
Cəlil
əvvəlcə uşaq
idi. Atası öldü, anası
onu oxutdurdu. Cəlil mollaxanaya getdi. Sonra Cəlil böyüdü,
həyətindən neft
fontan vurdu. Cəlil ağa şəhərə
köçdü. Yaraşıqlı mülkdə yaşamağa
başladı. Şəfiqəylə evləndi. Lütfəli bəylə dostluq
etməyə başladı.
Faytonum Cəlil ağanın mülkünün qabağında
dayanmışdı. Cəlil ağa
evdən çıxıb
faytonuma oturdu.
Mən camaatın
arasında oturub divarda özümə, faytonu yerindən tərpədib yola düşməyimizə baxırdım.
Bu, möcüzə idi...
[1] Persidski
küçəsi - indiki
Murtuza Muxtarov küçəsi
[2] Aleksandr Nevski kafedralı - 1936-cı ildə
bolşeviklər tərəfindən
sökülüb, yerində
məktəb tikilib
[3] Murtuza Muxtarovun evi - indiki Səadət
sarayı
[4] Birja küçəsi - indiki Üzeyir Hacıbəyli küçəsi
[5] Gələcəyin aktyoru və rejissoru Məmməd Əlili
[6] "Neft və milyonlar
səltənətində" filminin rejissoru Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi
[7] Qubernator bağı - indiki Filarmoniya bağı
[8] Cabbar Qaryağdıoğlu,
Qurban Primov və Məşədi Qulu filmin "Toy" və "Kazino" bölümlərində çəkilib
[9] Parapet
- indiki Fəvvarələr
meydanı
[10] Azadov və İsgəndərovun evi sonralar "Araz" kinoteatrı oldu
26 mart 2023
Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2023.-
21 aprel.- S.28.