Bir ticarət işinin tarixçəsi

 

Hekayə

 

Andrey Andreyeviç Sidorov anasından qalan dörd min rubl miras hesabına bir kitab mağazası açmaq qərarına gəlmişdi. Axı, yaşadığı şəhər cəhalət və mövhumat məngənəsində çırpınırdı: ahıllar sadəcə hamama gedir, məmurlar araq içib, qumar oynayır, qadınlar dedi-qodu ilə baş qatır, cavanlar idealsız yaşayır, cavan qızlar hər gün ərə getmək barədə xəyallara qapılıb, qarabaşaq yarmasını gözlərinə təpir, ərlər arvadlarını döyür, donuzlar isə küçələrdə sərbəst gəzib-dolaşırdılar.

Andrey Andreyeviç düşünürdü: "Bizə ideyalar lazımdır, daha çox ideya! Hə, məhz ideyalar!"

Mağaza üçün bir yer kiraladıqdan sonra o, Moskvaya gedib, oradan köhnə və yeni müəlliflərin xeyli kitabını, dərsliklər alıb gətirdi, bu dəyərli əşyaları rəflər boyu düzdü.

İlk üç həftə ərzində mağazaya ümumiyyətlə müştəri ayaq basmadı. Piştaxta arxasında oturan və Mixaylovskinin kitabını oxuyan Andrey Andreyeviç məntiqli düşünməyə cəhd göstərirdi. Özü də istəmədən ağlına fərqli bir fikir, məsələn, çapaq balığı ilə sıyıq yeməyin yerinə düşəcəyi fikri gələndə isə, o, öz-özünü qınayırdı: "Əcəb dayaz arzudur!"

Hər səhər başı yaylıqlı, yalın ayaqlarına dəri qaloş taxan bir qız uşağı başılovlu və üşümüş halda içəri girib, ona deyirdi:

- İki qəpiklik sirkə versənə!         

Hiddətlənən Andrey Andreyeviç isə ona belə cavab verirdi:

- Qapını səhv salıbsınız, xanım!

Elə ki, öz dost-tanışlarından kimsə içəri girirdi, o, üzünə mənalı və sirli bir ifadə verərək, ən uzaq rəfdən Pisarevin əsərlərinin üçüncü cildini çıxarıb, tozunu üflədiyi vaxt üzünə elə ifadə verirdi ki, guya dükanında dəyərli daha nələrsə də var, sadəcə o, bunları göstərməkdən ehtiyatlanır. Belədə deyirdi:

- Hə, qardaşım... Bu kitab, sizə deməliyəm ki, fərqli bir şeydir... Hə-ə... Burada, qardaşım... sözün qısası, onu deməliyəm ki, elə şeylər yazılıb ki, bilirsən, oxuyandan sonra heyrətdən ağzın açıla qalacaq... Hə-ə.

- Bax ha, qardaş, sonra başın cəncələ düşməsin!

Üç həftənin tamamında onun ilk müştərisi peyda oldu. Bu, çalbaş və bakenbardlı, kök bir cənab idi, tağalağındakı qırmızı çənbərdən də görünürdü ki, adam mülkədardır. O, "Ana dili" kitabının ikinci cildini istəyəndən sonra soruşdu:

- Bəs qələm içliyi necə, varınızdır?

- Yoxumuzdur.

- Əbəs yerə... Heyf. Bax, belə xırda şeydən ötrü indi mən bazara baş çəkməyi heç diləməzdim...

Müştəri bayıra çıxandan sonra Andrey Andreyeviç fikrə getdi: "Doğrudan da, mən əbəs yerə qrifel (qələm içliyi - A.Y.) satmıram. Axı bu cür ucqar bölgədə dar miqyaslı ixtisaslaşma yolverilməzdir: təhsillə-maariflə bu və ya digər şəkildə, yaxından-uzaqdan əlaqəli hər şey satmalıyam".

Moskvaya sifariş məktubu göndərdi və aradan heç bircə ay ötməmiş onun pəncərəsi önündə cürbəcür perolar, karandaşlar, qələmlər, məktəbli dəftərləri, aspid lövhələr (dəftərlərin olmadığı dövrdə yazı ləvazimatı kimi istifadə olunan nazik şifer lövhələr - A.Y.) və digər məktəb ləvazimatları sırayla düzüldü. Oğlanlar və qızlar ara-sıra mağazaya baş çəkməyə başladılar, hətta onun günlük satış dövriyyəsi bir rubl qırx qəpiyə qədər yüksəldi.

Bir dəfə dəri qaloşlu qız yenə də başılovlu halda mağazaya soxulanda o, qızın təkrar yanlış ünvana gəldiyini hiddətlə ona demək üçün elə ağzını açırdı ki, qız ondan əvvəl və çığıraraq dedi:

- Mənə yeddi qəpiyə marka və bir qəpiyə kağız ver!

Həmin vaxtdan etibarən Andrey Andreyeviç gerbli markaların, poçt markalarının, üstəlik, veksel blanklarının satışına da girişdi. Mağazanın açıldığı tarixdən səkkiz ay ötəndə isə pero almağa gələn bir xanım maraqlandı:

- Sizdə gimnazistlər üçün bel çantası olurmu?

- Təəssüf edirəm, xanım, olmur!

- Heyf, çox heyf! Elə isə satışdakı kuklalardan nisbətən ucuz olanlarını mənə göstərin.

Andrey Andreyeviç məyusluqla dedi:

- Xanım, kukla da satmırıq!

Çox da götür-qoy eləmədən o, Moskvaya yeni sifariş göndərdi və qısa müddətdə onun mağazasında bel çantaları, kuklalar, təbillər, qılınclar, ağız qarmonları, toplar və cürbəcür oyuncaqlar peyda oldu.

Dostlarıyla söhbət əsnasında o, belə öyünürdü:

- Hələ bunlar nədir ki?! Əsl həngamə mən dərs vəsaitləri və məntiq oyunları gətirəndə qopacaq! Bilirsiniz, mən bu təlim-tərbiyə işinin çağdaş elmin gəldiyi, necə deyərlər, ən son nəticələrə əsasən qurulmasına öz şəxsi töhfəmi verəcəyəm. Bir sözlə...

O, gimnastika girləri, kroket, nərd, uşaq bilyardı, uşaqlar üçün bağbanlıq alətləri, iyirmi adda ağıl-məntiq oyunları da sifariş verdi. Bir müddət sonra onun mağazası önündən keçən vətəndaşlar biri böyük, digəri kiçik ölçülü olmaqla, iki velosipedi heyranlıqla süzməyə başladılar. Və ticarət işi qızışdı, nə qızışdı!

Milad bayramı ərəfəsində satışda küknar bəzəməkdən ötrü oyuncaqların olduğuna dair elanı Andrey Andreyeviçin pəncərəyə vurduğu günlərdə isə satışlar beş-betər gurlaşırdı. Əllərini bir-birinə sürtərək o, dost-tanışlara belə deyirdi:

- Qoy hələ mən gigiyena əşyaları satım, əsl onda görəcəksiniz nələr mümkünmüş. Bir fürsət tapıb, Moskvaya gedim hələ! Mən elə süzgəclər və hər cür elmi baxımdan təkmil məhsullar gətirəcəyəm ki, onları görəndə, uzun sözün qısası, ağlınız başınızdan çıxacaq. Qardaşım, elmin uğurlarıyla hesablaşmaq lazımdır da. Başqa cür olmaz axı!

Bir xeyli pul qazanandan sonra o, Moskvaya getdi, həm nağd pula, həm də kreditə beş rubl dəyərində cürbəcür mallar satın aldı. Bunların arasında həm süzgəclər, misilsiz masa lampaları, gitaralar, pulqabılar və zooloji kolleksiyalar, həm də uşaqlar üçün gigiyenik alt tumanları və əmziklər var idi. Bunlardan əlavə, o, beş yüz rubla misilsiz qab-qacaq da aldı və bundan hədsiz məmnun qaldı, çünki evdəki gözəl əşyalar insana incə zövq və xoş ovqat aşılaya bilir.

Moskvadan geri dönüncə o, bu yeni malları rəf və etajerlərə düzməklə məşğul oldu. Ən üst rəfə tərəf uzandığı zaman, hər necə oldusa, rəflərdə müəyyən silkələnmə yarandı və Mixaylovskinin o on cilddən ibarət kitabları bir-birinin ardınca döşəməyə töküldü: cildlərdən biri Andreyin başına düşdü, qalanları isə aşağıda qoyduğu lampaların üstünə tökülməklə, hər iki lampanın kürələrini qırdı. Başını qaşıyan Andrey Andreyeviç donquldandı:

- Bunlar da... əcəb qalın kitablar yazırmış ha!

Yerə tökülən cildləri cəld yığdı, iplə möhkəm sarımaqla, onları piştaxtanın altında gizlətdi. Bundan ikicə gün sonra qulağına xəbər dəydi ki, bəs öz qardaşı uşağına işgəncələr verdiyi üçün qonşu baqqal həbsə atılıb, bu səbəbdən də onun dükanı icarəyə verilir. Buna hədsiz sevinən Andrey Andreyeviç tez bildirdi ki, dükanı özü icarəyə götürəcək. Az sonra o, yan divarda bir qapı açdırdı və birləşdirdiyi hər iki mağazanı mallarla başdan-ayağa doldurdu. Mağazanın kiralanan qisminə baş çəkən müştərilər əsasən çay, qənd və nöyüt almaq istədikləri üçün Andrey Andreyeviç uzun-uzadı düşünmədi və üstəlik, baqqaliyyə (ərzaq - A.Y.) mallarının da tədarükünə girişdi.

Hazırda o, şəhərimizin ən nüfuzlu tacirlərindən biri sayılır. Qab-qacaq, tütün, qətran, sabun, simit, qadın pulqabıları və rəngsazlıq malları, tüfəng, dəri məmulatları və bud əti satışı ilə məşğuldur. Deyilənlərə görə, hətta bazarda satın aldığı spirtli içkilər anbarının yerində o, ayrıca bölmələri olacaq bir ailə hamamı açmağa da hazırlaşır. Pisarevin əsərlərinin üçüncü cildi də daxil olmaqla, vaxtilə mağazanın rəflərinə düzdüyü kitabları isə o, pudu 1 rubl 5 qəpikdən olmaqla, çoxdan satıb, xırıd edib.

Andrey Andreyeviçin məzə ilə "amerikanlar" adlandırdığı köhnə dost-tanışları ad günü və toy məclislərində adətən onun yanında inkişafdan, ədəbiyyatdan və digər yüksək materiyalardan söz saldıqdan sonra maraqlanırlar:

- Andrey Andreyeviç, "Avropa xəbərləri" kitabının sonuncu sayını heç oxuyubsunuz?

O isə gözlərini qıyıb, qalın bir zənciri əlində fırladaraq, həmin həriflərə belə cavab verir:

- Yox, oxumamışam... Onun bizlərə nə dəxli var axı?! Biz daha faydalı işlərlə məşğuluq.

 

Anton Çexov

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 aprel.- S.31.