Dənizlə sahilin görüşməsi
Seyr etmisənmi
suların sahillə
öpüşməsini?
Zövq
almısanmı
sahilin qumsal saçlarına
sığal çəkməsindən
ləpələrin?
Bu qədər nazıya
oynamaqmı olar sevdiyinin?
Necə
də hiss olunur
qəlbinin döyüntüsü
dənizin.
Ehtirasa bax,
qədəri yoxdur həyəcanın bir-birinin
üstündən aşan
dalğalarda.
Necə qürurla dikəlir sahili görüncə.
Gah bərk qucaqlayır,
Gah incə-incə.
Hələ sən səsini
dinlə bu şırıltının,
Nəğməsinə qulaq as bu sevginin.
Bu da son həmləsi
dəli suların.
Özünü atmasına bax daşların üstünə,
ordan geri axmasına bax
səpələnmiş damcıların.
Bura görüş
yeridir dənizlə sahilin.
Uzatdı əlini
Uzatdı
əlini yuxuda mənə,
Tutdu əlimdən bir az.
Sığalladı üzümü,
Saxladı əlini üzümdə xeyli.
Nəsə pıçıldayırdı barmaqları qulağıma,
Baş barmağı da dodağıma
nəsə deyirdi sürtünərək.
Sanki danışma,
ehtiyac yoxdur sözlərə, sus,
amma bax,
bax deyirdi.
Mənim
gözlərim
- gəl,
Onun gözləri
- yox deyirdi.
Əlini çəkdi geri.
Oyandım,
od tutub yanırdı əlinin yeri.
Payız süfrəsi
Süfrə açıb xəzəldən
bizimçün qızıl
payız.
Hər rəngdə,
hər bəzəkdə
nemət var qarşımızda.
Qırmızılar şirindir, sarıları
turşməzə.
Qızılı yarpaqları
göz oxşar, süfrə bəzər.
Min xatirə gizlənib
qurumuş yarpaqlarda.
Bəzisi
gül ətirli,
Xəbər verir bahardan.
- Bəs bu acılar
nədir,
Alışdı dil-dodağım?
Ömrü acıyla keçib,
söylə, hansı
yarpağın?..
Sordum çılpaq budaqdan...
- Dedi - Acı yarpaqlar,
soyuq xəzan baxışından
başı bağrının
sökülüb,
vaxtsız leysan yağışından
yerə zamansız tökülüb
saplağı nəm qalandır.
Onlar sarı,
al deyil, rəngi yaşıl olandır.
Uzun, qısa, xoş, naxoş
Yazı var alnımızda.
Gülüm mənim
Bir zamanlar qönçə idin,
gördüm səni
gülüstanda...
Seçdim səni,
min çiçəyin arasından,
yüz gözəlin sırasından
seçdim səni,
Gülüm mənim...
Aşiq
oldum,
"Bir könüldən
min könülə".
Uçdum eşqin havasında,
"Dəli" kimi sevdim səni,
Gülüm mənim...
Qoxladım o, gül ətrini,
Duydum sevdanın
sehrini.
Söz verdik ki, biləcəyik
Anımızın,
günümüzün,
sevgimizin,
özümüzün biz qədrini...
Əzizləyib dərdim səni,
Gülüm mənim...
Əkdim
səni öz bağçamda,
Özüm üçün əkdim səni.
Gülüm mənim...
Çiçək açdın, qəşəngləşdin,
ətirləşdin,
Sən daha da gözəlləşdin.
Gülüm mənim...
Demə
ətrin azalıbdı,
Yarpaqların qırışıbdı...
Bütün güllər yarışıbdı.
Sən,..
Bağçamın şah gülüsən!
Əvvəlkitək ətirlisən,
Vəfalı dost, sevgilisən,
Gülüm mənim...
Yenə yanındayam
Mən yenə burdayam, sənin yanında,
Hələ gülümsəyib baxa bilirəm.
Odum-alovumla bağrım başını
İçimdən yandırıb yaxa bilirəm.
Hansı
ölçüdəymiş, bilirəm dəqiq,
Gördükcə üzündən yağır
qəm kədər.
Sənin
ürəyini sıxan
ağrılar
Mənim gözlərimdən sel kimi gedər.
Nə yaxşı
yaxşılar var bu həyatda.
Bəzən qolundan da tapılır
tutan.
Sənsizlik həsrəti öldürər
məni,
Bir axşam
mən sənə çatmasam, inan.
Baxma ki, gözləri gülür
Dərdlinin.
Şahid olmadı o gözlər nələrə?
Bəlkə inanarsan sözümə
bir gün,
Bəlkə mən də bir gün dönüb
gələrəm.
Gör, saat neçədir...
Gör,
saat neçədir,
Sən yoxsan, amma...
Ləngimisən,
nədən bilmirəm
yenə.
Yazıq
qapım bezdi baxışlarımdan,
Telefon da darıxdı əllərimdə.
Pəncərəmin gözlərinə
su gəldi,
Aralanıb durdu yazıq pərdələr.
Sükut
tıqqıldadır saat
səsini,
Dartır əqrəbləri qara nöqtələr.
Lənətə gəlsin, bu sakitliyi,
Gəl!..
Gəl,
Ya da yaz bir kəlmə,
ki darıxıram.
Ki sənsiz
mənim də gün deyil günüm.
Tapışa hardasa arzularımız,
Barışa hardasa bu əllər
yenə.
Baxışlar görüşüb ürəkdə
dinə.
Eşqin alovunda görünə bir iz.
Gör saat neçədir,
Bu qaranlıqdan,
Qorxuram ki, qorxar məhəbbətimiz.
Bir mələksən eləcə
Bir mələksən eləcə,
Gəlmisən nağıllardan.
Səndə insaf yoxdursa
Bəs məndə
ağıl harda.
Gözlərin əfsanədir,
nağıldır dodağın
da.
Sözlərin hərf-hərf
dağıldı qulağımda.
Gülüşdülər üzümdə,
Alışdılar gözümdə.
Ən şirin kəlmələrlə
Danışdılar sözümdə.
Birisi yuva qurdu
Ürəyimin içində.
Yeni nağıl başladı
O gün mənim üçün də.
Sezon finalı
Nə filmdir bu belə?
Bilet yox, kassa yox,
Qapılar açıq.
Seyrçisi milyard oldu,
İlk günün
Ekspromt çəkilişində.
Nə yazıq ki,
"Bu filimde hiç bir canlıya zarar
verilmemişdir" sözləri
yazılmamışdı
saat 4-16 da...
Və...
Bu da başlanğıc...
Divarlar alqışladı
ilk səhnəni.
Bütün qəhrəmanlar töküldü
meydana...
Bir-birinə "İyi gecələr"
diləyənlər
Dəydi
bir-birinə,
Uçurkən göyün
3-cü, 5-ci, 7-ci qatlarında.
Yer göyə qarışdı,
Göy yerə düşdü...
Bir anda dar məzara
döndü
geniş yuvalar.
2 ayaq bəs etmirdi qaçmağa bu dəhşətdən.
Heyvanlar
daha şanslı idi insanlardan...
Beton dişli
əjdahaya dönmüşdü
evlər.
Kimi harda tutdu orda
alırdı soyuq,
dəmir dişlərinin
arasına...
Bax görüm
kənardan, necə baxırsan.
Duy görüm bu acını, hiss et !..
Budur dünyanın faniliyi,
Budur həyatın gerçəkliyi...
Qarışqa boyda yaxınlığa
möhtac qalar
bəzən fil boyda adam.
Bir cınqıltı,
bir hənirti,
bir tappıltı
təsəlli olar
daha bir neçə saat gözləməyə
gecə-gündüzü bilinməyən
qaranlıq yuvada.
O yuva ki,
divarı üstdən
basır,
Tavanı qaçır ayaq altından.
Daş yastıqlar çox görmüşdü bu millət
cəng meydanlarında.
Daşa yastıq olan başlar gördü indi də.
Görəsən soyuq daşlar rahatdırmı
İsti
bədənlərin üstündə...
Amandır, incitməyin o daşı.
Tərpətməyin betonu.
Ehtiyatla davranın, dəyişməsin
yerini.
Başqa
yataqların
gücü yox saxlasın onu...
Havası
toz dumanda,
İşığı göz yumanda,
İstisi
buz damanda
Qaldığı yerdən tərpənməz
adam.
Əlini
uzadanın kimliyinə
varmaz.
Barışar beləcə bir
çoxları taleyi ilə
ümidi kəsilincə
səssizcə.
Köməyə kimsə gəlsin
deyə
İnildər, zarıyar adam...
Daş kimi ürəklər əriyər
bu filmdən,
Acı suyu axar
donmuş gözlərdən.
Nə yazıq ki, film deyil,
gerçək ssenarisidir
Yaradanın.
İlk səhnədə
yaratdığı on minlərlə
qəhrəmanın finalı...
2023-ün 6 şubat sezon
finalı.
Qabil DƏRDLİ
Ədəbiyyat qəzeti.- 2023.-21 aprel.- S.29.